Cənablar, bitməyən müharibə, qurtarmayan münaqişə olmur

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

 

Yaxud Sosun “SOS”u ermənilərə düşmənçilikdir

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bütün bədxahlarını mat qoyan Qələbə qazandı. Həmin qələbədən beş-altı ay əvvələdək Azərbaycanı yeni müharibələrlə hədələyən Ermənistan rəhbərliyi ağ bayraq qaldırmağa, təs­lim aktını imzalamağa məcbur olsa da, bəzi anti-Azərbaycan və anti-türk siyasi dairələr həmin reallıqları qəbul etmədiklərini bildirdilər. Çünki bu münaqişənin məhz “onların əli ilə” başa çatmasını istəyirdilər. Dünyanın müxtəlif yerlərindən “xoruz banları” gəldi ki. münaqişə hələ tam həll edilməyib. Biz həmin vəziyyəti səbrlə izlədik. 

*** 

2020-ci ilin noyabrındakı üçtərəfli Bəyanatın müddəalarını icra etməkdən yayınan Ermənistan rəhbərliyinə 2023-cü ilin sentyabrında (yəni üç il səbr etdikdən sonra) cəmi 1 sutkaya başa saldıq ki, bizimlə zarafat etmək olmaz. O zaman qorxuya düşən İrəvandan Xankəndiyə tapşırıq gəldi ki, “Artsax respublikası” özünü buraxsın. Buraxdı­lar. Ondan sonra separatçıların bəzilə­ri Bakıya gəlməli olsa da, əksəriyyəti başqa ölkələrə getməli oldu.Yəni bu proseslər vəziyyəti real qiymətləndir­məyi bacaran İrəvanın və Xankəndinin qəbul etdiyi qərarlar əsasında davam etdi. Amma bu dəfə də Avropa və Ame­rikanın müxtəlif şəhərlərindən bayquş ulartısını eşitdik. Yenə dedilər ki, mü­naqişə bitməyib. Yəni Cənubi Qafqaza burun soxmaq istəyənlər hələ də bu çirkin əməldən əl çəkmədiklərini gizlət­mədilər. Azərbaycan bu dəfə də təmkin nümayiş etdirdi. 

***

2023-cü il dekabrın 7-də Azərbay­can Respublikası Prezidenti Administ­rasiyası və Ermənistan Respublikası baş naziri aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prin­sipləri rəhbər tutularaq və qarşılıqlı eti­mad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməninin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olundu. Bu razı­lıq uğurla icra ediləndə Ermənistanın tamamilə məhv edilməsinə çalışanlar yenə də ortaya saxta iddia atdılar ki, bu addım ermənilərin mənafeyinə cavab vermir. Guya, münaqişə Bakı ilə İrəvan arasındakı razılaşmalarla deyil, dünya­nın hansısa uzaq xarabalarından gələn tövsiyələrlə həll edilməlidir. Bu dəfə də Ermənistanda bəzi adamları çaşdıra bil­sələr də, Azərbaycan həmin hay-küyə səbr və təmkinlə cavab verdi.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbay­canda keçirilməsi ilə bağlı namizəd­liyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyası və Ermənis­tan baş naziri aparatı arasında aparıl­mış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. 

***

Son günlər kütləvi informasiya va­sitələri Ermənistan rəhbərliyinə istina­dən xəbər verdilər ki, Ermənistan Res­publikası xoş niyyətin təzahürü olaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azər­baycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan və Ermənistan ümid edirlər ki, Şərqi Avropa qrupuna daxil olan digər ölkələr də Azərbayca­nın namizədliyini dəstəkləyəcəklər. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avro­pa qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəkləyir”. 

Yəni, münaqişənin bitməsinə doğ­ru daha bir addım atılmış oldu. Ancaq bu addım da qaragüruhçuların, “Par­çala, hökm sür!” siyasətindən əl çəkə bilməyənlərin xülyalarını param-parça elədi və ona görə də bilavasitə Qərb­dən qidalanan siyasətçilər bu humanist addıma da “qara don” geyindirməyə çalışdılar. Bir ayağı Parisdə, bir aya­ğı Vaşinqtonda, o biri “ayaqları”o biri şəhərlərdə olan Ermənistanın “Vətən” partiyasının təmsilçisi Sos Akopyan “sos” siqnalı səsləndirdi ki, Paşinya­nın məntiqi Ermənistanı məhvə apa­rır: “ O, ölkənin suverenliyini, həm cə­miyyətin, həm də dövlətin təhdidlərə qarşı durmaq qabiliyyətini aşağılayır. Bundan əlavə, acınacaqlı vəziyyətdə­sinizsə və danışıqlar prosesində daim geri çəkilirsinizsə, o zaman qarşı tərəf daim irəliləyəcək. Buna görə region­da ölkələr arasındakı ərazilər uğrunda mübarizənin dayanacağını xəyal etmək və ya buna ümid etmək dövlət adamı üçün təkcə sadəlövhlük deyil, həm də cinayətdir”.

Fikrimizcə, cənab Sos Akopyan anlamamış deyil ki, tarixdə bitməyən müharibə, başa çatmayan münaqişə, sülh danışıqları ilə yekunlaşmayan qarşıdurma yoxdur. Sülhə, barışığa, qarşılıqlı faydalı əməkdaşlığa çalışan siyasətçilər, dövlət başçıları və dövlət­lər təkcə öz maraqlarının qorunmasına deyil, əslində, regionun və dünyanın maraqlarının təmin olunmasına şalışır­lar. 

Bu humanist addımlara badalaq qurmaq istəyənlər isə məhz öz ma­raqları naminə xalqları və dövlətləri düşmən etməyə çalışanlardır. Necə ki, həmin qüvvələrin fitvası ilə son otuz ildə Azərbaycan ərazilərinin 20 faizi vi­ranəyə çevrilmiş, Ermənistan iqtisadiy­yatı çökmək ərəfəsinə gətirilmiş, rəsmi İrəvan gündən-günə pisləşməkdə olan demoqrafik problemin əsirinə çevril­mişdir. Ancaq mövcud reallıqları qəbul edərək sülhün bərpasına razı olsalar onda Ermənistan da məhz hər bir er­məni fərdinin arzuladığı tərəqqi və inki­şaf yoluna çıxa bilər. 

İndi söz idraka, kamala, əqlə, təfək­kürə əsaslanan ermənilərindir. Özləri bilərlər!

Siyasət