AŞPA Fransanın diqtəsi ilə qərarlar çıxarır

post-img

Azərbaycan 20 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Bu müddətdə AŞPA davamlı olaraq Azərbaycana ikili standartlar əsasında qərəzlə yanaşıb. Qurumun ötən həftə Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi tələsik və ədalərsiz qərar isə bu bədxah yanaşmanın zirvəsi oldu. Saxta bəhanə isə bu oldu ki, guya, Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü mühüm öhdəlikləri yerinə yetirmir, insan hüquqları pozulur. 

Bir buna baxın, kimlər “azad və ədalətli seçkilərdən, hakimiyyət bölgü­sündən, qanunvericilik orqanının icraya qarşı zəifliyindən” danışır, Azərbaycana “məhkəmə hakimiyyətinin müstəqilliyi­ni, insan haqlarına hörməti” öyrətməyə çalışır. Onlar niyə unudurlar ki, ABŞ, Avropa İttifaqı, Fransa və Almaniyada günahsız insanlar dini, irqi, milli mənsu­biyyətinə görə öldürülür, mətbuat mən­sublarının həbsi davam edir. 

Bəzi Avropa ölkələrində jurnalist­lərin yazılarına görə saxlanılması adi haldır. Bu ölkələrə Polşa, Finlandiya, Fransa, İngiltərə və İtaliya daxildir, Pol­şada ispan jurnalist Pablo Qonzales Ru­siya–Ukrayna müharibəsi başlayandan dərhal sonra “rus agenti olmaq” ittiha­mı ilə həbs edilib. O, həbsdə olandan 9 ay sonra ailəsi ilə görüşə bilib. Güman edirəm ki, AŞPA deputatları “təhlükəli məhbus” sayılan və ağır şəraitdə həbsdə saxlanılan jurnalist Pablo Qonzalesi xa­tırlamırlar.

Finlandiyada 2 jurnalist 16 dekabr 2017-ci il tarixində Helsinkinin “Sa­nomat” qəzetində Finlandiya Müdafiə Kəşfiyyat İdarəsi haqqında məlumat yaydığına görə yanvar ayında məhkəmə tərəfindən milli sirləri açıqlamaqda təq­sirli bilinib. Xəbər dərc ediləndən 4 il sonra jurnalistin məhkəməyə çağırılması etirazlarla qarşılandı. 

Fransada isə 3 jurnalist 2018-ci ildə ölkə ordusunda uzun illər korrupsiyaya yol verdiyinə dair 2018-ci il xəbərlərinə görə Fransa Daxili Kəşfiyyat Xidmə­ti (DGSI) tərəfindən 2022-ci ildə ifadə verməyə çağırılıb. 2023-cü ildə Fransada keçirilən irimiqyaslı etiraz aksiyalarını işıqlandıran jurnalistlər polis zorakılığı­na məruz qalıblar. Yerlə sürüklənən eti­razçıların məruz qaldığı qeyri-mütənasib zorakılıq AŞPA-nın diqqətini çəkmirmi? Belə faktlar AŞ ölkələrində kifayət qədər çoxdur.

Azərbaycanın AŞPA-dakı nümayən­də heyətinin rəhbəri Səməd Seyidov haqlı olaraq bildirib ki, etimadnamələrin qəbul edilməməsi üçün irəli sürülən sə­bəblər əsassızdır və Azərbaycana qarşı qərəzin dərin köklü təzahürüdür: “Nü­mayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina etmək AŞ­PA-nın və ümumilikdə Avropa Şurasının reputasiyasına ciddi zərbə olardı və onun ağır nəticələrinə görə məsuliyyət bu ad­dımın təşəbbüskarlarının üzərinə düşür”. Səməd Seyidov etimadnamələrin qəbul edilməməsi cəhdinin Azərbaycana qar­şı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olduğunu qeyd edib: “Bəzi qərəz­li qruplar öz dar maraqları naminə AŞ­PA-nın təməl prinsiplərindən sui-istifadə edirlər. Siyasi korrupsiya, ayrı-seçkilik, “etnik və dini nifrət, ikili standartlar, təkəbbür və şovinizm AŞPA-da hakim praktikaya çevrilib”.

AŞPA-nın Ukrayna və Türkiyədən olan yalnız iki üzvü qərara qarşı çıxıb. Azərbaycanla dost ölkənin hansısa de­putatlarının belə çirkin oyuna qoşulması utangətirici addımdır və kəskin qınanıl­malıdır.

Göründüyü kimi, AŞPA-dan bəzi üzv ölkələrə qarşı hücumlar üçün aşkar platforma kimi istifadə olunur. Bu quru­mun səhnəsində göstərilən bir çox tama­şaların ssenari müəllifi və rejissoru isə XXI əsrdə də müstəmləkəçilik siyasətin­dən əl çəkməyən Fransadır.

Seyfəddin AYAKSOY,
Manisa Azərbaycan Mədəniyyət Evinin rəhbəri

Siyasət