Yaxud “məzlum Ermənistan” dramatizmi
Qərb dünyası, sanki, Ermənistanı himayəyə götürüb, ona hər cür dəstək göstərir. Müxtəlif bəyanatlar, hərbi və humanitar yardımlar – hamısı bir-birini əvəzləməkdədir. Bu, azmış kimi, İrəvanı müdafiə edən məqalələr də yazılmaqdadır. Buna bir o qədər təəccüblənmirik. Artıq belə tərəfkeşliyə, saxta təəssübkeşlik dolu hərəkətlərə öyrəşikliyik. Elə riyakarlıq dolu digər əməllərə də, həmçinin.
“Qoca qitə”nin özünü mütərəqqi sayan institutlarının ermənipərəstliyinə təəccüblənməsək də, haqqında söz açacağımız mövzu baxımından, Avropa Şurası kimi, bir növ, balans yaratmalı olan qurumun davranışını istisna saymalıyıq. Bəli, bilirik ki, bu təşkilat da son vaxtlar, belə demək mümkünsə, erməniləri müdafiə “trendinə” qoşulub. Mövcud xüsusdakı acınacaqlı durumun müxtəlif təzahür formalarının mövcudluğundan da xəbərdarıq. Ancaq indiki yanaşmaya ilk dəfədir rast gəlirirk. Söhbət AŞ-nin saytında yer almış məqalədən gedir. O məqalədən ki, orada Ermənistanın dayanıqlılığının gücləndirilməsi yolları ətrafında söz açılır. Amma yalnız bundan yox. Çünki sözügedən məqalə həm də anti-Azərbaycan mahiyyət daşımaqda, Cənubi Qafqaz siyasi akvatoriyası müstəvisindəki aşkar təxribatçılıq motivlərinə söykənməkdədir.
Əlqərəz, məqalədə bildirilir ki, avropalılar Ermənistanın daxili siyasi sabitliyini qoruyub saxlamaqla və onun müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə diplomatik əlaqə saxlamalıdırlar. Məqalədəki “avropalılar” ifadəsinə diqqət yetirin. Deməli, Ermənistanı müdafiə qitənin ideoloji kazusu şəklində qoyulur. İstər-istəməz Orta əsr “səlib yürüşləri”nin İsa Peyğəmbərin (ə.) qəbrinin kafirlərdən xilası şüarını yada salırıq. Nəzərə alaq ki, əsl məqsədi qarət və talançılıq, Şərqin zəngin torpaqları hesabına varlanmaq olan bu yürüşlər də ideoloji qiyafəyə bürünmüşdü. Deməli, Ermənistanı müdafiə də məfkurə davası şəklinə gətirilməkdədir. Bunu edən “köhnə qitə”nin hansısa adi təşkilatı olsaydı, anlayışla qəbul edərdik. Amma ortada Avropa Şurası var. O təşkilat ki, Azərbaycan da onun üzvüdür.
Bəli, bu qurumun saytındakı məqalədə bildirilir ki, Azərbaycanın bir ay davam etmiş blokadasından sonra bir neçə gün ərzində anklavın 100 minə yaxın sakini Ermənistana qaçıb. Burada Qarabağı nəzərdə tutan “anklav” ifadəsinə diqqət yetirək. Anklav bir dövlətin ərazisindəki başqa dövlətə məxsus ərazidir. Avropa Şurası nə demək istəyir? Yəni, hesab edir ki, Qarabağ Ermənistanın Azərbaycanla əhatə olunmuş ərazisidir?
***
Qarabağ ermənilərinə Ermənistanda sığınacaq verilməklə, böhranın dərhal aradan qaldırıldığının vurğulandığı məqalədə, eyni zamanda, bildirilir ki, Azərbaycan irəliləməyə qərar verərsə, Ermənistanın təhlükəsizliyi üçün başqa problemlər yarana bilər. Bu, nə deməkdir? Əlbəttə, Qarabağa Ermənistanın anklavı kimi yanaşan məqalə müəllifləri Azərbaycanın ərazini işğal etdiyi düşüncəsindədirlər və onlar “iştah yedikcə gəlir” məntiqi ilə hesab edirlər ki, Bakı hücumlarına ara verməyəcək. Yəni, Qarabağdan sonra növbə Ermənistanındır. Elə buna görə, daha doğrusu, “eskalasiyanın qarşısını almaq üçün Avropa İttifaqı ölkənin sosial dayanıqlılığını və müdafiə qabiliyyətini gücləndirmək üçün daha fəal işləməli, paralel surətdə diplomatik fəaliyyətini gücləndirməlidir”.
***
Əlbəttə, hazırda Qərb dünyasının Ermənistanı və erməniləri müdafiə tezislərində birinci məqam erməni dövlətçiliyini Azərbaycanın işğalından qorumaqdırsa, ikinci özünü qabarıq göstərən məsələ anti-Rusiya xəttinin seçilməsidir. Avropa Şurasının saytındakı məqalənin müəllifləri də “ənənəvi” şparqalkaya istinadı yaddan çıxarmayıblar. Məqalədə bildirilib ki, “Qarabağda dislokasiya olunmuş Rusiya “sülhməramlı” kontingentinin zəif fəaliyyəti, eləcə də 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistan ərazisinə hücumundan sonra Moskvanın erməni müttəfiqinə dəstək vermək istəməməsi və nəhayət, sentyabrın 19-da Azərbaycanın həmləsinə heç bir cavab verməməsi, bir çox erməninin Rusiyanın təhlükəsizlik dəstəyindən şübhələnməsinə səbəb oldu.
Yəqin, Qarabağdakı Rusiya sülhməramlı kontingenti barədə söz açılarkən, “sülhməramlı” sözünün dırnaq işarəsində yazıldığına diqqət yetirdiniz. Yəni, Moskvanın rolu elə bu ifadə ilə də heçə endirilir. Digər tərəfdən, ümumən, məsələnin qoyuluşunda primitivlik və təxribat motivi var. Birincisi, Rusiyanın müttəfiqi Ermənistanı darda qoyması fikri aşılanır. Daha dəqiq desək, Kremlin müttəfiqlik öhdəliklərinə əməl etməməsi. İkincisi, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib. Ölkəmiz yalnız erməni silahlı qüvvələrinin təxribatının qarşısını alıb, təxribat nöqtələrini zərərsizləşdirib, habelə şərti sərhəddəki strateji nöqtələri ələ keçirib ki, gələcək hərbi təxribatların qarşısının alınması səmərəli olsun. Bunu işğal kimi dəyərləndirmək isə ancaq ermənipərəst ritorikanın zay məhsuludur. Üçüncüsü, Azərbaycan sentyabrın 19-da özünün qanuni ərazilərində konstitusyon hüquqlarını bərpa etmək üçün lokal xarakterli antiterror tədbirləri reallaşdırdı. Buna qarşılıq Rusiya sülhməramlı kontingenti nə edə bilərdi? Bəlkə Azərbaycan ərazisində ölkənin hərbi birləşmələrinə qarşı döyüşməli idi?
***
Məqalədəki daha bir təxribatçı məqama diqqət yetirək. Bildirilir ki, Prezident İlham Əliyev, guya, mütəmadi olaraq, Qərbin rəhbərlik etdiyi danışıqlar formatında hansısa məsələdə razılığa gəlmək istəmədiyinə dair siqnallar göndərir və bunun əvəzində Rusiya və Türkiyənin iştirakı ilə nizamlanmanın tərəfdarıdır: “Belə bir ssenaridə Türkiyə, Azərbaycan və Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanı güzəştə getməyə, o cümlədən, quru “dəhlizinin” yaradılmasına məcbur etmək üçün Avropa İttifaqı və ABŞ-ı istisna edən formatda birləşə bilər. Bundan sonra Paşinyan zəifləyəcək və Ermənistanın daxili sabitliyi daim təhdid altında olacaq. Bu, ola bilsin, daxili sabitliyin pozulmasına yol açacaq və ölkəni xarici müdaxilələrə qarşı daha həssas edəcək”.
Göründüyü kimi, məqalədə məqsəd Azərbaycan–Ermənistan münasibətləri müstəvisində geosiyasi trek formalaşdırmaqdır. Əlbəttə, ön planda “məzlum Ermənistan” obrazını yaratmaq dayanır. Üstəlik, Azərbaycan, Türkiyə və Rusiya antipot qiyafəsində Qərb dünyasına qarşı qoyulur. Sanki, bu “üç əjdaha” birləşib Ermənistanı udmaq istəyir. Məqalə deyil, tam bir nağıl ssenarisidir. Ən biabırçı məqam bu nağılın Avropa Şurasının saytına yol tapmasıdır.
***
Yeri gəlmişkən, nağılların birində deyilir ki, gözəl qızı əjdahaya ərə verirlər, amma o, durumla barışmaq istəmir. Axırda gözəl qızın əjdahanı sevməkdən başqa əlacı qalmır. İndiki halda, AŞ-nin saytında yayımlanmış məqalədə Ermənistan həmin “gözəl qız”dır. Ölkənin “daxili sabitliyinin daim təhdid altında” qalması isə onun məcburi izdivaca məhkum edilməsidir. Görünür, Avropada Ermənistanın Qərbdən uzaqlaşmasından qorxurlar. Əlbəttə, İrəvanın buna getməsi mümkündür. Amma təkcə ona görə yox ki, baş nazir Nikol Paşinyan administrasiyası özünün yarıtmaz siyasəti səbəbindən daimi təzyiq altındadır və Qərbin ona dəstək adı altında etdikləri sabun köpüyündən başqa bir şey deyil. O səbəbdən ki, erməni xisləti üçün belə “gedişlər” və xəyanət çox adi haldır.
***
Guya Türkiyə və İsraildən hərbi dəstək aldığı üçün Azərbaycanın Qarabağdakı hücuma hazırlaşmasının üç həftə çəkdiyinin vurğulandığı məqalədə ölkəmizin Ermənistanın Sünik bölgəsinə, yəni Zəgəzura hücumunun reallaşmasının da təxminən eyni vaxt tələb etdiyi iddia olunub və bildirilib ki, birinci ssenari kimi, ikinci də İrəvan üçün dramatik nəticələr doğuracaq: “Ona görə ki, onun kövrək demokratiyası daxili narazılıqlar və Rusiyanın təzyiqi ilə təhdid ediləcək”.
Bəli, Ermənistanın “demokratiya qalası” obrazı formalaşdırılır. Əvvəldəki “səlibçilik” məntiqi artıq antidemokratik qüvvələrin demokratlara hücumu ritorikası ilə əvəzlənir. Bu yerdə növbəti təxribata baş vurulur. Bildirilir ki, Aİ regional aktorlara yaxın qonşuluğundakı sərhədlərin dəyişdirilməsinə icazə verərsə, onun etibarı əhəmiyyətli dərəcədə sarsılacaq, qurum çox ziyan görəcək və bu onun Ukraynanın ərazi bütövlüyünə sadiqliyini gözdən salacaq.
Üstəlik, Zəngəzur üzərindən quru dəhlizinin hərbi, yoxsa danışıqlar yolu ilə yaradılmasından asılı olmayaraq, orada Rusiya qoşunlarının nəzarətinin gerçəkləşməsi, Avropa üçün ciddi risklər formalaşdırır. “Bu, Türkiyə və Azərbaycanın Rusiyanın dəstəyi ilə Avropanı Mərkəzi Asiya və Çinlə əlaqələndirən əsas marşrutlardan biri olan Qara dənizi Xəzər dənizinə birləşdirən dəhlizə faktiki nəzarətini şərtləndirəcək. Avropa İttifaqı qısa, orta və uzunmüddətli çağırışları həll etməklə, belə bir ssenarinin qarşısını almaq üçün hərəkətə keçməlidir” kimi fikirlərin yer aldığı məqalədə Aİ-nin, ümumən Qərb dünyasının Ermənistan dirənişi baxımından üç hədəf müəyyənləşdirilir. Bunlardan birincisi, hərbi eskalasiyanın qarşısını almaqdır. İkinci vəzifə Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsidir. Mövcud xüsusda ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı təmsilçiliyi qabardılmaqla, bu təmsilçiliyin İrəvanın müdafiə qabiliyyətinin artırılmasına dəstəkdən imtina üçün bəhanə qismində qiymətləndirilməməsinin zəruriliyi vurğulanır. Məqalədə Aİ üçün müəyyənləşdirilmiş üçüncü hədəf isə Azərbaycan–Ermənistan sülh nizamlanmasına dəstək məqsədi ilə tədbirlər görməkdir.
***
Sonda bir daha vurğulayaq ki, hazırda bütövlükdə Qərb Ermənistanı müdafiə trendinə qoşulub və mövcud prosesdə əsas məqam dünyanın diqqətini Ermənistan üzərinə yönəltməklə, Cəbubi Qafqaz müstəvisindəki qlobal maraq və mənafelərin təmin edilməsidir. Haqqında söz açdığımız məqalənin məzmunundan da göründüyü kimi, bunun üçün mütərəqqi dəyərlər tapdanır, normalar gözlənilmir.
Ə.RÜSTƏMOV
XQ