“İranı bombalamaq, ya bombalamamaq?”

post-img

Günümüzün Hamlet sualı budur

Ötən ilin son aylarından artıq bəlli idi ki, 2024-cü il ABŞ-ın qlobal hökmranlığının sona çatmasını sürətləndirən hadisələrlə zəngin olacaq. Qırmızı dənizdən Donbasa, Cənubi Amerikanın cəngəlliklərindən Uzaq Şərqə qədər Amerika təhlükəsizlik xidmətləri guya planetin ən müxtəlif nöqtələrində dünyanın alovlanması təhlükəsini yaradan lokal yanğınları çılğınlıqla söndürməyə çalışırlar. Həqiqət isə əsla belə deyil.

Analitiklər qeyd edirlər ki, əgər “im­periyanın həddindən artıq qızmasına” (ifadə Paul Kennedinindir) və ABŞ-ın tənəzzülünə etiraz edən yoxdursa, o za­man özlərini müdafiə edən və “yanğınları söndürən” kimi iddialar ciddi fikir ayrılığı­na səbəb olacaq. Problemin bu şəkildə qoyuluşunda sülhə açıq çağırış var - Bir­ləşmiş Ştatların "asayişi bərpa etməsinə" mane olmayın. Reallıqda isə müasir dünyada baş verən hər hansı ciddi mü­naqişəyə nəzər saldıqda, əldən çıxmağa başlayan hegemonluğu saxlamaq üçün, hər yerə xaos toxumu səpən, lakin, artıq onu heç bir vəchlə anlaşıqlı bir sonluğa çatdırmağa gücü çatmayan Vaşinqtonun dağıdıcı müdaxiləsini aydın görürük.

Bu gün Qərbin bütün fəaliyyət plan­larının əsas ideyası 2024-cü ilin əsas proqnozlarında beynəlxalq aləmdə sta­tus-kvonun saxlanılmasıdır. Lakin dün­yanın inkişaf dinamikasını dayandırmağa hələ heç kim müvəffəq olmayıb, çünki o, fundamental obyektiv proseslərə əsas­lanır. Bu gün ABŞ və Avropa nəhəngləri olmasa belə, digər güclər, ilk növbədə, Çin, Hindistan və bir sıra digər dövlətlər, o cümlədən saysız-hesabsız sanksiyala­ra baxmayaraq, Rusiya planetin iqtisa­diyyatının “inkişaf lokomotivi”nə çevrilir. Çünki bəşəriyyətin qeyri-Qərb hissəsi həm maddi, həm də əqli cəhətdən yet­kinləşib və onlar bundan sonra Qərbə hər kəsin borclu olduğu əbədi mentor kimi baxmaq fikrində deyillər. Onlar artıq “mentor” Qərbi yalnız neokolonialist vər­dişləri tərgitmiş və iqtisadi problemlərini başqalarının hesabına həll etməyə cəhd göstərməyən, beynəlxalq münasibətlər­də bərabərhüquqlu iştirakçı kimi görmək istəyirlər. İndi “qızıl milyard”ın idarə etdiyi “keçmişin furqonu” çox uzaqdadır və heç yerə belə getmir.

Bu siyasi variasiyaların məramı onu açıqlamaqdır ki, 2024-cü ilin artıq ikinci ayında bəşəriyyət çox qorxulu və son dərəcə təhlükəli hadisələrin astanası­na gəlib çatıb. Hegemonluğunu itirmək istəməyən ABŞ-ın işləri çox pisdir. Onla­rın Yaxın Şərqdəki hərbi bazaları sutka­nın 24 saatında daim gərginlik içindədir. Hücumların haradan gələcəyi məlum de­yil. Ötən ilin oktyabrından bütün Amerika strukturları hədəfdədirlər. 170-ə yaxın bəyan edilmiş hücuma məruz qalıblar. 

Yəni ABŞ-ın düşmənləri bu qədər ar­tıb? Açıq demək lazımdır ki, amerikalılar öz itkilərini gizlədirlər. Yaralanan bir ABŞ əsgəri belə həlak olmayıb. Təəccüblü de­yilmi?

Bu yaxınlarda İordaniya, Suriya və İraqın sərhədində olan Et-Tanf bazasına hücum nəticəsində 3 amerikan əsgəri həlak oldu, 40 nəfər yaralandı. Vaşinqton sanki özünü itirib. Hələ də məlum deyil ki, bu hücum kimin işidir. Bunu amerikalı­ların özləri də deyirlər. Ancaq ABŞ siyasi rəhbərliyi dərhal İrana barmaq silkələyir. Prezident Bayden bildirir ki, bunun cavabı olacaq və Birləşmiş Ştatlar bir neçə gün sonra Suriya və İraq ərazilərini bombard­man edir. Bəs niyə İranı yox? Axı onlar Tehranı günahlandırır və hədələyirdilər. 

Birləşmiş Ştatlar İrana hücum edə bilərmi? Onlar belə ağılsızlığa qadirdir­lərmi? Bu, elə də sadə iş deyil... 

İraqın işğalında mühüm missiya ye­rinə yetirən ehtiyatda olan diplomat ha­disələrdən dərhal sonra belə bir şərh vermişdi: “Dünyada ABŞ-ın toxunulmaz­lığı erası başa çatıb. Onlar Əfqanıstanda simalarını itirdilər. Sonra Ukrayna... Tam iflas... Avropanı da oda atıblar. İqtisa­diyyat tam fəlakət içindədir. Anti-Ameri­ka əhval-ruhiyyəsi artır. Qafqazda yeni cəbhə açmaq planı iflasa uğradı. Qəzza zolağında baş verənlərə baxın... ABŞ son illərdə ən ağır zərbəni alır. Bu, ölkə daxilində də öz əksini tapdı. Hadisələ­rin kulminasiyası olan Kapitoliyə hücum kasıb orta təbəqənin üsyanı idi. Texasda vəziyyət silahlı qarşıdurma həddinə ça­tıb... Böhran getdikcə dərinləşir. Vaşinq­ton daha bir səhv etməkdən qorxur. Odur ki, süddə əlini yandıran, indi suyu üfürür”.

Axı ABŞ kimdən qorxur, İrandanmı? O ki, dünyanın hegemonudur?! Bu sualın cavabını “The American Conservative” nəşrinin şərhçisi Duqlas Makqreqor “İra­nı bombalamaq və ya bombalamamaq: bax, əsas sual budur” məqaləsində geniş şərh edərək bildirir ki, ABŞ İranla müha­ribəyə son dərəcə yaxınlaşıb. Bu, baş verərsə, hadisələrin hansı sürətlə cərə­yan edəcəyini demək o qədər də asan məsələ deyil. ABŞ-ın Dövlət katibi Entoni Blinken ötən bazar ertəsi bəyan edib ki, “indi Yaxın Şərqdə inanılmaz dərəcədə qeyri-sabit vaxtlardır”. Blinkenin dediyinə görə, "dünya ən azı 1973-cü ildən bəri və hətta ondan əvvəl də regionda indi qar­şılaşdığımız qədər təhlükəli bir vəziyyət görməmişdir."

Blinkenin bu ciddi qiymətləndirmə­sinə cavab olaraq, prezident Bayden Vaşinqtonun Yaxın Şərqdəki hədəfləri mənasız şəkildə bombalamağa hazır ol­duğu barədə "siqnal" verir. Vaşinqtonda hesab edirlər ki, əksini etmək özlərini zəif göstərmək olardı, prezidentlər isə tez-tez belə nəticəyə gəlirlər ki, dünya super dövlətinin lideri bunu edə bilməz.

Tehran isə açıq şəkildə bəyan edib ki, onun ərazisinə edilən istənilən hü­cum “qırmızı xətt”dir və İran ərazisinin istənilən hissəsinin bombalanmasına “lazımi cavab veriləcək”. Burada heç bir yanlış təsəvvür olmamalıdır, İrana qarşı yönələn strateji bombardman kampani­yası açıq və birmənalı mesaj verir: ABŞ İran dövləti, onun xalqı və silahlı qüvvələ­ri ilə müharibə vəziyyətindədir. İndiki hal­da, Bayden İranı hədəflər siyahısından çıxarsa da, çıxarmasa da, amerikalılar bütün hallarda ehtiyatlı davranmalıdırlar.

Bombardman diplomatiya deyil, ancaq bu, siyasətçilərin xoşuna gəlir, çünki real fəaliyyət təəssüratı yaradır. Bombardman nə strategiya, nə də sadə xeyirxahlıq nümayişidir. Bombardman müharibə aktıdır. Bombalamaq düşməni çəkindirmir. Bombalamaq yalnız gərginli­yi artırır və total müharibəyə səbəb olur.

Şərhçi etiraf edir ki, ABŞ bombard­manları düşmən qüvvələrini müvəqqəti susdurmaqdan başqa heç nə vermir, çünki onlar əsasən “düşməni bircə hava zərbələri ilə Vaşinqtonun siyasi tələblə­rinə tabe etmək olar” kimi şübhəli ehti­mala söykənir. 

Az ehtimal olunsa belə, İraq, İran və ya Suriyadakı mövqelərə zərbələrin en­dirilməsi ABŞ-ı Yaxın Şərqdə daha bö­yük regional müharibəyə cəlb edə bilər. Bu səbəbdən də, hərbi metodların və strategiyanın müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyət kəsb edən bütün su­allar əvvəlcədən öyrənilməli və ətraflı ca­vablandırılmalıdır. Hərbi strateqlərin belə mühüm işin çox erkən mərhələdə tama­milə başa çatdırılması çətin görünür.

Ümumiyyətlə, Amerikanın hədəfləri nədir? İrana zərbə Qəzza zolağında mü­haribəyə necə son qoyacaq? Niyə İranı bombalamaq ABŞ-ın milli maraqlarına uyğundur? Hava zərbələri gözlənilən nə­ticələrə, eləcə də gözlənilən itkilərə mütə­nasib olmalıdır. Raketin atıldığı obyektin vurulması hələ cavab tədbiri sayılmır.

Münaqişəni gərginləşdirə biləcək hava hücumlarına üstünlük verməklə İsrailin varlığını riskə atmağın Vaşinqton üçün bir mənası varmı? Əgər ilkin hü­cumlar İran, İraq və ya Suriyanın davra­nışlarında arzu olunan dəyişiklikləri təmin edə bilmirsə, ABŞ ordusu yeni zərbələr endirməyə hazırlaşmalıdırmı? ABŞ ordu­sunda aylarla davam edə biləcək əməliy­yatı həyata keçirmək üçün kifayət qədər sursat, döyüş platformaları və ehtiyat hissələri varmı? ABŞ-ın bölgədəki hərbi qüvvələri vacib infrastrukturu cavab raket zərbələrindən qoruya bilərmi?

Vaşinqton Amerika qoşunlarının hü­cum edəcəyi təqdirdə, İranın döyüşmək­də qərarlı olduğunu bilir. ABŞ-ın rəhbər­liyi altında İranın strateji bombardman edilməsi Yaxın Şərqdə yerləşdirilmiş 57 min ABŞ əsgəri, aviasiya və dəniz piya­dasını hədəfə çevirən cavab atəşinə sə­bəb olacaq. 

Pilotsuz uçuş aparatları sistemlərinin istifadəsi zərbələrin endirilməsini Vaşinq­ton üçün siyasi cəhətdən cəlbedici edir. Bəlkə də pilotsuz sistemlər hava kampa­niyasında Amerikanın potensial itkilərini minimuma endirməyi vəd edir. Lakin ABŞ və İranın cavab zərbələri üçün hədəfləri­nin müqayisəsinə gəldikdə, Vaşinqtonun bölgədə yerləşdirilmiş və onun hərbi əməliyyatları üçün mühüm əhəmiyyət kəsb edən böyük potensial infrastruktur aktivlərini – limanları, aerodromları və ABŞ əsgərlərinin yerləşdikləri məkanları İranın və onun regional müttəfiqlərinın potensial hədəfinə çevirir. 

Amerika siyasətçiləri ABŞ-ın hərbi texnologiyasının unikal və ya dünyadakı bütün analoqlarından üstün olduğuna və ya Birləşmiş Ştatların quruda və dənizdə­ki hərbi qüvvələrinin irimiqyaslı dəqiq zər­bələrə qarşı immunitetli olduğuna aldan­mamalıdır. Bombardman İrana yeni və daha təkmil hava hücumundan müdafiə sistemləri yaratmağa mane olmayacaq. 

Nəhəng dövlətin özü üçün yaratdığı cəhənnəmə düşməsi heç vaxt tez olmur. İngilis yazıçısı, şair, müəllim və ilahiyyat­çı Klayv Steyplz Lyuisin qeyd etdiyinə görə, nə qədər ki, Birləşmiş Ştatlar kimi super dövlət öz rəqibini əsla qiymətlən­dirmədiyini görməyəcək, bu eniş tədri­cən, yavaş-yavaş və hətta hissə-hissə baş verəcək, 

Şərhçi Makqreqorun belə bir fikri ilə tam şərikəm ki, “rəqiblərə qarşı hə­də-qorxu, rüşvət, bomba və sanksiyalar heç vaxt yaxşı nəticə verməyib. Əfqanıs­tan, Liviya, İraq və Ukraynadakı bir sıra strateji hərbi uğursuzluqlar səbəbindən Vaşinqtonun dünya ilə münasibətləri sürətlə cəhənnəmə yuvarlanır”. Bunun qarşısını almaq mümkündürmü? 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Siyasət