Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində

post-img

Qarşılıqlı təqdimatlar iki ölkənin iqtisadi əməkdaşlığına yeni meydan açıb

Xəbər verildiyi kimi, noyabrın 5–­10-da Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Beynəlxalq İdxal Sərgisi (“China International Import Expo” – CIIE 2023) keçirilib. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, “Shanghai World Expo” Sərgi və Konqres Mərkəzində təşkil olunan bu sərginin təşkilatçıları qismində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosu çıxış ediblər. Yeri gəlmişkən, 2018-ci ildən keçirilən ənənəvi Çin Beynəlxalq İdxal Sərgisi dünya üzrə ölkə səviyyəsində yeganə, həm də ilk böyük idxal sərgisidir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Builki sərginin gedişində 442 məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunub. Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərib. Sərgidə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət iştirak edib. Bütövlükdə isə, sərgini 400 mindən çox şəxs, o cümlədən idxalçı şirkətlərin nümayəndələri ziyarət edib. 

 6-cı Beynəlxalq İdxal Sərgisində Azərbaycanı Baş nazirin müavini, Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edib. Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin təşkilatçılığı ilə sərgidə vahid ölkə və kommersiya stendləri fəaliyyət göstərib. Birinci stenddə Azərbaycanın turizm, innovasiya, “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə əldə olunmuş nailiyyətlər, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri nümayiş olunub.

Sərgi təşkilatçılarının “Made in Azerbaijan” stendində isə ziyarətçilərə Azərbaycan şirkətlərinin istehsal etdikləri müxtəlif çeşiddə şərablar, alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunub. Yüksək marağa səbəb olan “Made in Azerbaijan” stendində ziyarətçilərə ölkəmizdə istehsal edilən məhsullara dair kataloqlar da təqdim olunub, həmin məhsulların dequstasiyası keçirilib. Stenddə, həmçinin B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Eyni zamanda, “Made in Azerbaijan” stendində AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Sərginin gedişində ziyarətçilərə ölkəmizdə sahibkarlara göstərilən dəstək, mövcud əlverişli biznes və investisiya mühiti barədə müvafiq materiallar təqdim edilib. Şanxayda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti də ölkə stendi ilə tanış olub.

6-cı Beynəlxalq İdxal Sərgisi çərçivəsində ölkə stendində KOBİA və Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında Anlaşma Memorandumu imzalanıb. Ümumilikdə isə, Şanxayda keçirilmiş sərgidə 78,41 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub. Sərginin təşkilat komitəsinin yaydığı məlumatda bildirilir ki, bu rəqəm ötənilki göstəricidən 6,7 faiz çoxdur. 

Qeyd edək ki, son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Çində əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. Statistikaya əsasən, son illər dünyada ümumi idxalın təxminən 10 faizi məhz bu ölkənin payına düşüb. Çin qarşıdakı 15 il ərzində 4,3 trilyon ABŞ dolları dəyərində məhsul idxal etməyi planlaşdırır. Ekspertlər Şanxay sərgisini ölkənin idxal planının reallaşdırılması baxımından əla fürsət kimi dəyərləndirirlər. 

Yeri gəlmişkən, hazırda Çin Azərbaycanın iqtisadi sahədə fəal əməkdaşlıq etdiyi ölkələrdən, əsas ticarət tərəfdaşlarındandır. Son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamikası da bunu təsdiqləyir. Belə ki, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 561 milyon ABŞ dolları təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm, təqribən, 2 milyard 160 milyona yüksəlib. Cari ilin 6 ayında isə Azərbaycanla Çin arasında 1 milyard 321,8 milyon dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,7 faiz və ya 361,9 milyon dollar çoxdur. Qeyd edək ki, Azərbaycan Çinə, əsasən, xam neft və neft-kimya sənayesi məhsulları ixrac edir. Çindən isə ölkəmizə çox geniş çeşiddə məhsullar (elektrotexnikadan tutmuş ətriyyata qədər) gətirilir. Bununla yanaşı, ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımları sahəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. 

Çin, həm də ölkəmizin fəal nəqliyyat-logistika tərəfdaşıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, Tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan 2013-cü ildə Çin lideri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər – bir yol” təşəbbüsünü də yaxından dəstəkləyir və layihənin gerçəkləşdirilməsi istiqamətində fəal iş aparır. 

Göründüyü kimi, Çində keçirilən ənənəvi Beynəlxalq İdxal Sərgisi illik ticarət dövriyyəsinin, eləcə də investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından hər iki ölkə üçün faydalı hesab oluna bilər.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat