Yeni təhlükəsizlik arxitekturası: dünya nizamının böhranı və xilası

post-img

III hissə

Regional inteqrasiya: yeni təhlükəsizlik sisteminin baza faktoru kimi

Yeni təhlükəsizlik arxitekturası ilə bağlı dərc olunan öncəki iki məqalədə başlıca tezis qlobal təhlükəsizlik sis­teminin formalaşması prosesinin artıq geridönməz xarakter aldığını göstər­məklə bağlı idi. Həmin kontekstdə regional miqyasda geosiyasi, siyasi, iqtisadi, mədəni, energetik, nəqliyyat, loqistika, informasiya, ekologiya və sair sferalar səviyyəsində gedən inteq­rasiya proseslərinin və regional geosi­yasi oyunçu olmağın vacib şərtlərinin təhlükəsizliyin arxitekturasında yeri və rolu məsələsinin aktuallaşdığını vurğu­lamışıq. 

Nəhayət, bu kimi araşdırmanı apar­maqla, başlıca məqsədimizin Azər­baycanın regional geosiyasi oyunçu kimi xarakterik parametrlərini müəyyən etməkdən və ölkəmizin qlobal təhlükə­sizlik arxitekturasının yaradılmasında oynadığı rolu təhlil etməkdən ibarət olduğunu bir daha ifadə etmək istər­dik. Bu təhlil fəlsəfə ilə politologiyanın “ortaq idraki kəsişmə sahəsi”ndə apa­rılır. Təhlil regional və qlobal məkanla­ra özünütəşkil edən mürəkkəb sistem kimi yanaşma əsasında həyata keçirilir. Buna elmdə sinergetik yanaşma da de­yirlər.

Biz vurğulanan qeydləri etməklə, möv­zunu nə qəlizləşdiririk, nə də ifrat elmiləş­diririk. Məsələnin mahiyyəti ondan ibarətdir ki, “təhlükəsizlik artxitekturası” anlayşı müa­sir tədqiqi yanaşmalarda özü də mürəkkəb məzmuna və çoxaspektli funksiyaya malik fenonem kimi təsəvvür edilir və eyni za­manda, onunla əlaqədar olan “regional in­teqrasiya”, “regionlararası inteqrasiya” və “qlobal inteqrasiya” kimi mürəkkəb struktur­lu və məzmunlu terminlərlə əlaqəlidir. 

Məsələnin bu tərəfi özlüyündə II məqalədə mövzunun qoyuluşundan hiss edilirdi. İndi biz bir qədər konkret səviyyə­də yeni dünya təhlükəsizlik arxitekturasının yaranmasında regional, regionlararası və qlobal inteqrasiya proseslərinin yeri və rolu­nu Azərbaycanın geosiyasi oyunçu ola bil­məsi bağlılığında araşdırmağa çalışacağıq. 

Öncə onu vurğulayaq ki, regional in­teqrasiya həm real proses, həm də onun siyasi-nəzəri dərki aspektlərində yeni təh­lükəsizlik arxitekturası üçün formal anlayış deyildir. Söhbət qlobal miqyasda təhlükə­sizliyin təmini üçün yeni keyfiyyət dəyişik­liyindən gedir. Yəni, “regional inteqrasiya” ifadəsinin obyektiv olaraq nəyi ifadə etdiyi və eyni zamanda, bu yeni rolun fəlsəfi-po­litoloji dərki eyni dərəcədə vacibdir. Çünki hazırda dünya miqyasında müxtəlif xa­rakterli proseslərin sürəti və dəyişmə ritmi praktikada baş verənlərin çevik fəlsəfi və politoloji dərkini tələb edir. 

Beləliklə, təhlükəsizlik arxitekturasının geosiyasi və siyasi anlamı aspektində “re­gional inteqrasiya” nədir?

Regional inteqrasiya: formaları və baş­lıca əlamətləri

a) Formalar

Yeni təhlükəsizlik arxitekturasında re­gional proseslərin rolunu və yerini adekvat anlamaq üçün həmin proseslərə öncəki məqalədə vurğuladığımız “yeni regionçuluq nəzəriyyəsi” prizmasında baxacağıq. 

O.V.Butorina bu məsələyə həsr etdiyi elmi məqaləsində vurğulayır ki, bir proses kimi regional inteqrasiyanın İkinci Dünya Müharibəsindən sonra meydana gəldiyini deyə bilərik. Əlbəttə, tarixin müxtəlif mər­hələlərində eyni regionda yerləşən döv­lətlər arasında başqa proseslərlə yanaşı, inteqrasiya xarakterli hadisələr də baş vermişdir. Lakin burada müəllif bizim indiki anlamda qəbul etdiyimiz mənada region­lar daxilində birləşmə proseslərinin həm müxtəlifliynə işarə edir, həm də onların təh­lükəsizlik sisteminin formalaşmasına ciddi təsir etməyə başladığını ifadə edir.

Doğrudan da, keçən əsrin ortalarından dünya miqyasında təhlükəsizliyin və döv­lətlər arasında münasibətlərin sivil olma­sının mühüm şərti kimi regionlar daxilində birləşmə tendensiyasına daha çox üstünlük verməyə başladılar. Bu baxımdan Avropa İttifaqının formalaşmasının təməlinin məhz həmin dövrə təsadüf etməsi adi hadisə de­yildir. Burada da inteqrasiyanın fərqli növlə­ri və mərhələlərindən bəhs etmək olar.

Təkcə Avropada region kimi 1950–1959-cu illərdə müxtəlif səviyyəli 4 inteq­rasiya forması meydana gəldi (Avropa Gömrük İttifaqı, Avropa kömür və polat bir­liyi, Avropa iqtisadi birliyi və Azad Ticarətin Avropa Assosiasiyası). Buna bənzər regi­onal inteqrasiya prosesləri fərqli məzmun və məqsədlər daxilində sosialist düşərgəsi ölkələri, Afrika, Asiya və Latın Amerikası qitələrində də gedirdi. 

Məsələn, ASEAN, EKOBAC kimi təş­kilatlar 1960-1970-ci illərdə meydana gəl­dilər. 1980-1990-cı illərdə isə NAFTA (Şi­mali Amerika), Merkosur (Cənubi Amerika), MDB (postsovet məkanı) və bir neçə digər inteqrativ qurumlar yarandı. XXI əsrin gəlişi ilə beynəlxalq miqyasda geosiyasi dinami­kaya təsir edən proseslər sırasında Avropa İttifaqının genişlənmə mərhələləri ayrıca yer tutur. Bu təşkilat 1973, 1981, 1986, 1995, 2004, 2007, 2013-сü illərdə geniş­lənmişdir. Hazırda 2030-cu ilə qədər 10 dövlətin Aİ-yə interqasiyası nəzərdə tutulur. 

Deməli, dünyanın ən çox inkişaf etmiş regionu kimi Avropada regional inteqrasi­ya artıq münasibətləri formalaşdırmağın başlıca üsullarından birinə çevrilmişdir. Və bu, yeganə region deyildir. Demək olar ki, dünyanın bütün regionlarında bənzər pro­seslər özünü göstərir. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu­nun hazırladığı bir məruzədə vurğulanır ki, 2000–2008-ci illər arasında regional ticarət sahəsində 250-yə yaxın müqavilə imzalan­mışdır. 

Məruzədə regional inteqrasiyanın növ­ləri (iqtisadi, siyasi, geosiyasi və s.), funk­siyaları, qarşılarına qoyduqları məqsədlər kimi məsələlərə də toxunulur. Aydın olur ki, dünya üzrə kifayət sayda regional inteq­rasiya formaları mövcuddur. Hər bir qitədə onlar fəaliyyət göstərirlər. Məsələn, iqtisa­di-ticari xarakterli ineqrasiya formalarının sayı Avropada 3, Asiyada 9, Amerikada 6, Afrikada isə 13-dür. Əslində, bu say bir neçə il öncəyə aiddir və dəyişir. 

Lakin təhlükəsizlik arxitekturası baxı­mından əsas olanı say deyildir, inteqra­siyanın forması ilə səmərəliliyi arasında nisbətdir! Deyək ki, Afrikada regional inteq­rasiya forması digər qitələrə nisbətən daha çoxdur, lakin bu, həmin Qitənin daha çox inkişaf etdiyi və daha təhlükəsiz məkan ol­duğu anlamına gəlmir. Əksinə, çoxlu say­da regional inteqrasiya formasının mövcud olduğu Afrika təhlükəsizlik baxımından xa­osa və qanunsuz fəaliyyət növlərinə daha həssas görünür. Deməli, regional inteqra­siyanın təhlükəsizlik arxitekturasının for­malaşmasındakı real rolunu müəyyənləş­dirmək üçün çoxlu sayda parametri nəzərə almaq lazım gəlir. Mütəxəssislərin ümumi fikrinə görə, burada regional inteqrasiyada konkret əməkdaşlıq mexanizmləri ilə ya­naşı, təşkilatın funksional səmərəliliyinin təmini və strateji məqsədi ciddi rol oynayır. Bu baxımdan inteqrasiyanın əlamətlərinin müəyyən edilməsi nəzəri və praktiki əhə­miyət daşıyır.

b) Əlamətlər

Birincisi, regional inteqrasiyada döv­lətlərarası münasibətlər keyfiyyətcə yeni mərhələyə keçməlidir. Obrazlı desək, bu münasibətlərin kompleksi və ya cəmi ona daxil olan ayrı-ayrı münasibətlərin cəmin­dən daha effektli olmalıdır (buna münasi­bətlərdə “sinergetik efffekt” də deyirlər).

İkincisi, regiona inteqrasiya ona daxil olan dövlətləri müəyyən mənada ətraf aləmdən “ayırmalıdır”. Buna “mürəkkəb sistemlərdə “əməliyyat qapalılığı” da de­yirlər. O, təcridolma deyildir, əksinə inteq­rasiyada olan dövlətlərin birgə fəaliyyətdə səmimilik və qərarlılıq göstəricisidir.

Üçüncüsü, regional inteqrasiya könül­lülük və tərəfdaşlıq prinsiplərinə əsaslan­malıdır. Burada başlıca məqsədin qarşılıqlı faydalı əməkdaşlıqdan ibarət olduğu hər bir üzv tərəfindən qəbul edilməlidir!

Dördüncüsü, inteqrasiya iştirakçı-üzv dövlətlərin daxili və xarici siyasətlərinin müxtəlif sferalarına yayıla bilər. Bu keyfiy­yətdə regional inteqrasiya beynəlxalq təşki­latlardan fərqlənir.

Nəhayət, sonuncu əlamət strateji xarak­ter daşıyır və regional inteqrasiya iştirakçı­larının gələcək tarixi taleyi bölüşməyə hazır olduqlarını ifadə edir. Bu prinsipin ən yaxşı ifadə formalarından biri Avropa İttifaqınını əsasını qoyanlardan biri olmuş R.Şumana məxsusdur. O yazırdı ki, “...bizim ümumi ta­leyimiz vardır. Qonşunun uğuru və ya uğur­suzluğu bizim hər birimizə toxunur... Hər bir Avropa ölkəsi instinktiv hiss etməlidir ki, ümumi əlaqə və qarşılıqlı asılılığa daxildir”. 

Vurğulanan regional inteqrasiya forma­ları və əlamətlərinin hər birinin indiki mər­hələdə regional təhlükəsizlik sisteminin qurulmasında əhəmiyyəti vardır. Bunun əsasında konkret regionun qlobal təhlükə­sizlik arxitekturasında substantiv və funksi­onal rolu müəyyən edilə bilər. 

Həmin məqsədlə bütün regionlar üçün xarakterik olan inteqrasiya forma və əlamətləri əsasında konkret olaraq Cənu­bi Qafqazda bu fenomenin təzahürünə iki bağlılıqda təhlili yanaşa bilərik – birincisi, regionda inteqrasiya formalarının fəlsəfi və siyasi-nəzəri özəllikləri, ikincisi, regional təhlükəsizliyin yeni modelinin formalaş­ması kontekstində Azərbaycanın regional inteqrasiya formalarında iştirakı və rolunun qlobal təhlükəsizlik arxitekturası aspektin­də analizi. Bu iki aspektin sintezinə Cənubi Qafqazda regional inteqrasiyanın mövcud formaları prizmasında baxmaq faydalı olardı. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət