Vaşinqton bu gün də Ankaraya qarşı “erməni kartı” ilə oynayır
Dünən ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, ölkəsinin Bakı-İrəvan sülh tənzimləməsinə önəm verməsindən, danışıqları dəstəkləməsindən söz açıb. Yəni, cənab Blinken son zamanlar ənənəvi olaraq səsləndirdiyi fikirləri yenidən dilə gətirib. Söhbətimiz, bilavasitə, bu barədə deyil. Nə də ümumən Qərbin Azərbaycanla Ermənistan arasındakı sülhyaratma prosesində iştirakından söz açmaq niyyətindəyik. Məqsədimiz Vaşinqtonun davamlı olaraq özünü göstərən riyakarlığı barədədir. Fikrimizi əsaslandırmaq üçün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin bir neçə gün əvvəlki açıqlaması üzərində dayanacağıq.
***
Məlum olduğu kimi, cənab Çəlik ABŞ-ın F-16 qırıcı təyyarələrini Türkiyəyə vermək üçün ölkəyə şərt qoyduğunu vurğulamışdı. Şərt isə Azərbaycan imiş. Daha doğrusu, sən demə, Birləşmiş Ştatlar Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edibmiş.
Əlbəttə, ilk baxışdan, ağıla gəlməyən yanaşmadır. O boyda ölkənin tələbinə baxın. Ancaq qətiyyən təəccüblənmirik. Hazırda kollektiv Qərbin ermənipərəstliyindəki yüksək fazanı nəzərə alsaq, Türkiyəyə qarşı belə bir sərsəm iddianın irəli sürüldüyünə qətiyyən şübhə yeri yoxdur.
***
Əvvəla, Türkiyə istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra daim Azərbaycanın yanında dayansa da, bu, yalnız mənəvi və siyasi dəstək xüsusunda özünü göstərmiş hadisədir. Doğrudur, qardaş ölkənin pilotsuz uçuş aparatları Azərbaycan Ordusunun arsenalında mühüm yeri tutmaqdadırlar. Ancaq Ordumuzda hansı ölkənin silahlarından yoxdur ki? Necə deyərlər, puluna minnət. Biz Ermənistan kimi miskin durumda deyilik ki, kimlərinsə alətinə çevrilib silahlandırılaq! Öz vəsaitimiz hesabına silah almışıq və onu da haqq işimiz naminə istifadə etmişik. Edəcəyik də.
Belə çıxır ki, ABŞ Azərbaycanın haqq işini əngəlləmək yolu tutubmuş və buna görə də Türkiyəyə təzyiq göstərirmiş. Əslində, məsələnin özü də tanış mənzərədir. İş ondadır ki, indi də Qərb, o cümlədən ABŞ Türkiyə vasitəsilə Azərbaycan–Ermənistan danışıqlarına təsir göstərməyə çalışır. Hesab edir ki, Ankara Ermənistan bazarına şirniklənib Bakını hansısa məsələlərə razı salmaq istəyəcək. Üstəlik, Vaşinqtonda belə düşünürlər ki, Türkiyə regional güc kimi Zəngəzur dəhlizinin Ermənistan ərazisindən, İrəvanın yurisdiksiyası əsas götürülməklə, keçməsi istiqamətində də Azərbaycanı razı salmaq potensialındadır. Çox güman, mövcud xüsusda qardaş ölkəyə ünvanlanmış müəyyən qapalı mesajlar da var.
***
Elə AKP-nin ali təmsilçisi Ö.Çəlikin fikirləri də qapalı mesaj təsiri bağışlamaqdadır. Bu mesajın dar siyasi auditoriya çərçivəsində irəli sürüldüyü aydındır. Heç şübhəsiz, cənab Çəlikin indi onun barəsində söz açmasında da müəyyən səbəblər var. Hər halda mümkündür ki, Türkiyə beynəlxalq aktorlara Azərbaycanın onun üçün necə böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərmək niyyətindədir. Elə Birləşmiş Ştatlar rəsmilərinin də diqqəti yenidən bu məsələyə yönəltmələrində böyük fayda var. Bəlkə məsələnin mahiyyətini duyub “erməni sevdasından” əl çəkərlər. Daha doğrusu, Ermənistanı alətə çevirib Cənubi Qafqazda qlobal oyunlar qurmağı kənara qoyarlar...
Əlqərəz, cənab Çəlikin açıqladığı məsələ ABŞ-ın nəinki haqq və ədalətə, eyni zamanda, müttəfiq və tərəfdaş anlayışına baxışını ifadə edən, kifayət qədər, ciddi məqamdır. Deməli, ölkə üçün bu anlayış yoxdur. Çünki Birləşmiş Ştatlar özünü hegemon sayır. Elə hesab edir ki, hamı ilə təzyiq dilində danışmaq kimi müstəsna səlahiyyəti, yaxud imtiyazı var. Görəsən nədən? Ölkə iqtisadi və hərbi qüdrətinəmi güvənir? Əlbəttə, güvənməsi normaldır, ancaq, bu, o deməkdirmi ki, hərbə-zorbalıq edə bilər? Məgər, Birləşmiş Ştatlar hər öküz üçün konserva qutusu aqibətinin labüdlüyünü görmürmü? Yoxsa, ABŞ Vyetnam müharibəsində məğlubiyyətə uğrayıb rüsvayçılıqla üzləşəndə, dünyanın super gücü deyildi? Eyni statusda idi, ancaq böyük uğursuzluq yaşadı. Deməli, dünyada heç də hər şeyi gücün həll etmədiyi anlar da olur. Bəlkə, Ağ ev rəsmiləri gücün siyasətlə vəhdət təşkil etməli olduğuna dair Amerika fikir adamlarının, mütəfəkkirlərinin yazdıqları kitabları oxumayıblar? Nə desən mümkündür. Görünür, ABŞ, necə deyərlər, mizan-tərəzini itirib.
Bəli, indiki durumda heç bir ölkənin, o cümlədən ABŞ-ın Türkiyə ilə təzyiq dilində danışacaq əzmi yoxdur. Elə Azərbaycanla da. Bunu Vaşinqtonda nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır. Yeri gəlmişkən, bu dərketmə Qərbin durmadan əzizlədiyi Ermənistan üçün də faydalıdır. Bilavasitə Birləşmiş Ştatların F-16 və F-35 qırıcı təyyarələrini Türkiyəyə verməkdən imtinasına gəlincə, bunun konkret səbəbləri var. Əlbəttə, üzdə olan və populyar səbəb hər kəsə yaxşı məlumdur. Türkiyəyə “Patriot” raketləri verməyən ABŞ ölkənin öz müdafiəsi üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına qarşı çıxmış, mövcud səbəbdən Ankaranı F-35 istehsal proqramından çıxarmışdı.
Ancaq burada başqa bir səbəb də var. Bir sıra hərbi ekspertlər çox inamla bildirirlər ki, Türkiyə artıq istər F16-lar, istərsə də F-35-lər üçün lazım olan ehtiyat hissələrinin böyük qismini özü istehsal edir. Bu isə ölkənin həmin komponentlər üzrə milli döyüş təyyarəsi istehsalını gerçəkləşdirməsi deməkdir. Son illər qardaş ölkənin hərb sənayesinin, xüsusən də qırıcı təyyarə istehsalı sahəsindəki uğuru da haqqında söz açdığımız irəliləyişin bariz göstəricisidir. Heç şübhəsiz, ABŞ-da bundan xəbərdardırlar. Axı, Birləşmiş Ştatların müttəfiqi Türkiyəyə münasibətdəki ikiüzlülüyünün arealı genişdir. Ona görə məsələyə, yəni ümumən Ankaranın güclənməsinə münasibətdə qısqanclıq hökm sürür. Deməli, Azərbaycana yardımla bağlı duruma fokuslanmaq Vaşinqton üçün yalnız bəhanə və siyasi gediş mahiyyəti daşıyıb. Həm də uğursuz gediş.
Ə.CAHANGİROĞLU
XQ