Prezidentin səlahiyyətli nümayəndəsi Şərurda

post-img

Dünən Şərur şəhərinə gedən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə burada salınan yaşayış komplekslərinin layihələri və inşaat işləri ilə maraqlanıb.

Məlumat verilib ki, “NN Residence” tikinti şirkəti tərəfindən şəhərin Səməd Vurğun və Nizami küçələrində geniş əraziləri əhatə edən yeni yaşayış kompleksləri inşa olunacaq. Səlahiyyətli nümayəndə Heydər Əliyev prospektində inşası davam etdirilən yaşayış kompleksi ilə də tanış olub. Burada 6 mərtəbəli 6 yaşayış binası və 120 yerlik uşaq bağçası inşa olunur. Binalarda birotaqlı, ikiotaqlı, üçotaqlı və dördotaqlı olmaqla, ümumilikdə 240 mənzil istifadəyə veriləcək.

***

Həmin gün Fuad Nəcəfli Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksinin açılışında da iştirak edib. O, kompleksdə yaradılan şəraitlə tanış olub. 

Kompleksə 132 mağaza, 18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də 6 texniki otaq daxildir. Yüzlərlə sakinin işlə təmin olunmasına hesablanmış yeni ticarət kompleksinin tikilib istifadəyə verilməsi Şərur rayonunda məşğulluq probleminin həllinə mühüm töhfədir.  

Fuad Nəcəfli satışa çıxarılan təbii məhsulların qablaşdırılması və “Orqanik Naxçıvan” brendi adı altında geniş tanıdılmasının vacibliyini vurğulayaraq, bazarda fəalyyətə başlayacaq hər bir sahibkara uğurlar arzulayıb. 

***

Sonda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə Şərurda tikintisi nəzərdə tutulan şəhidlər memorial-abidə kompleksinin layihəsi təqdim olunub.   

Bildirilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvari memorial lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq.  

 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

 

Son xəbərlər