Hayastanın növbəti məkri

post-img

İrəvanın “qoşunları sərhəddən geri çəkmək” təklifi yeni avantüradır

Ermənistan tərəfi Azərbaycanla danışıqların rəvan məcrada getməsində maraqlı görünmür. Rəsmi İrəvanın iki ölkənin şərti sərhədindən qoşunları qar­şılıqlı olaraq geri çəkməkdə israr etməsi bunun göstəricisi hesab oluna bilər.

Qeyd edək ki, bu barədə fikirlərini ictimaiyyətə ilk dəfə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamış­dı. O, ötən il dekabrın 13-də estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə İrə­vanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan qoşunla­rının sərhəddən qarşılıqlı əsasda geri çəkməyin mümkünlüyünü müzakirə etdiyini bildirmişdi. Mirzoyan qeyd et­mişdi ki, bu məsələ etimadın qurucu­luğu tədbiri kimi gündəliyə gətirilib: “Biz qoşunların Ermənistan–Azərbaycan sərhədindən geri çəkilməsi təşəbbüsü ilə çıxış etmişik. İnanırıq ki, bu, müsbət təsirini göstərəcək və yeni mümkün es­kalasiyaların qarşısını almağa kömək edəcək. Mən demirəm ki, razılaşma var, bu, ideyadır, müzakirə olunur. Başqa ideyalar da var”.

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da yeni ilin ilk günlərində qoşunların qarşılıqlı olaraq geri çəkilməsinə dair mövqeyini bölü­şüb. Qriqoryan məsələnin “danışıq­ların predmeti” olduğunda israr edib: “Ermənistan 1974–1978-ci illərin sovet xəritələrinə əsaslanaraq, qoşunların sərhəd xəttindən güzgü effekti üzrə geri çəkilməsini təklif edir. Biz danışıq­ları davam etdiririk. Ümid edirik ki, bu­nunla bağlı razılıq əldə edə biləcək və bu istiqamətdə işi davam etdirəcəyik”.

Eyni zamanda, Qriqoryan Ermənis­tanın təqdim etdiyi və Azərbaycanın müsbət cavab verdiyi sülh müqaviləsi­nin son versiyasının mətnindəki dəyi­şiklikləri şərh etməkdən boyun qaçırıb.

Yanvarın 6-da rəsmi İrəvan qoşun­ların Ermənistan–Azərbaycan şərti sərhədindən qarşılıqlı olaraq, yəni güz­gü effekti üzrə geri çəkilməsi təklifinin əvvəlkitək qüvvədə qaldığını bəyan edib. Bu barədə Ermənistan xarici iş­lər nazirliyindən “Sputnik Ermənistan” agentliyinin sorğusuna verilən cavabda bildirilib. Qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında aparılan da­nışıqlar zamanı erməni tərəfi həmişə qoşunların dövlətlərarası sərhəddən qarşılıqlı şəkildə uzaqlaşdırılması tək­lifi ilə çıxış edib və o, qüvvədə qalır. Nazirlik Ermənistanın bu məsələ ilə bağlı müzakirələrə mümkün qədər tez başlamağa hazır olduğunu vurğulayıb.

İrəvanda hesab edirlər ki, qoşunla­rın sərhəddən uzaqlaşdırılması SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında həyata keçiril­məlidir. XİN-dən Ermənistan və Azər­baycanın sülh müqaviləsinin hansı bəndləri üzrə hələlik yekun razılığa gəlmədiyi sualına da cavab verilməyib. Bununla yanaşı, bildirilib ki, iki ölkənin ərazi bütövlüyünün tanınması, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimi­tasiyası üzrə işlərə mümkün qədər tez başlamaq, suverenlik, yurisdiksiya, bə­rabərlik əsasında və qarşılıqlı olaraq, regionda kommunikasiyaların açılması Ermənistan üçün əsas məsələdir.

Ancaq Ermənistan tərəfinin təklifi, şübhəsiz, Azərbaycan üçün məqbul deyil. Hələlik iki ölkə arasında sərhəd­lərin delimitasiyası həyata keçirilməyib. Delimitasiya həyata keçirilmədiyi üçün, təbii ki, demarkasiya da baş tutmayıb. Sərhəd şərti xarakter daşıyır. Məlum­dur ki, sülh müqaviləsi üzərində da­nışıqlar aparılsa da, son nəticə əldə olunmayıb. Belə olan şəraitdə qoşun­ların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsi məntiqsiz görünür.

Xarici İşlər naziri Ceyhun Bayra­mov da İrəvanın təklifinin Bakı üçün qəbuledilməz olduğunu bildirmişdir. C.Bayramov dekabrın 14-də demişdir: “Sərhədlə bağlı saziş olmadığı hal­da qoşunlar çıxarılsa, orada heç nə baş verməyəcəyinə kim təminat verə bilər?”.

Azərbaycanın xarici siyasət idarəsi­nin başçısı dekabrın 28-də 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat kon­fransı zamanı da bu məsələyə münasi­bət bildirmişdi. Qeyd etmişdi ki, əvvəla, erməni tərəfi bu məsələni yarımçıq for­mada, ikincisi isə kontekstdən çıxara­raq ictimaiyyətin müzakirəsinə təqdim edir. Onun sözlərinə görə, hətta, danı­şıqlar zamanı hansısa məsələlər qaldı­rılsa belə, bu, heç də onlar üzrə danı­şıqların davam etdirildiyi demək deyil.

C.Bayramov bildirmişdi ki, qo­şunların sərhəddəki mövqelərindən çıxarılması qeyri-realdır. Nazir qeyd etmişdi ki, Azərbaycan qoşunları ki­minsə dəvəti və ya sanksiyası ilə sər­hədə çıxarılmayıb – ordumuz keçirdiyi hərbi əməliyyatlar nəticəsində həmin mövqelərdə möhkəmlənib. Buna görə də Azərbaycan onlardan geri çəkilmək niyyətində deyil. Xüsusilə ona görə ki, sabah həmin mövqelərin qarşı tərəfin qüvvələri tərəfindən tutulmayacağına heç kim təminat verə bilməz.

Beləliklə, Ermənistan tərəfinin 2021-ci ildən başlayaraq, müxtəlif for­malarda irəli sürdüyü sərhədlərdən güzgü effekti üzrə geri çəkilmə ideya­sının həyata keçirilməsinin mümkün­süzlüyü üzə çıxır. Güman etmək olar ki, Ermənistan qoşunların mövqelərin­dən çıxarılması təklifinin reallaşmasın­dan sonra Avropa İttifaqının müşahidə missiyasının sərhədboyu vəziyyətə nə­zarət etməsini istəyə bilər. Bu zaman İrəvanda unudurlar ki, Azərbaycan Ermənistandan fərqli olaraq, sərhəd­lərini nəinki Avropadan, hətta üçüncü ölkələrdən gələn müşahidəçilərin, sər­hədçilərin və ya sülhməramlıların nə­zarətinə vermək fikrini qətiyyətlə yaxı­na buraxmır.

Digər tərəfdən, sərhəddə dincliyin hökm sürdüyü indiki dövrdə Ermənis­tanın belə bir təkliflə çıxış etməsinin özü anlaşılmazdır. Dekabrın 7-də Er­mənistanla Azərbaycan arasında eti­mad yaradılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Azərbay­can Prezidenti Administrasiyası və Er­mənistan baş naziri aparatının yaydığı birgə açıqlamada saxlanılan şəxslərin azad ediləcəyi açıqlandı. Eyni zaman­da, Ermənistan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədli­yini geri götürdü və Azərbaycanın na­mizədliyini dəstəklədi. Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirdi. Bundan əlavə, bəyanatda Azərbaycan və Ermənista­nın regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin ya­randığı fikrini bölüşdüyü bildirildi. Bu, Bakı və İrəvanın kənar vasitəçilərin iş­tirakı olmadan əldə edilmiş ilk razılaş­ma idi. Razılaşma növbəti danışıqların olacağına, tədricən sülh razılaşması­nın əldə ediləcəyinə və iki ölkə arasın­da münasibətlərin normallaşacağına ümidlər verdi.

Yeri gəlmişkən, Azərbaycan Prezi­dentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Alma­niyanın “Berliner Zeitung” qəzetinə ver­diyi müsahibəsində iki ölkə arasındakı mövcud vəziyyəti qiymətləndirərkən qeyd etdi ki, ölkəmiz sülh sazişinin imzalanması üçün tarixi şansın yaran­dığına inanır və bu fürsət əldən veril­məməlidir. H.Hacıyev iki ölkə arasında son 30 ilin ən sakit günlərinin müşahi­də edildiyini də vurğuladı: “Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlə­rindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gün­dəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanması­na ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit gün­lərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənista­nın baş naziri arasında Sankt-Peter­burqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətin­dir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı”.

H.Hacıyevin də qeyd etdiyi kimi, indi hər iki ordu, ümumiyyətlə, heç sərhəd­də deyil, kazarmadadır. Azərbaycanın istədiyi, hər zaman qaldırdığı məsələ də zatən bu idi. Rəsmi Bakı işğalın davam etdiyi dövrdə müxtəlif platfor­malarda bəyan edirdi ki, məsələ siya­si cəhətdən tənzimlənsə, orduya, heç ehtiyac qalmaz və hərbçilər kazarmaya qayıdarlar. Ancaq Ermənistan məsələ­nin siyasi tənzimlənməsinə maraqlı olmadı və hərbçilərimizin canı-qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Həm 44 günlük Vətən müharibə­si, həm də antiterror tədbirləri zamanı öz işini peşəkarlıqla yerinə yetirən əs­gər və zabitlərimiz artıq günün nizam qaydaları əsasında xidmətlərini davam etdirirlər. Belə olan təqdirdə Ermənis­tan rəsmilərinin qoşunların sərhəddən güzgü effekti ilə geri çəkilməsi təklifinin özü anlaşılan deyil. Əgər onlar bunun­la hansısa məkrli niyyətlər güdürlərsə, güdsünlər. Yaranmış tarixi şansı itirən və fürsəti qaçıran, başqa sözlə, udu­zan yenə Ermənistan olacaq.

Rizvan HÜSEYNOV, 
hərbi-siyasi şərhçi

Ermənistan tərəfi güzgü ef­fekti üzrə hərbçilərin sərhəd­dən geri çəkilməsi məsələsini dəfələrlə qaldırıb. Ancaq bura­da Azərbaycan üçün prinsipi­al məqamlar var. İlk növbədə, sülh müqaviləsi imzalanmalı­dır. Bundan əlavə, sərhədlərin delimitasiyası və demarkasiya­sı həyata keçirilməlidir. Azər­baycanın işğal altında qalan 8 kəndi ilə bağlı məsələ də həllini tapmalıdır.

Burada region ölkələrinin iştirakı ilə həll olunub müza­kirə edilməli məsələlər də var. Söhbət bəzi məqamlarda regi­onal təhlükəsizlikdən gedir. Bu prizmadan baxanda qoşunların sərhədin hansı istiqamətindən və nə vaxt geri çəkilməsi mə­lum olacaq. Təbii ki, iki ölkə arasında münasibətlər nor­mallaşarsa, bu təklifin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Lakin Er­mənistan cəmiyyətində bəzi qüvvələr Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Belə olan halda Azərbaycanın təhlükəsizliyinin və müdafiəsi­nin təmin edilməsi məsələsi ön plana çıxır.

Məsələyə hərbi-texniki baxımdan yanaşsaq, görərik ki, qoşunların həmin ərazilərdən çıxarılması böyük xərc tələb edəcək. Bundan əlavə, hərbi hissələr üçün əvvəllər yara­dılmış infrastruktur istifadə­siz qalacaq. Vətən müharibəsi başa çatdıqdan sonra Müdafiə Nazirliyi və digər güc struktur­ları tərəfindən sərhədyanı ra­yonlarda infrastruktur layihələ­ri həyata keçirilib. Rayonlarda yeni hərbi hissələr, müşahidə məntəqələri yaradılıb. Bu, hər­bi-texniki tərəfdir. Hərbi-strateji nöqteyi-nəzərdən Ermənista­nın gələcək liderlərinin hazırkı vəziyyəti dəyişmək istəməyə­cəyinə heç bir zəmanət yoxdur. Ermənistandakı hazırkı vəziy­yət Paşinyandan sonrakı dövr­də sülhün davam edib-etməyə­cəyi sualı üzərində düşünməyə əsas verir.

Səxavət HƏMİD
XQ



Siyasət