Prezidentin andiçmə mərasimində sosial-iqtisadi inkişafın yeni anonsu verildi

post-img

Fevralın 14-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimi təkcə ölkə üçün deyil, bütün region üçün əlamətdar hadisədir. 

Bunu XQ-yə beynalxalq münasibətlər üzrə analitik Masil Dəmirov bildirib.

O deyib ki, Prezident İlham Əliyevin yenidən prezident səlahiyyətlərini icra etməyə başlaması nəinki Azərbaycanın daxili sabitliyini möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın siyasi gündəminin davamlılığı və etibarlılığı barədə güclü siqnal verir: “Bu, regionda təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əsas olan digər ölkələrlə etimadı və əməkdaşlığı təşviq edir. Üstəlik, Prezident İlham Əliyevin davamlı və uğurlu rəhbərliyi Azərbaycan üçün iqtisadi və sosial inkişaf sahəsində yeni perspektivlər açır. Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkənin daha hərtərəfli inkişafının, xüsusən də iqtisadi və sosial rifah kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı modernləşmə və infrastrukturun inkişafı istiqamətində səyləri davam etdirəcəyini qeyd edərək, beynəlxalq əlaqələri və əməkdaşlığı gücləndirmək əzmində olduğunu bildirib”.

Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin təcrübəli rəhbərliyi sabitlik və tərəqqi vəd edir ki, bu da Azərbaycan xalqının dinc və firəvan gələcəyini təmin etmək üçün son dərəcə vacibdir. Onun təcrübəsi və rəhbərliyi ölkənin strateji prioritetlərinin, o cümlədən, ordu quruculuğunun, iqtisadi inkişafın, təhsilin və səhiyyənin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Cənab İlham Əliyevin andiçmə mərasimi Azərbaycanda sabitlik, firavanlıq və demokratiyanın möhkəmlənməsi yolunda mühüm addımdır. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət