AŞPA-nın Azərbaycan “problemi”: ədalətsizliyin anatomiyası

post-img

III HİSSƏ

“Menon, buradakı (Qədim Yuna­nıstanda – müəllif) istənilən adamdan “fəzilətli insan kimdir?” deyə soruş, sənə gülüb deyəcəklər ki, “nə bilim?”!

“Menon” dialoqu

Qoca Sokrat, Avropa sənin üçün darıxmışdır!

Amma Sokrat doğurdan müdrik idi. Çünki həm həmvətənlərini yaxşı tanıyır­dı, həm də intellekti fəzilətli idi. O deyirdi ki, “düşünəndə ilk növbədə olub-keçən­ləri fikirləş və onu indi baş verənlərlə müqayisə et: onda aydın olmayan hər şey bir anda aydınlaşacaq” (“Arılar” dia­loqu). Sokratın məntiqinə uyğun olaraq, AŞPA-nın fəzilətli (yəni müdrik, doğruçu, xeyirxah, sülhpərvər) olduğunu bilmək istəyiriksə, onun keçmişinin bir sıra fraq­mentlərini yada salaq. 

Bunun üçün Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayan­dırmasına yol açan məqamlara baxaq. Özlüyündə Azərbaycan tərəfinin bu addı­mı gözlənilən hadisə idi. Bütövlükdə bu təşkilatın ayrı-ayrı dövlətlərlə münasibət­ləri tarixçəsinə nəzər salanda aydın olur ki, AŞPA heç də şəffaf bir təşkilat deyil. Onun atdığı addımlarda, kifayət qədər, süni və konkret siyasi məqsədlərə xid­mət edən məqamlar mövcuddur. Bir sıra dövlətlərlə münasibətlərinin tarixçəsinə qısa diqqət yetirsək, bu tezisin doğrulu­ğuna əmin olarıq. Öncə, AŞPA-nın yeni seçilmiş sədri haqqında bir sıra faktlara baxaq. 

Rusopulos: yunan “yeni demokratları”nın korrupsioneri? 

Yunanıstanın mediası və siyasilə­ri təntənə ilə bəyan edirlər ki, Tedoros Rusopulosun AŞPA-ya yekdilliklə sədr seçilməsi böyük uğurdur və hətta qələ­bədir. T.Rusopulos Yunanıstanın keçmiş dövlət naziridir, həm də jurnalistdir. Yu­nanıstanda Böyük Britaniyada və ABŞ-da təhsil alıb. Ölkənin “Yeni demokrati­ya” partiyasının üzvüdür. Bu partiya da öz növbəsində Avropa Xalq Partiyasına daxildir. Avropa Xalq Partiyası 1976-cı ildə yaradılıb. Ümumavropa partiyası sa­yılır. Sağ-mərkəzçi hesab olunur. O, AŞ­PA-nın aparıcı siyasi təşkilatıdır. Tərki­binə Avropa ölkələrinin xristian-demokrat və liberal-konservator partiyaları daxildir. Xristian-demokratlarla liberal-konser­vatorları birləşdirən cəhətlərdən biri Av­ropanın və dünyanın inkişafını xristian dəyərləri əsasında görmələridir. Yəni, strateji məqsəddə xristian dəyərləri, si­yasi-ideoloji normativləri çərçivəsində bütün dəyər növlərini (siyasi, ideoloji, mədəni, təhlükəsizlik və s.) universallaş­dırmaq var. 

Bu bağlılıqda maraqlıdır ki, AŞPA-ya daxil olan partiyaların bəzilərinin (bizim bildiyimiz informasiya daxilində) lider­ləri Bilderberq Klubunun üzvləridirlər. Məsələn, alman xristian-demokratlarının keçmiş lideri Angela Merkel 2005-ci ildə Bilderberq Klubunun konfransında iştirak edib. Bu sırada E.Makron və Ursula fon der Lyayenin də adları çəkilir. 

Bu kimi informasiyaların fonunda, AŞPA-nın yeni sədrinin kimliyi haqqında mövcud olan bir sıra məlumatlar maraq doğurur. Onu deyək ki, T.Rusopulos qu­rumun Miqrasiya, qaçqınlar və köçkünlər komitəsinin 2023-cü ildən üzvü idi. Gö­rünür, məhz bu məsələlərlə məşğul olan birinin təşkilata sədr gətirilməsi təsadüfi deyil. Bu, o deməkdir ki, Aİ-nin miqrasiya siyasəti dəyişməyəcək və onun islamo­fob xarakteri hələ davam edəcək. 

T.Rusopulosun bu siyasətə dəstək verəcəyinə şübhə yoxdur. Bunu onun karyerasının bir fraqmenti də təsdiqlə­yir. Yunan mediasının məlumatına görə, 2009-cu ildə Antonios Samaras “Yeni demokratiya” partiyasının sədri seçilən­dən sonra, “təmizlik” işlərinə başlayıb. O, prinsipial olaraq qanuna əməl etməyən partiya silahdaşlarını cəzalandırıb. O cümlədən, partiya sıralarından çıxarıl­malarını tələb edib. Partiyanın mövqe­yinə əks olduğu üçün həmin dövrün xa­rici işlər naziri D.Bakoyannini qurumdan uzaqlaşdırıb. A.Samaras, eyni zamanda, korrupsiyaya uğramış üzvlərə qarşı da addım atıb. Onların sırasında...Teodoros Rusopulos da olub. Simens şirkətinin yu­nan şöbəsindən rüşvət almaqda ittiham edilib. 

Xatırladaq ki, 2010-cu il mayın 28-də Yunanıstanın keçmiş nəqliyyat və kom­munikasiya naziri Tasos Mantelis par­lament komitəsinə Simens şirkətindən 100 min avro rüşvət aldığını etiraf edib. Məsələ isə 2004-cü ildə Afinada keçiril­miş Olimpiya oyunları ilə bağlı qalxmışdı. O zaman bütövlükdə yunan tərəfi 100 milyondan çox rüşvət almaqda ittiham olunmuşdu. Bu işə görə T.Mantelis 8 il şərti zəcaya məhkum edilmişdi. 

T.Rusopulosla bağlı bu məsələdə hansısa cəza tətbiqi haqqında yazılmır. Lakin A.Samaras açıq bəyan etmişdi ki, T.Rusopulos partiyadan korrupsiya işinə qarışdığına görə çıxarılıb. Deməli, buna baxmayaraq, bu adamın partiyada qal­ması nəinki təmin edilmiş, hətta onun üzvü kimi inkişaf etmişdi və hazırda AŞ­PA-nın sədridir. Kimlər onun əlindən tu­tub, “yuxarı çıxarıblar”? Hansı vədlərlə? Bizim üçün qaranlıqdır, lakin tarix bütün qaranlıqları aydınlığa çıxarır.

Beləliklə, AŞPA-nın və Yunanıstanın tarixində ilk dəfə bir yunan siyasətçi­nin bu təşkilata sədr seçilməsi qaranlıq məqamlarla xarakrterizə olunur. Bunun xeyirli iş olub-olmadığını zaman göstərə­cək. Lakin AŞPA-nın bir sıra dövlətlərə qaşı etdiklərinə nəzər salsaq, burada da sualların az olmadığını görərik.

AŞPA-nın Yunanıstan “sindromu” 

Yunanıstanda 2008-ci ildə ciddi ma­liyyə böhranı başlayanda bütün Avropanı silkələdi. Aİ siyasi mühitinə “yunan böh­ranı” adlanan hadisə daxil oldu. Avropa İttifaqı Yunanıstana yardım etməkdə kö­nüllü deyildi, A.Samaras hökuməti bey­nəlxalq təşkilatlardan maliyyə yardımını uyğun görmürdü və Aİ də buna qarşı fəaliyyət göstərməyə başlamışdı. Həmin dövrdə Avropa İttifaqının bir neçə dəfə toplanaraq məsələni müzakirə etdiyini xatırlayırıq. 

Təşkilat Yunanıstandan incik idi. O dövrdə yunan hökuməti ilə AŞPA ara­sında da müəyyən çəkişmələr yaşandı. AŞPA, faktiki olaraq, “yunan sindromu” ilə üz-üzə qaldı. Doğrudur, bu, yalnız AŞ­PA-nı əhatə etmirdi – bütövlükdə Avropa İttifaqının məsələsi idi. Lakin bütün hallar­da aydın görünürdü ki, böhranlı vəziyyətə düşmüş yunan hökumətini Avropa İttifaqı müəyyən şərtlərlə dəstəkləmək siyasətini yeridir. Yəni, onu yunanların çətin vəziy­yəti deyil, “filan şərtə əməl et, sonra yar­dım al” mövqeyi maraqlandırırdı. Bu, pər­dəarxası hansı oyunların getdiyinə işarə verirsə də, konkret informasiya olmadan qəti fikir söyləmək düzgün deyil. 

Bütün hallarda yunan böhranı göstər­di ki, rəsmi Brüssel münasibəti heç də obyektivlik, demokratiya, humanizm prin­sipindən çıxış edərək qurmur. Hətta öz üzvləri ilə də!

AŞPA–Türkiyə: anlaşılmazlıq, yoxsa məqsədli siyasət?

Avropa Şurası Parlament Assamble­yası Türkiyəyə qarşı da suallar doğuran addımlar atıb və yenə də atmaqdadır. O cümlədən, təşkilat Türkiyə hökumətin­dən tələb edib ki, Səlahəddin Dəmirtaşı və Osman Kavalanı “təcili həbsdən azad etsin”! Ritorikaya diqqət: “təcili azad et”! 

Xatırladaq ki, S.Dəmirtaş Türkiyədə kürd partiyası kimi tanınan HDP-nin həm­sədri idi. O, terror aktını təşkil etməkdə və qarışdırmaq yaratmaqda ittiham edilərək həbsə atılıb. S.Dəmirtaş Türkiyədə se­paratçılığı və terroru qızışdıran siyasət­çilərdən biri kimi tanınır. Osman Kaval isə FETÖ-nun əmri ilə “Gəzi hadisəsi” adlanan prosesdə ittiham olunur. Onun da əsas məqsədi Türkiyədə cinsi azlıq­lar üzərindən cəmiyyətdə parçalanma yaratmaqdan ibarət olub. O.Kavalanın ci­nayəti məhkəmədə sübut olundu və indi də həbsdədir. S.Dəmirtaş və O.Kavalanı həbsdən qurtarmaq üçün Qərb (o cümlə­dən, ABŞ və Almaniya) çox çalışdı, lakin qətiyyətli və milli Türkiyə iqtidarı bütün cəhdləri boşa çıxardı. 

Türkiyə Xarici İşlər Nazirliyi həmin hadisə ilə bağlı yaydığı bəyanatda AŞ­PA-nın qərarını “tarixi səhv” adlandır­mışdı. Vurğulayaq ki, söhbət AŞPA-nın Türkiyə nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq və bir sıra hüquqi pro­sedurlardan məhrum etmək istiqamətin­də qəbul etdiyi sənəddən gedir. Türkiyə tərəfi AŞPA-nın məhkəmə işlərinə qarış­dığını və bununla “diplomatik dialoq ka­nallarını bağladığını” ifadə etmişdi.

S.Dəmirtaş və O.Kavala Türkiyənin birliyinə və milli təhlükəsizliyinə təhlükə yaratdıqlarına və mövcud istiqamətdə konkret addımlar atdıqlarına görə tutu­lublar. S.Dəmirtaşa qarşı irəli sürülmüş ittihamlardan yüzlərlə Türkiyə vətənda­şına qarşı terrorun təşkili xüsusi yer tu­tur. Bütün bunları AŞPA görməzdən gəlir və tutuquşu kimi təkrarlayır: Dəmirtaş və Kavala azad edilsinlər! Yəni, onları buraxın ki, həvəslənib yeni-yeni terrora imza atsınlar! AŞPA-nın Türkiyə siyasə­tinin ana xətti bundan ibarətdir. 

Burada AŞPA-nın Azərbaycan mövqeyi ilə bir oxşarlıq görürük. AŞPA Azərbaycanda da erməni terrorçu və se­paratçıların həbsinə son verilməsini tələb edir. Bəhanə də eynidir: “demokratiya və insan haqları”!

Türkiyə və Azərbaycan xəttini tamam­lamaq üçün AŞPA-nın Rusiya siyasətinə də qısa nəzər salaq.

AŞPA: “Rusiya, sən hər şeydə günahkarsan!” 

O cümlədən, nə qədər qəribə də olsa, AŞPA da daxil olmaqla, Qərb siyasi da­irələri “Rusiya, sən niyə, ümumiyyətlə, mövcudsan?” kimi qaba və antiinsani bir sualı verməkdən özlərini güclə sax­layırlar. Yeri gəlmişkən, eyni məntiqi Tür­kiyəyə münasibətdə də görürük. 

Doğrudur, Rusiya Krımı, Donbası, Luqanskı işğal edib və ona bu məsələ­də haqq qazandırmaq mümkün deyil! Ancaq tam əminik ki, məsələ avropalı­ların Ukraynanın ərazi bütövlüyünün və artıq sayı milyonu keçmiş zərərdidlərinin haqlarının dərdini çəkməklə bağlı deyil! Bunu Avropanın dövlətçilik ənənəsi də, müasir mərhələdə apardığı siyasət də təsdiqləyir. Məsələn, təsəvvür edin ki, Rusiya özünün indiki siyasi-coğrafi əra­zisində separatçılıqla mübarizə aparsa idi, AŞPA daxil olmaqla, Qərb təşkilat­larının reaksiyası eyni olacaqdı. Yəni, Rusiya hansı addımı atsa, “niyə belə etdin, bu demokratiyaya uyğun deyildir” sözlərini eşidəcəkdi. Məsələn, Türkiyə və Azərbaycan kimin torpaqlarını işğal edib? Heç kimin, lakin onlar da eyni it­tihamlarla üz-üzədir! Türkiyə və Azər­baycan hansı ölkənin ərazisinə iddia edib? Ancaq uydururlar ki, nə vaxtsa, Azərbaycan və Türkiyə Zəngəzuru işğal edəcək! Türkiyə və Azərbaycan hansı ölkənin dinc vətəndaşlarını kütləvi qətlə yetirib? Heç kimin!

Son olmayan söz: haqq, ədalət, müstəqil dövlətçilik uğrunda mübarizəmiz bir an belə dayanmayacaq! Kimliyindən və hansı regionda (Qərb və ya Rusiya, Latın Amerikası və ya Uzaq Şərq, Asi­ya və ya ən yaxın qonşu - fərqi yoxdur) aparmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan müstəqillik mübarizəsi­ni, ədalət naminə savaşını qətiyyən da­yandırmayacaq. Bizə qarşı olan qərəzə qərəzlə deyil, ədalətlə cavab veririk və bu, belə davam edəcək! II Qarabağ sava­şının da yekunlarından biri tarixi ədalətin bərpasıdır! Bu barədə dövlətimizin başçı­sı da fikrini ifadə edib! Ayrıca, milli qüru­rumuz tarixi ədalətlə yanaşı, beynəlxalq hüququ təmin edib! 

Bunlara görə, AŞPA-nın sədri istə­nilən korrupsioner və ya gizli təşkilatın üzvü ola bilər. Türklər isə ədalətli və haqlı dövlətlərini inkişaf etdirəcəklər! Buna, kimsə, o cümlədən, AŞPA şübhə etmə­sin!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət