Böyük ədib Naxçıvanda anılıb

post-img

Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Görkəmli yazıçı və böyük demokrat – Cəlil Məmmədquluzadə 155” mövzusunda yubiley məclisi keçirilib.

Muzeyin direktoru Aləmzər İbrahimo­va bildirib ki, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş Cəlil Məmmədquluzadə dərs dediyi məktəbdə muzey yaratmaqla Azərbaycan muzey işinin əsasını qoymuşdur. Ədibin Bakı və Tiflis şəhərlərində ev-muzeyləri fəaliyyət göstərir. Bu gün ölməz ədibin xatirəsinə ehtiram əlaməti olaraq muzeylər onun bədii-sənədli irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə özlərinin mənəvi borclarını yerinə yetirməyə ça­lışırlar. Ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə irsinə diqqət və qay­ğısını isə bu gün Prezident İlham Əliyev davam etdirir.

Naxçıvan Muxtar Respublikası Ya­zıçılar Birliyinin sədri Asim Yadigar Cəlil Məmmədquluzadənin dram, hekayə, fel­yeton, povest və sair yazılarında müsəl­man Şərqinin inkişafına mane olan ic­timai geriliyi qamçıladığını xatırladaraq bildirib ki, ədibin zəngin irsi milli ədəbiy­yat və jurnalistikamızın tarixində öyünclü yer tutur.

Mirzə Cəlilin əsərlərində ana dilinin saflığı uğrunda daim mübarizə apardığı­nı vurğulayan Naxçıvan Dövlət Universi­tetinin dosenti İman Cəfərli, muzeyin baş elmi işçisi Nərmin Nuriyeva qeyd ediblər ki, yazıçı-publisistin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika nümunələri Azərbaycanda və onun hü­dudlarından kənarda geniş yayılaraq milli oyanışa, azadlıq ideyalarının inkişafına güclü təsir göstərib.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Son xəbərlər