Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və Bakının siyasətinin əsas istiqamətlərindən biri də TDT-ni gücləndirməkdir. Xalqımızın sevimli liderinin bu bəyanatı bütün türk dünyasında sevinc və dərin razılıq hissi ilə qarşılanıb.
BDU-nun Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov ilə söhbətimiz məhz bu aktual mövzu ətrafında oldu. Professor əvvəlcə müasir dünyada türk xalqları və dövlətlərinin sıx birliyi və həmrəyliyinin həyati əhəmiyyəti barədə söz açdı:
– Möhtərəm Prezidentin türk dövlətlərinin gələcəyi ilə bağlı olduqca dəyərli fikirləri, hər bir ziyalı kimi, məni də sevindirdi. Dövlətimizin başçısı bildirdi ki, türklərin tarixən yaşadıqları böyük coğrafi ərazidə zəngin təbii sərvətlər, nəqliyyat infrastrukturu mövcuddur. Burada insan resurslarının imkanları da genişdir. Belə ki, əhali gəncdir və sürətlə artır. Bu insanlar bir soydan, eyni kökdən olan xalqlardır.
Cənab Prezident sonra özü səsləndirdiyi belə bir sualı cavablandırdı: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, TDT qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Bəli, Prezident hər şeyi çox gözəl və yerli-yataqlı izah etdi. Düşünürəm ki, artıq bütün səviyyələrdə qol çırmayıb real iş görməyin vaxtı yetişib. Təkcə dövlət və hökumət rəsmiləri deyil, hər bir alim, mədəniyyət xadimi, şair və yazıçı, jurnalist, bir sözlə, hər kəs bu sahədə töhfəsini verməyi özünə mənəvi borc bilməlidir.
Bu, böyük bir tarixi şansdır, onu qaçırmaq olmaz. Ləng tərpənsək, fürsəti fövtə versək, gələcək nəsillər bunu bizə bağışlamaz.
– Sizcə, türk xalqlarının işdə, əməldə birliyinə nail olmaq üçün hansı konkret işlər görülməlidir?
– Fikrimcə, sıx siyasi əlaqələrlə paralel olaraq, vaxt itirmədən iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsinə nail olunmalıdır. Orta Asiya dövlətlərinin mal və əmtəələrinin Azərbaycan ərazisindən qardaş Türkiyəyə, oradan da Avropa bazarına çıxaracaq kommunikasiyaların açılması hava-su kimi zəruridir.
Təbii ki, bütün bunların başında Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması vəzifəsi durur. Dəhliz bütün region xalqlarının taleyi və təhlükəsizliyi üçün etibarlı zəmin ola bilər.
Cənab Prezident onu da qeyd etdi ki, Cənubi Qafqazın əsas problemi həll edilib. İşğalçı Ermənistanın silahlı qüvvələri Qarabağdan qovulub. Təəssüflər olsun ki, regionun inkişaf perspektivlərini ermənilər və arxalarında duran destruktiv qüvvələr bloklamağa cəhd edirlər.
Hesab edirəm ki, bunlar əbəs səylərdir. Qoca Şərqin müdriklərindən biri haqlı olaraq deyib ki, dünyanın bütün qaranlıqlarının bir yanan şamın şöləsini söndürməyə gücü çatmır. Mənim qənaətim belədir ki, Zəngəzur dəhlizi Bakı və Ankaranın birgə sayləri sayəsində tezliklə açılacaq və bölgənin inkişafı üçün açar rolunu oynayacaq.
Dünya görür ki, Azərbaycan və Türkiyə regiona sülh, sabitlik və rifah gətirmək əzmindədir. Bu dövlətlərin müdrik liderləri – prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün dünyanın ən xarizmatik siyasətçiləri hesab olunurlar. Onların sülh naminə atdıqları addımlar humanizm ideallarına xidmət edir. Ermənilər gec-tez bunu anlayacaqlar və sülh sazişinə razı olacaqlar.
– Professor, siz bütün həyatınızı, demək olar ki, türk xalqlarının ədəbiyyatı və tarixinin öyrənilməsi və təbliği işinə həsr etmisiniz. Sizi bu mövzuya bu qədər dərindən bağlayan hansı hisslərdir?
– Həqiqətən, yarım əsrdən çoxdur ki, bu sahədə çalışıram və buna görə sonsuz qürur hissi keçirirəm. Oxuyub-öyrəndiklərimdən hasil etdiyim ən böyük nəticə budur ki, türklər daim mütərəqqi sivilizasiya daşıyıcıları olublar. Onlar 6 əsrdən çox nəzarətlərində saxladıqları ölkələrdə heç vaxt ağır zorakılıqlar törətməyiblər, heç bir xalqın dininə və dilinə təcavüz etməyiblər. Bu, türklərin həm hərbi, həm də mədəni cəhətdən güclü və ədalətli insanlar olmalarından qaynaqlanır.
Məşhur türkoloq Lev Qumilyov yazırdı ki, türklər passionar xalqdır, daim inkişaf etməyə, tərəqqiyə meyillidirlər. Böyük alim həmçinin dərin qürur hissilə vurğulayırdı ki, türkləri bir xalq olaraq səciyyələndirən əsas cəhət onların yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib olmalarıdır.
Türklər tarix boyu 26 dövlət və imperiya qurublar. Onlarda dövlətçilik hissi daim güclü olub. Bu gün də belədir, sabah da belə olacaq. Bizim üçün haqq və ədalət hər şeyin fövqündə durur. Təsadüfi deyil ki, sayın R.T.Ərdoğanın “Dünya beşdən böyükdür!” fikri bütün dünyada müsbət əks-səda doğuraraq qanadlı ifadəyə çevrilib.
– Azərbaycanıları türklər və digər türk xalqları ilə bağlayan mənəvi tellər çox güclüdür. Bu sahədə ömrünüz boyu əxz etdiyiniz bilgiləri tələbələrinizə, gənc nəsillərə çatdıra bilirsinizmi?
– Yaxşı sualdır. Hamıya gün kimi bəllidir ki, tarix boyu azərbaycanlılar və türklər ən dar, çətin günlərdə bir-birlərini tək, taleyin ümidinə buraxmayıblar. Gücləri, imkanları çatdığı qədər bir-birlərinə arxa, həyan olublar.
Təkcə 1918-ci ildə unudulmaz Nuru paşanın komandanlığı ilə Qafqaz Müsəlman Ordusunun Bakını daşnaklardan qəhrəmancasına azad etməsini xatırlasaq, fikrimcə, hər şey bir daha aydın olar. Bu, əsl qardaş yardımı idi.
Türkün zəfər savaşı sayılan Çanaqqala (1915-1916) döyüşündə yüzlərlə həmyerlimiz iştirak edib, qardaş ölkənin istiqlalı yolunda canlarından keçib. Tarixdən belə misallar çox çəkmək olar.
Bu gün bu iki xalqın həqiqi qardaşlıq əlaqələri bir fenomen kimi öyrənilməyə layiqdir. Yeri gəlmişkən, 2020-ci ilin payızında, 44 günlük parlaq savaşda Azərbaycan–Türkiyə dostluğu bir daha zamanın ağır sınağından üzüağ çıxdı.
Ulularımız gözəl deyiblər: Gələcəyə ümidlə baxan xalq heç vaxt yenilməz! Şuşanın sıldırım qayalarına yüngül silahlarla, demək olar ki, əliyalın dırmaşaraq düşməni bir göz qırpımında məhv edən bütün igid əsgər və zabitlərimizin qeyrəti qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Bir müddət əvvəl xalqımız qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümünü qeyd etdi. Orada şəhid olanlardan biri də mənim yaxın qohumum Sahib Nəsib oğlu idi. Bu azadlıq fədaisinin sinəsində düşmənin 27 gülləsinin izi qalmışdı. Sahib Mixail Qorbaçovun Bakıya yeritdiyi qaniçən əsgərlərinin güllələrini kürəyi ilə yox, sinəsi ilə qarşıamışdı.
Cəmi bir ildən sonra isə Azərbaycan xalqı müstəqilliyini bərpa etməyə nail olmuşdur. Demək istəyirəm ki, biz bir xalq və millət olaraq öz istiqlalımızı igid, vətənpərvər oğullarımızın qeyrəti, qanı-canı bahasına əldə etmişik. Azadlıq məşəlini, istiqlal və istiqbalımızı biz gələcək nəsillərə ləyaqətlə ötürməliyik.
Məhz bu fikir və ideyaları gənclərə, sevimli tələbələrimə təbliğ və təlqin etməyə çalışıram. Sağ olsunlar, onların hər biri qəlblərində ata-babalarımızdan bizə ən əziz əmanət kimi miras qalan yenilməz türk ruhunu yaşatmağa hazırdır. Mən buna bütün varlığımla inanıram.
Sonda bir daha vurğulamaq istəyirəm. Azərbaycan xalqı tarix boyu çalışıb ki, öz mənliyini, ləyaqətini, milli ruhunu qorusun. Bütövlükdə isə türk xalqlarının nicatı məhz birlik və həmrəylikdən keçir. Biz birlikdə güclüyük! Gəlin bu həqiqəti heç vaxt unutmayaq.
Söhbəti qələmə aldı:
M.ABDULLAYEV
XQ