Cənubi Qafqazın geosiyasi parçalanma riski

post-img

IV HİSSƏ

Tarixin bizə bəxş etdiyi ən yax­şı dəyər, onun entuziazm həyəcanı yaratmasıdır.

Fridrix Nitşe

Qədim türk dövlətçilik təfəkkürü

Sokrat öyrədirdi ki, qanunla hüquq eyni şeydir. Bu fikrin qaynağı türk dövlət­çilik təfəkkürüdür. Azərbaycan dövlətçilik ənənəsində “qanun” və “hüquq” anlayış­ları sinonim kimi işlədilmişdir. Konkret olaraq, toplumun özünüyaratması qanu­nu kimi “Yosun hüququ” adlanan anlayış mövcuddur. Bu hüquq, eyni zamanda, qanundur, başqa sözlə, türk insanının və toplumunun qanunudur. Görünür, məhz bu səbəbdəndir ki, qədim türklər “dövlət” və “el” (oba, birgəyaşamın türk modeli) anlayışlarına eyni mənanı vermişlər. “Pa­laza bürün, elnən sürün!” deyimi bu mə­nada “dövlətnən ol!” anlamını verir. 

Türk birgəyaşam üsulunda toplum kimi mövcud olmaq fəlsəfəsi ilə dövlət olaraq var olma arasındakı bu vəhdətin müasirliyi aydındır. Filosoflar, politoloqlar və alimlər indiki tarixi mərhələdə fərdi de­yil, kollektiv (cəmiyyət, cəmiyyətlər birli­yi, dövlətlər qrupu və s.) mövcud olmanı müasir beynəlxalq münasibətlərin əsas parametri adlandırırlar. Bu isə kollektiv marağın fərdi maraqdan önə keçdiyini göstərir. Türk xalqları min illərdir bu fəl­səfə ilə dövlət və cəmiyyət qururlar. 

Vurğulanan kontekstdə türk siyasi təfəkkürü ilə Sokratın müqayisəsində bir ortaq cəhəti də görmək mümkündür. Bu, “ədalət” anlayışıdır. Azərbaycan dövlətçi­lik ənənəsində ədalət məsələsi mərkəzi yer tutur. Bununla bağlı çox sayda tarixi fakt mövcuddur. Ulu öndər Heydər Əliyev müasir mərhələdə dövlətçiliyi sıx surətdə ədalətli olmaqla bağlamışdır. Fəliyyəti­nin mahiyyəti və məzmununda da ədalət əsas yeri tutmuşdur. Bu, qədimdən gələn siyasi şüur ənənəsinin konkret təzahürü­dür. 

Sokrat üçün də ədalət anlayışı böyük əhəmiyyət kəsb etmişdir. O, müdrikliyi birbaşa ədalətlilik, xeyirxahlıq, qanunlara əməl etməklə bağlamışdır. Sokrat deyir­di ki, kişi adam qanunlara əməl edəndir. Yəni həm də hüquqa sayğı göstərən, ona uyğun davranandır. 

Nəhayət, türk siyasi təfəkkürü ilə Sokratı dövlətçilik və siyasət aspektində birləşdirən başqa vacib məqam: lider və bütövlükdə dövlət verdiyi sözə və imzala­dığı sənədə sadiq olmalıdır! Sokrat üçün, bu, həyati mövqe idi. O, zəhər dolu qabı başına çəkmiş, lakin inamına, ideyasına, verdiyi sözlərə xəyanət etməmişdir. Sok­rat qanun və hüquqla yaşamışdır! Və o keyfiyyətdə də həyatdan getmişdir. Döv­lət məsələsində bu şərtlər ayrıca əhəmiy­yət və özəllik kəsb edir. 

Verilən sözə əməl olunmasa, heç bir müqavilənin, razılaşmanın əhəmiyyəti olmur. Azərbaycanda buna görə el ara­sında “kişi sözü” deyilən bir anlam vardır. Söz verdin, mütləq əməl etməlisən. Azər­baycan hökmdarları, rəhbərləri, liderləri bu qaydaya daim əməl etmişlər. Ənənə bunu sübut edir. M.Ə.Rəsulzadə də döv­lətçilik üçün mühüm olan 4 şərtdən birinin imzaya sadiqliyi göstərmişdir. Ulu öndər bütün fəaliyyətində sözünə əməl edən və imza qoyduğu sənədlərə tam uyğun ad­dımlar atan lider olmuşdur. Bu ənənəni Prezident İlham Əliyev də davam etdirir. 

Beləliklə, qısa müqayisə aydınlaşdı­rır ki, Sokrat türk siyasi qavramının bir aspektini lakonik ifadə etmiş və ona si­yasi-nəzəri məzmun vermişdir (“qanunla hüquq eyni şeydir”). Bu fikirlərin müasir mərhələdə Cənubi Qafqazın geosiyasi mənzərəsinə hansı aidiyyatı vardır? Qa­nunla hüququn eyni olmasının Cənubi Qafqazın hazırkı geosiyasi mənzərəsini dərk etmək kontekstində konkret təsiri necə ola bilər?

Ədaləti və tarixi reallığı qurban vermənin bədəli

Məsələ ondan ibarətdir ki, qədimlər­də Azərbaycan türk dövlətçilik şüuru ilə Sokrat fəlsəfəsi ortaq mövqeyə gələ bil­mişlər. İndi isə Sokratın xələfləri Cənubi Qafqazda bu tarixi bağlantını atdıqları düşüncəsiz addımları ilə pozurlar. Faktiki olaraq regionu münaqişələrə və qarşı­durmalara sürükləməyə çalışırlar. Onlar Sokrata dönük çıxmışlar. 

Azərbaycan isə öz dövlətçilik ənənə­sinə nəinki sadiq qalmış, hətta onu XXI əsrin çağırışları fonunda yaradıcı surətdə inkişaf etdirmişdir. Qərbin siyasi təfəkkü­rü mənfiyə doğru dəyişmişdir, Azərbay­can isə dəyişməmişdir: tarixdən gələn ədalət, hüquq və milli ləyaqətə əməl et­məkdədir!

Son zamanlar regionda geosiyasi aspektdə nələri müşahidə edirik? Qərb dövlətləri bir-birinin ardınca konstruktiv olmayan və Cənubi Qafqazı qarşıdurma məkanında saxlayan addımlarını davam etdirirlər. Çox qısa bir müddətdə onlar bu tendensiyanı nəinki zəfilətdilər, hətta onu davamlı trendə çevirməyə çalışırlar. Konkret faktların fonunda bu tezis özünü təsdiq edir. 

Avropa İttifaqının strukturları Azər­baycana qarşı əsassız və cəfəng itti­hamlar səsləndirməkdə davam edirlər. AŞPA təntənəli surətdə bəyan etmişdir ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bir il müddətinə məhdudlaşdırı­lır. Eyni zamanda, şərt qoyur: AŞPA-nın tələblərini yerinə yetirsə, bu qərar aradan qaldırıla bilər. Şərtlər nədən ibarətdir? Er­mənilərin hüquqlarını müdafiə et (etmirik ki?), Laçın “dəhlizi”nə AŞPA nümayən­dələrinin “seyrinə icazə ver” (Laçın dəh­liz deyil, yoldur və Azərbaycan qanunları çərçivəsində istənilən adam orda “seyr” edə bilər) və AŞPA nümayəndələrini Prezident seçkilərinə müşahidəçi kimi dəvət et (buna layiq deyilsiniz, axı, çünki obyektiv davranmırsınız). 

Bu şərtlərin qondarma və qərəzli olduğu aydın görünür. Eyni zamanda, Cənubi Qafqazın geosiyasi mənzərəsi baxımından təhlükəlidir. Çünki yanaşma konfrontasiya yaradıcı və birtərəflidir. 

Birincisi, AŞPA və AŞ azərbaycanlı­ların hüququndan danışmaq istəmir. Er­mənilərə dəyib-toxunan olmadı, ancaq milyondan çox azərbaycanlı deportasiya olunmuşdur. Keçən müddətdə AŞPA, AŞ, bütövlükdə Aİ və ümumi halda Qərb və ya başqa geosiyasi güc Ermənistanda keçirilən hansı seçkilərdə rəsmi İrəvan qarşısında öz yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarını bərpa et­məsi tələbini qoymuşdur? Ermənistan hökumətindən hansı AŞPA və ya Aİ, ol­sun ki, ABŞ yaxud Rusiya tələb etmiş­dir ki, Qarabağdakı İslam mədəniyyət nümunlərinin, əsas olaraq məscidlərin və qəbiristanlıqların təhqir edilməsinin hesabatını verməsə, hansısa təşkilatda fəaliyyətini məhdudlaşdıracaq? Əksinə, rəsmi Bakının israrlı dəvətinə, çağırışı­na, müraciətlərinə baxmayaraq, özlərini beynəlxalq təşkilatlar adlandıran və in­san haqları, mədəniyyət nümunələrinin qorunması ilə məşğul olduqlarını deyən qurumlar yerlərdə vəziyyətə baxmağa gəlmirlər! Bunlara inanmalıyıq? Onları seçkiyə müşahidəçi kimi buraxmalıyıq? Axı, onlar həqiqəti görə bilmirlər, ədalət və reallığa qarşı “korluq xəstəliyinə” tu­tulmuşlar!

Məgər bu, regiona geosiyasi konf-rontasiya və qərəzli yanaşma əlaməti deyildir? Ermənistanla danışıqlarda av­ropalılar özlərini elə aparırlar ki, guya, o qondarma dövlətdə hər şey demokratiya yolundadır, başqa hər hansı dəyərə ehti­yac yoxdur. Məhz buna görədir ki, erməni siyasiləri və politoloqları daim “Azərbay­can onu etməlidir, Bakı bunu etməlidir” deyib, başlarından böyük qələtlər edirlər. Gah sülhün şərtlərindən müsbət danışır­lar, gah özlərindən qondarma şərtlər qo­yurlar, gah da nədənsə imtina edirlər. Və bütün bunların kökündə Qərbin geosiyasi intriqaçı və qərəzli mövqeyi dayanır. 

Əgər Fransa prezidenti “Ermənistanla bağlı tarixi seçim etdik” və “yerimizi möh­kəmləndiririk” cəfəngiyatını danışmasay­dı, Ermənistan yenidən şıltaqlıq etməzdi. Əgər ABŞ qeyri-müəyyən və Azərbayca­nı əsassız ittiham edən mövqe nümayiş etdirməsəydi, rəsmi İrəvan regionun ma­raqlarına qarşı addım ata bilməzdi. 

Bu faktlardan belə nəticə çıxara bilə­rik: Hazırda Qərb Cənubi Qafqazda geo­siyasi parçalanmanı təhrik edən siyasət yeridir. Və məsələnin ən həssas məqamı da bununla bağlıdır. Bu dağıdıcı fəaliyyət­də özünü qabarıq göstərən əlamət Qərb dövlətlərinin açıq şəkildə Ermənistanın haqsız işlərini dəstəkləməsi ilə bağlıdır. Bu vəziyyətin politoloji izahı mümkündür. 

Regional birliyə qarşı kölə psixologiyası

Bəli, görünür ki, Cənubi Qafqaz­da postmüharibə mərhələsinin başlıca geosiyasi dəyəri əsrlərdir davam edən kölə psixologiyasının “siyasi qanadı”nın sındırılması ilə bağlıdır! Azərbaycanın müstəqil davranışları, qətiyyətli sərbəst mövqeyi və regionda sülh, əməkdaşlıq və qarşılıqlı faydalı qazanc əldəetmə ənənəsini yaratmağa başlaması kənar dağıdıcı qüvvələrin regiona təsiri imkan­larını sıfıra endirir! Bu prosesi dayandır­mağa çalışırlar və bunun üçün oyuncaq və siyasi ağlı çox qısa olan erməni rəh­bərlikdən istifadə edirlər! Rusiya buna qarşı aktiv fəaliyyət göstərmir, çünki ona da müstəqil, sərbəst və bütöv Qafqaz la­zım deyildir. İran passiv müşahidəçi təsiri bağışlayır, lakin dərin qatlarda regionun geosiyasi, siyasi, iqtisadi, energetik, mə­dəni və kommunikativ bütövləşməsində marağı yoxdur! 

Bu, kənarda hansısa, konstruktiv güc axtarışınımı aktuallaşdırır? Qətiyyən elə deyildir! Elə bir addım olsa, bu da Cənubi Qafqazın geosiyasi parçalanmasına apa­rıb çıxaracaq bir qədər fərqli yol seçilmə­si deməkdir. Bu regionun qalmaqalsız və qarşıdurmasız taleyi yalnız qafqazlıların özlərindən asılıdır. Azərbaycan, Gürcüs­tan və Ermənistan birgə fəaliyyətləri ilə regionda geosiyasi parçalanmanın qarşı­sını ala bilərlər! Başqa hər hansı formul stratejidə yenidən parçalanmaya gətirib çıxaracaq. Obrazlı desək, “Qafqaz evi”­ni yalnız qafqazlılar yarada bilər və onu “təmiz saxlayar”!

“Qafqaz evi”nə aparan yol

Bunun üçün iki gerçəkliyi, regional geosiyasi həqiqəti Cənubi Qafqaz döv­lətlərinin hər biri səmimi qəbul etməlidir. 

Birincisi, region dövlətlərinin hər biri qəbul etməlidir ki, Azərbaycan Cənubi Qafqazın lideridir və bu, Bakının bütöv­lükdə regional gücü təmsil etdiyi anlamı­na gəlir.

İkincisi, Azərbaycan regional lider kimi konstruktiv geosiyasi mənzərənin yaradılmasının aparıcı təmsilçisidir. Bu faktın iki aspekti vardır: birincisi, keçmiş geosiyasi konfrontasiya mövqeyi, təfək­kürü və psixologiyasından region dövlət­ləri və cəmiyyətləri imtina etməli, ondan xilas olmalıdırlar; ikincisi, geosiyasi kons­truktivlik, sülh, əməkdaşlıq psixologiyası­na yiyələnməlidirlər. 

Bu iki faktın sintezində bir mühüm tezisi İrəvan və Tbilisi özləri üçün qəbul etməlidir. Bu tezis Ermənistan və Gür­cüstanın regional lider olmaq imkanla­rına malik olmamaları ilə bağlıdır. Bu, sadə məsələ deyildir. Əsərlərdir, xristian­lıq xətti ilə bizim qonşu xalqların şüuruna özlərinin üstün olmaları psixolgiyası yeri­dilmişdir. Reallıq isə göstərdi ki, Cənubi Qafqazda Azərbaycan xalqı müstəqil və güclü dövlət yaratmaq potensialına daha çox sahibdir. Söhbət tarix boyu onlarla dövlət qurmuş və regionda söz sahibi olmuş bir toplumdan gedir. Tarixi faktdır ki, Ermənistan min il, ümumiyyətlə, döv­lət kimi mövcud deyildi, Gürcüstan isə türk dövlətçiliyi ilə sıx bağlı ayaqda qala bilmişdir. Əsasən qonşuluq şəraitində yaşanılmışdır, lakin aparıcı rol oynayan Azərbaycan türk dövlətləri olmuşlar. 

İndiki mərhələdə isə Ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyası ən səmərəli, müsbət nəticəverici və müa­sir tələblərə tam cavab verən dinamik sistem olduğunu konkret əməldə sübut etmişdir. Azərbaycan Avrasiyada yeganə dövlətdir ki, özü ərazi bütövlüyünü si­yasi-hərbi yolla bərpa etmişdir. Həm də Qərb, Rusiya və İranın buna qarşı fəal mövqe tutması şəraitində bunu bacar­mışdır! Lakin Ermənistan və Gürcüsatn kənardan daim güclü dəstək görmüşlər. Bununla belə Gürcüstan hələ də ərazi bütövlüyünü təmin edə, Ermənistan isə müstəqil dövlət ola bilməmişdir! 

Siyasi ritorikanı və “heç kəs öz ay­ranına turş deməz” deyimini bir kənara qoysaq, tarixi gerçəkliyin gözünə dik baxmalıyıq. Belə bir şəraitdə Azərbay­canın aparıcı rolu qəbul edilməsə, hansı əsasla Cənubi Qafqazda qalıcı geosiyasi mənzərə yaratmaq mümkündür? Müm­kün deyildir!

Onda meydana Cənubi Qafqazın geosiyasi parçalanması prosesini dayan­dıracaq və onun qarşısını faktiki olaraq kəsə biləcək yeni format çıxır. Bu, bizim qənaətə görə, “Azərbaycan mərkəzli geosiyasi birlik, təhlükəsizlik və əmək­daşlıq” modelidir! Onun konkret məzmu­nu nədən ibarət ola bilər? 

F.MƏHƏMMƏDOĞLU
XQ

Siyasət