Qurumun “yeniyetməlik” yaşı bu ilin iyulunda Zəfər zirvəsi Şuşada qeyd ediləcək
Prezident İlham Əliyevin növbəti dəfə, həm də çox böyük üstünlüklə xalqın etimadını qazanandan sonra ilk dövlət səfərini Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə etməsi indiyədək yaranmış ənənənin davamı idi. Bu gün Azərbaycan heç zaman olmadığı bir şəkildə güclüdür və ölkəmiz beynəlxalq aləmdəki bədxahlarımızın bizə qarşı kəskin şəkildə aqressivləşməsi ilə üz-üzədir. Elə Türkiyə də gündən-günə qüdrətlənir və o səbəbdən də dünyanın müxtəlif guşələrindəki anti-türk siyasi dairələr və türkofobiya mərəzindən əziyyət çəkənlər özlərinə yer tapa bilmirlər. Bu baxımdan, dövlət başçımızın Ankara səfəri Türkiyənin gücünə güc qatılması və Azərbaycanın bədxahlar qarşısında tək olmadığı barədə mesajlardan ibarət idi.
Danılmaz faktdır ki, bütün bunlar Türk Dövlətləri Təşkilatının qarşısında duran strateji vəzifələrin mərhələ-mərhələ reallaşdırılmasının nəticəsidir. Bu məqamda xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 15 yaşına 2023-cü il oktyabrın 3-də qədəm qoymalı idi. Daha doğrusu, biz həmin gün o yaşa qədəm qoyduq və türk ailəsi o günlərdə böyük sevinclər içərisində idi. Çünki həmin əlamətdar gündən cəmi iki həftə əvvəl– sentyabrın 20-də Azərbaycan Cənubi Qafqazdakı separatçılığa son qoymuş, türk düşmənlərinin bütün arzularını, planlarını alt-üst eləmişdi. Üstəlik, dünyanın çox yerində havadarları olan erməni separatçıları Qarabağda yaratdıqları qondarma “respublikanı” məhz öz imzaları ilə buraxıb qaçmış, separatçılığın əsas funksionerləri isə “çay içmək üçün” Bakıya gətirilmişdi.
Mən imkan daxilində türkdilli ölkələrin mətbuatı ilə tanış oluram və şahidəm ki, 2023-cü ilin sentyabrındakı proseslər Türk dünyasındakı bütün həmkarlarımızın əsas mövzusuna çevrilmişdi.
Yəni, Azərbaycanın ötən ilin sentyabrında ölkənin hər yerində öz suverenliyini təmin etməsi TDT-nin yeni yaşına birinci hədiyyəmiz idi. İkinci hədiyyəmiz dövlət başçımızın Prezident kimi növbəti dəfə and içəndən sonra dərhal Türkiyəyə səfər etməsi, üçüncü hədiyyəmiz isə TDT-nin növbəti, həm də 15 illiklə üst-üstə düşən sammitinin məhz Azərbaycanın işğaldan azad edilmiş şəhərində – “İslam Dünyasının Mədəniyyət Paytaxtı” Şuşada keçirilməsi barədə təşəbbüslə çıxış etməyimiz oldu.
Türk dünyasına, dövlət başçımızın “Bizim ailəmiz” adlandırdığı bir məkana olan hörmət və ehtiramımız, əslində, bunlarla da kifayətlənmir. Çünki, əvvəla, bu qurumun təməli 2009-cu il oktyabrın 3-də – məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda qoyulmuşdur. İkinci, təşkilatın on sammitinin ikisi Türkiyədə (biri Bodrumda, digəri İstanbulda) , ikisi də Qazaxıstanda (biri Almatıda, digəri Astanada) keçirilmişdir. Azərbaycanda isə Naxçıvan, Qəbələ və Bakıda olmaqla üç sammit keçirilmişdir və dördüncüyə də hazırlaşırıq. Bundan başqa, Azərbaycan öz ərazilərini otuz illik işğaldan azad edəndən sonra respublikamızın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqlərinin bərpasına zəmin yaranmışdır ki, bu da Türk dünyasının iqtisadi imkanlarının bir-birinə qovuşmasını təmin edəcəkdir.
Xatırladaq ki, dövlət başçımızın Ankara səfəri zamanı sənədlərin imzalanmasından sonra – fevralın 19-da prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti xatırlatdı ki, bu gün təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır: “Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir... 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”.
Dövlət başçımız növbəti dəfə dünyadakı bədxahlarımıza xatırlatdı ki, bu gün Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır: “Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”.
Azərbaycan Prezidentinin Ankarada yada saldığı başqa bir məqam isə Ermənistanda və ona havadarlıq edən ölkələrdə siyasi titrətməyə səbəb olmuşdur. Cənab Prezident xatırlatdı ki, bu gün Türkiyə ilə Azərbaycan arasında olan Müttəfiqlik Bəyannaməsini əsas götürərək, biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq: “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək...Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də Türkiyə və TDT ilə olan əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da genişləndiriləcəyini vurğulamıdı. Cənab Prezident həmin gün xatırlatmışdı ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Dövlət başçımız həmin məqamda Avropada və dünyanın harasındasa kök salmış anti-türk təfəkkürlülərin əməllərini xatırladaraq dedi ki, onlar əvvəlki illərdə, xüsusilə, işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur: “Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
İttifaq MİRZƏBƏYLİ