Qalib Azərbaycan qarşı tərəfin bütün bəhanələrinə arqumentlərlə son qoydu – ÖZƏL ŞƏRH

post-img

Xəbər verdiyimiz kimi, 30 noyabr tarixində Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə beşinci görüş keçirilib.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.

Məsələni “Xalq qəzeti”nə şərh edən siyasi şərhçi Aydın Quliyev dedi ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə işçi qrupun görüşünün yenidən bərpası önəmli hadisədir: “Sülh danışıqları, delimitasiya və bu istiqamətdə işçi qrupunun yaradıcısı, eləcə də görüşlərin əsas təşəbbüskarı Azərbaycandır. Bu, bir daha Azərbaycanın sülhsevərliyini göstərir”. 

Aydın Quliyevin fikrincə, Ermənistan tərəfi hər cəhddə danışıqları yubatmağa çalışsa da, qalib Azərbaycan qarşı tərəfin bütün bəhanələrinə arqumentlərlə son qoydu. Ermənistan delimitasiya məsələsində qarmaqarışıq siyasəti ilə bir çox uydurma çıxışlar edir. Bu baxımdan, ölkəmizin uğurlu diplomatisyası sonda öz sözünü dedi. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət