Nazir Anar Əliyev ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib, uğurlu təcrübələrimizi bölüşməyə hazır olduğumuzu bildirib.
Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı keçirilib. Konfrans “Yerli Təcrübələr, Qlobal Nailiyyətlər: İslam Dünyasında Uğurlu Hekayələr” mövzusuna həsr olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İƏT-in fəal üzvü olan Azərbaycanın dünyada İslam həmrəyliyinin və dəyərlərinin təbliğində mühüm rolunu vurğulayıb. Ölkəmizin son illər Təşkilatın bir sıra yüksək səviyyəli tədbirlərinə, o cümlədən 2013 və 2023-cü illərdə Əmək Nazirlərinin Konfransına ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İƏT-in Bakıda yaradılan və ötən il fəaliyyətə başlayan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini, Mərkəzin ötən ay keçirdiyi beynəlxalq tədbirləri diqqətə çatdırıb.
Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını, bir Protokolunu ratifikasiya edib və hazırda daha dörd Konvensiyanın da ratifikasiya imkanları nəzərdən keçirilir. Həmçinin qadınlar üçün məşğulluq imkanlarının artırılması sahəsində son illər mühüm irəliləyişlər əldə edilib. Dünya Bankının “Qadınlar, Biznes və Hüquq” hesabatına əsasən, Azərbaycan dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.
Anar Əliyev ölkəmizdə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələrini, əmək bazarındakı müasir çağırışlara uyğun tətbiq edilən yeni məşğulluq xidmətlərini qeyd edib. O, iş yerlərinin yaradılmasını dəstəkləyən yeni aktiv məşğulluq proqramlarına başlandığını diqqətə çatdırıb. Bildirib ki, işçi qüvvəsinin bacarıqlarının inkişafına yönəlmiş peşə hazırlığı proqramı və gəncləri gələcək əmək bazarına hazırlamaq üçün peşəyönümü xidmətləri genişləndirilərək təkmilləşdirilib və artıq beynəlxalq əmək bazarının tələblərinə uyğun 1400-ə yaxın peşə və ixtisas standartı hazırlanıb.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən 159 xidmətin 90 faizdən çoxunun rəqəmsal qaydada təqdim edildiyini bildirən nazir DOST modelinin uğurlarını, bu modelin Azərbaycanın yeni milli brendinə çevrildiyini vurğulayıb. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlər üçün həyata keçirilən məşğulluq tədbirlərini qeyd edib. Əmək və sosial müdafiə sahəsində uğurlu təcrübələrimizi İƏT-ə üzv dövlətlərlə bölüşməyə və təcrübə mübadiləsi aparmağa hazır olduğumuzu vurğulayıb.
Konfrans çərçivəsində Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin birinci müavini Abdullah Abuthnain və İordaniya Haşimilər Krallığının əmək naziri Xaled Al Bakkar ilə görüşüb.
Görüşlərdə sosial islahatlar, məşğulluq proqramlarının icrası, habelə əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması prosesində təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti vurğulanıb. Sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Mustafa Kamal
XQ