“Ən yaxşı erməni olmaq” yarışı getdikcə qızışır
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sükutu pozub. Aylardan bəridir ölkəsində baş verən proseslərə, o cümlədən, Bakı–İrəvan münasibətlərinə dair hansısa fikir bildirməyən Serjik dilə gəlib. Onu dilləndirən nədir? Əlbəttə ki, Ermənistanın hazırkı hakimiyyətini ittiham etməkdən başqa heç nə. Qarabağ cəlladı yenə öz “ampluasına” sadiqdir.
Bəli, S.Sarkisyan Azərbaycan–Ermənistan şərti sərhədində yaşanmış hərbi insidentə münasibət bildirib və deyib ki, belə hallar sərhədin digər yerlərində də qeydə alınacaq. Görəsən, eks-prezidentin əminliyi nədən qaynaqlanır?
Əslində, suala cavab vermək çətin deyil. Məsələ burasındadır ki, Sarkisyan tipik erməni xəstəliyinin daşıyıcısıdır.
Təsəvvür edin, Azərbaycan hərbçilərinə Ermənistan tərəfdən snayper atəşi açılıb, bir sərhədçimiz yaralanıb. Əlbəttə, cavab atəşi nəticəsində qarşı tərəfdən dörd nəfər cəhənnəmə vasil olub. Bu, öz yerində. Başlıca məqam ondadır ki, Sarkisyan, faktiki olaraq, eyni halın təkrarlanacağını bildirirsə, deməli, sözügedən xəstəliyin simptomlarından yaxşı xəbərdardır.
Bəli Sarkisyan onu da yaxşı bilir ki, çaqqallar bir yerdə dayanan deyillər. Nə qədər olmasa, uzun müddət ətrafına yığdığı sürüyə rəhbərlik edib, xislətlərinə bələddir. O sürünün təmsilçilərinin sayının orduda daha çox olduğundan da məlumatlıdır. Axı, Serjik həm də Ermənistanın müdafiə naziri postunu tutub. Onun yerli jurnalistlərlə söhbətində başqa nələri dilə gətirdiyindən söz açacağıq.
Hələlik isə deyək ki, Azərbaycan hərbçilərinə atəşin hansısa könüllü birləşmənin təmsilçiləri tərəfindən açıldığı bildirilir. Əlbəttə, bu, yalan da ola bilər. Hər halda, Ermənistan mediasının yaydığı məlumata istinad edirik. Düşünürük ki, belə məlumatın yayılması ölkə hakimiyyətinin məsuliyyəti öz üzərindən atmaq istiqamətindəki uğursuz gedişidir. Uğursuzdur, ona görə ki, ortaya elementar sual çıxır: könüllülərin sərhəddiki postlarda və səngərlərdə nə işləri var idi? Ola bilməz ki, buna hansısa nəzarət olmasın...
Belə nəticəyə gəlirik ki, sabah həmin “könüllülər” Azərbaycan ərazisinə hücuma keçə və Ermənistan hakimiyyəti onların ölkənin ordusuna aidiyyatının olmadığını vurğulaya bilər. Yəni, erməni iqtidarının bu yolla özünün işğalçı olmadığını göstərməsi mümkündür. Axı, həyasızlıq erməni iqtidarının mahiyyətinə hakim kəsilmiş “xarakterdir”.
Yeri gəlmişkən, vaxtilə Qarabağı da “erməni könüllüləri ələ keçirmişdilər”. Belə bir fikir xeyli tirajlanırdı. Böyük pafosla bildirilirdi ki, artıq canını tapşırmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın könüllü dəstələri, məsələn, “qədim erməni yurdu Şuşanı, Laçını, Kəlbəcəri azad ediblər”. Belə bivec təqdimatlar var idi.
Sonradan həmin “könüllülər” hamısı müharibə qəhrəmanı kimi Ermənistan hakimiyyətində təmsil olundular. Yəni, necə deyərlər, xoruzun quyruğu göründü. “Quyruğu görünən xoruzların” ümumi adı da var idi – Qarabağ klanı. S.Sarkisyan da həmin klanın üzvü idi. O Sarkisyan ki, Xocalıda dinc azərbaycanlıların başına gətirilən olmazın müsibətlərin təşəbbüskarlarından və icraçılarından olmuşdu. O Sarkisyan ki, təbiətinə hakim kəsilmiş xəstəliyi bu gün də ortaya qoymaqla məşğuldur və bilir ki, erməni cəmiyyəti özünün, koçaryanların, vazgenlərin və digərlərinin səpdikləri avatürizm toxumları ilə qidalanır. Bu “qidalanma” isə orqanizmi dinc saxlamır. Mütləq hansısa qeyri-ordinar hərəkətlərə sövq edir. Fevralın 13-dəki insident həm də ipə-sapa yatmazlıqdan irəli gəlir.
Sarkisyan dərk edir ki, baş nazir Nikol Paşinyan son dövrlər, belə demək mümkünsə, əsl erməni olmaq istəyir. Yəni, Nikol qeyri-konstruktiv mövqedədir, sülhdən yayınır, anti-Azərbaycan mövqeyi tutur, beynəlxalq miqyasda ölkəmizə qarşı antipatiya yaratmağa girişir. Deməli, Nikolu gözdən salmaq lazımdır. Sarkisyan çalışır ki, Paşinyan əsl erməni olmaq yarışında önə çıxmasın. Aylardan bəridir ki, qoruduğu susqunluğu məhz buna görə pozmaq qərarına gəlib. Görək necə?
S.Sarkisyan sülh müqaviləsinin imzalanmasını vaxtilə ikinci kapitulyasiya kimi dəyərləndirdiyini yada salır və deyir ki, Ermənistan hökumətinin iclasında müzakirə olunanalara diqqət yetirəndə, Azərbaycana daha çox məsələlərdə güzəştə gediləcəyini anlayıb. Görəsən, Serjik nəyə əsasən bu qənaətə gəlib? Axı, Nikol, yuxarıda da bildirdiyimiz kimi, konstruktiv mövqe tutmur. Əksinə, indi Ermənistan hakimiyyəti S.Sarkisyanın dövründə olduğu kimi çeşidli manipulyasiyalara əl atır. Paşinyan hər şeyi “mənimsəyib”, qalıb Sarkisyan kimi tualet adı ilə danışıqlar masasından qaçmaq. Bu gedişlə onu da öyrənəcək.
Görünür, Serjik Nikolun tez bir zamanda “tualet diplomatiyasının” sirlərinə də bələd olacağının işartılarını görür. Bir sözlə, eks-prezident Paşinyanın və komandasının siyasi spekulyasiya baxımından onu geridə qoymasına qısqanclıqla yanaşır. Qısqanclıqla yanaşır və bildirir ki, Azərbaycan bundan sonra daha çox şeylər əldə etməyə çalışacaq. Nə vaxtadək? Serjikin təbirincə desək, erməni xalqı, heç olmasa, xalqın Vətənə biganə qalmayan bir hissəsi indiki hakimiyyəti devirənədək.
Göründüyü kimi, Ermənistandakı xunta rejiminin rəhbəri olmuş eks-prezident hakimiyyəti devirmək üçün açıq çağırış səsləndirir. Əlbəttə, onun belə fikirlərə baş vurması ilk dəfə deyil. Onun sonuncu diqqətə çatdırdığımız fikirlə erməni xalqını təhqir etməsini bir kənara qoyaraq, başqa bir məqamı vurğulayaq. Maraqlıdır ki, Serjik hər dəfə belə ritorikaya üstünlük verəndə, Paşinyan düyməni basır. Nəticədə Sarkisyanın hakimiyyətdə olduğu dövrdə etdiyi talanlar, dövlət əmlakını mənimsəmə halları üzə çıxarılır. Hətta, Serjikin həbsi məsələsi də gündəmə gəlir. Çox güman ki, Nikol yenə də hərəkətə keçib həyasızlıqda onu qabaqlamaq istəyən Sarkisyana yerini göstərəcək.
Ə.RÜSTƏMOV
XQ