Mediasiya məişət zorakılığına qarşı mübarizənin önündə

post-img

Cəmiyyəti narahat edən ən aktual məsələlərdən biri yaxın qohumlar arasında, xüsusilə ər-arvad münasibətlərində olan tərəflər arasında baş verən məişət zorakılıqlarıdır. Məişət zorakılığı yaratdığı nəticələrdən asılı olaraq xalqımızın milli mentalitetinə görə toxunulmaz və bütün mənəvi dəyərlərdən üstün hesab etdiyi “ailə” institutunun təməl prinsiplərini ciddi zədələyən hər hansı hüquqazidd hərəkət və ya cinayət hadisəsidir.

Belə hallara qarşı mübarizə çər­çivəsində “Məişət zorakılıqlarının qarşısının alınması haqqında’’ 22 iyun 2010-cu il tarixli 1058–IIIQ nömrəli Azərbaycan Respublikası­nın Qanunu və bir çox başqa nor­mativ hüquqi sənədlər qəbul edil­miş, bu məqsədlə aidiyyəti dövlət orqanları və vəzifəli şəxslər qarşı­sında mühüm tələblər qoyulmuşdur. Lakin nəzərə alsaq ki, məişət zora­kılığı birgə yaşayış qaydaları hü­dudlarında məişət zəminində yaxın və digər qohumlar, xüsusilə daha çox ər-arvad arasında baş verir, o zaman ona qarşı mübarizə yalnız dövlət orqanlarının və vəzifəli şəxs­lərin deyil, hər kəsin borcudur.

Bu baxımdan “Mediasiya haqqında” Azərbaycan Respubli­kası Qanununa (29 mart 2019-cu il) əsasən ayrı-ayrı tərəflər arasında ailə münasibətlərindən əmələ gələn mübahisələrin məhkəmədən kənar həllində iştirak edən mediatorların üzərinə böyük məsuliyyət düşür. Ər-arvad münasibətlərinin pozul­ması bəzən hər hansı hüquqazidd hərəkət və ya məişət zorakılıqları ilə müşayiət edildiyi və “Mediasi­ya haqqında” Qanuna əsasən, ailə münasibətlərindən irəli gələn müba­hisələrə məhkəmədən əvvəl ilk növ­bədə mediasiyada baxıldığı üçün bu mövzuya diqqət ayrılmasını məqsə­dəmüvafiq hesab edirik.

Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 49 min 549 nikah, 19 min 761 nikahın pozulması qeydə alınmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisə­də əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,2-dən 5,3 faizə düşüb, boşananların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Təcrübə göstərir ki, nikahın pozulmasına qərar vermiş tərəflərin əksəriyyəti bu prosesi sivil qaydada qarşılıqlı anlaşma şəraitində başa çatdırırlar. Bəzən isə bu proses tərəflərin bir-birinə qarşı qarşılıqlı ittiham­ları, hətta cinayət əməli ola biləcək hədə və təhdidləri ilə müşayiət olu­nur. 

Bəs belə hallarda baş verə bilə­cək hüquqazidd əməllərin qarşısı­nın alınmasında mediatorun rolu nə­dən ibarətdir. Qeyd etdiyimiz kimi, ailə münasibətlərindən irəli gələn mübahisələrə qanunla ilk növbədə mediasiyada baxılır. Ona görə də bir-birinə əks mövqedə dayanan tərəflərin iştirakçısı olduqları mü­bahisələrinin çözülməsinə qanunla müəyyən edilmiş qaydada media­torlar da cəlb edilirlər. Beləliklə, mediator müxtəlif xarakterə malik tərəflər arasında mediasiya prose­sinin predmeti olan müxtəlif tipli mübahisələrin həllində iştirak edir. Bu zaman mediator mediasiya qa­nunvericiliyinin ona verdiyi imkan­lardan, öz peşə bacarıqlarından və həyat təcrübəsindən istifadə edərək;

a) mübahisə tərəflərinin hər ikisini mediasiya prosesinə cəlb et­məklə onlara aralarında olan fikir ayrılıqlarını başqa, daha uyğun mü­hitdə tərəfsiz və qərəzsiz vasitəçinin köməyi ilə birgə müzakirəsini təmin edir;

b) mediasiyanı qapalı, kon­fidensiallıq şəraitində keçirməklə tərəflərə heç bir kənar müdaxilə ol­madan öz mülahizələrini daha geniş ifadə etmək imkanı yaradır; 

c) boşanmaqda israrlı olub uşaqlarının gələcək taleyinə biganə olan, aliment və əmlak bölgüsü ilə razılaşmayan tərəfi həyat təcrübə­sindən nümunələr söyləməklə və düşündürücü suallar verməklə təsir­ləndirir; 

ç) bir-birinə qarşı barışmaz mövqedə olan, öz hisslərinə sahib ola bilməyən, hədə və təhdidlərlə çıxış edən tərəfləri səbir, təmkin və “ özünə qayıt” prinsipi ilə intizama dəvət edir;

d) tərəflər arasında gələcək­də hər hansı hüquqazidd hərəkət, məişət zorakılıqları, ağır və xüsusilə ağır cinayət hadisələrinin baş vermə ehtimalı olarsa, belə hadisələrin ağır nəticələrini xatırladıb, onları bu kimi əməllərdən çəkindirir. 

Beləliklə, mediator mediasiya prosesi zamanı biri-birinə qarşı kəs­kin əks mövqedə dayanan tərəflərin mövqeyini yaxınlaşdırır, bir çox halda onları barışdırır, ən pis halda isə tərəflər arasında baş verə biləcək arzuolunmaz hadisələrin, məişət zo­rakılıqlarının qarşısının alınmasına yönələn zəruri hərəkətlər etmiş olur. 

Konfidensiallığı qorumaq şər­ti ilə ad çəkmədən təcrübədə rast gəldiyimiz bir mediasiya prosesinin nəticələrini oxucularla bölüşmək istərdik.

Birinci tərəf ər nikahın pozul­ması üçün mediasiyaya müraciət edib. Mediator hər iki tərəfi təyin olunmuş ilkin mediasiya sessiyasına dəvət edir. Ər təyin olunmuş vaxtda gəlib. Bu zaman ikinci tərəf – xa­nım zəng edib gecikdiyi üçün üz­rxahlıq edir və mediasiya keçirilə­cək yeri tapmaqda çətinlik çəkdiyini bildirir. Mediator kömək məqsədi ilə həmin xanımı qarşılamağı bi­rinci tərəfə (ərinə) təklif edir. Bu zaman ər nəinki onu qarşılamağı, görmək belə istəmədiyini, çoxdan­dır ayrı-ayrı məkanda yaşadıqlarını və onunla bir masa arxasında otur­mağın mümkün olmadığını bildirir. Tərəflər yığışır, ilkin mediasiya pro­sesi uzun vaxt aparır. Tərəflər başqa vaxtda prosesin davam etdirilməsi üçün razılığa gəlirlər. Qısa qış günü olduğu üçün artıq hava qaralmışdır. Bu zaman heç bir təklif gözləmədən ər: “hava qaranlıqdır, gəl səni ma­şınla evə aparım” – deyə xanımına nəzakətlə müraciət edir. Bir neçə gün sonra mediator növbəti medi­asiya prosesinin keçiriləcəyi günü xatırlatmaq üçün xanıma zəng edir. Xanım biz artıq barışmışıq, birlikdə barışıq sazişi bağlamaq üçün gələ­cəyik: “Buyurun yoldaşımla danı­şın” – deyib mobil telefonunu ərinə ötürür.

Rzaqulu HACIYEV,
Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru

Sosial həyat