Hər kəsin və hamının Prezidenti

post-img

Dekabrın 21-də Xankəndidə keçirilən “Qarabağ”–MOİK qarşılaşması – milli futbolumuzun Qarabağa qayıtması Prezident, Ali Baş Komandan İlham Əliyevin ad gününə ən böyük hədiyyə oldu.

Dövlət başçımızın həmin gün stadionda məmurlar, futbol mütəxəssisləri və ya kimin­ləsə deyil, şəhid övladları ilə eyni sırada əy­ləşməsi də duyğusal məqam idi. Otuz ildən sonra Qarabağa qayıtmış Azərbaycan futbo­lunun ilk rəsmi yarışında topu oyuna məhz məlum Zəfəri bizə bəxş edən sərkərdənin daxil etməsi də. 

Üstəlik, yarış üçün meydana çıxan ko­mandaların biri adı son otuz ildə dünyanın, az qala, bütün tribunalarından səsləndirilən Qarabağın “adaşı” idisə, digəri də beynəlxalq hərbi ekspertlərin “son yüz ildə ən uğurlu müharibə” adlandırdığı 44 günlük İkinci Qa­rabağ müharibəsinin qalib əsgərləri – Mərkə­zi Ordu İdman Klubu idi. Bundan başqa, oyunu idarə edən hakimlərin dördünün də İkinci Qarabağ müharibəsinin iştirakçıları olmaları mənzərəyə xüsusi rəng qatırdı. Bu, ermənilərə və onların beynəlxalq aləmdəki havadarlarına göndərilən mesaj anlamındakı müstəsna məqam sayılmalıdır. Öz torpaqla­rında ədaləti qalib Azərbaycan əsgərlərinin qorumasına dair mesaj. 

Ermənilərin son iki əsrdə yaratdıqla­rı çoxsaylı miflərin darmadağın edilməsini xatırladaq, yoxsa, “Miatsum”un, böyük Ermənistan xülyasının gorbagor olmasını? Bakıda keçirilən möhtəşəm Zəfər paradı­nı yada salaq, yoxsa Şuşa Bəyannaməsini? Şuşa işğaldan azad edilən gün cənab Prezi­dentin ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, böyük qələbələrimizin bani­sinə hesabat verməsindən danışaq, yoxsa Ba­kıda yaradılan Hərbi Qənimətlər Parkındakı saysız “eksponatlardan”? Şuşadakı mədəni və beynəlxalq tədbirlərdən söz açaq, yoxsa Xankəndidəki hərbi paraddan? Zəngilandakı “Ağıllı kənd” layihəsini və Füzulidəki müa­sir yaşayış kompleksini xatırlatmaq daha münasibdir, yoxsa işğaldan azad edilmiş əra­zilərdə istifadəyə verilmiş beynəlxalq hava limanlarını? 

Təbii ki, bütün bunlar müasir Azərbay­can reallıqlarıdır. Bu reallıqları qəbul edənlər çox olsa da, hələ “həzm edə bilməyənlər” də az deyil. Ancaq Azərbaycan Prezidentinin bir məramı var ki, onu dostlu-düşmənli hamı qəbul edir. Bu, bizim Ali Baş Komandanı­mızın humanistliyi və sülhsevərliyidir. Hətta bədxahlarımız da cənab Prezidentin həmin keyfiyyətlərini etiraf edirlər. 

Dövlət başçımız on illər boyu təkrar et­diyi “biz müharibə istəmirik!” qətiyyətini bu il noyabrın 8-də Xankəndidə keçirilən hər­bi paraddakı çıxışında bir daha yada salmış və əlavə etmişdir ki, sülhə can atmağımız o demək deyil ki, kimsə daxili işlərimizə qarış­mağa cəhd göstərə bilər: “Bizə yeni mühari­bə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bi­zim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər silahlı qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan son­ra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Nəyi, necə, nə zaman etməyi hamıdan yaxşı bilən, hər sözü bir rəsmi sənəd kimi etibarlı olan, “edəcəyik!” dediyi planların hamısını qeyd-şərtsiz reallaşdıran İlham Əliyev dəfələrlə xatırladıb ki, bütün uğurla­rının təməlində xalqın dəstəyi dayanır. Hər seçkidən sonra təkrar edir ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermiş­dir, görülən işlərə səs vermişdir: “İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımı­za səs vermişdir”. 

Bütün ekspertlər bu fikirdədirlər ki, dövlətimizin başçısının andı ilə əməli hə­mişə bir-birini tamamlayıb. Hansı məqsədə nail olmağı qarşıya qoyursa, həmin məqsəd günümüzün reallığına çevrilir. Bu onun mükəmməl təhsili, yüksək savadı və fərdi keyfiyyətləri ilə yanaşı, həm də Heydər Əli­yev siyasi məktəbinin “məzunu” olması ilə bağlıdır. Çünki andın, vədin, sözün əməllər­lə tamamlanması Heydər Əliyevə xas olan göstəricilərdəndir.

Prezident İlham Əliyevin ilk andiçmə mərasimində üzərinə götürdüyü Azərbaycan Respublikasının Konstitusiyasına əməl et­mək barədə məsuliyyətin yerinə yetirilməsini hər gün, hər an, onun gündəlik fəaliyyətində görürük. Dövlətin müstəqilliyini qoruyacağı barədə üzərinə götürdüyü öhdəliyin icrasına Bakının beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilməsi zamanı şahidlik edirik. Üstəlik, ötən ilin yay aylarında Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetlə­ri sənədini parafladı. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbayca­nın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. 

Dövlətimizin ərazi bütövlüyünün qoru­nacağı barədə öhdəliyə gəlincə isə həmin is­tiqamətdə həyata keçirilmiş tədbirlər haqqın­da məhz cənab Prezidentdən noyabrın 8-də Xankəndidə eşitdiyimiz fikirləri yada salmaq zərurəti yaranır: “Üç il bundan əvvəl Qara­bağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan döv­lətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.

Cənab Prezident həmin tarixi hadisənin təməlidə dayanan prosesləri də yada salır: “İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildir­mişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımız­dan çıxmaq istəmirdi... Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim söz­lərimə qulaq assaydılar, İkinci Qarabağ mü­haribəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağı­mızdan çıxmasanız, döyüş meydanında bi­zimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuz­dan döndərə bilməz. 44 günlük Vətən müha­ribəsi bunu bir daha göstərdi”.

Sonda bir daha Xankəndidə keçirilmiş futbol yarışına qayıtmaq istəyirəm. Dövlət başçımız Şuşanın azad edilməsindən sonra İkinci Qarabağ müharibəsinin dayandırılma­sı mövzusuna toxunaraq demişdi: “O vaxt bizim silahlı qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayan­dırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyi­miz bir daha onu göstərir ki, nə qədər düz­gün, müdrik addım idi”.

44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir gül­lə atılmadan bizə qaytarılsın. Bu, Ermənis­tanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuş­du: “Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradə­sini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər ra­yonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”.

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət