İrəvanda Leninqrad blokadası uşaqlarının xatirə abidəsinin təhqir olunması Rusiyada etiraz doğurub
İkinci Dünya müharibəsi illərində nasist Almaniyası ilə fəal əməkdaşlıq edən Qaregin Njdeyə 2016-cı ilin mayında İrəvanda hündürlüyü 5,7 metr olan bürünc abidə ucaldan, onun banisi olduğu seqakronizm ideyasını yaxşı mənimsəyən haylar vaxtaşırı “dahi rəhbər”in ruhunu şad edəcək addımlar atırlar.
Belə addımlardan biri yanvarın 29-da Samvel Şirinyan adlı İrəvan sakini tərəfindən atılıb. O, qarlı havada şəhərin Arabkir inzibati rayonunda yerləşən Vaaqn Davtyan adına parka gedərək burada yerləşən İkinci Dünya müharibəsi illərində Leninqradın (Sankt-Peterburq) 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək çəkən blokadasında həlak olan və 872 günlük mühasirədən salamat çıxan uşaqların xatirəsinə ucaldılmış abidəni təhqir edib.
Qeyd edək ki, Leninqradın blokada halqası 1944-cü il yanvarın 18-də yarılıb. Yanvarın 27-də şəhər mühasirədən tam azad edilib. Mühasirənin tam başa çatdığı gün Rusiyanın döyüş şöhrəti günlərindən biridir. Üstəlik, 2024-cü ildə əlamətdar tarixi hadisənin 80-ci ili tamam olub. Bu münasibətlə yanvarın 27-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, veteranlar, ictimai təşkilatların üzvləri abidəni ziyarət edib, onun qarşısına əklil qoyublar. Əklilin lenti Rusiyanın üçrəngli bayrağını simvolizə edib. Daha sonra burada tədbir keçirilib. Səfir tədbir zamanı etdiyi çıxışında sanki iki gün sonra baş verəcək hadisəni öncədən görərək deyib: “Bu gün biz cəbhədə canlarından keçənlərin, Leninqradın müdafiəsinə qalxanların, mühasirədə olan Leninqradda təslim olmadan həlak olanların, dağıdılmış şəhəri bərpa edənlərin xatirəsinə ehtiramla baş əyirik. Bu, çox vacibdir, çünki bu gün xalqımızın və bizə qələbə qazandıran bütün xalqların nümayəndələrinin şücaətinin xatirəsinin mühafizəsi problemlə üzləşir”. Sonra diplomat Ermənistan sakini, blokadadan sağ çıxmış Qalina Fyodorovaya Leninqradın mühasirədən tam azad olunmasının 80 illiyi şərəfinə təltif edildiyi fəxri döş nişanını təqdim edib.
Qeyd etdiyimiz kimi, cəmi iki gün sonra Samvel Şirinyan adlı şəxs parka gələrək “Mühasirəyə alınmış Leninqrad uşaqlarının abidəsi”ni təhqir edib. O, əklilləri vuraraq aşırıb, Rusiya Federasiyasının dövlət bayrağının əksi olan lenti yerə ataraq tapdalayıb. Öz əməlini videoya çəkərək “Tik-Tok” hesabında yerləşdirib. Videoda Şirinyanın dediyi bu sözlər aydın eşidilir: “Mariya Zaxarova (Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi – S.H.) bu günlərdə dedi ki, Qarabağda etnik təmizləmənin baş verməsinə dair heç bir dəlil yoxdur. Maraqlıdır, bəs Leninqradda blokadanın olduğuna dair dəlil var? Yoxdur! Heç bir dəlil yoxdur! Biz isə Ermənistanda faşistlərə abidə ucaltmışıq. Hələ onların xatirəsini də yad edirik!”
Media orqanları hadisədən sonra onu törədənin kimliyi ilə bağlı araşdırma aparıblar. Məlum olub ki, Şirinyan anti-Rusiya əhval-ruhiyyəli şəxsdir. O, bundan öncə də sosial şəbəkə hesabında dəfələrlə Rusiyanın dövlət rəsmilərini təhqir edibmiş. Onun əməli Ermənistandakı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Onlar Şirinyanın əməlini “Mən sənin acını bölüşürəm, amma ehtiyatlı ol, əzizim!”, “Afərin, qardaş!”, “Hörmətə layiq hərəkətdir!”, “Yaşa, mənim qardaşım!”, “Əgər zavodlar işləyibsə, hansı mühasirədən söhbət gedə bilər?!” kimi sözlər yazıblar.
İnsident gözlənildiyi kimi, Rusiyada etirazla qarşılanıb. “Rossotrudniçestvo”nun (Rusiyanın Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyi-S.H.) Ermənistandakı nümayəndəliyinin rəhbəri Vadim Fefilov İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinin təhqir olunması ilə bağlı Ermənistan baş prokuroruna müraciət edib. Fefilovun müraciətində deyilir ki, Böyük Vətən müharibəsi hadisələri əsasında etnik ədavətin qızışdırılması və zorakılığa çağırışlar qəbuledilməzdir və hadisəyə görə cavabdehlər məsuliyyətə cəlb edilməlidir.
Ermənistan baş prokurorluğunun yaydığı məlumatda deyilir ki, prokurorluq “Rossotrudniçestvo”nun yerli rəhbərinin müraciətini alıb və işin araşdırılması qanunvericiliklə müəyyən edilmiş qaydada aparılacaq.
Rusiyanın Ermənistandakı səfirliyi də baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Mühasirəyə alınmış Leninqrad uşaqlarının abidəsi”ndə baş verən kinli təxribat bizi dərindən hiddətləndirdi. Belə hərəkətləri faciə qurbanlarının və şəhəri müdafiə edən qəhrəmanların xatirəsinə açıq qəzəb ifadəsindən başqa cür qiymətləndirmək çətindir. Video müəllifi çələngləri tapdalamayıb, erməni xalqının həmin hadisələrə hörmət və minnətdarlıq ifadəsini tapdalayıb. Səfirlik ümid edir ki, bu hərəkətlər Ermənistan hakimiyyəti tərəfindən adekvat hüquqi qiymətini alacaq və bu əməllərdə iştirak edənlər məsuliyyətə cəlb olunacaq”.
Rusiya Federasiyasının İstintaq Komitəsi isə baş verən insidentlə bağlı cinayət işi iş açacaq. Bu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən göstəriş verilib. İstintaq Komitəsinin “Teleqram” kanalında yerləşdirilən məlumatına görə, insidentin bütün halları Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müəyyən ediləcək.
Əlbəttə, Ermənistan hüquq-mühafizə orqanlarının olaya verəcəyi hüquqi qiymət yaxın vaxtlarda məlum olacaq. Ancaq ölkədə rusofob əhval-ruhiyyənin hökm sürdüyünü və bunun getdikcə gücləndiyini bildiyimiz üçün veriləcək qiymətin adekvat olmayacağını təxmin edə bilərik. Əslində, baş vermiş hadisə bizim üçün gözlənilməz deyildi. Etnik və dini dözümsüzlüyün az qala dövlət siyasəti səviyyəsinə qaldırıldığı Ermənistanda bundan öncə də oxşar hadisələr yaşanmışdı. Girişdə qeyd etdiyimiz Qaregin Njdeyə abidə ucaldılması, onun açılışında sabiq prezident Serj Sarkisyanın iştirak etməsi bunun göstəricisi idi. Həmin abidə indi də İrəvanın mərkəzində qalmaqdadır.
Mövzu ilə bağlı “XQ”yə açıqlama verən “Cənubi Qafqaz” Politoloqların Diskussiya Klubunun rəhbəri İlqar Vəlizadə bildirdi ki, bu hadisə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi fonunda baş verib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti cəmiyyətdə mövcud olan anti-Rusiya meyillərini daha da stimullaşdırır: “Bu isə hakimiyyətə həmin əhval-ruhiyyəni nəzərə alaraq, onun üzərində siyasi platforma quraraq Qərbyönümlü siyasət aparmaq üçün vasitə kimi lazımdır. Ancaq bunun əks effekti də olur. Əks effekt məhz bu cür hadisələrdə özünü büruzə verir. İnsanların bu cür davranışları, əslində, anti-Rusiya siyasətinin təzahürüdür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ümumiyyətlə, Ermənistan cəmiyyətində təkcə anti-Rusiya meyilləri müşahidə olunmur. Anti-İsrail meyilləri də hökm sürür. Yəni, yəhudilərə qarşı da eyni münasibət var. Həmin münasibətin əsasında Ermənistan–Azərbaycan münasibətlərində Rusiyanın neytral olması və İsrailin ölkəmizlə sıx hərbi-texniki əməkdaşlıq etməsi dayanır”.
İlqar Vəlizadənin sözlərinə görə, Ermənistan cəmiyyəti əvvəllər daha çox Rusiyameyilli idi, indi isə Qərbyönümlüdür: “Bu Qərbyönümlülük də müxtəlif vasitələrlə stimullaşdırılır. Amma Rusiyayönümlü və ya Qərbyönümlü olub-olmamasına baxmayaraq, əsas dayaqları toxunulmaz qalır. Qaregin Njde Ermənistan cəmiyyətinin dayağıdır. Seqakronizm ideyası onların əsas ideologiyasıdır. Onların digər abidələri də var. Drastamat Kanayana da abidə ucaldıblar. O da vaxtilə faşistlərə əməkdaşlıq edib. Həmçinin terrorçu Monte Melkonyan da Ermənistanda qəhrəman səviyyəsinə qaldırılıb. Bunlar erməni xalqı üçün nümunədir. Təəssüf ki, bu kimi hallarla bağlı heç bir tədbir görülmür. Əslində, denasifikasiya Ermənistanda aparılmalıdır. Ancaq biz bunun əksini görürük. Faşist əlaltılar qəhrəman səviyyəsinə qaldırılır. Bu isə faşist təfəkkürlü şəxslərin sayının çoxalmasına gətirib çıxarır. Çoxalmaya səbəb olan əsas amil isə Ermənistan hakimiyyətinin siyasətidir. İrəvanın siyasəti həmin bu amillərin üzərində qurulub. Xarici siyasi orientasiyada dəyişikliklər olsa da, Ermənistanda millətçiliyin əsas ideoloji bazası təəssüf ki, dəyişilməz qalır”.
Hərbi-siyasi şərhçi Rizvan Hüseynov isə bildirdi ki, istər Ermənistan cəmiyyəti, istərsə də iqtidarı nasistlərin əlaltısı olmuş Qaregin Njde, Üçüncü Reyxlə əməkdaşlıq edən, Vermaxtın erməni legionunun yaradıcılarından olan general Drastamat Kanayan kimi şəxslərlə fəxr edir. Bir neçə il əvvəl Ermənistanda Osmanlı imperiyasının dövlət və siyasi xadimi Mehmet Tələt paşanın qatili, terrorçu Soqomon Teyliryanın abidəsi ucaldılmışdı: “Yəni, indi baş verənlər bu ölkədə terrorçuların qəhrəmanlaşdırılması ilə bağlı ilk hadisə deyil. Son illər biz dəfələrlə dünyanın diqqətini sözdə müstəqil Ermənistanda nasizm və irqçiliyin təbliğ olunmasına yönəltməyə çalışmışıq. Təəssüf ki, nədənsə, dünya Ermənistandan söz düşəndə özünü görməzliyə vurur. Niyə Ermənistanda belə bir halın hökm sürməsi dünya ölkələrində və beynəlxalq təşkilatlarda heç bir reaksiya yaratmır? Ermənistan hazırda dünyada yeganə ölkədir ki, burada erməni faşizminin banisi Qaregin Njdenin əsərləri, yazdığı nizamnamələr və bəzi yazışmaları dərc olunur”.
Bununla belə, R.Hüseynov qeyd etdi ki, məlum insidenti törədən şəxsin Ermənistan–Rusiya münasibətlərini gərginləşdirmək istəyən müxtəlif qruplara, siyasi çevrələrə bağlılığı, onlardan sifariş alması da mümkündür: “Hər halda, baş vermiş hadisənin istintaqı zamanı bir çox məqamlar üzə çıxacaq. Bu hadisəni kimin törətdiyinə deyil, onun kimin üçün maraqlı olmasına baxmaq lazımdır. Zənnimcə, yaxın vaxtlarda insidentin arxasında kimin dayandığı aşkara çıxacaq”.
Səxavət HƏMİD
XQ