ABŞ ilə Azərbaycan arasında münasibətlər müsbət məcraya qayıdır. Prezident İlham Əliyevin Münxendə ABŞ dövlət katibi Antoni Blinken ilə görüşü və səsləndirilən fikirlər belə deməyə əsas verir. Əslində, Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra yaranan yeni reallıqların məntiqi ikitərəfli əlaqələrin məhz pozitiv istiqamətdə inkişaf etməsini şərtləndirir. Ümid edək ki, regionda sülhün bərqərar olmasını arzuladığını açıqlayan Birləşmiş Ştatlar Azərbaycan ilə münasibətləri ikitərəfli əlaqələrin səviyyəsinə, bir-birinə verilən yüksək dəyərə uyğun inkişaf etdirilməsinə çalışacaq.
Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edən əlaqələr bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə fəaliyyət, iqtisadi sahədə geniş qarşılıqlı fəaliyyət ikitərəfli münasibətləri xarakterizə edən əsas amillərdir.
Enerji sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə güclü və ardıcıl şəkildə dəstəkləyib. Rəsmi Bakı enerji təhlükəsizliyinin təmin edilməsində ABŞ ilə sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə Birləşmiş Ştatların hərtərəfli dəstəyini xüsusilə yüksək qiymətləndirir. Ötən müddət ərzində müstəqil və çoxvektorlu siyasət yürüdən rəsmi Bakı Vaşinqtonla bir çox sahələrdə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirib. Bu gün əsas istiqamətlər enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı sahəsində strateji tərəfdaşlıqdır.
Strateji enerji tərəfdaşlığı və artan iqtisadi əlaqələrlə yanaşı, Azərbaycan, həm də ABŞ-ın təhlükəsizlik və terrorla mübarizə üzrə mühüm tərəfdaşıdır. Azərbaycan Amerika xalqı üçün çətin bir zamanda ABŞ-a yardım təklif edən ilk dövlətlərdən biri olub. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş vermiş terror aktlarından dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev terrorizmlə mübarizədə ABŞ-a qeyd-şərtsiz dəstək təklif edib. Vaşinqton Azərbaycan rəhbərliyinin köməyini qəbul edib və Əfqanıstandakı missiya üçün qeyri-döyüş yükləri daşıyan NATO təyyarələri Azərbaycanın hava məkanından keçərək ölkəmizin hava limanlarından istifadə edib.
NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin, təxminən, 40 faizi Bakıdan keçib. Bundan əlavə, Azərbaycan uzun illər İraq və Kosovoda sülhməramlı missiyalarda iştirak edib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan sülhməramlı missiyasını sonadək yerinə yetirib, Əfqanıstanı sonuncu tərk edən ölkələrdən biri olub. Azərbaycan jurnalistləri ilə görüşündə ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi də bildirib ki, uzun illər Azərbaycan ABŞ-la birlikdə transmilli təhlükələrə qarşı mübarizə aparıb.
Əlbəttə, Azərbaycan etibarlı və strateji tərəfdaş kimi qəbul edilir və ABŞ da ölkəmizlə sıx, isti münasibətlərin olmasında maraqlıdır. Münxen səfəri çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın üç rəsmi nümayəndəsi ilə görüşməsi əlaqələrin inkişaf perspektivlərinin olduğunu bir daha nümayiş etdirməklə yanaşı, ABŞ-ın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir. 2022-ci ildə ABŞ Prezidenti Co Bayden Azərbaycan dövlətinin başçısı İlham Əliyevə ünvanladığı məktubunda qeyd etmişdi ki, Birləşmiş Ştatlar bir çox sahələrdə Azərbaycanın güclü tərəfdaşı olub və bu gün də ikitərəfli münasibətlərdə bu mövqeyə sadiq qalmaqda davam edir.
Məktubda qeyd edilmişdi ki, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm dönüş dövrünü yaşadığı bir vaxtda ABŞ və Azərbaycan, eyni zamanda, təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərini təmin etmək üçün lazımi investisiyaları və dəyişiklikləri həyata keçirirlər. Bu baxımdan enerji təhlükəsizliyi məqsədlərinə nail olmaq üçün şaxələndirmənin vacib olduğu və Azərbaycanın regional formatda böyük rol oynadığı qeyd edilmişdi. ABŞ lideri, həmçinin regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Transxəzər əməkdaşlığının böyük potensialının reallaşdırılmasında Azərbaycanın əhəmiyyətini xüsusi vurğulamışdı.
Fevralın 17-də Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenin Prezidenti İlham Əliyev ilə görüşündə səsləndirdiyi fikirlər də onu göstərir ki, Birləşmiş Ştatlar Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır və Bakının Cənubi Qafqaz regionundakı oynadığı aparıcı rolu qəbul edir. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, görüş ABŞ-ın müraciətinə əsasən baş tutub. Bu, bir daha onu təsdiqləyir ki, ABŞ Azərbaycanı regional proseslərin axarına təsir edən güclü dövlət kimi qiymətləndirir və postmüharibə dövrünün inkişafına təsir göstərən tərəfin məhz Bakının olduğu etiraf edir. Bu, həm onu göstərir ki, okeanın o tayında Azərbaycana yönəlmiş destruktiv addımların perspektivsizliyini anlayırlar. Qarabağ münaqişəsinin həll olunmasından sonra regional əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əla imkanlar yaranıb və strateji önəmli bölgələrdə sabitliyin və təhlükəsizliyin güclənməsində maraqlı olan ABŞ Cənubi Qafqaz regionunun ən güclü ölkəsi olan Azərbaycan ilə əlaqələrini daha da dərinləşdirməyə diqqətini artırmalıdır.
Antoni Blinkenin görüşdə səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, ABŞ məhz bu istiqaməti prioritet hesab edir. Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən ABŞ Dövlət katibi vurğulayıb ki, ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Ötən il 19–20 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərdə müəyyən anlaşılmazlıq yaranmışdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bildirmişdi ki, müharibə başa çatıb, Qarabağ problemi artıq yoxdur və Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi öz axarı ilə davam edir.
Mövcud vəziyyət Ermənistan–Azərbaycan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımından əhəmiyyətlidir. Azərbaycan da dəfələrlə bildirib ki, regionda sülhün və sabitliyin tərəfdarıdır və ABŞ bu məsələni dəstəkləyirsə, Bakı da bunu alqışlayır. Görüşün müsbət məcrada keçməsi və müzakirə olunan məsələlər belə deməyə əsas verir ki, tərəflər həmin anlaşılmazlığı arxada qoyaraq münasibətləri strateji əlaqələrin ruhuna uyğun inkişaf etdirmək istəyirlər. Amma burada əsas məsələ odur ki, ABŞ–Azərbaycan əlaqələri Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməli, strateji əməkdaşlığın ruhuna uyğun inkişaf etməlidir. Görüş çərçivəsində qarşlılıqlı şəkildə əməkdaşlığın keyfiyyətcə yeni bir səviyyəyə qaldırılmasının əhəmiyyətinin vurğulanması da buna ümid etməyə əsas verir.
Səbuhi MƏMMƏDOV
XQ