Roma Papasından daha artıq katoliklik

post-img

Nikol Paşinyanın anti-KTMT və anti-Rusiya xətti bu deyimi aktuallaşdırmaqdadır

Ermənistanın baş naziri Nikol Paşinyan, demək olar, hər ötən gün ölkəsinin anti-Rusiya təmayülünə yeni və daha tünd rəng çalarları əlavə etməkdədir. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sammitində iştirakdan imtinası bunu söyləməyə əsas verməkdədir. 

Qeyd edək ki, məsələ Ermənistanın parlament müxalifəti və ictimai-siyasi dairələrində geniş müzakirə predmetinə çevrilməkdədir. Bu barədə söz açmazdan əvvəl bildirək ki, N.Paşinyan KTMT-nin Belarusdakı sammitində iştirakdan imtina qərarını evsahibi, Prezident Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı açıqlayıb və bildirib ki, qurumdakı həmkarlarının onu anlayışla qarşılayacağına ümid bəsləyir. 

***

Əlbəttə, məsələ heç də onda deyil ki, Nikolun qərarına anlayış göstərilməsi ilə bağlı məntiq mənasızdır. Maraqlı olan məsələnin Lukaşenko-Paşinyan telefon danışığı müstəvisində açıqlanmasıdır. Nəzərə alsaq ki, telefon danışığı Belarus tərəfinin təşəbbüsü ilə gerçəkləşib, çox güman, Paşinyanı Minskə dəvət edən də elə Lukaşenko özü olub. Göründüyü kimi, Belarus Prezidentinin xoşməramlı jesti erməni baş nazir tərəfindən, loru dildə desək, qulaqardına vurulub. 

***

Onu da bildirək ki, KTMT Ermənistanın anti-Rusiya xəttində xüsusi halqanı təşkil etməkdədir. Məlum olduğu kimi, 2022-ci ilin noyabrında İrəvan qurumun dövlət başçılarının yüksək səviyyəli toplantısına evsahibliyini gerçəkləşdirmişdi. N.Paşinyan həmin tədbirdə KTMT-ni Azərbaycan əleyhinə qaldırmağa çalışmışdı. Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı toplantıda erməni baş nazir bütün diplomatik etiketə zidd şəkildə təşkilatı Bakıya münasibətdə siyasi qərar çıxarmağa çağırmış, həmin ilin sentyabrında Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş hərbi toqquşmanın ölkəsinə təcavüz kimi qiymətləndirilməsinə çalışmışdı. Əlbəttə, niyyətini gerçəkləşdirməyi bacarmamış, nəticə etibarilə KTMT-nin yekun sənədi İrəvanın onun mətninə etirazı səbəbindən qəbul edilməmişdi. 

***

Sonrakı zaman kəsiyində də Ermənistanın anti-KTMT fəaliyyəti getdikcə güclənmişdi. Məsələn, Paşinyan administrasiyası qurumun bu il Ermənistanda nəzərdə tutulan təlimlərini keçirməkdən, kifayət qədər, nümayişkəranə şəkildə imtina etmişdi. Nikol həmin vaxt bildirmişdi ki, belə təlimlər ziyanlıdır, çünki onun təşkilini Azərbaycan və Türkiyə təhlükə kimi qiymətləndirəcək və müvafiq əks addımlar atacaq ki, nəticədə Ermənistan zərər görəcək. Yəqin erməni iqtidarının Paşinyanın şəxsində KTMT-ni ələ saldığının fərqinə vardınız.  

***

Ancaq Nikol və komandasının KTMT müstəvisindəki anti-Rusiya köklənişi yalnız sadaladıqlarımızla bitmir. Azərbaycanın bu il sentyabrın 19-da başlatdığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirlərinin uğurla yekunlaşmasından, ölkəmiz suverenliyinə qovuşmasından sonra da erməni iqtidarı KTMT-ni qınamışdı. Belə təəssürat yaranmışdı ki, sanki qurum Qarabağ avantürasına dəstək verməli imiş, ancaq bu, baş vermədiyindən, Ermənistan onu özü üçün lazımsız sayır. 

***

Ümumən, rəsmi İrəvanın anti-KTMT və anti-Rusiya təmayülü haqqında bir çox digər məsələlərdən də söz açmaq mümkündür. Onların hamısının üzərində dayanmadan Ermənistan daxilində Paşinyanın Belarusdakı sammitə qatılmamaq qərarına mənfi reaksiyalara diqqət yetirmək istərdik. Bəli, erməni politoloqlar Nikolun hərəkətini demarş kimi qiymətləndirməkdə haqlıdırlar. Görünür, Qərbdən gələn direktivlər imkan vermir ki, Paşinyan formal da olsa, Rusiyanın orbitində görünsün. Nəzərə alaq ki, o, MDB Dövlət Başçıları Şurasının ötən ay Bişkekdə düzənlənmiş zirvə toplantısına da qatılmamışdı. Yeri gəlmişkən, erməni baş nazir həmin ay Avropa Siyasi Birliyinin Qranadada baş tutmuş sammitinə böyük həvəslə yollanmışdı. Necə də yollanmasın, axı həmin tədbirin təşkilatçısı Fransa idi...

***

“Əgər bu, müstəsna hal olsaydı, izahatlar və əsaslandırmalar tapmaq mümkün idi. Amma uzun müddətdir ki, Ermənistan hakimiyyəti yüksək vəzifəli şəxslər səviyyəsində belə tədbirlərdə iştirak etmir. Ona görə də bunu demarşdan başqa bir şey adlandırmaq olmaz”, - deyə “Ermənistan” parlament fraksiyasının üzvü Armen Rustamyan bildirib. Onun sözlərinə görə, hakimiyyət öz təhlükəsizlik imkanlarını artırmağa çalışsaydı, məsələ anlayışla qarşılanardı və müxalifət iqtidarın hərəkətlərini alqışlayardı: “Lakin burada söhbət düşərgə dəyişməsindən gedir. Bu isə Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər. Çünki biz düşərgəni Qərblə Rusiya qarşıdurması kontekstində dəyişirik... Bu cür ardıcıl addımlar ona gətirib çıxaracaq ki, Rusiya ilə Qərb arasında qarşıdurma Ermənistan ərazisinə keçəcək. Bütün fəlakətlər də onda yaşanacaq”.

Qeyd edək ki, Ermənistanda A.Rustamyanın baxışlarının bölüşənlər kifayət qədər çoxdur. Onların fikrincə, ölkə hətta prinsipcə Qərbpərəst mövqe tutsa da, bu, heç bir halda birbaşa anti-Rusiya məntiqində özünü göstərməməlidir. Ancaq göstərir və hazırkı durumda İrəvan sanki Roma Papasından daha artıq katolik olmağa girişir. Yəni, özünü anti-Rusiya cəbhəsinin əsas qüvvəsi kimi göstərir və bir növ Ukraynanın yerinə iddialı təsiri bağışlayır. Ukraynadakı durum göz qabağındadır. Belə nəticəyə gəlmək mümkündür ki, Paşinyan və komandasının hərəkətləri Ermənistanı da qlobal qarşıdurma qurbanı aqibətinə doğru aparmaqdadır.

 

R.ƏVƏZ
XQ

 

Siyasət