Xarici siyasətimiz qlobal arenada

post-img

Azərbaycanın beynəlxalq aləmdə çəkisi və önəmi artır

Müasir beynəlxalq münasibətlər sistemində önəmli rola malik Azərbaycanın xarici siyasətinin davamlı uğurları göz önündədir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış, özünün milli maraqlarını hər şeydən uca tutan, çoxvektorlu xarici siyasət kursunun düzgün olması ötən onilliklər ərzində dəfələrlə öz təsdiqini tapıb. Azərbaycan bərabərhüquqluluq əsasında dünyanın bütün ölkələri ilə əməkdaşlığa açıq olduğunu hər zaman bəyan edib.

44 günlük Vətən müharibəsinin qa­libiyyətlə başa çatmasından sonra bü­tün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də qarşıda yeni üfüqlər açılıb. Məsələ ondadır ki, Ermənis­tan–Azərbaycan münaqişəsi uzun illər ərzində ölkəmizin böyük potensialını ortaya qoymasına maneçilik törədirdi. İndi isə dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək məsələsində Ermənistan və Qarabağ problemi adlı maneə yoxdur.

Son illərdə isə Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kə­nara çıxıb. Ölkəmiz hazırda dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. Bu kateqoriyaya Birləşmiş Ərəb Əmirlikləri, İsrail və sair dövlətlər də daxildir. Azərbaycanın qarşıdakı dövrdə xarici siyasət istiqamətləri Prezident İl­ham Əliyevin fevralın 14-də keçirilən an­diçmə mərasimindəki proqram xarakterli nitqində aydın ifadə olundu. Dövlətimizin başçısı bildirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətin­də yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan mü­naqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə dur­mur: “Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həl­lində daha fəal olacağıq, o cümlədən, iq­lim dəyişikliyi ilə əlaqədar.

Nəzərə alsaq ki, COP29-un evsahibi və sədri olacağıq, eyni zamanda, dünya­da islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qar­şı mübarizə aparan ölkələrin yanında ol­malıyıq. Neokolonializmi və o eybəcər ta­rixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin ba­şında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt mü­dafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”.

Prezidentin dediyi “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalı­yıq, deyə bilərəm ki, bizi heç yerdə göz­ləmirlər və artıq bunu gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pər­də asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çək­məmişik, biz bu ayrıcı xətlərin əleyhinə­yik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmaya­caq!” – sözləri də xüsusi önəmə malikdir.

Ehtimal etmək olar ki, dövlətimizin başçısı 1990-cı illərin sonu, 2000-ci il­lərin əvvəllərində postsovet məkanında xeyli populyar olan Avropa İttifaqına in­teqrasiya ilə bağlı məsələni nəzərdə tu­tur. Xatırlatmaq yerinə düşər ki, həmin ideya o illərdə Türkiyədə də xeyli tərəfdar qazanmışdı. Hətta, Türkiyədə Avropaya inteqrasiya üzrə xüsusi nazirlik formalaş­dırılmışdı. Türkiyə hökumətində Avropa İttifaqına üzvlük prosesini koordinasiya etmək üzrə ayrıca nazir var idi. Ancaq Türkiyənin üzvlüyü prosesində müsbət irəliləyişin olmaması, üzvlük prosesinin uzun illər ərzində, necə deyərlər, yerində sayması Ankaranın öz mövqeyinə yeni­dən baxmasına gətirib çıxardı. Bunun nə­ticəsində nazirlik 2018-ci ildə ləğv olundu və onun səlahiyyətləri Xarici İşlər Nazirli­yinə verildi.

Həmçinin Türkiyə ilə bağlı yazdıq­larımızı bəzi postsovet ölkələrinə də aid etmək olar. 20 ilə yaxındır Aİ-yə üzv olmaq istəyən Gürcüstana üzvlük sta­tusu yalnız ötən ilin dekabrında verilib. Ondan öncə isə həmin statusu 2022-ci ilin iyununda Ukrayna və Moldova alıb. Onların üzv olub-olmayacaqları isə hələ qeyri-müəyyəndir. Bu mənada artıq qeyd etdiyimiz kimi, dünyada orta güc hesab olunan Azərbaycan heç hara can atmır. Daha doğrusu, biz o yerə can atırıq ki, orada bizi gözləyirlər. Bu kontekstdə cə­nab İlham Əliyev yeni dövrdə xarici si­yasətin üç əsas istiqamətini göstərdi ki, bunlardan biri Türk Dövlətləri Təşkilatıdır. Qeyd etdi ki, bizim ailəmiz Türk dünyası­dır: “Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bü­tün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sər­vətlərdir, nəqliyyat yollarıdır, gənc əhali­dir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Yeni dövrdə xarici siyasətin ikinci is­tiqaməti İslam Əməkdaşlıq Təşkilatıdır. Bu həmin təşkilatdır ki, həmişə – həm iş­ğal dövründə, həm işğaldan sonra, həm də Vətən müharibəsi və antiterror əməliy­yatı zamanı və ondan sonra Azərbayca­nın yanında olub. Prezident qeyd etdi ki, Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda İslam dininə və bütün din­lərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Üçüncü istiqamət isə Qoşulmama Hərəkatıdır. Azərbaycanın təşkilata səd­rlik etdiyi 2019-2022-ci illərdə (sonradan sədrlik müddətimiz bir il də uzadılıb) Pre­zidentin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı yeni müstəviyə qədəm qoyub: “Baxmayaraq ki, biz sədrliyi artıq təhvil vermişik, biz üçlükdə təmsil olunuruq. Qoşulmama Hərəkatı bizim sədrliyi­miz dönəmində yeni müstəviyə qədəm qoyub, əlbəttə, imkan verə bilmərik ki, müəyyən dərəcədə tənəzzülə uğrasın. Əminəm ki, bu, olmayacaq. Biz isə öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik”.

Beləliklə, ikitərəfli formatda əmək­daşlığın tərəfdarı olan, xarici siyasətini bərabərhüquqlu münasibətlərə, bir-bi­rinə hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində quran Azərbaycan Res­publikası yeni dövrdə qlobal arenaya orta güc kimi daxil olmaqdadır. İqlim dəyişikli­yi məsələləri üzrə dünya miqyasında ən böyük beynəlxalq konfransa – COP29-a evsahibliyi etməyimiz də bunun bir göstə­ricisi hesab olunmalıdır.

Həm COP29, həm də Azərbaycanın evsahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Azər­baycan artıq regional çərçivədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtə­lif bölgələrində fəal əməkdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, qlobal problemlərin həllində aktiv iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Bu nüfuzun forma­laşmasının isə əhəmiyyətli tarixçəsi var. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbay­can Qoşulmama Hərəkatına uğurlu səd­rliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və fikir bir­liyini inkişaf etdirdi. Ayrı-ayrı ölkələrin və bütövlükdə, dünyanın üzləşdiyi, müasir terminlə desək, çağırışların aradan qaldı­rılmasına töhfələr verdi. Nəticədə ölkəmi­zin dünyadakı mövqeləri möhkəmləndi. Ölkəmiz qlobal səviyyədə yardımsevər, sülhpərvər siyasət yürüdən etibarlı tərəf­daş imicini qazandı. 

COP29 isə dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbay­canın bu tədbirə evsahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi ölkəmizin səmərəli, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionla­rında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problem­lərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsi­dir.

Mövzu ilə bağlı söhbətləşdiyimiz politoloq Yeganə Hacıyeva bildirdi ki, Azərbaycan 1990-cı illərdən etibarən aid olduğu regionda torpaqlarının işğalından azad olunması ilə başlayan prosesi regi­onun sülh və sabitliyi üçün platforma kimi istifadə olunmasına qədər inkişaf etdir­di. Nəticədə Cənubi Qafqazın ən güclü ölkəsi və regionda sabitliyin və əmin-a­manlığın təminatçısı oldu: “Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətlərini üç mərhələyə bölmək olar. 1990-cı illər­dən başlayaraq ölkəmiz dünyaya açıldı. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan dünyaya Günəş kimi do­ğacaq. 2000-ci illərdən başlayaraq Azər­baycan regional miqyasda güclü dövlətə çevrildi. Ölkəmiz daha sonrakı mərhələ­də dünyanın müxtəlif regionları arasında gücü ilə seçilən dövlət oldu. Hazırkı mər­hələdə isə ölkəmiz qlobal oyunçudur. Biz bunu birmənalı şəkildə bəyan etməliyik. Çünki rəsmi Bakı, sadəcə, məxsus oldu­ğumuz siyasi coğrafiyada deyil, digər re­gionlarda da sülh və sabitliyə birbaşa tə­sir edəcək proseslərə töhfə verir. Həmin prosesləri inkişaf etdirir. Bütün bunlar isə Ulu öndərin yuxarıda qeyd etdiyimiz fikir­lərinin həyata keçdiyinin göstəricisidir”.

Politoloq qeyd etdi ki, bununla belə hazırkı mərhələ Azərbaycanın xarici si­yasətinin inkişaf prosesində aralıq mər­hələdir. İrəlidə bizi daha böyük işlər göz­ləyir və biz bunun öhdəsindən gələcəyik.

Səxavət HƏMİD
XQ





Siyasət