ABŞ-ın “51-ci ştat”ı – Ermənistan

post-img

Qərb–İrəvan “izdivacı” və Cənubi Qafqazda qlobal maraqlar 

Yaxud amerikan-erməni siyasi məsləhətləşmərinə və O’Braynın pozucu manifestinə sözardı

Yalnız o qaldı ki, Ermənistanda referendum keçirilsin və ölkə rəsmən ABŞ-ın tərkibinə qatılsın. Hazırda Amerikanın ştatlarının sayı 50-dir. Hər birinin öz bayrağı və çox güman, başqa atributları da var. Ermənistan isə faktiki olaraq 51-ci ştatdır. Amerika leksikonuna uyğunlaşdırılması üçün ölkənin adını kiçiltmək də olar. Məsələn, “Ermos” dilə daha yatımlıdır. Erməni alimləri də elmi icadlar uydurarlar ki, bəs, sən demə “Ermos” Amerikada hindulardan əvvəl yaşayıb. 

Mövzuya məhz belə başlanğıc etməyimiz heç də təsadüfi deyil. ABŞ–Ermənistan hökumətlərarası məsləhətləşmələrində əldə edilmiş razılaşmaları başqa cür qiymətləndirmək, sadəcə, mümkünsüzdür. Bəli, Vaşinqton İrəvanı himayəsinə götürür. Əlbəttə, baş nazir Nikol Paşinyan administrasiyasının ­Qərbpərəst olduğu məlum idi. Amma hesab edirik ki, sözügedən məsləhətləşmələr sonrası çıxarılmış qərarlar yalnız aşkar tərəfkeşlik göstəricisi yox, eyni zamanda, ABŞ-la Ermənistan arasında siyasi kəbinin bəndləridir. Həmin qərarlarla bağlı ayrı-ayrı müddəalar isə el dilində desək, süd puludur. ­ABŞ-ın Azərbaycandakı səfirliyindəkilər “süd pulu” ifadəsindən bir şey anlamasalar, orada çalışan azərbaycanlılardan soruşsunlar. Güman edirik ki, ikincilər birincilərin izahına qulaq asa-asa Ermənistanın “zifaf gecəsi”nin təsəvvürünü canlandıracaqlar. 

Bəli, ABŞ və Ermənistan arasındakı yüksək səviyyəli məsləhətləşmələr nəticəsində çıxarılan qərarlar qəti şəkildə onu deməyə əsas verir ki, İrəvan nəinki anti-Rusiya kursunu davam etdirir, habelə bu kursun perspektivi baxımından son dərəcə ciddi impuls qazanır. Əlbəttə, bizim üçün maraqlı olan heç də bilavasitə Rusiya-Ermənistan münasibətləri deyil. Başlıca məqam İrəvanın Birləşmiş Ştatlardan qazandığı dividenddən Azərbaycan əleyhinə bəhrələnməsidir. Bunu isə yüz faiz edəcək. Artıq ABŞ rəsmilərinin mövcud istiqamətdə ürəkləndirici çıxışları da var ki, yazımızda həm bu barədə, həm də ümumən Birləşmiş Ştatların Ermənistanı himayəyə götürməsinin Cənubi Qafqaz bölgəsinə neqativ təsirlərindən söz açacağıq.

Nə Ermənistan dövləti, nə də cəmiyyəti o şüur və təfəkkür səviyyəsində deyil ki, Azərbaycanla, o cümlədən digər qonşularla normal münasibət saxlasın. Bunu amerikalılar yaxşı bilirlər. Türkiyəni, İranı, Rusiyanı bir kənara qoyaq, hətta Gürcüstan belə erməni avantürizmindən sığortalanmayıb. ABŞ-ın “dəstək aksiyası” isə heç şübhəsiz, erməni avantürizmini körükləyəcək. Vaşinqtonda bunu düşünməlidirlər. Düşünməli və sual etməlidirlər: Cənubi Qafqazda sülh yaranacaqmı? 

Yeri gəlmişkən, Birləşmiş Ştatlar Ermənistana dəstək aksiyası ilə eyni zamanda ölkəni Fransanın himayəsindən qoparmış durumdadır. Vaşinqton Parisin indiyədək gerçəkləşdirdiyi ermənipərəstlik siyasətinə də kökündən zərbə vurur. Axı, Ağ ev Prezident Emmanuel Makron administrasiyasının təəssübkeşliyindəki mənasızlığın yerini əməli addımlarla doldurmaq əzmini nümayiş etdirir. Bir sözlə, Ermənistanı Fransanın “güllü ətəyindən” götürüb öz qucağına qoyur. Əlbəttə, məsələ böyük iddialarda olan Makronu düşündürməlidir və düşündürəcək də. 

İrəvanın Moskvadan “müdafiə çətiri” və ya Qərbin Ermənistan üçün Gürcüstan ssenarisi

Bəli, ABŞ-Ermənistan hökumətlərarası məsləhətləşmələri nəticəsində verilmiş qərarlar ikincinin Rusiyadan “müdafiə çətiri”dir. Amma ilk baxışdan. Həmin qərarlara diqqət yetirək. Preambula belədir ki, Rusiya Ermənistana təzyiq göstərərsə və ya embarqo tətbiq edərsə, ABŞ Ermənistana güclü dəstək verəcək. Razılaşmalara əsasən söhbət aşağıdakı məsələlərdən gedir:

1. Ermənistanın dizel yanacağı və lazımi enerjidaşıyıcılarla təminatı;

2. “Metsamor” Atom Elektrik Stansiyasının Rusiyadan alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda bu təminata “Rosatom” cavabdehdir). Birləşmiş Ştatlar, həmçinin, AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır;

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təminatı; 

4. Ehtiyac yaranacağı təqdirdə, Ermənistanın internet provayderləri ABŞ-nin peyk interneti ilə təmin olunacaqlar;

5. Rusiyanın mümkün kəskin sanksiyaları nəticəsində xarici valyuta kəsiri yaranarsa, Birləşmiş Ştatlar Ermənistanda valyutanın mümkün defisitini qarşılamağa hazırdır;

6. Ermənistan ordusu lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, ölkənin təhlükəsizlik orqanları, o cümlədən polisi lazımi texniki dəstək alacaq. 

Qeyd edək ki, Birləşmiş Ştatlar İrəvanın bütün yuxarıda göstərilmiş bəndlər üzrə, hətta artıqlaması ilə Vaşinqtondan dəstək alacağına zəmanət verir. Yəqin, təsəvvür edirsiniz ki, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya İqtisadi İttifaqında təmsil olunan Ermənistanın ABŞ-dan bu qədər genişmiqyaslı yardım paketindən bəhrələnməsi nə deməkdir. Deməli, Paşinyan özünün anti-Rusiya xəttini heç bir diskomfort hiss etmədən davam etdirə biləcək. Düşünməyəcək ki, Moskva onu hansısa formada sıxa bilər. 

Bəs, Ermənistan bundan sonra Rusiyaya qarşı hansı konkret addımları atacaq? Əlbəttə, adını çəkdiyimiz bloklardan uzaqlaşmaq əsasdır. Ən əsas məsələ isə Ermənistandakı 102-ci Rusiya hərbi bazasının ərazidən çıxarılmasıdır. Heç şübhəsiz, Paşinyan bununla bağlı ara-sıra etdiyi zümzümələri açıq fazaya keçirəcək. Necə ki, Qarabağdakı Rusiya sülhməramlılarının lazımsızlığını bildirirdi, eyni ritorikanı Gümrüdəki hərbi bazanın üzərinə daşıyacaq. 

Digər məqama diqqət yetirərək Rusiyanın hazırkı durumda Ermənistana qarşı hansı addımlar ata biləcəyi üzərində dayanaq. Yada salaq ki, rəsmi Moskvanın nümayəndələri son zamanlar çox tez-tez Ermənistanın iqtisadi baxımdan güclü inkişaf etdiyinə dair fikirlər səsləndirməkdə idilər. Bunu Prezident Vladimir Putin də dilə gətirmişdi. Son dəfə isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə kifayət qədər ciddi vurğu qoymuş və bildirmişdi ki, dünyada heç bir ölkə Ermənistan qədər iqtisadi inkişaf tempinə malik deyil. İlk baxışdan Kreml təmsilçilərinin belə fikirlər söyləməsi qəribə görünürdü. Amma indi hər şey üzə çıxır. Məlum olur ki, Paşinyan və komandasının haqqında fəxrlə danışdıqları iqtisadi artım Şimaldan gələn maliyyə axını və güzəştli Rusiya xammalı üzərində qurulub. Əlbəttə, Kremldə bunu çox yaxşı görürlər və ona görə də istər Putinin, istər Peskovun, istərsə də digərlərinin xatırlatmaları erməni iqtidarına eyhamlar idi. Təxminən belə: Ermənistana yaxşı dolanışıq lazımdırsa, onu təmin edirik. Ölkə heç yerə boylanmasın. Yeri gəlmişkən, Putin və komandası zamanında Qarabağla bağlı da İrəvana xoş mesaj göndərmişdi. Amma görünən budur ki, Paşinyan nəticə çıxarmadı. 

Hazırda Ermənistanın nəticə çıxarmadığının ən böyük göstəricisi ABŞ-la məlum sövdələşmələrin aparılmasıdır. Belə olan halda Rusiya hansı addımları atacaq? Nəzərə alaq ki, Vaşinqton sözügedən sövdələşmələrlə, faktiki olaraq, Moskvanın İrəvana bütün mümkün təzyiq rıçaqlarını heçə endirməkdədir. Bu yerdə rus telekanallarındakı siyasi tok-şouların anti-Paşinyan məntiqi heç nəyə yaramır. Reallığa əsaslanıb sual verək: Ermənistan malları üçün Rusiya bazarları tam şəkildə bağlanacaqmı? 

Vaşinqton-İrəvan məsləhətləşmələrindəki taxıl məsələsinə gəlincə, Azərbaycanın ərazilərini işğaldan azad etməsindən sonra Ermənistanın ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib. Məlum olduğu kimi, Qarabağdakı separatçı rejim ərazilərimizdə qeyri-qanuni şəkildə taxıl yetişdirilməsi ilə məşğul olurdu. Təsəvvür edin, Ermənistanın taxıl tələbatının 80 faizini işğal edilmiş ərazilər ödəyirdi. Sonra İrəvan boşluğu Rusiyanın hesabına doldurmağa başladı. Bəs indi?

Hesab etmirik ki, hazırkı durumda Kreml emosiyalara qapılıb qeyri-rasional addımlar atacaq. Amma nə isə etməlidir. Əks halda, “Ermənistan qatarı”nın ondan sürətlə uzaqlaşmasının qarşısını almaq mümkünsüzə çevriləcək. Ümumən, Rusiya Ermənistan vasitəsilə ona Cənubi Qafqazda vurulan zərbəni aradan qaldırmağa, sadəcə, məcbur durumdadır. Necə ki, Ukrayna ilə müharibəyə girişmək məcburiyyətində qaldı, indi də oxşar vəziyyət yaşanmaqdadır. Ancaq Ukraynadan fərqli olaraq, Cənubi Qafqaz müstəvisində bir çox amillər Kremlin xeyrinə kimi görünür. Yəni silahları dindirməyə ehtiyac yoxdur. Yəni Qərbin bölgədə İrəvana fokuslanaraq geosiyasəti dəyişmək cəhdinə qarşı təbii müqavimət var. 

Haşiyə çıxaq ki, Qərb vaxtilə Gürcüstanda Mixeil Saakaşvilini hakimiyyətə gətirməklə həyata keçirdiyi fəaliyyəti, indi Ermənistan üzərinə kökləyib. O zaman da gürcü polislərinin maaşını ABŞ Dövlət Departamenti ödəyirdi, indi də təxminən elə bir gözlənti var. O zaman da ABŞ uniformasında olan gürcü ordusu Rusiyanı yenəcəyini düşünmüşdü, indi də durum aşağı-yuxarı eynidir. 

Hazırda Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşmaqda, silah-sursat toplamaqdadır. Yəni, ölkənin hədəfi bəllidir. Görəsən, Birləşmiş Ştatlar bunu düşünürmü? Yoxsa, kollektiv Qərb özünün qlobal neft-qaz, enerji maraqlarını da Ermənistanın işğalçılıq niyyəti ilə gerçəkləşdirməyə girişib? Çox güman, ABŞ-da İrəvanı hansı oyuna saldıqlarının fərqindədirlər. Vaşinqtonun oyununun incəliklərinə gəlincə, bununla bağlı artıq bəzi məqamlar səslənməkdədir.

Qərbin anti-Azərbaycan kursu və Cənubi Qafqazda siyasi şəkillənmə

“Biz açıq şəkildə dedik ki, sentyabrın 19-dan sonra sülhün bərqərar olması istiqamətində irəliləyiş görməyincə, Azərbaycanda heç bir şey normal davam etməyəcək”. Belə bir “siyasi ekstravaqantizmə” söykənmiş açıqlamanın müəllifi ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayndır. Bu şəxsin başqa nələrdən söz açmasına diqqət yetirəcəyik. Hələlik isə onu bildirək ki, Azərbaycanın sentyabrın 19-da keçirdiyi uğurlu antiterror tədbirləri ilə suverenliyinə qovuşması kollektiv Qərbin, loru dildə desək, kürkünə birə salıb. Belə görünür, “qaşınanlardan” biri də C.O’Brayndır. O, əslində yuxarıdakı fikri ilə bir sıra mətləblərə aydınlıq gətirir. Məlum olur ki, Avropa İttifaqının himayəsi ilə kollektiv Qərbin antiterror tədbirlərinədək Azərbaycan-Ermənistan nizamlamasındakı istəyi Qarabağdakı status-kvonu – separatçılığı saxlamağa xidmət edirmiş. Deməli, Azərbaycanın qətiyyəti maskaların yırtılmasına səbəb olub. İstər O’Braynın fikirləri, istərsə də Aİ-nin təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin üç gün əvvəl açıq tekstlə Bakıya hədə-qorxu gəlməsi bunun göstəricisidir. Əslində, ikinci kimi birinci də hədə-qorxu gəlməklə məşğuldur. 

Qeyd edək ki, Birləşmiş Ştatlar rəsmisi fikirlərini ölkə Konqresinin Nümayəndələr Palatasında Qarabağla bağlı keçirilmiş dinləmələr zamanı açıqlayıb. Onun sözlərindən biri bu olub ki, ABŞ və Avropa Ermənistanı transatlantik birliyə yaxınlaşdırmaq üçün birgə plan hazırlayır. Heç şübhəsiz, bu plan İrəvanı hərbi baxımdan gücləndirmək niyyətidir. Yəni, faktiki olaraq ABŞ–Ermənistan məsləhətləşmələrində nəzərdə tutulanlardan biri də budur. Həm də ona görə budur ki, O’Braynın İrəvanı transatlantik məkana yaxınlaşdırmaq məntiqi Avropa İttifaqının ticarət və iqtisadi əməkdaşlıq üstünlüklərinin Ermənistan naminə səfərbərliyini nəzərdə tutur. Beləliklə, İrəvan üçün Avropa bazarı Rusiya bazarına alternativ kimi irəli sürülür. Birləşmiş Ştatlar rəsmisi ABŞ-ın və Avropanın Ermənistanın təhlükəsizliyinin təminatı baxımından əlavə tədbirlər üzərində işlədiyini təsadüfən bildirmir. Axı, siyasi müstəqillik yolu iqtisadi müstəqillikdən keçir. O’Braynın təbirincə desək, erməni xalqına çətin vəziyyətdən çıxmağa, onun cəsarətlə qəbul etdiyi qərarların daha təhlükəsiz və firavan gələcək qurmasına kömək lazımdır. Daha doğrusu, Ermənistana Rusiyadan ayrılmanın mükafatı verilməlidir. Bu mükafat nə vaxtadək veriləcək, ölkə haçanacan mataha çevrilib Avropanın artıq-urtuğu ilə doyuzdurulacaq, bunu zaman göstərəcək... 

Bəli, qeyd etdiklərimiz Konqresdəki Qarabağ dinləmələri fonunda ortaya çıxan reallıqlardır. Deməli, Vaşinqtonda Ermənistan amili Qarabağ kimi assosiasiya olunur ki, heç şübhəsiz bu, bölgənin suveren Azərbaycan ərazisi qismində qəbullanmasına və dünyanın ictimai şüurunda özünə yer tapmasına maneçilik törədən ciddi faktorlardandır. Sən demə, Qarabağ və Ermənistan müzakirəsinin sanksiya məntiqi də var imiş. Sanksiyanın hədəfi isə şübhəsiz ki, Azərbaycandır. Doğrudur, O’Brayn mövcud istiqamətdəki suala bir qədər yayğın cavab verib. Amma cəza şəklində sanksiya tədbirinə əl atılacağını istisna etməyib. “Biz bütün mövcud vasitələrə baxırıq. Mümkün sanksiyalarla bağlı proqnozlar verməyəcəyəm, lakin bu, əlbəttə ki, bizim arsenalımızın elementidir”, - deyən Birləşmiş Ştatlar rəsmisi onu da bildirib ki, ABŞ dövlət katibinin göstərişi ilə Qarabağda təkcə bu günlərdə deyil, həm də bundan əvvəlki aylarda baş verənlərin dərin, hərtərəfli şəffaf hesabatı hazırlanır və prosesə beynəlxalq qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər cəlb olunub. Sənədin yaxın günlərdə dərci gözlənilir. Belə qənaətə gəlirik ki, Ermənistana Rusiyadan ayrılmanın mükafatı Avropa bazarları ilə yanaşı, həm də Qarabağ olmalıdır. Yəqin elə buna görə də O’Brayn Rusiya sülhməramlı kontingentinin bölgədən çıxmalı olduğunu deyir. Görünür, “qarnı və gözü tox” erməni xalqının, dəqiq desək, erməni iqtidarının cəsarəti həm də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın ləğvi olmalıdır. Nəzərə alaq ki, rus qoşunları məhz həmin sənədə görə 2025-ci ilədək Qarabağda qalmalıdırlar. Bəs, onların yerini kim tutmalıdır? ABŞ rəsmisinin nə dediyinə diqqət yetirək: “Rusiya qoşunları hazırda oradadır. Əgər Ermənistan və Azərbaycanın alternativi olarsa, o zaman Rusiya sülhməramlılarına artıq ehtiyac qalmayacaq”.

Sülh müqaviləsi, yoxsa lakmus kağızı

Görəsən, Azərbaycanın və Ermənistanın alternativi nə olmalıdır? Ümumən, nə üçün alternativ olmalıdır? Qarabağ Azərbaycanın deyilmi? Çox da düşünmədən bu suallara cavab tapmaq mümkündür. Aİ Şurasının Prezidenti Şarl Mişel bir müddət əvvəl BMT sülhməramlılarından bəhs etmişdi. Nəzərə alaq ki, hazırda BMT-də anti-Azərbaycan qətnamənin qəbulu ilə bağlı hazırlıqlar gedir. Heç şübhəsiz, həmin sənəddə haqqında söz açdığımız sülhməramlı məsələsi də yer alacaq. Bunu demək üçün əsaslar var. Kollektiv Qərb hazırda Ermənistanın Qarabağ avantürasının davamını bölgə əhalisinin tərk etdikləri ərazilərə qayıdışında görür. Qayıdış isə elə olmalıdır ki, proses Qarabağ ermənilərini ayrıca imtiyazlı təbəqə kimi rəsmiləşdirsin. Yəni, şərt kimi onların beynəlxalq hüquq və təhlükəsizlik təminatlarının mövcudluğu götürülür. Bu o deməkdir ki, prinsipial məqam Azərbaycanın konstitusyon əsasda verdiyi təminatların nəzərə alınmamasıdır. Elə lap əvvəldən də nəzərə alınmamışdı ki, Qarabağ erməniləri apar-topar bölgəni tərk etmişdilər. İndi Vaşinqtonun Cənubi Qafqaz üzrə sülh müqaviləsinin imzalanmasına sadiqliyindən danışan C.O’Braynın Azərbaycana hədə-qorxusu da bununla bağlıdır. O deyir ki, qarşıdakı bir neçə həftə həlledici, tərəflərin “hə” deməyə keçib-keçməyəcəyini yoxlamaq baxımından sınaq olacaq: “Sentyabrdan bəri ABŞ-dan İrəvana və Bakıya 13 yüksək səviyyəli səfər edilib. Biz türkiyəli tərəfdaşlarımızla da işləyirik. Dedik ki, 19 sentyabr hadisələrindən sonra sülh prosesində real irəliləyiş görməyincə, Azərbaycanla bağlı heç nə normal olmayacaq”.

Qeyd edək ki, ABŞ rəsmisi yuxarıda sitatdakı fikri işlədər-işlətməz şantajın ikinci mərhələsinə keçid alır və ABŞ Konqresinin Azadlığa Dəstək haqqında akta 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişi yada salır. Bildirək ki, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bu düzəlişin hüquqi qüvvəsi 2001-ci ildən, yəni ölkəmizin terrorizmlə mübarizəyə dəstək verməyə başladığı vaxtdan etibarən hər il dayandırıla bilir. O’Brayn isə vurğulayır ki, dayandırılmanın aradan qaldırılması, dəqiq desək, Azərbaycana yardımın, o cümlədən, hərbi yardımın kəsilməsi sülhü təşviq etmək məqsədi daşıyır. Bu da ədalət! Bəs, niyə indi sülh vacibdir? Çünki “ilk növbədə, iqtisadi baxımdan. Mərkəzi Asiya öz malları üçün yeni marşrutlar axtarır”.

ABŞ-ın min oyunu bir armudun başındadır, yaxud Ermənistan üçün qlobal nəfəslik

Qərbin Ermənistan üzərindən oynadığı oyunun daha bir hədəfinə keçid alaq. O’Brayn Mərkəzi Asiya mallarının Avropaya daşınmasından söz açırsa, əlbəttə, söhbət həm də Çin mallarının idxalından gedir. Nəzərə alaq ki, burada Azərbaycanın “Zəngəzur dəhlizi” kimi siyasi leksikona daxil etdiyi, digər ərazilərimizi Naxçıvanla birləşdirən quru yolunun son dərəcə böyük əhəmiyyəti var. Məlum 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda həmin yoldakı təhlükəsizlik təminatçısı Rusiya göstərilir. Ermənistan hakimiyyəti hazırda məhz bundan imtina edir və “Dünya kəsişməsi” layihəsini ortaya ataraq, dövlət suverenliyi amilini qabardaraq bəyan edir ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrutda təhlükəsizliyə cavabdeh ölkənin özü olmalıdır. Əlbəttə, rəsmi Bakı məsələnin belə qoyuluşuna razı deyil və alternativ variant kimi sözügedən yolun İrandan keçməsini irəli sürür. Çox güman, Tehranın da buna razılığı var. Türkiyə və Şərq aktorları, o cümlədən Çin üçün məsələnin elə bir önəmi yoxdur, təki yol olsun. Ancaq ABŞ başda olmaqla Qərb dünyası belə gedişatı qəbul etmir. Niyə? Səbəb çox sadədir. Məqsəd birincisi Rusiyanı, ikincisi isə İranı kənarda qoymaq. Əslində ilk baxışdan, Azərbaycana da fərq olmamalıdır. Ancaq ilk baxışdan. Çünki məsələ yalnız torpaq basma amili üzərində deyil. Ölkəmiz yaxşı dərk edir ki, təhlükəsizlik təminatının Ermənistanda olması həm onun iqtisadi iştahasını artıracaq, həm də güclü inkişafına səbəb olacaq ki, bu isə gələcəkdə ölkəmizə qarşı ərazi iddiaları doğura bilər. Ən əsası isə qlobal layihədə İrəvanın təhlükəsizlik təminatçısı kimi missiyaya sahiblənməsi gələcəkdə bu layihəni demorilizə etmək, yeni oyun qaydaları irəli sürmək şansıdır. Bakı nəzərə alır ki, Ermənistan müstəqil siyasət yürütmür, onun hər an kənar təsirlərə düşüb pozuculuğa keçməsi mümkündür. Digər tərəfdən isə ümumən Rusiyanın və İranın oyundan kənar duruma salınması regional aktorların rolunu heçə saymaqdır ki, bu da ölkəmizin balanslı siyasət kursuna tam zidd təmayüldür. 

Bəli, mövcud durumda beynəlxalq aləmdə hər kəs Orta Dəhliz ideyasının reallaşdırılmasının vacibliyini anlayır. Ukrayna müharibəsi səbəbindən Rusiyadan keçən daşınma marşrutunu əldən verən Qərb üçün də məsələ son dərəcə aktualdır. Ermənistan iqtidarı bu aktuallıq fonunda özünün anti-Rusiya cəbhəsindəki dirəniş, demokratiya qalası missiyasına fokuslanır. Əlbəttə, odla oynayır. 

İrəvan Qərbin İrana antipatiyası üzərinə də siyasi sərmayə yatırmaqla məşğuldur. Hərçənd, Tehranla açıq konfrantasiyadan çəkinir. Ola bilər ki, gələcəkdə çəkinməsin. Çünki Birləşmiş Ştatlar təmsilçisi, yəni ABŞ Dövlət Departamentinin rəsmisi C.O’Brayn deyir ki, əgər Ermənistan ərazisindən dəhliz gücdən istifadə etməklə və ya İranın iştirakı ilə açılsa, o zaman buna qarşı çox ciddi dirəniş olacaq və təşəbbüs uğurlu alınmayacaq. Nəhayət, “ardınca Ermənistan və Azərbaycanın seçimi sualı gəlir. Onlar gələcəkdə hansı siyasi münasibətlərin olmasını istəyirlər? Gələcəyi regional təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurmaq istəyirlərmi?” dilemmalarını səsləndirən departament rəsmisi ölkəsinin mövqeyini ortaya qoyaraq hesab edir ki, region ölkələrinin Tehranı və Moskvanı seçməsi Cənubi Qafqaz, xüsusən Ermənistan və Azərbaycan hökumətləri üçün qeyri-sabit və arzuolunmaz durum formalaşdıracaq. O, həmçinin vurğulayır ki, Bakının və İrəvanın hazırda fərqli seçim etmək imkanı var və Vaşinqton yüksək səviyyəli əlaqələr vasitəsilə məsələni aydınlaşdırmağa çalışır.

ABŞ Türkiyəni vasitəçi kimi görür, O'Braynın “indi hər şey Əliyevdən asılıdır”
məntiqi ...əvvəllər danışıqlar masasına gətirilməyən nədir?

Deməli, başlıca məqam Azərbaycanın hansı yolu tutmasıdır. Əslində, O’Braynın diqqətə çatdırdığımız fikirləri də sırf ölkəmizə yönəlik xəbərdarlıqdır. Yəni, bu, o deməkdir ki, Birləşmiş Ştatlar Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolu Bakı-İrəvan sülh razılaşmanın tərkib hissəsi kimi görməkdədir. Ermənistanla bağlı hər şey məlumdur. Bunu O’Brayn da çıxışına pafos qatıb N.Paşinyanı öyərək bildirir, çox əminliklə Nikolun münasibətləri şaxələndirəcəyini deyir və məsələni “erməni xalqının öz azadlıq baxışlarına uyğun gələcək seçə bilməsi” adlandırır: “Görünür, onun (Paşinyanın – red.) həqiqətən sülh arzusu var. Sual olunur ki, Prezident Əliyev də eyni şeyi istəyir?” 

Bəli, amerikalılar Prezident İlham Əliyevin mövqeyinə təsir baxımından Türkiyəni əsas götürürlər. O’Braynın fikirlərindən belə qənaətə gəlmək mümkündür. Digər tərəfdən, Vaşinqtonun Ankaranı İrəvana münasibətdə loyallaşdırmaq cəhdləri var. Konqresdəki dinləmələrdən bu nəticə hasil olur ki, mövcud xüsusda Türkiyəni şantaj istəkləri də aktualdır. Məsələn, konqresmenlər O’Brayndan Türkiyəyə satılmış Amerika silahlarının Azərbaycana kömək üçün Ermənistana qarşı istifadə olunmasına nəzarət edilib-edilmədiyini soruşublar. Departament rəsmisi isə əminliklə bildirib ki, Azərbaycana qanunsuz silahların daşınması ilə bağlı müşahidələr qeydə alınmayıb. Amma...

Birincisi, “Biz Ermənistan-Türkiyə münasibətlərində sərhədlərin açılacağına ümid bəsləyirik. Ermənistanın dənizə çıxışı olmadığından, ölkə Qərbə çatmaq üçün Gürcüstan və ya Türkiyədən keçməlidir. Hesab edirəm ki, Türkiyənin öz marşrutlarını açması Ermənistanın gələcəyi baxımından həlledici olacaq. Biz bütün bunları müzakirə etməyə çox vaxt sərf edirik”.

İkincisi və ən əsası, “Türkiyə ilə Azərbaycan arasında münasibətlərə gəlincə, bir neçə mühüm məqam var. Orta Asiyadan gələn, Azərbaycan və Ermənistan ərazisindən keçməli olan yol Türkiyəyə çatacaq və bu yolun son nöqtə olması Türkiyənin iqtisadi maraqlarına uyğundur. Bu, əvvəllər sülh masasına gətirilməmiş elementdir və biz buna böyük diqqət yetiririk”.

Göründüyü kimi, ABŞ Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən nəzərində tutduğu sülh gündəliyi baxımından yeni oyun qaydaları müəyyənləşdirməyə çalışır. Birləşmiş Ştatlar istəyir ki, Türkiyəni regional platformada tam ayrı tutsun və yuxarıda da bildirdiyimiz kimi, Ankaranın köməyi ilə Bakının mövqeyində yumşalmalara nail olsun. Baxın, O’Brayn konspriologiyaya vararaq deyir: “Biz Türkiyə ilə bu məsələ ilə bağlı ünsiyyətdəyik və Ankaranın bu müzakirələrdə konstruktiv iştirakı son dərəcə faydalıdır, çünki Əliyev mütləq bilmək istərdi ki, o, bu qərarı tək qəbul etmir və onu çoxdankı tərəfdaşı dəstəkləyir. Bu, Türkiyənin bu danışıqlarda müstəsna roludur”. 

Əlbəttə, Türkiyə Cənubi Qafqazda maraqlı olan lider dövlətlərdəndir. Onun marağı İran və Rusiya kimi regional aktorlar tərəfindən də qəbul edilir. Ancaq regiondakı bu maraqlar balanslaşdırılmış əsaslara malikdir və heç bir qlobal avantüra üçün meydan tanımır. Hazırda Azərbaycanın və Türkiyənin irəli sürdüyü “3+3” regional platforması da məhz bu siyasi təfəkkürün məhsuludur. Yeri gəlmişkən, həmin platformada, könülsüz görünsə də, Ermənistan da iştirak edir. Amma indi ABŞ-Ermənistan hökumətlərarası məsləhətləşmələrinin gündəliyi “3+3”ün rəhbər tutduğu prinsipləri heçə saymaqdır. Vaşinqton isə istəyir ki, Türkiyə birbaşa onun tərəfində dayansın. O’Brayn konqresmenlərin sorğusuna cavab olaraq Türkiyəyə verilmiş ABŞ silahlarının Ermənistana qarşı istifadə olunmadığına əminlik yaradır. Bunu indi deyir. Bəs, Ağ evin “O’Braynın manifesti” şəklində açıqladığı Cənubi Qafqaz planı baş tutmasa, necə olacaq? Amerika heç bir əsası olmadan İraqda kimyəvi silahın mövcudluğunu iddia edən, sonra minlərlə qətllərə görə bir 
üzrxahlıq işini bitmiş sayan ölkədir. Ondan nə desən gözləmək olar. Yəni, Türkiyəni də ittiham etməsi mümkündür. Hər halda, koqresmenlər boş yerə planlı olmayan sual verməzlər... 

Sonda onu da bildirək ki, Cənubi Qafqaz müstəvisində hansı proseslərin yaşanacağını söyləmək çətindir. Ancaq yuxarıda sadaladıqlarımıza görə durumun kifayət qədər, mürəkkəb və ziddiyyətli olduğunu deməyə əsas var. Bu mürəkkəblik və ziddiyyətlər fonunda ortaya çıxan başlıca məqam Qərbin, o cümlədən ABŞ-ın riyakarlığı, aşkar ermənipərəstliyidir. Göründüyü kimi, Azərbaycanın öz suveren haqlarına sahiblənməsi, ərazi bütövlüyünü tam bərpa etməsi beynəlxalq gücləri ölkəmizə qarşı hərəkətə keçirib. Ancaq biz siyasi şantajlara öyrəşikliyik. Azərbaycan dövləti illərdir ki, bu reallıqlar şəraitində fəaliyyət göstərməkdə və özündə müqavimət formalaşdırmaqda, immunitet yaratmaqdadır. Ona görə hazırkı siyasi təhdidlərin də ölkəmizi haqq yolundan döndərə bilməyəcəyi birmənalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanat da fikrimizin təsdiqidir.

 

XQ-nın analitik qrupu

 



Siyasət