Ermənistanda baş naziri əvəz edəcək lider, hakimiyyəti devirə biləcək qüvvə yoxdur
Nikol Paşinyanın əleyhinə etirazlar Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri keçirməsindən sonra geniş vüsət aldı. Düzdür, ona qədər də İrəvanda müxtəlif etiraz aksiyaları, nümayişlər keçirilir, istefa tələbləri səsləndirilirdi. Hətta aksiya iştirakçılarına qarşı polisin qəddar davranışı da olurdu.
Amma bu zaman özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən beynəlxalq QHT-lər susurdular. Əslində, susqunluq Ermənistanın baş nazirinin hakimiyyətini qorumağa xidmət edir, bütün imkan və resurslarla Paşinyan iqtidarının himayə edilməsi anlamına gəlirdi. Axı Paşinyanın hakimiyyətini itirməsi Qərbin məlum güclərinin də itirməsi deməkdir. Söhbət Cənubi Qafqaz platformasındakı qlobal maraq və mənafe davasındakı itirmədən gedir.
Nə üzə bilir, nə də dözə...
Birmənalı şəkildə deyə bilərik ki, Ermənistanda N.Paşinyanı əvəzləyəcək qüvvə tapısa, həmin qüvvə artıq Qərbin təmsilçisi olmayacaq. Yeni lider rusiyameyillilərin sırasından çıxacaq. Amma həmin şəxsin Qarabağ klanının təmsilçisinin ola biləcəyi ehtimalı sıfıra bərabərdir. Fəqət, Ermənistanda Paşinyanı məqbul sayan qüvvələr də az deyil. Düzdür, Nikol seçicilərinə böyük vədlər verib və indi həmin vədləri yetinə yetirmək üçün imkanlar arayır. Məsələyə mövcud aspektdən yanaşanda, Paşinyanla yola davam istəyənlərin məhz iradəsiz, qərarsız şəxslər olduqları üzə çıxır.
Görünən budur ki, indi Ermənistanda Paşinyanı əvəzləyəcək lider yoxdur. Onun iqtidarı əleyhinə daxildə güclü müxalif cəbhəni də görmürük. Baş nazir tez-tez parlamentdə təmsil olunmayan müxalif qüvvələrlə görüşür ki, bu amilin özü, onlarla apardığı müzakirələr ölkədaxili siyasi proseslərdə gərginliyin səngiməsinə gətirib çıxarır.
Qeyd edək ki, Ermənistanda daxili proseslərə təsir gücünə malik qüvvələrdən danışanda, erməni lobbisini yaddan çıxarmaq olmaz. Cəmiyyətin hakimiyyətdən narazı kütləsi Qarabağdan gələn ermənilərin hesabına da arta bilər. Son üç ayın hadisələri onu deməyə əsas verir ki, bu amil müxalif cəbhənin əlində Paşinyana qarşı “kozır”a çevrilib.
Bütün bunları nəzər alan rəsmi İrəvan MDB-dən, Avrasiya İtifaqından, KTMT-dən, Gömrük Birliyindən çıxmaq, ümumiyyətlə, Rusiya ilə yolunu tamamilə ayırmaq yönündə başlatdığı siyasi demarşı son vaxtlar bir qədər səngidib. Xatırladaq ki, Ermənistanın baş naziri oktyabr ayında Avrasiya İttifaqı və MDB-nin hökumətlərarası toplantısına getmədi, eləcə də noyabrın sonlarında KTMT-nin Minsk sammitini buraxdı. Yeri gəlmişkən, şübhə yoxdur ki, baş nazır Nikol Paşinyanın Rusiyaya iki günlük işgüzar səfəri Moskvanın, həmçinin daxildə getdikcə güclənən rusiyameyilli qüvvələrin təzyiqini neytrallaşdırmağa xidmət edir. Baş nazir dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin toplantısında iştirak edib, dünən isə MDB dövlət və hökumət başçılarının zirvə görüşünə qatılıb. Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə keçirilib.
Məkrli planlar kağız üzərində qaldı
Buna qədər də Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün cəhdlər göstərilib. “Beşinci kolon”un təmçilçiləri sayılan məğlub ordunun keçmiş generallarının əli ilə Paşinyanı devirmək planı alınmadı. Keçən il İrəvandakı fasiləsiz kütləvi etiraz aksiyaların təşkilatçısı və “ilhamvericisi” rolunda da məhz Moskvanın çıxış etdiyi hamıya məlum idi. Həmin mitinqlərdə məhz “beşinci kolon”un nümayəndələri “Paşinyan, istefa ver!”, – deyə bağırırdılar. İqtidarı devirmək istədiklərini açıq bəyan edən bu qüvvələr məqsədlərinə çatan kimi, Azərbaycana qarşı müharibəyə başlayacaqlarını da gizlətmirdilər.
Anti-Paşinyan koalisiyasına həmçinin, Ermənistanda 20 il hakimiyyətdə olmuş “Qarabağ klanı” və onun ərtafında cəmləşmiş qüvvələr, eləcə də bölgədəki bizneslərini batırmış oliqarxlar daxildir. Onlar məqsədlərinə çatmaqdan ötrü Qarabağdan könüllü getmiş yüz min ermənidən maşa kimi yararlanmaq planlarını cızırdılar.
“Heç bir qüvvə Paşinyanı devirə bilməz, çünki bu, bir partiyanın deyil, ümummilli konsolidasiyanın missiyasıdır”. Bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının Gənclər İttifaqının həbs edilmiş sədr müavini Armen Aşotyan deyib. Bu şəxs vətəndaşların ona ünvanladıqları onlayn suallara “içəridən” cavab verib. Sosial şəbəkə istifadəçisi Roland Tarmazyan ondan partiyanın konkret hansı addımları atacağını soruşub. Aşotyanın dediyinə görə, təmsilçisi olduğu partiya indiyədək Nikolu devirmək istiqamətli bütün cəhdlərdə yaxından iştirak edib və dəstəkləyib. Bu zaman, o, maraqlı müqayisə də aparıb: “Əlbəttə, solo-skripkaçının kimliyi vacibdir, amma ondan daha vacibi bütün orkestrin “falş” ifa etməməsidir”.
Yəqin, bu açıqlamasından sonra istintaq “gənc siyasi liderə” qarşı dövlət quruluşunu dəyişməyə çağırışlar etdiyinə görə itiham da irəli sürəcək.
“Qarabağ klanı”nın ikiqat fiaskosu
Bu gün Ermənistanın bir dövlət kimi çat verməsindən danışmaq olar. Çünki ölkə neçə müddətdir sonu görünməyən daxili qarşıdurmadan sarsılmaq üzrədir. İntəhası, bütün bunlarla yanaşı, hələlik revanşistlərin, o cümlədən Qarabağ klanının Paşinyanı istefaya göndərmək üçün real şansları olmayıb.
Hayların cibində deputat mandatı daşıyan fərari generalı Seyran Ohanyan “Artsax” məsələsi hələ həll olunmayıb” deyir. Bu, “dqr”siz, separatçı-xunta rejimsiz qalmış “Qarabağ klanı”na məxsus revanşist ritorika nümunəsidir. Belə bir axmaq fikir daşıyıcılarının məqsədi Ermənistanda nisbi siyasi sabitliyi pozmaq, kütləni Paşinyana qarşı qaldırmaqdır. Hayastan ictimaiyyətinin böyük qismi bu “məmurları” açıq şəkildə ələ salır, onların məsuliyyətə cəlb olunmasını tələb edir. Reallıq ondan ibarətdir ki, bu gün Ermənistanda canını tapşırmış qondarma saparatçı rejimin nümayəndələri hətta keçmiş təbəələri – Qarabağdan olan ermənilər arasında da nüfuz yiyəsi deyillər. Onlar nəyəsə təsir gücündən də uzaqdırlar. “Artsax” məsələsinin həllini tapmaması ilə bağlı verilən avantürist bəyanatlar isə xəyalpərvər revanşistlərin xarakterik cizgisidir. Guya, onlar bu yolla cəmiyyətdə sabitliyi pozmağı bacaracaqlar.
Xatırladaq ki, üç ay bundan əvvəl bütün Ermənistan müxalifətinin İrəvana köçmüş Qarabağ ermənilərinin də qatıldıqları etiraz mitinqinə maksimum beş-altı min adam toplanmışdı. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın gəlini müğənni Siruşonun fəryad və çağırışlarına, bu gün Bakıda istintaq təcridxanasında çayını içən “çirkli” biznesmen və uğursuz diplomat Ruben Vardanyanın cəhdlərinə, “ağılsız Qaqo” kimi tanınan, Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Sarukyanın məkrli planlarına baxmayaraq, meydana gələn olmamışdı. Birləşmiş müxalifətin “miatsum” mifinin üzərində “son rəqsi oynamaq” cəhdi gözlənilən fiasko ilə başa çatmışdı. Təşkilatçıların “piar-qələbələri” İrəvanın bir neçə küçəsi ilə məhdudlaşmışdı. Deyəsən, revanşistlər fiaskoya uğramış bütün cəhdlərini həmin gün “triumfa” çevirmək barədə düşünürmüşlər. Respublika Partiyasının sözçüsü Eduard Şarmazanovun üç ay əvvəl dediyi sözlərdir: “Yüz min insan küçələrə çıxarsa, polislər də bizə qoşulacaq və onda Nikol rədd olub gedəcək”.
Amma alınmadı. Çünki həmin Koçaryana, Sarkisyana və bütövlükdə “Qarabağ klanı“na irəvanlıların nifrəti böyükdür. Bu isə onların çevriliş cəhdlərinin ikiqat fiaskoya uğraması deməkdir. Müxtəlif siyasi qüvvələr daxildə N.Paşinyanı devirməyə, onun ictimai nüfuzunun aşağı salmağa nə qədər cəhd göstərsələr də, nəticəsi olmur. Ümumiyyətlə, erməni xalqı cəmiyyətin radikal-revanşist kəsiminin çağırışlarına biganədir.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
İndi ruspərəst qüvvələr Ermənistanda özlərini məyus hiss edirlər. Ona görə ki, əhalinin böyük əksəriyyəti bu düşüncədədirlər ki, Moskva onları atıb. Guya, Kreml Qarabağ ermənilərinin müdafiəsi üçün heç “barmağını da tərpətməyib”. Bu səbəbdən Rusiyaya meyilli qüvvələr Paşinyana qarşı hansısa çevriliş cəhdini etməyə qadir deyillər. Koçaryan və Sarkisyan cütlüyü Qarabağdan getmiş ermənilərdən iqtidara qarşı “taran” taktikasında istifadə etmək istəsə də, onların özləri də Kremlin dəstəyinə bel bağlamırlar. Həm də bu səbəbdən yaxın vaxtlarda rusiyapərəst qüvvələrin konsalidasiya olunub Paşinyana qarşı hansısa hücumu təşkil edəcəklərini düşünmürəm. Amma yaya doğru əgər Azərbaycanla sülh müqaviləsinə imzasını atarsa, bu halda ona qarşı təzyiqlərin artacağını istisna etmirəm. Bunun necə, hansı formada baş verəcəyini zaman göstərəcək.
Nikol Paşinyanın Sankt-Peterburqa Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakına gəldikdə isə, bu, heç də ona edilən təzyiqlərin nəticəsi deyil. İrəvan proqmatik olaraq hesablayır ki, hazırda Ermənistanın Rusiyadan iqtisadi asılılığı həddən artıq yüksəkdir. Onun xarici ticarət dövriyyəsinin qırx faizi məhz Rusiya ilədir. Hər il Ermənistana dörd milyard ABŞ dollarına yaxın vəsait Rusiyadan köçürülür. O, ucuz qazı Rusiyadan alır. Elekrik, dəmir yolları, rabitə sistemləri Moskvanın nəzarətindədir. Yəni, Rusiya ilə iqtisadi əlaqələrin qırılması Ermənistan üçün intihara bərabərdir. KTMT-dən fərqli olaraq, İrəvan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlıdır. Ələlxüsus da, bu il quruma sədrlik Ermənistana keçir. Amma Paşinyanın bu səfəri ilə heç də Rusiya və Ermənistan arasındakı probelmlər öz həllini tapmır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, siyasi şərhçi
Paşinyanı hakimiyyətdən yola salmaq müxalif düşərgənin çoxdankı arzusudur. İlk baxışdan elə görünür ki, Ermənistandakı indiki vəziyyət onlar üçün daha əlverişlidir. Söhbət Qarabağdan köçmüş ermənilərdən gedir. Bu kontingentdən Paşinyana qarşı məharətlə istifadə etmək planlarını görürük. Digər tərəfdən, sonuncu separatçıbaşı Şahramanyanın qondarma “Artsax” rejiminin buraxılması barədə fərmanını ləğv etməsi də həmin qüvvələrin işinə yarayır. Xaricdən idarə olunduğu şübhə doğurmayan bu qüvvələr mövcud amildən də Paşinyana qarşı istifadəyə çalışırlar.
Hələlik, Nikol Paşinyanın vəziyyəti, demək olar ki, sabitdir. Əslində, onun özündən də çox şey asılıdır. Yəqin anlayıb ki, Rusiya ilə münasibətləri gərginlik həddinə çatdırmaqla, faktiki olaraq, özünə quyu qazır. Məhz buna görə, o, Sankt-Peterburq sammitində iştiraka razılığını verib. Çox güman ki, ona müstəqil siyasətçi olmadığını uyğun formada başa salıblar və deyiblər ki, əgər bizdən uzaqlaşmaq istəsən, səni daha betər problemlər gözləyə bilər. N.Paşinyanın yaxın gələcəkdə devriləcəyini düşünmürəm. Amma proseslərin hansı məcrada gedəcəyi Paşinyanın verəcəyi qərarlardan birbaşa asılı olacaq. Əlbəttə ki, burada məsələyə Ermənistan baş nazirinin Rusiya ilə münasibətləri normal səviyyədə saxlaması aspektində yanaşmaq lazımdır. Və bu onun gələcək siyasi aqibəti üçün mühüm amillərdən biri sayıla bilər.
İmran BƏDİRXANLI
XQ