Avropa Parlamentinin qərəzi

post-img

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və ondan sonrakı dövrdə bir-birinin ardınca əldə etdiyi hərbi-si­yasi qələbələr, o cümlədən ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü­nü və dövlət suverenliyini tam bərpa etməsi Qərbdəki anti-Azərbaycançı, islamofob və türkofob dairələrin, necə deyərlər, yuxusunu ərşə çəkib. 

Ermənistanın Azərbaycan torpaqlarını iş­ğal altında saxladığı dövrdə səsləri çıxmayan, işğalçıya tutduğu torpaqlardan, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiy­yəti olmayan yeddi rayondan çıxması üçün heç bir təzyiq göstərməyən həmin dairələr gücümüz hesabına torpaqlarımızı düşmən tapdağından qurtarmağımızı ölkəmizə bağışlaya bilmirlər. Onlar müxtəlif bəhanələrlə ölkəmizə əsassız hücumlar edir, böhtanlar atır, haqq işimizə kölgə salmağa çalışırlar.

Yanvarın 24-də Avropa Parlamentinin Brüs­seldəki binasında keçirilmiş “Dağlıq Qarabağın mədəni və dini irsinin qorunması” adlı konfrans da bu qəbildəndir. Konfransın belə təxribatçı ad altında keçirilməsi, orada səslənmiş fikirlər tədbirin Azərbaycana qarşı hücumların tərkib hissəsi olduğunu deməyə əsas verir. Konfrans­da Avropa Parlamentinin slovakiyalı deputatı Miriam Leksman, italiyalı deputat Fabio Massi­mo Kastaldo, “Avropa Nostra” təşkilatının baş katibi Sneşki Kuedvliq Mixayloviç, Avropa Kil­sələri Konfransının katibi Petea Pavloviç çıxış ediblər. Onlar Qarabağdakı mədəni və dini irslə bağlı ənənəvi yalançı erməni tezislərini təkrar­layıblar. Əsas məruzəçilərdən biri beynəlxalq hüquq sahəsində mütəxəssis, erməni mediası­nın “BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Qarabağın tarixi-mədəni irsi üzrə nümayəndəsi” kimi təqdim etdiyi Pyer de Arjan olub.

Tədbirdə iştirak etmək üçün Brüs­selə gedən Eçmiədzin kilsəsinin təbli­ğat mərkəzinin direktoru və “Qarabağın mənəvi və mədəni irsi idarəsinin rəhbə­ri” arximandrit Qaregin Ambarsumyan, “mədəni irs üzrə mütəxəssis” Armine Tiqranyan, Ermənistanın Belçikadakı səfiri və Aİ-dəki nümayəndəsi Tiqran Balayan isə çıxışları zamanı qərbli “ca­nıyananlar”a dəstəvuz veriblər. Xüsu­silə, Armine Tiqranyan diqqətə çatdırıb ki, bu gün 4000-dən çox erməni abidəsi (?), monastır kompleksləri, digər mədə­ni obyektlər Azərbaycanın nəzarəti al­tındadır və guya, azərbaycanlılar onları məhv edə bilərlər.

İştirakçılar ölkəmizi Qarabağda, yəni öz ərazisində “mədəni soyqırımı törətməkdə” (?) suçlayıblar və qeyd ediblər ki, bunun qarşısını almağın əsas yollarından biri beynəlxalq sülh­məramlıların yerlərdə mövcudluğu və aydın mexanizmlərin olmasıdır. Avro­parlamentin deputatları “əzabkeş er­məni xalqının” nümayəndələrinin könlü­nü xoş etmək üçün onları əmin ediblər ki, bu məsələnin Avropa İttifaqının icra orqanının diqqət mərkəzində qalması üçün əllərindən gələni əsirgəməyəcək­lər. Deputat Fabio Massimo Kastaldo gələcəkdə beynəlxalq strukturlarda isti­fadə etmək məqsədilə Qarabağda baş verən hər şeyi izləmək və sənədləşdir­mək üçün Avropa peyklərindən istifadə­ni məqbul sayıb. Konfransın sonunda iştirakçılar təşkilati işlərdə iştirak edən Avropa Parlamentinin fransalı deputatı Belyaminin videomüraciətinə baxıblar.

Qeyd etdiyimiz kimi, hazırda Qərbin Fransa başda olmaqla, bəzi dövlətləri, Parisin təsirinin güclü olduğu regional təşkilatlar “erməni məsələsi”ni əllərində bayraq edərək, ölkəmizin üzərinə hücu­ma keçirlər. Onların yanaşmaları orta əsrlərin səlib yürüşlərini xatırladır. Za­man göstərir ki, Qərb zahirən dəyişsə, inkişaf etsə də, daxilən yerində sayır. Onun təmsilçilərinin təfəkkürü hələ də orta əsrlərdə ilişib qalıb. Bu yanaşma isə acı təəssüf doğurur.

Zənnimizcə, bu məqamda Prezi­dent İlham Əliyevin 2023-cü il dekab­rın 31-də xalqa müraciətindən iqtibas gətirmək yerinə düşər: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlə­rimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, eko­sid törətmişlər. Bizim çaylarımız zəhər­ləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq ob­yektinə çevrilmədi...”

Bəli, Qərbdəki həmin dairələr Er­mənistanın cinayətləri zamanı susdu­lar, Azərbaycanı isə hazırda əsassız ittiham etməklə məşğuldurlar. Bunu edən avropalılar son yüzilliklər ərzində davamlı qələbələrə öyrəşiblər. Onlar böyük imperiyalar qurub, müstəmləkə ərazilərinin yeraltı və yerüstü sərvətləri­ni metropoliyalara daşıyıb, əhalisini isə qul kimi işlədib, alıb-satıb, qarşılarına qoyduqları bütün məqsədlərinə çatıb, hegemon qüvvəyə çevriliblər. 

Qərb koalisiya yaradaraq, 1991-ci ildə İraqı, 1999-cu ildə keçmiş Yuqos­laviyanı bombalayıb, 2001-ci ildə Əfqa­nıstana, 2003-cü ildə İraqa müxtəlif ad­lar altında müdaxilə edib. Bəzi hallarda heç BMT Təhlükəsizlik Şurasının qət­naməsinə də ehtiyac duymayıb. Qərbin qızışdırıcı siyasəti sayəsində 2011-ci ildə Yaxın Şərqdə və Şimali Afrikada “Ərəb baharı” adı alan proseslər start götürüb. Nəticədə 30-a yaxın ölkədə, o cümlədən, Suriyada, Misirdə, Bəh­reyndə, Livanda, Yəməndə, Tunisdə, Əlcəzairdə və digər ölkələrdə kütləvi iğtişaşlar, vətəndaş müharibələri başla­yıb. Bəzi ölkələrdə qanuni hökumətlər devrilib, bəzilərində qanlı münaqişələr hələ də davam edir. Hesablamalara görə, həmin hadisələr mülki şəxslər də daxil olmaqla, ən azı 800 min insanın ölümünə səbəb olub. Lakin kimlərsə Qədim Romadan miras qalan “Divide et impera” (“Parçala və hökm sür”) ya­naşma, tipik imperiya təfəkkürü ilə bu proseslərdə öz marağını güdüb.

Qərb Ermənistanı Cənubi Qafqaz regionundakı əsas dayağı adlandırır. Rəsmi şəxslər dilə gətirməsələr də, er­mənipərəst mədəniyyət və incəsənət xadimləri, jurnalistlər Ermənistanı üç tərəfdən müsəlman ölklələri ilə əhatə olunmuş “xristianlıq qalası” adlandı­rırlar. Məsələn, Britaniyanın məşhur “Queen” qrupunun üzvü Brayan Mey 2022-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasındakı sərhəd toqquş­masından sonra demişdi: “Ermənistan heç bir nefti, qazı və ya böyük sərvəti olmayan kiçik bir ölkədir. Hər tərəfdən müsəlman rejimlərlə əhatə olunmuş xristianlıq və demokratiya adasıdır. Bu, dünyanın ən sülhsevər ölkələrindən bi­ridir. Hazırda Ermənistan yenidən yer üzündən silinmək planı ilə təhdid edilir. Azərbaycan–Türkiyə–Rusiya ittifaqına (?) qarşı Ermənistan tamamilə müda­fiəsizdir və sağ qalmaq üçün Qərbin tam dəstəyinə ehtiyacı var”.

Bəli, Qərbin rəsmi şəxslərinin müt­ləq əksəriyyətinin də yanaşması bun­dan ibarətdir. Belə bir şəraitdə onlar əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, sekulyar dövlətçilik mo­delini seçmiş Azərbaycanın Qərbin regiondakı dayaq nöqtəsi üzərində qələbə çalmasını həzm edə bilmirlər. Zənnimizcə, ölkəmizə hücumların kö­künü burada axtarmaq lazımdır. Eyni zamanda, bu hücumlardakı sinxron­luq da onların eyni mərkəzdən idarə olunmasının göstəricisidir. Ancaq onlar deyəsən, başa düşmürlər ki, bununla ilk növbədə elə “halına yandıqları” Er­mənistana ziyan vururlar. Kənardan olan müdaxilələr Bakı və İrəvan ara­sında sülhün əldə olunmasına neqativ təsir göstərir. Sülhün yaranmaması isə Ermənistanın əvvəlki kimi dalan, təcrid vəziyyətində qalması deməkdir.

Bununla bağlı fikirlərini “XQ” ilə bölüşən “Qafqaz tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüsey­nov dedi ki, Avroparlamentdə keçirilən qondarma tədbir Fransa və onun əlaltısı olan bəzi dairələrin davamlı anti-Azər­baycan siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, istər AŞPA, istər­sə də Avropa İttifaqı strukturları səviy­yəsində Azərbaycana qarşı kampani­yanın başladığını görürük: “Guya, onlar mədəni irslə bağlı narahatdırlar və sair. Ancaq burada sadə bir sual yaranır. Belə tədbirlərdə qarşı tərəfin mövqeyini ifadə edən heç olmasa, bir nəfər şəxs olmalıdır. Orada səsləndirilən ittihamla­ra əks arqumentlər gətirilməlidir. Bunu etməmək özü də sırf qərəzdən xəbər verir. Əsas istəkləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdir. Bu fikir də orada səsləndirilib. Heç bir nəticəsi ol­mayacaq. Bu baxımdan səslənın fikirlər təbliğatdan başqa bir şey deyil”.

Qarabağdakı abidələrə gəldikdə isə Rizvan Hüseynov qeyd etdi ki, iqtisadi rayondakı abidələr qorunur: “İstər er­məni, istər alban irsinə aid abidələrin vəziyyəti bəllidir. Azərbaycan dövləti məsələyə həssas yanaşır. Niyə həmin tədbirdə bir dəfə deyilmir ki, Ermə­nistan ərazisində və işğal dövründə Qarabağda Azərbaycan irsinə aid abi­dələr – məscidlər, türbələr, qəbiristan­lıqlar, karvansaraylar, qalalar dağıdılıb. Məscidlər, qəbiristanlıqlar təhqir edilib. Deməli, bu, həm qərəzdir, həm xristian təəssübkeşliyi prizmasından səlibçilə­rin keçirdiyi bir tədbirdir. Deməli, Azər­baycana qarşı səlib yürüşü davam edir. Orta əsrlərdə səlib yürüşlərinin qarşı­sını Azərbaycandan çıxan sərkərdələr – Nurəddin Mahmud Zəngi, onun yetir­məsi Səlahəddin Əyyubi alıblar. Onlar səlibçiləri darmadağın ediblər. Görünür, indi də müasir səlibçilər onların taleyini yaşamaq istəyirlər. Azərbaycan o vaxt olduğu kimi, hazırkı proseslərdə də öz tarixi rolunu oynayacaq”.

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Avropa Parlamentinin yanaş­ması heç vaxt reallığı əks etdirməyib və anti-Azərbaycan mövqeyinə əsasla­nıb. Onun sözlərinə görə, biz istər işğal dövründə, istərsə də işğaldan sonrakı dövrdə bunun şahidi olmuşuq: “Avro­parlamentdə üzv ölkələrdən olan parti­yalardan ibarət siyasi qrupların erməni lobbisi ilə sıx əlaqələri var və onların maraqlarına xidmət edirlər. Buna görə də, belə bir tədbirin keçirilməsi adi hal­dır. Orada səslənən fikirlər reallığı əks etdirə bilməz”.

Yeganə Hacıyevanın fikrincə, Vətən müharibəsindən əvvəl Avropa Parla­mentinin qəbul etdiyi qətnamə və bə­yanatlarda erməni işğalı ifadəsi əksini tapsa da, məsələdə Azərbaycana qarşı həmişə ikili standartlar siyasəti yürüdü­lüb: “Qurum Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün heç vaxt təzyiq göstərməyib. Heç bir halda işğalı təsdiqləyən BMT-nin qətnamələrinə riayətə və beynəlxalq hüququn normalarına və prinsiplərinə hörmətə çağırmayıb”.

Politoloq qeyd etdi ki, Avropa Par­lamenti və digər beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında mübahisələrin həllini, danışıqlarda va­sitəçilik istəyirlərsə, mütləq prinsipial, ədalətli və qərəzsiz mövqe tutmalı, heç bir tərəfin maraqlarına xidmət etməmə­lidirlər.

Səxavət HƏMİD
XQ





Siyasət