Zurabyan Paşinyanı yıxıb sürüdü
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresinin sədr müavini, həmin illərdə prezidentin mətbuat katibi və köməkçisi işləmiş Levon Zurabyan ölkədə bir o qədər də tanınan fiqur deyil. Amma bu adamın bildirdiklərinin həqiqət olduğuna şübhə yeri yoxdur. Ona görə ki, dediklərinə münasibətdə kimsədən, xüsusən də baş nazir Nikol Paşinyanın komandasının təmsilçilərindən tutarlı əks mövqe yoxdur. Zurabyanın hansı məqamları qabartdığını vurğulayacağıq. Hələlik isə...
Bəli, baş nazir Nikol Paşinyan son vaxtlar Azərbaycanla sülh gündəliyi baxımından tez-tez Alma-Ata Bəyannaməsindən söz açır. O bəyannamədən ki, 1991-ci il dekabrın 21-də imzalanmışdı və keçmiş müttəfiq respublikaların bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını rəhbər tuturdu. Nikolun qənaəti budur ki, sənəddə Ermənistanın ərazisi 29,8 min kvadratkilometr, Azərbaycanın ərazisi isə 86,6 min kvadratkilometr göstərilib. Erməni baş nazir bildirir ki, məhz bu əsasda hər iki dövlət bir-birinin suverenliyinə hörmətlə yanaşmalı və sərhədlər də mövcud xüsusda müəyyənləşdirilməlidir. Əlbəttə, o, ölkəsinin otuz ilə yaxın müddətdə öz sərhədini işğal etdiyi Ağdamdan hesabladığını və faktiki olaraq Alma-Ata Bəyannaməsinə zidd davrandığını “yaddan çıxarır”. Digər tərəfdən, nəzərə alaq ki, Alma-Ata Bəyannaməsi ümumi xarakterlidir, orada ərazinin miqyas konkretliyi barədə heç nə yoxdur. Bəs rəsmi İrəvan niyə məhz indi bu sənədə istinadı əsas götürür?
Səbəb çox sadədir. Paşinyanlı Ermənistan Alma-Ata Bəyannaməsini siyasi spekulyasiya predmetinə çevirib. Qeyd etdiyimiz kimi, sənəd 1991-ci il dekabrın 21-də imzalanıb. Həmin il dekabrın 12-də isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ancaq bölgənin erməni əhalisinin qatıldığı, azərbaycanlıların boykot etdikləri saxta referendum keçirilib. “Referendum” vilayətin müstəqilliyi “qərarını” çıxarıb. Ancaq bunadək 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdu. Həmin qanuna əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmışdı. Deməli, dekabrın 12-dəki “referendum” mərkəzi hakimiyyətə qarşı, bir növ, üsyan mahiyyəti daşımışdı.
Yeri gəlmişkən, ermənilərin ötən əsrin 80-cı illərinin sonlarından başlamış Qarabağ avantüraları xüsusunda mərkəzdənqaçma meyili bir dəfə də yaşanıb. Məsələn, 1988-ci il fevralın 20-də o zamankı DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar çıxarmışdı. 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar vermişdi. Lakin 1989-cu ilin dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdı.
Göründüyü kimi, Qarabağ məsələsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiası xüsusunda olub. “referendum” və digər bu kimi gedişlər isə “anşlüsün” (birləşmənin) gerçəkləşməməsi üçün ortaya atılmışdı. Yəni, Dağlıq Qarabağ əvvəl özü müstəqil olmalı, sonra Ermənistana birləşməli imiş. Ermənisayağı “qanunauyğunluğun” belə qorunması nəzərdə tutulubmuş.
Əlbəttə, Azərbaycan məsələni sırf Alma-Ata Bəyannaməsindəki kimi qoymayıb. Bununla bağlı açıqlamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş nazirinin birgə görüşündən sonra verib. Məsələ ötən ilin mayından sonra daha çox gündəmə gəlməyə başlayıb. Nəzərə alaq ki, o zaman Qarabağda erməni silahlıları qalırdı, üstəlik, qondarma rejim saxlanılırdı. Belə düşünülə bilər ki, Ermənistan iqtidarı rejimin saxlanıldığı bir dövrdə Azərbaycanın Alma-Ata Bəyannaməsinə sadiqliyinin rəsmiləşməsinə çalışıb. İstəyib ki, sonradan məsələni fərqli şəkildə interpretasiya etsin.
Bəli, 1991-ci ilin dekabrın 12-də keçirilmiş “referendum”, əslində, Azərbaycan SSR Ali Sovetinin həmin il noyabrın 26-da çıxardığı qərara qarşı atılmış əks addım idi. İndi də Paşinyan öz aləmində Alma-Ata Bəyannaməsi ilə siyasi gediş edir. İlk baxışdan düşünülə bilər ki, Levon Ter-Petrosyanın mətbuat katibi və köməkçisi işləmiş Levon Zurabyan fikirləri ilə, faktiki olaraq, baş nazirin planlarını heçə endirmək yolu tutur. Hərçənd, ikinci özünü birincinin söylədiklərindən xəbərsiz kimi aparır. Hər halda, Paşinyanın Zurabyanın qaldırdığı məsələ barədə məlumatsızlığını düşünmək mümkünsüzdür. Onun Alma-Ata Bəyannaməsi xüsusundakı canfəşanlığı bunu söyləməyə əsas verir. Nəzərə alaq ki, Nikol sənədi ehkamlaşdırır və bir növ, müqəddəsləşdirir ki, onun rəsmi siyasi gündəlikdə özünə oturuşmuş yer tutmasına nail olsun. Əlbəttə, məqsədinə çata bilmir. Niyə çata bilmir, bu barədə qeydləri yazının sonunda diqqətə çatdıracağıq. Bəs, Zurabyanın söylədiyi nədir?
Zurabyan bildirir ki, Paşinyanın Azərbaycanla sülh gündəliyi baxımından Alma-Ata Bəyannaməsi haqqında danışması düzgün deyil. Çünki, Ermənistan parlamenti həmin sənədi müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Buna qarşılıq Nikol bildirib ki, “mənim bildiyimə görə, Alma-Atada iclas keçiriləndə erməni tərəfi heç bir şərt irəli sürməyib. Əgər belə şərt varsa, qoy, müxalifət həmin şərti təqdim etsin”. Bəlkə də Paşinyan haqlıdır. O anlamda ki, erməni tərəfinin Alma-Ata Bəyannaməsi imzalananda hansısa şərt irəli sürməməsi mümkündür.
Ancaq reallıq bundadır ki, Ermənistan SSR Ali Soveti sənədə düzəliş edib. Həmin düzəlişə əsasən MDB-yə yalnız keçmiş sovet respublikalarının deyil, həmçinin, hələ SSRİ-nin süqutundan öncə müstəqillik haqqında referendum keçirmiş muxtar qurumların da qoşulmalarına imkan verilməli idi.
L.Zurabyan bildirib ki, Ermənistan 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya etdi. Onun sözlərinə görə, sənəddə çox aydın şəkildə bir istinad var idi ki, “Dağlıq qarabağ respublikası” müstəqil respublika qismində MDB-yə qoşula bilər. Göründüyü kimi, məsələ, kifayət qədər, ciddi sayıla bilər. Yəni, Zurabyan durumu Ermənistanın Alma-Ata Bəyannaməsini qəbul etməməsi xüsusunda izah edir. Bəyannamənin imzalanmasından otuz ildən artıq bir müddətin keçdiyi hazırkı dövrdə isə Paşinyan həmin sənədə istinadla Qarabağ avantürası üçün, belə demək mümkünsə, tutacaq yer axtarır. Məsələn, o, deyə bilər ki, qanun geriyə işləmir, bəyannaməyə qədər nə olubsa, – olub.
Ən əsası isə lap tutaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Ermənistana dəxli yoxdur, bölgə özü bilər. Yəni, bu kimi oyun oynanılma ehtimalı var. Nəzərə alaq ki, Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suverenliyini tanıdığını bildirən erməni baş nazir lokal xarakterli antiterror tədbirlərindən əvvəl “Qarabağın seçkili hakimiyyəti var” fikrini dilə gətirmişdi. Bu, şübhəsiz, aşkar manipulyasiya idi.
Sonda vəd etdiyimiz kimi, Ermənistanın Alma-Ata Bəyannaməsi xüsusundan məqsədinə çata bilməyəcəyi barədə söz açaq. Keçmiş SSRİ-yə daxil olan respublikaların bir-birinin ərazi bütövlüyünü tanımalarını əsas götürən sənədlə əlaqədar maraqlı nüans var: Bir halda ki, bəyannamə SSRİ-dən ayrılmanın suverenlik trayektoriyasını müəyyənləşdirir, o zaman nəyə görə Sovetlər Birliyinə qoşularkən mövcud olan ərazilər amili üzərində dayanılmasın? Nə üçün Azərbaycan SSRİ-yə böyük ərazi ilə daxil olmalı, ittifaqdan kiçik ərazi ilə ayrılmalıdır? Yaxud, əksinə, hansı səbəbdən Ermənistan ərazi uduşu qazanmalıdır?
Qeyd edək ki, mövcud istiqamətdə Prezident İlham Əliyevin də yanaşması özünə xas qətiyyətli məzmun daşıyır. Nəzərə alaq ki, rəsmi İrəvan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiya və demarkasiyasının da aparılması təklifini irəli sürməkdədir. Yazımızı dövlətimizin başçısının bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiyi fikirlə tamamlayaq: “Onlar (Ermənistan - red) 1970-ci ilin xəritələrini əsas götürmək istəyirlər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəllərində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Ə.RÜSTƏMOV
XQ