Növbəti hədəfimiz yüksək gəlirli ölkələr qrupuna daxil olmaqdır

post-img

Son 20 ildə ölkədə ÜDM-in həcmi 11 dəfədən çox artıb

Azərbaycanın Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. 

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Dayanıqlı maliyyə və investisiya" mövzusunda keçirilən II Bakı Forumunda bildirib. Onun sözlərinə görə, strategiyanın icrası bir sıra sahələri inkişaf etdirəcək: “Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-in isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir” – deyə nazir əlavə edib. 

XXI əsrin ötən 20 ili Azərbaycanda genişmiqyaslı islahatlar dövrü kimi yadda qalıb. Müasir iqtisadi yanaşmaların diqqətdə saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin gücləndirilməsi, vergi və gömrük sistemində köklü dəyişikliklər edilməsi, şəffaflığın artırılması kimi mühüm addımlar ölkədə dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı gerçəkləşdirib. Bunun da nəticəsində, respublikamızda möhkəm təməllərə əsaslanan milli tərəqqi modeli formalaşdırılıb. 

Bütün bunlar beynəlxalq aləmdə yüksək dəyərləndirilən müsbət göstəricilərlə diqqət çəkib. Məsələn, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard dollardan 79 milyard dollara çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Adambaşına ÜDM 769 dollardan 7 min 798 dollara yüksəlib. Qeyri-neft-qaz ÜDM-i isə 4,1 milyard dollardan 41,1 milyard dollara çatıb.

Ölkənin xarici ticarət dövriyyəsi həmin müddətdə 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəlib. İxracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara çatıb. Qeyri-neft ixracı 0,26 milyard dollardan 3,05 milyard dollara yüksəlib. 

Xarici ticarətin profisiti 0,5 milyard dollardan 23,6 milyard dollaradək artıb. 2003–2022-ci illər ərzində kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 58,5 milyard dollara yüksəlib. 2002-ci illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7 faizdən 5,5 faizə enib. 

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını bir qədər də inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında Azərbaycanın mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq qarşıya mühüm vəzifələr kimi qoyulur.

Azərbaycan hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsindədir. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanan “2022‒­2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması ilə 2026-cı ilin sonuna ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verəcəyi, iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi gözlənilir. 

Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcəyi, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığının artacağı, qeyri-xammal ixracının genişlənəcəyi də proqnozlaşdırılır. Ekspertlərin apardıqları təhlillərə əsasən, qarşıdakı dövrdə qeyri-neft-qaz sektorunun, xüsusilə, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə yönələn rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi artırılacaq, investisiya cəlbi sürətləndiriləcək, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə resurs-xidmət təminatına xüsusi önəm veriləcək. 

Bütün bunlarla bərabər, 2026-cı ilədək makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmləri təkmilləşdiriləcək. Eyni zamanda, kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcək.

Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Davamlı islahatlarla sərmayədarlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələri və iş yerlərinin yaradılmasını təmin edir. 

Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154 milyard dollar xarici investisiya olmaqla 2003–2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcminin 310 milyard dollar təşkil etməsi də məhz bunun bariz ifadəsidir. Belə ki, 2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard dolları idisə, ötən il bu rəqəm 17,1 milyard dollara çatıb. 2003–2022-ci illər ərzində isə ölkə iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 100,7 milyard ABŞ dolları təşkil edib.

Bu dövrdə ölkəmizin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55-dən 185-ə çatıb. Ötən il Azərbaycandan ­110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirlərİ də ixracın artımını stimullaşdırır. 

Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 faiz, yəni təxminən 5 milyard dollar səviyyəsində artırılması nəzərdə tutulur. 

 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat