Azərbaycanın AŞPA ilə yollarını ayırmasına dair 10 məqam

post-img

Ölkəmizin prinsipial qərarından hansı dərslər çıxarılmalıdır?

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. Yazımızda həmin cəhətləri təsnifatlandıracaq və mövcud xüsusdakı bir sıra zəruri məqamların üzərində dayanacağıq. Elə bilirik ki, vurğulayacaqlarımız məlum qərarın çıxarılmasına rəvac vermiş bütün qütbləri, habelə, onlarla əlaqədar olanların hər birini ciddi şəkildə düşündürməlidir. 

Birincisi, məlum qərar ölkəmizin milli maraq və mənafelərinə uyğun məsələlərə münasibətdə hansısa kənar təsirlərin yolverilməzliyinin vur­ğulanmasıdır. Dünyanın mövcud re­allığı nəzərə almasının vaxtı çoxdan çatıb. AŞPA-dakı nümayəndə heyəti­mizin addımı vaxtı çatmış məsələ ilə əlaqədar, bir növ, təbil zəngidir.

İkincisi, qərar Avropa Şurası­nın və onun ayrı-ayrı strukturlarının Azərbaycan ilə təzyiq dili ilə danış­masına sərt münasibətinin ifadəsidir. Hesab edirik ki, həmin strukturlar ha­zırkı insidentdən dərs götürməlidirlər.

Üçüncüsü, AŞPA-dakı nümayəndə heyətimizin qərarından dərs götürməli olan yalnız Avropa Şurası deyil. Nəzərə alaq ki, ölkəmiz “köhnə qitə”nin, eləcə də dünyanın digər təşkilatlarında da təmsil olunur, yaxud həmin təşkilatlarla əməkdaşlıq ələqalərinə malikdir. Yəni, onlar da hazırkı durumun ciddiliyinə həssas yanaşmalıdırlar. 

Dördüncüsü, nümayəndə heyə­timizin addımı dünyanın aparıcı təşki­latları üçün siqnal olmalıdır, o anlamda ki, həmin təşkilatlarda birləşmiş çoxluq, sanki, dəvənin başını samanlığa salıb arxasına diqqət etməməsinə bənzər görkəmdədir. Bu çoxluğun nümayən­dələri anlamalıdırlar ki, təmsil olunduq­ları qurumların gəlişigözəl ifadələrdən o yana keçməyən məramları ilə mani­pulyasiya cəhdlərini kənardan çox yax­şı görənlər və tutarlı reaksiya verənlər var. Obrazlı desək, belələri özlərini dəvə olmaqdan qurtarmalıdırlar. Baş­larını samanlıqdan çıxarıb ətrafı yax­şı-yaxşı müşahidə etməlidirlər. 

Beşincisi, AŞPA-dakı nümayən­də heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından xəbər verməkdədir. Azər­baycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelo­nu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranış­ları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədir­lər. 

Altıncısı, nümayəndə heyətimi­zin addımı nəinki AŞ-nin, bütövlükdə Avropanın və dünyanın aparıcı təşki­latlarının ermənipərəstlik mərəzindən qurtulması üçün də siqnal olmalıdır. Bu təşkilatlar Ermənistanın və havadarları­nın siyasi oyunlarında alətə çevrilərək, anti-Azərbaycan mövqe tutmaqla, dünya üçün son dərəcə təhlükəli pre­sedent formalaşdırmaqdadırlar. Çünki hərəkətləri, böyük ölçüdə, separatizm və ekstremizm xüsusundakı siyasi avantürizmə dəstəkdir. Bu dəstək bu­meranq effekti yarada bilər. İndiki halda nəzərə alaq ki, “köhnə qitə”nin bir çox yerlərində potensial separatizm ocaq­ları mövcuddur. AŞPA-nın Azərbayca­na qarşı tutduğu ədalətsiz mövqe isə həmin ocaqların baş qaldırması üçün presedentdir. Belə hal yaşanacağı təqdirdə, Avropanın siyasi və mənəvi industriyasının hansı vəziyyətə düşə­cəyini proqnozlaşdırmaq qorxunc dü­şüncələrə yol açır. 

Yeddincisi, AŞPA-dakı nümayən­də heyətimizin qətiyyətli mövqeyi, bi­lavasitə, Ermənistan hakimiyyətinə və onun xaricdəki havadarlarına da dərs olmalıdır. Onlar düşünməlidirlər ki, Azərbaycan beynəlxalq təşkilatlar va­sitəsilə özünə ünvanlanmış təzyiqlər qarşısında geri çəkilmir, prinsipial mövqeyinin qorunması naminə hər cür mötəbər sayılan tribunadan imtina əz­minə malikdir. 

Səkkizincisi, Avropa Şurası və AŞPA öz məhvərinə qayıtmalıdır. Əs­lində, bu gün Azərbaycan üçün onlar­dan tamamilə ayrılmaq su içimi kimi bir şeydir. 2001-ci ildən təşkilata üzvük və onun parlament məclisində təmsil olu­nuruq. Sual olunur: bu üzvlük və təmsil­çilik bizə nə qazandırıb? Sualı birbaşa qoyaq: Avropa Şurası Azərbaycan üçün nə edib? Əslində, heç nə. Qurum ölkə­mizdə insan hüquqları, media azadlığı və sair bu kimi layihələr reallaşdıraraq, yerli şəbəkə formalaşdırıb Azərbayca­na qarşı təzyiq üçün “materiallar” topla­maq funksiyasını gerçəkləşdirib. Daim qərəz toxumları səpib. AŞ, ilk növbə­də, məhz bu yanaşmasında dəyişiklik aparmalıdır. Onun məhvərinə qayıtma­sı mövcud xüsusda baş verməlidir. 

Əlbəttə, “Avropa Şurası Azərbay­can üçün heç nə etməyib” fikri ətra­fında düşünərkən, Qarabağ məsələsi üzərində ayrıca dayanmaq lazımdır. Məlum olduğu kimi, qurum uzun müd­dət Azərbaycan torpaqlarının işğalına səssiz yanaşıb. Arqument bu olub ki, münaqişənin həllində səlahiyyətli de­yil. Çünki onunla ATƏT-in Minks qrupu məşğul olur. Halbuki, ortada insan amili var idi. Bir milyona yaxın azərbaycan­lı öz doğma yurd-yuvasından qaçqın düşmüşdü, həmvətənlərimizin həyat ehtiyaclarına, azadlıqlarına təcavüz gerçəkləşmişdi. Bəs, onlar insan deyil­dilərmi?.. 

Doqquzuncusu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs Avropa Şurası və ümumən dünyanın təsisatları baxımından da keçərlidir. O anlamda ki, ölkəmiz haqq və ədalət tələb edir. Bu təsisatlar isə məsələyə prinsipial yanaşma irəli sürə bilmirlər. Elə təsir bağışlayır ki, onlar dünya üçün əhəmiyyətli qərarlar verən qurumlar yox, yalnız müəyyən məqsəd və mənafelər naminə bir araya top­laşmış insanların klubudur. Məsələn, ötən il Avropa Parlamentinin bir depu­tatı iclas zalında narkotik maddə qəbul edərkən, yaxalanmışdı. Heç şübhəsiz, təşkilatın deputatları içərisində geylər və transvestitlər də var. Belələri haqq və ədalət carçısı ola bilərlərmi? Məsələ heç də bu adamların cinsi orientasi­yasında deyil. Nəhayət öz həyatlarını bildikləri kimi yaşamaq hüququna ma­likdirlər. Problem ondadır ki, belələri ayrı-ayrı ölkələrin necə yaşamalı oldu­ğunu diktə edirlər və özlərinin yaşam tərzinə uyğun gəlməyən durumu təməl prinsiplərin pozulması kontekstində dəyərləndirirlər. 

Nəticə etibarilə bu yanaşma eh­kamlaşaraq, onu irəli sürənlərin təmsil etdikləri təşkilatların strategiyası halına gəlir. Əsil fəlakət də məhz o zaman ya­şanır. Deməli, indiki halda biz Avropa­nın və dünyanın aparıcı qurumlarında xristian təəssübkeşliyi motivlərini aşkar görürüksə, bu, məhz din amili üzərində manipulyasiya edənlərin siyasi səhnəni zəbt etmələri təəssüratını formalaşdı­rır. Heç şübhəsiz ki, zaman keçdik­cə haqqında söz açdığımız geylər və transvestitlər də meydana atıla bilərlər. Bilavasitə ölkəmizə olmasa da, digər dövlətlərə münasibətdə mövcud ten­densiyanın ayrı-ayrı təzahürlərini mü­şahidə etməkdəyik. Belə bir mürəkkəb konfiqurasiya şəraitində deformasiyaya uğrayıb sıradan çıxan isə bəşəri dəyər­lər, haqq və ədalət olur. 

Nəhayət, onuncu və sonuncu məqam üzərində dayanaq. Azərbay­can Prezidenti İlham Əliyev 44 günlük müharibə müddətindəki çıxışlarının birində bildirmişdi ki, beynəlxalq təşki­latların təmsilçiləri Azərbaycana haqsız müharibə apardığını deyib irad tuta bilməzlər, çünki ölkəmiz illər ərzində onların qəbul etdikləri sənədlərdə Er­mənistanın işğalçı kimi vurğulanması­na nail olub. Yəni, həmin təşkilatların özlərini inkar yolu tutmaları məntiqi de­yil. Biz müharibədən sonrakı müddətdə bu qurumların bəzilərinin məhz özlərini inkar yolu tutduqlarının şahidi olduq və olmaqdayıq. Özünü danmaq yolu tu­tanlardan biri də məhz AŞPA-dır. Qeyd edək ki, qurumun növbətçi də olsa, bə­yanatlarında Azərbaycan torpaqlarının, o cümlədən, Qarabağın ermənilər tərə­findən işğal olunduğu bildirilib. Hazırda qurumun tutduğu ermənipərəst mövqe isə həm də o anlama gəlir ki, təcavüz­kar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Əlbəttə, bu yanaş­ma, bütövlükdə, AŞ-ni prinsipsizləşdirir. Bu yanaşmanın qurumu haqsızlıq və ədalətsizlik üçün vasitəyə çevirdiyi də öz yerində. 

Bəli, AŞPA nə vaxt prinsipsizliyin­dən, buqələmunluğundan daşınar, o zaman Azərbaycan onunla əməkdaş­lığa, qurumda təmsilçilik məsələsinə baxa bilər. Doğrudur, bu, elə də asan məsələyə oxşamır. Ona görə də ölkə­mizin müəyyənləşdirdiyi müddət qey­ri-müəyyəndir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət