“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetdir

post-img

Bu yöndə uğurlar Azərbaycana COP29-a evsahibliyi hüququ qazandırıb

Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Sənəddə, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildi­yi bildirilib. 

Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlam­laşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həm­çinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlanılıb. 

Adıçəkilən sərəncamda Azərbay­canın baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ciilə qədər isə 40 faiz azaldılmasını, bun­dan başqa elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi götür­düyü, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunduğu bir daha xatırla­dılıb.

Yeri gəlmişkən, hələ 2021-ci il mayın 18-də Prezident İlham Əliyev Ağdamda icti­maiyyət nümayəndələri ilə görüşündə bütün Qarabağın “yaşıl enerji” zonası olacağını bildirib. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını isə döv­lətimizin başçısı tərəfindən müəyyənləşdi­rilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edib. Həmin 5 Mil­li Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub.

Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümu­mi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Respublikamız 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqa­vilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolu­nan günəş və külək enerjisin istehsal ediləcə­yi, bu həcmin 10 qiqavatının “Masdar” şirkə­ti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. 

Ölkəmizdə istehsal ediləcək bərpaolunan enerjinin ixracına gəldikdə isə deyə bilərik ki, cari il fevralın 3-də Bakıda Cənub Qaz Dəh­lizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və “Yaşıl Enerji” Məşvərət Şurası çərçi­vəsində nazirlərin 1-ci iclaslarının keçirilmə­si Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək po­tensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsinə çevrildi. “Yaşıl enerji” ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından xüsusi diqqət çəkdi. Bu, eyni za­manda, 2022-ci il dekabrın 17-də Rumıniya­nın Buxarest şəhərində “Azərbaycan Respub­likası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması isə ölkəmizin bu sahədə potensialının reallaşdırılmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolu­nun daha da yüksəlməsini şərtləndirdi. 

Məlum olduğu kimi, bu sazişdə Azərbay­can və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi ka­belinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbay­candan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yara­dılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib. Qara dənizin dibi ilə çəkiləcək 4 qiqavat gücündə və 1195 kilometr uzunlu­ğunda olan kabel ölkəmizdə istehsal edilən “yaşıl enerji”ni Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxın­dan iştirak edəcək.

Ümumiyyətlə, respublikamızın bərpaolu­nan enerji potensialı əsasında istehsal edilən “yaşıl sərvət”in tezliklə ixracının həyata ke­çirilməsi, ölkəmizin bu sahədə genişmiq­yaslı uğurlu layihələr reallaşdırması Azər­baycanın enerji strategiyasında yeni eranın başlanmasından xəbər verir. Bu eranın əv­vəlində Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması isə həm ölkəmizə etimad göstəricisi kimi diqqət çəkir, həm də qarşıya qoyulan vəzifənin–2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çat­dırılmasının gerçəkləşdiriləcəyi əminliyini ifadə edir. 

Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamında da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqə­dar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin mil­li, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğu da diqqətə çatdırılıb. 

Xatırladaq ki, ətraf mühit, iqlim məsələlə­ri milli sərhədlər tanımadığı, ümumbəşəri mahiyyət daşıdığı üçün ölkəmizdə keçirilə­cək tədbirdə on minlərlə xarici qonağın işti­rak edəcəyi gözlənilir. Bax, elə buna görə də COP29-un Azərbaycanda gerçəkləşəcəyi ilə bağlı qərar verilən ilk günlərdən Azərbaycan­da bu əlamətdar hadisəyə hazırlıq görülür. Ölkəmizin hər bir vətəndaşı bununla əlaqədar bütün dünya ilə eyni hiss və həyəcanı bölü­şür, müxtəlif dövlətlərdən gələn qonaqların isə müasir Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən tərəqqipərvər, sülhpərvər, tole­rant bir ölkə kimi tanımaları baxımından mü­hüm önəm daşıyır.

Emin BAĞIROV,
mexanika üzrə fəlsəfə doktoru 

Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəy­lik ili” elan edilməsi haqqında Sərəncamı deyərdim ki, mühüm tarixi əhəmiyyətə malik bir sənəddir. Bərpaolunan enerji istehsalı və ixracı ilə bağlı prioritet xa­rakter daşıyan bu mükəmməl sərəncam ölkəmizdə həm ətraf mühitin sağlamlaşdı­rılması, yaşıllıqların bərpası və artırılma­sı, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsini nəzərdə tutur, həm də Azərbaycanın gələn il COP29-un paytax­tımızda keçirilməsinə qərar verməsini res­publikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstə­ricisi kimi dəyərləndirir. 

Beynəlxalq birliyin belə bir qlobal təd­birə evsahibliyini məhz Azərbaycan döv­lətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezi­dent İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərə­findən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir. 

Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra di­gər məqamlar da şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparı­lan məqsədyönlü siyasət nəticəsində Azər­baycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail ol­ması ilə bağlıdır. Vətən müharibəsində qa­zanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfu­zu günbəgün artmaqdadır. 

Azərbaycan BMT-dən sonra ən bö­yük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir və Prezi­dent İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”.

Ölkəmizin COP29-a evsahibliyi et­məsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızın qlobal xarakterli mötəbər tədbirləri yüksək sə­viyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükə­sizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, Azərbay­canın ətraf mühitə verdiyi önəm də bey­nəlxalq aləmin diqqətini çəkir. Bu, statis­tik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həc­mini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur. 

Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsər­rüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa et­məklə 2050-ci ilədək “Netto sıfır emissi­ya” zonasına çevrilməsi nəzərdə tutulub.

Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin ya­radılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə ra­zılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədə–bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb. 

Vaqif BAYRAMOV
XQ





Siyasət