Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin SEÇKİ PLATFORMASI

post-img

Azərbaycan yeni seçkilərə öz suverenliyini və sərhədlərini tam bərpa edən bir ölkə kimi gedir. İkinci Qarabağ müharibəsində qazanılan zəfər ölkənin so­sial dövlət olaraq inkişafını zəruri edir. Bu inkişaf xalqımızı dünyanın ən varlı və xoşbəxt xalqlarından biri etmək missiyası daşımalıdır. Bunu əsas götürərək Milli Cəbhə Partiyası və onun prezidentliyə namizədi Razi Nurullayev Azər­baycanın sosial dövlət olaraq inkişafını və sosial demokratiyanın cəmiyyətdə bərqərar olmasını vacib hesab edir. 

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olaraq Razi Nurullayev inanır ki, ölkənin gələcəyi və inkişafı, sosial layihələrin həyata keçirilməsi indi qarşımızda duran əsas vəzifədir. İnsan ləyaqətinin uca tutulması, yüksək təhsil, əhalinin yaşlı təbəqəsinin sosial hüquqlarının qorunması və sosial təminatının artırılması, gənclərin iş və sosial həyatının təminatı, asudə vaxtının səmərəli təşkili bizim üçün əsas prioritetdir. Biz bununla sosial-demokratiya ideyasını ölkədə gerçəkləşdirəcək, savadlı, sosial hüquqları qorunan və təminatı olan cəmiyyət formalaşdıracağıq. Bunun üçün kompleks islahatlar aparılmasını zə­ruri hesab edirik. 

Azərbaycanın inkişafı və perspektivləri, ideoloji prinsiplərin təbliği, sosial dövlətin inkişafı, təhsil, sosial təminatlar, biznes mühitinin keyfiyyətinin yaxşı­laşdırılmasından keçir.

Platforma

1. İdeologiya sahəsində

- Biz sosial-demokratiya ideoloji xəttini rəhbər tutaraq insanların bərabərlik, azadlıq və həmrəylik prinsipləri əsasında yaşamasını təmin edəcək, sinfi bölünmənin qarşısını ala­caq, bununla da, xalqın azad və firavan yaşa­masının təminatçısı olacağıq; 

- Sosial-demokratik dəyərlərin cəmiyyətə aşılanması, öyrədilməsi və geniş xalq kütlələri tərəfindən qəbul edilməsinə nail olacaq və bu dəyərlərin müdafiəçisi olaraq onun qorunma­sını təmin edəcəyik;

- Azad və firavan yaşayan xalqın bütün sosial, siyasi, iqtisadi hüquqları tərəfimizdən təmin ediləcək, insan hüquqlarının müdafiəsi və qorunması əsas baza prinsiplərimizdən biri olacaqdır;

- Sosial dövlət olaraq bizim inkişaf yolumuz təhsil və əhalimizin yaxşı yaşamasıdır. “100 faiz keyfiyyətli təhsil, 100 faiz orta gəlirli stabil təbəqə” ideoloji xəttimizin əsas tezislərindən biridir və bunun bazasında sosial-demokratiya ideyası durur. 

- Planlaşdırılan sosial təminatın yerinə ye­tirilməsi üçün dövlət öz üzərinə düşən öhdəlik­ləri birmənalı yerinə yetirəcəkdir. 

2. Təhsil və elm sahəsində görüləcək işlər

- Yeddi il ərzində bütün kəndlərdə uşaq bağçaları təşkil olunacaq;

- Bütün orta məktəblərdə nəzəri dərslər, məşğələlər və təcrübi dərslərlə uzlaşdırılacaq. Yalnız nəzəriyyə ilə dərs keçmə prosesi bir­dəfəlik aradan qaldırılacaq;

- Bütün bölgələrdə mövcud olan peşə mək­təbləri xarici təcrübə ilə yenidən qurulacaq və ciddi şəkildə daxili və xarici sərmayələr cəlb ediləcək. Yeddi il ərzində peşə təlimi sahəsin­də Azərbaycanın 70-80 faiz civarında öz kadr ehtiyaclarını təmin etmək vəzifəsini üzərimizə götürürük;

- Test üsulunun tətbiqi yüksək keyfiyyətli və əhatəli bilik, o cümlədən təhsil sisteminin qarşısında maneəyə çevrilib. Ona görə də bu imtahan sistemini dəyişib müasir təhsil siste­minin sintezini yaratmaqla, rəqabət mühitini formalaşdıracağıq.

- Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilə büdcədən ayrılan vəsaitin digər sahələrdən daha çox olması təmin ediləcək;

- İdarəetməyə təyinat yox, seçki sisteminin daha çox fayda gətirəcəyi qənaətindəyik. Ona görə də rektorlar təyinatla yox seçki yolu ilə seçiləcək;

- Dövlət ali təhsil müəssisələrində tədricən ölkə vətəndaşları üçün pulsuz təhsil tətbiq olu­nacaq; ilkin olaraq bütün qız uşaqlarının döv­lət hesabına pulsuz təhsili təmin ediləcəkdir.

- Dövlət ali təhsil müəssisələri ilə yanaşı özəl ali təhsil müəssisələrində də qız uşaqları­nın dövlət hesabına oxumasını dövlət öz üzə­rinə götürəcək;

- Elmin inkişafı üçün əsaslı vəsait ayrıla­caq. Həqiqi olaraq elm sahəsində çalışan, özünü, həyatını və karyerasını elmə sərf et­mək istəyən hər bir şəxsə ciddi dövlət stimu­lu yaradılmaqla bərabər, onların özəl sektora cəlbi də təşkil ediləcək. Yaxın bir il ərzində elmə ayrılan vəsait 5 dəfə artırılacaq. 

3. Səhiyyə sahəsində

- Vətəndaşların sağlamlığının qorunma­sı dövlətin konstitusion vəzifələrindən biridir. Səhiyyə sistemimiz hələ də yetərincə təkmil­ləşməyib. Səhiyyə sistemində ikili, bəzən üçlü (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏ­BİB) idarəetmə sistemi nəticəsində problemlər ortaya çıxır. 

Bunu üçün ilk növbədə: 

- TƏBİB Səhiyyə Nazirliyinin tabelyinə verilməklə problemin müəyyən hissəsini həll etmək olar. Xəstəxanalar, klinikalar, dövlət poliklinikaları və digər tibb xidməti göstərən bütün müəssisələr Səhiyyə Nazirliyinin tabe­liyinə verilir və TƏBİB isə fəaliyyəti təşkil edir. 

- İcbari Tibbi Sığorta ilə bağlı yeni yanaş­malar tətbiq olunmalı, sığorta paketləri estetik əməliyyat və müalicələr istisna olmaqla bü­tün digər xəstəlikləri əhatə etməlidir. Onkoloji xəstəliklərlə bağlı xüsusi sığorta paketləri tət­biq ediləcək.

- İcbari Tibbi Sığorta ilə bağlı mühüm ya­naşma isə reseptlərin də sığorta paketinə daxil edilməsidir. Ambulator müalicə alan xəstələrin də dərmanları sığorta vasitəsilə ödəniləcək. 

- Ölkədə yüksək ixtisaslı peşəkar həkim kontingenti çatışmazlığı hiss olunmur. Lakin ixtisaslı kiçik tibb işçiləri ilə bağlı problemlər var və tibb kolleclərinin sayını artırmaqla bu problem həll ediləcək. 

- Xaricdə təhsil alaraq orada işləyən və ölkədən xarciə gedən həkimlərin geri qayıtma­sı ölkəmizdə insanların sağlamlığının keşiyin­də durmaları üçün stimullaşdırıcı proqramların qəbuluna başlanılacaq. 

- Xarici ölkələrdə təhsl alan, orada işləyib təcrübə qazanan həkimlərin ölkəyə gəlib iş­ləməsi üçün Dövlət İmtahan Mərkəzində daimi şəkildə fəaliyyət göstərən komissiya işləyəcək. 

4. Sosial sahədə

- Azərbaycan əhalisinin artım tempinin qo­runub saxlanması və uşaqlara dövlət qayğısı­nın təminatı üçün uşaq pulu veriləcək. 

- Pensiya yaşı azaldılacaq. Qadınlar üçün 60, kişilər üçün 62 yaş pensiya yaşı kimi müəyyənləşdiriləcək; 

- Bütün növ pensiyaların minimum məbləği üç-dörd il ərzində 700 manat həddində müəy­yənləşdiriləcək və indeksləşdiriləcək;

- İşləmək üçün 65 yaş həddi kvotası ara­dan qaldırılacaq. İşləyib-işləməmək üçün sağ­lamlıq əsas meyar olaraq qəbul ediləcək. 

- Təcrübəli yaşlı nəsillə işləməyə üstünlük veriləcək, yaşlı və gənc nəslin inteqrasiyası elə aparılacaq ki, cəmiyyətdə ayrı-seçkilik hiss olunmasın və illərlə toplanan dövlət idarəetmə təcrübəsi məhv olmasın; 

- İpoteka şərtlərinin sadələşdirilməsi təmin ediləcək. Bununla da xeyli vətəndaş kateqo­riyaları üçün ipotekanın əlçatanlığı mümkün olacaq. İpoteka məbləğinin artırılması, əmək haqqı tələbininin aşağı salınması və fazilərinin azaldılması əsas prioritet olacaq. 

- Qaz və işıq limitlərinə üçillik güzəşt tətbiq olunacaq. Ondan sonra iqtisadi artım, əhali­nin gəlirləri və s. nəzərə alınaraq, limitlə bağlı məsələyə yenidən baxılacaq. 

- Əmək haqqlarının yeddi il ərzində ilkin olaraq azı iki-üç dəfə artırılması həyata keçi­riləcək. Daha sonra əmək haqqları indeksləş­diriləcək və infliyasiyaya uyğun tənzimlənə­cək. 

- Regionlarda, xüsusilə kənd yerlərində elə şərait yaradılacaq ki, kənddə yaşamaq şəhər­də yaşamaqdan daha rahat olsun. Biz kənd­lərdə infrastruktur yaratmalıyıq, iş yerləri aç­malıyıq ki, mövcud urbanizasiyanın qarşısını alaq. 

- Ölkə boyu bütün rayon və şəhərlərdə so­sial evlərin tikintisi ilə 7 il ərzində bu problemi birdəfəlik həll etmək niyyətindəyik. 

- Müharibə veteranlarının mənzillə təmin edilməsinin dövlət proqramına əlavə edilməsi təmin ediləcək. Veteranlara verilən təqaüdün "Veteranlar haqqında" Qanunun 1-ci maddə­sinin tələblərinə uyğun olaraq minimum əmək haqqı səviyyəsinə çatdırılması təmin oluna­caq;

- Kənd əhalisi vəsait və texnika çatışmaz­lığından pay torpaqlarından səmərəli istifadə edə bilmir. Bu problemi aradan qaldırmaq üçün torpaqların kooperativlərdə birləşdiril­məsi və birgə fəaliyyətlə bağlı proqram və la­yihələr həyata keçiriləcək;

- Regionların inkişafı üçün dövlət universi­tetlərinin fakültələrinin bir hissəsini rayonlara köçürmək əsas ideyalarımızdan biridir. 

- Mənəvi dəyərlərin aşınmaması, cəmiyyət­də geriləmə olmaması üçün milli mədəniyyəti­mizin inkişafı qorunacaq, çap mediası, sosial media və televiziyaya nəzarət gücləndiriləcək. Gənc nəslin mənfi yöndə tərbiyələnməsinə rə­vac verən veriliş və proqramlar qadağan edilə­cək.

Siyasət