Ermənilər letargiya yuxusundan xilas ola biləcəkmi?
Ermənistan və Azərbaycan arasında müharibə başa çatıb, amma hələ də sülh yoxdur. İrəvandan “nə sülh, nə müharibə” vəziyyətinin ömrünə çox az qaldığı barədə açıqlamalar səslənsə də, ortalıqda bunun real təsdiqi baxımından nə isə görünmür. Çərçivə sənədi deyilən sülh sazişinin mətninə erməni tərəfinin nələri əlavə etdikləri, yaxud etmək istədikləri də tam açıqlanmır. Amma sülh danışıqlarına ciddi hazırlığın getdiyi və ona nail olmaqdan ötrü birbaşa dialoqun alternativinin olmadığı da hamıya məlumdur. Mövcud durumdan ən çox narahat olan, iki ölkə arasında münasibətlərin qeyri-müəyyənliyindən yorulmuş erməni ictimaiyyətindən hakimiyyətin ünvanına sülhə çağırışların getdikcə artdığını da söyləmək olar.
Ermənistanın qonşuları ilə gec-tez, normal əlaqələr qurucağına əmin olan erməni politoloqu Arutyun Mkrtçyan soydaşlarının hansı Qarabağdan danışdıqlarını sual edir. Əlbəttə, ritorik sualın ardınca politoloq Ermənistanın təcili surətdə Azərbaycanla sülhə gəlməsinin vacibliyini önə çəkir:
“Müharibə ritorikasının, revanşizm ideologiyasının daşıyıcıları, təəssüf ki, cəmiyyətimizdəki “beşinci kolon”ün nümayəndələridir. Onlar durmadan belə bir tezisi irəli sürürlər ki, “əgər ruslar olmasalar, türklər bizi yeyər”. Bir həqiqəti anlamaq lazımdır: biz bölgədəki qonşularımızla təmas yaratmaq imkanına malik olmalı, onlarla dil tapmalı, sülh danışıqlarına getməli, bunu hətta birbaşa dialoq vasitəsilə etməliyik. Məhz bu yolla konkret nəticəyə nail ola biləcəcyimizi son vaxtlar şahidi olduğumuz hadisələr də sübuta yetirir”.
“Arsax”ı bəhanəyə çeviriblər
Mediaya bu barədə fikirlərini açıqlayan politoloq Arutyun Mkrtçyan Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun Moskva ilə məsafəli davranmağın Ermənistan üçün fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq-bəyanatına özünəməxsus tərzdə münasibət bildirib:
“Sülh müqaviləsinə gəldikdə, demək lazımdır ki, İrəvan buna hazırdır, amma ölkə daxilndə buna qarşı çıxan qruplar mövcuddur. Ermənistan və Azərbaycan hansısa məsələdə razılığa gələndə və ya sülh sazişinin imzalanması imkanından söz düşəndə, həmin adamlar “artsaxın müstəqilliyindən” danışmağa başlayırlar. Bu cür qüv-vələrin təsvirini vaxtilə Ter-Petrosyan (Ermənistanın birinci prezidenti– red.) yaxşı vermişdi: “Bu, hətta uşaq bağçası da deyil, əsl dəlixanadır”. Həqiqətən, bu məsələdə Ter-Petrosyan haqlı idi. Bu adamlar “dövlət daxilində dövlət yaratmaq” barədə danışırlar. Məgər bu, yolveriləndir? Bunu ciddi danışıq hesab etmək olarmı? Hətta hakimiyyət buna getsə belə, Ermənistannın 3 milyonluq xalqı buna icazə verməyəcək. Onlar Ermənistana təşrif buyurub “artsaxın müstəqilliyindən” dəm vururlar. Özü də sülhün Ermənistana hava və su kimi lazım olduğu indiki şəraitdə. Əgər kimsə bunun əksini iddia edirsə, ya yanlışlığa yol verir, ya da məqsədyönlü şəkildə xalqı aldadır. Nəhayət, problemlərə sağlam məntiqlə yanaşmağın məqamı yetişib”.
Açığı, Mkrtçyanın bu siyasi şərhinə nəsə əlavə etməyə lüzum görmürük.
Dialoq yox, onun imitasiyası olub
Erməni hüquq müdafiəçisi Vardan Arutyunyan da yüz il bundan əvvəl babalarının bu problemi həll etməyi bacarmadıqlarını vurğulayır, indi isə buna çox az vaxtın qaldığını deyir: “Ermənilərlə azərbaycanlılar arasında vətəndaş dialoquna ehtiyac var. Bu, danılmaz faktdır.
Elə bir dialoq ki, həm hakimiyyət onun marağında olsun, həm də xalq faydasını görsün. Əldə oluna biləcəklər barədə xəyallara qapılmaq yox, əlimizdə olanlardan çıxış etməliyik. Təəssüf ki, çoxlu qan töküldü. Hər iki tərəfdən bir-birilərini tanımaq, münasibət qurmaq, dostluq etmək imkanına malik gənclər artıq yoxdur. Yalandan münaqişənin dinc yolla həllindən, dialoqdan danışırdılar, amma son üç ildəki iki müharibə göstərdi ki, heç bir dialoq olmayıb. Baş verənlərin hamısı erməni xalqı adından qərar qəbul edənlərin bir mətləbi başa düşmələrinə səbəb olmalıdır: bu gün ən doğru qərar gələcəkdə dinc birgəyaşayışın təməlinin mümkün qədər tez qoyulmasıdır”.
Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülhə mane olan yeganə amil işğal faktı idi. Artıq bu amil aradan qaldırıldığından Bakı İrəvanla birgə yola çıxmağa, münasibətləri normallaşdırmağa hazır olduğu ilə bağlı xoş məramını bəyan edib. Ona görə də Ermənistan hakimiyyətinin Bakının hərtərəfli sülh sazişini imzalamaq ideyasını qəbul etməkdən başqa çıxış yolu yoxdur. Bu təşəbbüsə tərəflər arasında vasitəçilik missiyasından hələ əl çəkməmiş Qərbdən və ABŞ-dan da dəstək nümayişi eşidilməkdədir.
“Vacib olanı əməli razılaşmadır”
“Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edəcək”. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’brayn deyib. Bakıya məlum səfərindən sonra sülhə çağırışlarını intensivləşdirən Dövlət katibinin köməkçisi bildirib ki, vacib olanı iki ölkənin bir-biri ilə danışması, konkret və əməli razılaşmaya gəlmələridir. “Keçən həftə məhbusların qarşılıqlı şəkildə azad olunduğunu elan etdilər. Bu həftə artıq onlar öz evlərindədirlər. Eləcə də yaydıqları birgə bəyanatda bir-birlərini bir çox məsələlərdə dəstəklədiklərini, güzəştə geretməyə hazır olduqlarını ortaya qoydular. Bu sırada Azərbaycanın BMT-nin növbəti iqlim konfransına ev sahibliyi etmək üçün beynəlxalq istəklərinə rəsmi İrəvanın anlayışlı yanaşması təqdir olunan haldır. Ümid edirik ki, bu, hər iki ölkə, eləcə də, Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi ikitərəfli normal münasibətlərin qurulması istiqamətində mühüm addımdır”, – deyən O’brayn ümid edib ki, çox yaxın vaxtlarda tərəflərin sülh razılaşmasına imza atmalarının şahidi olacağıq: “Hər iki tərəf bunu etməkdə maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa İttifaqındakı tərəfdaşlarımız və digərləri prosesə kömək göstərməyə hazırıq. İstərdik ki, bütün bunlar tezliklə sona çatsın. Çünki erkən sülh tərəflərə çox böyük fayda gətirəcək”.
Ceyms O’brayn iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda görüş ehtimalı məsələsinə də toxunub: “Hər iki tərəfə sözümüz bundan ibarətdir ki, onlar arasında sülh sazişini dəstəklədiyimiz üçün çox xoşbəxtik. Artıq xarici işlər nazirləri arasında sülh danışıqlarının bir neçə raunduna evsahibliyi etmişik. Əgər tərəflər sülh naminə köməyinizə qərar versələr, bunu yenidən edəcəyik. Köməyə hazırıq. Hər iki tərəf görüşə təşviq olunur, indiyə qədər hər biri bu məqsədə çatmaq üçün işləməyə hazır olduqlarını bildirib”.
ABŞ Dövlət katibinin köməkçisi Ermənistan və Azərbaycan arasında sülh sazişinin bu ilin sonunadək imzalanıb-imzalanmayacağı ilə bağlı suala belə münasibət bildirib: “İlin sonuna kifayət qədər vaxt qalmayıb, amma biz bunun üçün əlimizdən gələni edəcəyik”.
Vasitəçilərin nikbin açıqlamaları, bundan daha vacibi – Ermənistanda müşahidə edilən ictimai ayılma onu deməyə əsas verir ki, qapıda sülhün nəfəsi duyulmaqdadır. Qalır o havanın bölgəyə yayılması...
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Əslində, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normal məcraya salması yersiz və utopik iddialardan tamamilə rasional şəkil almalıdır. Nə qədər ki, İrəvan bu münasibətləri tənzimləməyib, bu bölgədə özünü rahat və təhlükəsizlikdə olan dövlət kimi hiss etməyəcək. Buna görə daim Rusiyanın ətəyindən ikiəlli yapışmağa, İranın qarşısında başıaşağı gəzməyə məhkum olacaq. Yəni, bu vəziyyət Ermənistana heç bir xoşagələn perspektiv vəd eləmir.
İndi onları himayə edən Avropa dövlətləri, o cümlədən ABŞ rəsmi İrəvanı başa salmağa çalışır ki, əgər qibləni Rusiyadan Qərbə dəyişmək, Gürcüstanın getdiyi yolla “qoca qitə”yə reinteqrasiyanı istəyirsənsə, Türkiyə və Azərbaycanla münasibətlərini mütləq şəkildə tarazlaşdırmalısan. Nəzərə alsaq ki, Paşinyan və onun komandası hələ hakiyyətə gəlməzdən öncə durmadan Moskvanın əleyhinə çıxışlar edirdilər KTMT-dən Avrasiya İttifaqından çıxacaqlarını bəyan edirdilər, düşünürəm ki, indi bu qüvvələr həm hökumətdə, həm müxalif düşərgədə, həm də mediada güclənməkdədir. Bu adamlar özlərinin arqumentlərini ictimaiyyətə çatdırmağa çalışırlar. Təəssüflər olsun ki, on illər boyu erməni əhalisinin beynini yuyan millətçilik, separatizm xəstəlikləri, Azərbayacana və Türkiyəyə qarşı ərazi iddiaları asanlıqla müalicə olunmur.
Bəli, erməni cəmiyyətinin Rusiyaya etimadı ya tam itib, ya da ciddi şəkildə zəifləyib. Onu da anlayırlar ki, Moskvadan asıllıqları o dərəcədə yüksəkdir ki, birdən-birə arxa çevirməyin özü də təhlükəlidir. Digər tərəfdən nə Azərbaycan, nə də Türkiyə ilə hərbi müstəvidə mübarizəyə güclərinin olmadığını bilsələr də, yenə də iddialarından daşınmağa tələsmirlər. Amma inanmaq istərdim ki, erməni cəmiyyətində dediyimiz rasional istəklər güclənəcək və real nəticələr verəcək.
İmran BƏDİRXANLI
XQ