Yeni təhlükəsizlik arxitekturası: dünya nizamının böhranı və xilası

post-img

Nizamlılıq Kainat xaosun­da obyektlərin ən primitiv və ixtiyari qruplaşmasıdır.

Robert Şekli 

İndi filosoflar, politoloqlar və müxtəlif elm sahələrinin təmsilçiləri tez-tez “qlobal böh­ran”, “dünya nizamının böhranı”, “xaotik idarə olunan dünya sistemi” və sair neqativ duyğular yaradan ifadələr işlədirlər. 

Bu, əsassız deyildir. Həmin fikirlər dün­yanın müxtəlif regionlarında baş verən mü­naqişələr, hərbi toqquşmalar, radikal siya­si-ideoloji mübarizələr və bir sıra dövlətlərin dünya liderliyinə nəyin bahasına olursa-olsun can atmaları fonunda söylənilir. Belə qənaətə gəlinir ki, qlobal miqyasda beynəlxalq müna­sibətlərdə və etibarlı, davamlı təhlükəsizlik sisteminin formalaşmasında ciddi çətinliklər meydana çıxmışdır. 

Bu proses mənfi emosional təsirlə yanaşı, rasional surətdə böhran vəziyyətindən çıxmaq yollarının axtarışını da aktuallaşdırır. Həmin is­tiqamətdə indi dünyanın yeni təhlükəsizlik arxi­tekturasının formalaşmasından bəhs edirlər. Bu nə deməkdir? Öncə, bir sıra anlayışlara nəzər salaq. 

“Dünya nizamı” sistem kimi

“Dünya nizamı”, bir qayda olaraq, dünya sis­teminin konvensional (ingiliscədən tərcümədə “şərti”, “razılaşdırılmış”, ümumi qəbul edilmiş”) sistemliyini ifadə edir. Yəni öncədən müəyyən edilmiş konkret şərtlər əsasında dövlətlərarası münasibətlərin elə tənzimlənməsini nəzərdə tu­tur ki, bütövlükdə, dünyanı nizamlı sistem kimi təsəvvür etmək mümkün olur. Bu zaman dünya nizamı dövlətlərin və qeyri-dövlət aktorların qar­şılıqlı münasibətlərinin konkret prinsiplər üzrə təşkil edilməsi təmin olunmalıdır.

I yazı

Belə çıxır ki, “dünya nizamı” müt­ləq və təbii həqiqət deyildir – o hər zaman subyektlərin (bu halda dövlət­lərin) müəyyən edilən prinsiplərə görə razılaşdırılmış qarşılıqlı münasibətlər sistemidir. Burada həm öncədən razı­laşdırılma şərtlərinin, həm də iştirakçı subyektlərin (dövlətlərin) dəyişə bilmə­si şərti açıq qalır. Buna görə də əbədi dünya nizamı mövcud deyildir. Dünya təcrübəsi də göstərir ki, həmin səbəb­dən “dünya nizamı” adlandırılan və bir müddət etibarlı sistem kimi fəaliyyət göstərən dövlətlərarası münasibətlər kompleksi böhranla üzləşə bilər, üzə­rinə düşən nizamlama funksiyasını yerinə yetirə bilməz, praktiki sahədə səmərəsiz olar. Obrazlı desək, “dünya nizamı”nın böhranı imzalanan müqa­vilələrin şərtləri daxilində mövcud bey­nəlxalq reallığı iştirakçıların qəbul edə biləcəyi həqiqətə çevirə bilməməkdən başlayır. Ancaq bu son durumu, çıxış yolu mövcud deyildirmi?

“Çoxmərkəzçilik” və “çoxqütblülük”

Bu anlayışların geniş siyasi-nəzəri anlamına baş vurmadan bir sıra özəl­liklərini dünyanın yeni təhlükəsizlik arxitekturasının yaradılması aspek­tində vurğulayaq. “Çoxmərkəzçilik” beynəlxalq münasibətlərdə bir neçə təsir mərkəzlərinin varlığına əsasla­nan konsepsiyadır. Bu konsepsiyada dünyanın güc mərkəzləri həm avto­nom müstəqilliyə malik olurlar, həm də onlar arasında qarşılıqlı əlaqələr mövcuddur. Lakin əsas məsələ də bu qarşılıqlı əlaqələrin ziddiyyətsiz məz­mun kəsb etməsinin təmin olunması ilə bağlıdır. Beynəlxalq münasibətlər praktikası göstərir ki, “çoxmərkəzçilik” modelində maraqların uzlaşdırılma­sında münaqişəli situasiyalar yaranır, qeyri-bərabərlik və bərabər olmayan hüquqlar meydana çıxır (bir sıra güc­lü dövlətlər potensial imkanlarından istifadə edərək, digərlərinə qarşı qey­ri-hüquqi münasibət göstərirlər və s.), bu modeldə yekun qərar qəbuletmə də mürəkkəb ola bilir ki, səbəbi çox say­da maraq və baxış bucaqlarını ortaq mövqeyə gətirməyin çətin olması ilə əlaqəlidir. Nəticədə ciddi məsələlərdə konsensus təmin edilmir. 

Deməli, bir sıra müsbət cəhətlərinə baxmayaraq, hazırda mövcud olan “çoxmərkəzçilik” davamlı, etibarlı və universal təhlükəsizlik sistemi yarat­mağa yetərli deyildir. 

“Çoxqütblülük” dedikdə, dünyada iki və daha çox geosiyasi güc mərkəz­lərinin var olması şəraitində rəqa­bət, əməkdaşlıq və hətta qarşıdurma faktorlarının kompleks mövcudluğu nəzərdə tutulur. Bu termin amerikan mənşəlidir və xüsusi məna ifadə edir. Bu, bəzən onun birmənalı dərk edil­məsində ikili vəziyyətlər yaradır. 2012-ci ildə Təhlükəsizliyin Tədqiqinin Sü­rix Mərkəzində aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlmişlər ki, “çoxqütblülük” bir neçə müstəqil güc qütbünün formalaşmasına təkan ver­sə də, onlar arasında ortaq mövqeyə gəlmək şansı yüksək olmur. Xüsusilə, indiki mərhələdə qloballaşmanın ya­ratdığı qarşılıqlı münasibətlər sistemi­nin tələblərinə uyğun model formalaş­mır. “Qütblük” həm də “ayrılma”, “qarşı tərəfdə durma” anlamını verdiyindən meydana münaqişələr çıxır. 

Beləliklə, qlobal dünya nizamının formalaşmasına təhlükəsizlik arix­tekturasının yeniləşməsi prizmasın­da baxanda, indi aktual olan iki bey­nəlxalq münasibətlər konsepsiyası – çoxmərkəzçilik və çoxqütblülük üstün cəhətləri ilə yanaşı, neqativ aspektərə də malikdir. Onların hər ikisi dövlətlər və ya regionlar arasında qarşılıqlı mü­nasibətlərin ziddiyyətsiz, barışçıl və əməkdaşlığa yönəlmiş məcrada real­laşmasını tam təmin edə bilmirlər. Hə­min səbəbdən dünya miqyasında da­vamlı və etibarlı təhlükəsizlik sistemi qurmaq olduqca çətin hala gəlmişdir. Onun başqa bir səbəbi barədə filosof­lar, politoloqlar və analitiklər geniş ya­zırlar. Həmin səbəb politologiyada və geosiyasi təlimlərdə “dünya inforseri” adlanan bir fenomenlə əlaqəlidir. 

“Dünya inforseri” böhranı

Sualın qoyuluşu ritorik deyildir, metaforikdir. Çünki “dünya inforseri” anlayışı bir sıra siyasi nəzəriyyəçilər, analitiklər və filosoflar tərəfindən ak­tiv surətdə araşdırılır və ona fərqli məzmunlar verilir. Həmin sırada F.Fu­kuyamanın, N.Talebin, S.Sassenin, M.Olsenin, M.Langerin, L.Y.Blyaxerin, V.V.Volkovun və başqalarının adlarını xatırlamaq olar. 

“İnforcer” ingilis mənşəli termindir və geniş mənası vardır. Həmin anla­yış məhkəmə qaydaları çərçivəsin­də hüququn məcburi qəbulunu təmin edən şəxsdən tutmuş, küçədə cinayət­kar qrupun maraqlarını digərlərinə məcburən qəbul etdirən “qabadayı” və beynəlxalq münasibətlərdə dünya proseslərini beynəlxalq hüquq çərçi­vəsində lazım olduqda məcburi qəbul etdirən dövlət və ya dövlətlər qrupunu ifadə edir. Təbii ki, bu anlayışın tət­biq edilən sahənin özəlliklərinə uyğun fərqli anlamları vardır. Bizi beynəlxalq münasibətlər sistemi çərçivəsində dünya miqyasında təhlükəsizliyi təmin etmək aspektində inforserlik maraq­landırır. 

II Dünya savaşından sonra qlobal inforserlik funksiyasını ABŞ və SSRİ yerinə yetirirdi. Keçən əsrin 90-cı illə­rində bu sistem dağıldı. XXI əsrin ilk onilliklərində isə tam əminlik yarandı ki, real inforser yoxdur. ABŞ təkbaşına dünya nizamını təmin edə bilmir. Onun məsrəfləri qazancından çox olduğun­dan nəzəriyyəyə görə, səmərəli infor­ser ola bilməz. Reallıq da bunu sübut edir. Üstəlik, praktika göstərir ki, başda ABŞ olmaqla Qərb ikili standarta yol verdiyindən inforser kimi hüquqa əməl etmək şərtini ödəyə bilmir. 

Nəticədə, faktiki olaraq dünya qlo­bal sistem kimi (dünyanı sistem kimi qəbul etməyənlər də vardır), nizamlı deyildir və onu idarə edən nüfuzlu güc yoxdur. Bu da o deməkdir ki, qlobal təhlükəsizliyin yeni arxitekturası ya­radılmalıdır. Bu arxitekturanın başlıca əlamətləri nələr ola bilər və hansı güc­lərin yeni nizamda inforser rolunu oy­namaq şansı daha çox ola bilər? 

Dünya sistemində regional amilin yeni statusu

Konkret ifadə etsək, hazırda geosi­yasi təlimlərdə, siyasətin fəlsəfəsində və ayrıca politoloji araşdırmalarda re­gion faktorunun dövlət və qeyri-dövlət faktorları ilə müqayisədə beynəlxalq münasibətlərdə daha təsirli rol oyna­mağa başladığından bəhs edilir. Bu prosesin geosiyasi və siyasi-iqtisadi əsası keçən əsrin ortalarından qoyul­muşdur. Ayrıca, dünyanın ikiqütblü sisteminin (Qərb – SSRİ) dağılma­sından sonra regional miqyasda qar­şılıqlı əlaqələr bütün formasında və növündə daha da aktuallaşdı. Yalnız XXI əsrin başlanğıcında başda ABŞ olmaqla Qərb siyasi təfəkkürü anla­mağa başladı ki, region və regional münasibətlər faktorunun aktuallaşma­sı sadəcə “dünyanın fraqmentləşməsi” və ya “geosiyasi parçalanması” anla­mını vermir. Bu, faktiki olaraq regional əsasda beynəlxalq münasibətləri for­malaşdırmağın keyfiyyət və funksiya­ca yeni modelinə keçiddir. 

Həmin keçidin ilk nəzəri modelini isveçli tədqiqatçılar B.Hettne və F.So­derbaum “yeni regionalizm” konsep­siyasını (New Regionalism Theory) yaratmaqla ortaya qoydular. Bu kon­sepsiya qloballaşma şəraitində regi­onal faktorların qarşılıqlı asılılığı və qarşılıqlı təsirlərini ifadə edir. Yeni ya­naşmaya görə, regiona qlobal proses­lərə mane olan, əməkdaşlıq yolunda müxtəlif əngəllər yaradan siyasi-geo­siyasi-iqtisadi-mədəni vahid kimi bax­maq doğru deyildir. Əksinə, indi dünya təhlükəsizliyi və əməkdaşlığı sistemi məhz regionlararası münasibətlərin açar rolu oynaması tezisini qəbul et­məklə dayanıqlı və davamlı ola bilər. Faktlar da bunu təsdiqləyir.

2011-ci ilə regional müqavilələrin sayı 1990-cı illə müqayisədə 5 dəfə artmışdır. Bu tendensiya hazırda daha intensiv davam edir. Həmin müddətə qədər 16 regional təşkilat yaranmışdır ki, onların üçdə biri postsovet məkanı­na aiddir. Regional təşkilatların da sayı artmaqdadır. 

Lakin burada bir problem meyda­na çıxmışdır. Məsələ ondan ibarətdir ki, regional təşkilatların heç də hər biri uğurlu olmur və bəziləri, ümumiyyətlə, qısa müddətdə mövcud olur. Məsələn, Ümumdünya Ticarət Təşkilatının hesa­batına görə, 2011-ci ilə qeydiyyatdan keçən 489 təşkilatdan yalnız 297-si qüvvədə qalmışdır. Üstəlik, onların da 40 faizə yaxınının cəmi iki üzvü vardır. Bundan başqa, regional müqavilələrin 90 faizi güzəşt və azad ticarət zonası­nın yaradılması ilə bağlıdır. Onların sı­rasında 9 gömrük ittifaqı yaradılmışdır. Həmin müqavilələrin 4-ü Avropa İtti­faqı ilə əlaqəlidir. 4-ü iqtisadi ittifaqdır. 

Bunlardan başqa, dünya miqyasın­da təsiri olan müxtəlif geosiyasi, siyasi, iqtisadi, hüquqi, ekoloji, energetik regi­onal təşkilatlar, əməkdaşlıq formatları, yeni formullar meydana gəlməkdədir. 

Maraqlıdır ki, dünyanın regionla­ra bölünməsi məsələsində də yekdil mövqe yoxdur. Hazırda okeanlara, su hövzələrinə, dənizlərə, geosiyasi mə­kanlara, iqtisadi və energetik zonalara və başqa parametrlərə görə. Onlarca regional təşkilat vardır. Həmin sırada ASEAN, BRİKS, Qoşulmama Hərəka­tı, MDB, KTMT, TDT (Türk Dövlətləri Təşkilatı), GUAM, “Üç Dəniz Sistemi”, SADC SEATO CENTO SAARC və di­gərlərini göstərmək olar.

Regionlaşmanın geosiyasi baxım­dan başqa bir maraqlı cəhəti müxtəlif geosiyasi güclər arasında rəqabəti gücləndirmələri ilə bağlıdır. Məsələn, Qoşulmama Hərəkatı o dərəcədə nü­fuza malikdr ki, ona dünyanın digər böyük gücləri – ABŞ, Rusiya, Çin, Av­ropa İttifaqı qısqanclıqla yanaşırlar. Türk Dövlətləri Təşkilatının da son illər sürətli nüfuz qazanması Avrasiyadakı böyük güclərə təsir etməkdədir. Çinin Asiya-Sakit Okean Hövzəsindən baş­layan regional təşkilatlar qurması ilə ABŞ-ın həmin hövzədə yaratmağa çalışdığı regional təşkilatlar ciddi rəqa­bətdədir və bir sıra hallarda bu yarış dünya geosiyasi dinamikasına mənfi təsir edir. Həmin bağlılıqda Zəngəzur dəhlizinə müxtəlif geosiyasi güclərin münasibətinin regional əməkdaşlıq və təhlükəsizliyə təsiri məsələsi də get­dikcə daha çox aktuallaşır. 

Təhlükəsizlik arxitekturası: Azərbaycanın potensialı

Regionlaşmanın yuxarıda qısa vurğuladığımız fəlsəfi və siyasi-nəzə­ri xarakterli bir sıra özəllikləri ortaya çox maraqlı situasiyanın çıxdığını və onun fonunda qlobal təhlükəsizlik arxitekturasının yeni şanslı oyunçula­rının formalaşmaqda olduğu qənaə­tini almağa imkan verir. Məhz həmin aspektdə Azərbaycan Respublikası­nın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak potensialı və fəaliyyətində şanslı olmasının fəlsəfi, siyasi-nəzəri şərtləri böyük əhəmiyyət kəsb etməyə başlayır. Konkret olaraq, Azərbaycanın regional təşkilatlardakı fəaliyyətinin qlobal miqyasa transfor­masiya olunmasında daxili imkanları ilə regional və qlobal reallıqların mü­nasibətlərinin fəlsəfi-siyasi təhlili aktu­aldır. Həmin əsasda yeni təhlükəsizlik arxitekturasının yaradılmasında Bakı­nın rolu ilə bağlı bir neçə nəticə çıxar­maq olar. Öncə, bir neçə suala cavab axtaraq.

Cənubi Qafqaz regionunda əsas olaraq niyə məhz Azərbaycan götü­rülür? Bunun səbəbləri vardır. Onlar müxtəlif xarakterlidirlər və regionda gedən geosiyasi, siyasi, təhlükəsizlik, əməkdaşlıq, inteqrasiya və sülhya­ratma proseslərinin xüsusiyyətləri ilə əlaqəlidirlər. Biz, konkret olaraq, hansı faktları və faktorları nəzərdə tuturuq?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



Siyasət