Parisin erməni avantürizminə “mədəni dəstək” məntiqinə sözardı
Fransadan Ermənistana gediş-gəliş intensivləşib. Axı, həssas zamandır, Ermənistanın çaşmasına imkan vermək olmaz. Avantürizmi diri saxlamaq lazımdır ki, Paris özünün neokolonializmini Cənubi Qafqaz müstəvisinə daşıya bilsin, Afrikada itirdiklərinin yaşadığımız coğrafiyada bərpasını bacarsın.
Görünür, elə buna görə də Fransanın xarici işlər naziri Ketrin Kolonnadan sonra ölkənin Livan əsilli mədəniyyət naziri Rima Abdul Mələk də İrəvana səfər edib. Onunla eyni təyyarədə isə Fransa Milli Assambleyasının deputatı Ann-Laurens Petel olub. O Petel ki, qatı ermənipərəstliyi bir yana, həm də Fransadakı erməni lobbisinin sözçüsüdür. Yəqin bu səbəbdəndir ki, Fransa – Ermənistan parlamentlərarası dostluq qrupunun da rəhbəridir. Hər halda, bu posta xanım Peteldən “layiqli” namizəd tapıla bilməzdi.
Zarafat deyil, fransız deputat ermənipərəstlikdə can qoyub. Necə deyərlər, həftə səkkiz, mən doqquz İrəvandadır. O, axırıncı dəfə ölkədə bu ilin oktyabrında olmuşdu. Daha əvvəl isə sentyabrda İrəvana baş çəkmiş və özünün “İnstagram” səhifəsində “təsirli” paylaşım edərək bildirmişdi ki, Qarabağdan qaçqın düşmüş şəxslərlə görüşüb: “…Arzu edənlər evlərinə qayıda bilməlidirlər. Bu, xarici işlər naziri Ketrin Kolonnanın Senatda elan etdiyi kimi, Fransanın Dağlıq Qarabağ (?) ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi səsdir”.
Göründüyü kimi, xanım Petel kiçik paylaşımında belə təhrikçi mövqe tutur. Əslində, bu təhrikçilik yox, sadəcə erməni məsələsini gündəmdə saxlamaqdır. Yəni, təhrikə ehtiyac yoxdur… Deputat özünün “İnstagram” səhifəsində Azərbaycan rəhbərliyinə qarşı hədyanlar yağdırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı Qarabağdan sonra Zəngəzura keçəcək. Sanki Qarabağ Ermənistan ərazisi imiş və ölkəmiz oranı zəbt edib…
Ann-Laurens Petel ölkənin təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının sərhədin Ermənistan tərəfindəki mülki missiyasının sayının və əhatə dairəsinin genişləndirilməsini təklif edib. Nəzərə alsaq ki, artıq Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq haqqında yeni müqavilə var, xanım Petel sözügedən missiyanın silahlandırılmasının vacibliyini bildirsə, qətiyyən təəccüblənmərik. Hər halda, ermənipərəstliyin siyasi anarxizm doğurduğu labüd qanunauyğunluqdur.
Bəli, indi də fransız deputat çox güman, eşidib ki, ölkəsinin mədəniyyət naziri Rima Abdul Mələk Ermənistana yollanır, onunla birgə gəlməyə qərar verib. O da mümkündür ki, Peteli müsəlman nazirin yanına Fransa Prezidenti Emmanuel Makron özü salıb. Hər halda, ermənipərəst deputatın parlamentdə Makronun partiyasını təmsil etdiyi, dövlət başçısının ona sözünün keçdiyi aşkardır.
Yeri gəlmişkən, Makron-Petel yaxınlığını ikincinin “İnstagram” səhifəsindəki şəkillərdən də görmək mümkündür. 53 yaşlı xanım deputat gənc sevgililər kimi durmadan dövlət başçısı ilə foto görüntülər paylaşmaqla məşğuldur. O, ilk baxışdan Briccit nənəni – Makronun həyat yoldaşını xatırladır. Hərçənd, Briccit Peteldən nə az nə çox, düz 19 yaş böyükdür. Yəqin E.Makron artıq gənclərə üstünlük verməkdədir. Gənc də deyirik, Fransanın dövlət başçısı Peteldən beş yaş kiçikdir. Nə etmək olar, Makronun bəxtinə həmişə özündən böyüklər düşür. Elə şəkil çəkdirməkdə də. Kiçiklər isə bir qayda olaraq, Fransa prezidentini şillə-şapalağa “qonaq edirlər”. Əlqərəz, iki xanım – Ann-Laurens Petellə Rima Abdul Mələk əl-ələ verib Ermənistana dəstək göstərməyə gəliblərmiş. Onu da deməyə əsas var ki, mədəniyyət nazirini İrəvana gətizdirən erməni lobbisinin özüdür. Hər halda, harada Petel varsa, orda lobbinin olduğu aşkardır.
***
Beləliklə, Fransanın mədəniyyət naziri Ermənistana gəlib ki, Qarabağda erməni mədəni mirasının məhvini gözləri ilə görsün. Yəni, məsələni yerində araşdırsın. Diqqətli oxucularımız yəqin anladılar ki, hazırkı fransız siyasi leksikonunda faktı gözü ilə görmək, yerində araşdırmaq nə deməkdir. Bilməyənlər üçün arayış verək: araşdırmaq, faktı görmək İrəvan küçələrində beş-altı adamla, hazırda isə üç-dörd Qarabağ ermənisi ilə söhbətləşmək, Sünikə, daha doğrusu, Zəngəzura gedib iki-üç çobanı danışdırmaq, ən yaxşı halda isə durbinlə Azərbaycan tərəfə baxmaqdır. Heç narahat olmağa dəyməz, hesabatları, bir qayda olaraq, yazılı formada Parisdə iş otaqlarındakı stolun üstündə hazır vəziyyətdədir. İrəvanda isə konyak içmək, stresi atmaq və sair “vacib vəzifələr” var…
Yekun nəticə etibarilə deyə bilərik ki, nazir Rima Abdul Mələk Ermənistana erməni avantürizminin, belə demək mümkünsə, mədəni tərəflərini alovlandırmaq üçün təşrif buyurubmuş. Ona görə də Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və həmin abidələri qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Görünür, ermənipərəst Petelin yanında olması nazir Mələyi əməlli başlı cuşa gətirib ki, belə sərsəmləmələrə yol verir. Sual olunur: Bu cür yaramaz iddialar səsləndirmək üçün İrəvana gəlmək çoxmu vacib idi? Digər tərəfdən, maraqlıdır, fransız nazir hansı beynəlxalq mexanizmlərdən bəhs edir? Mümkündürmü elə bir şey?
Deyəsən, fransalı dövlət rəsmiləri, deputatlar erməni avantürizminin içini illüziyalarla doldurmağı yaxşı bacarırlar. Bu gedişlə mədəniyyət nazirindən sonra növbə Fransanın ekologiya nazirinə çatacaq. Yəqin o da deyər ki, Qarabağda azərbaycanlıların nəfəs almaları ətraf mühitə ziyandır. Ermənilər də bundan sevincək olub bayram edərlər. Bu miskin mənzərəni tamamlamaq üçün Fransadakı kanalizasiya idarələrindən birinin rəhbərinin də Ermənistana səfəri təşkil olunmalıdır. O da gəlib desin ki, bəs Qarabağda kanalizasiyalar təmizlənmir. Bunlardan nə desən gözləmək olar. Təki Azərbaycan əleyhinə nə isə guruldasınlar. Əlbəttə, obrazlı desək, yalnız guruldamaqları var, yağa bilməyəcək qədər qısırdırlar.
***
Qayıdaq Petelə. Daha doğrusu, Petellə Rimaya. Fransız nazirin aşkar ermənipərəst mövqe tutan bir deputatla eyni təyyarədə Ermənistana səfəri, əlbəttə ki, utancverici durumdur. Ancaq nə fransızlarda, nə də ermənilərdə utanan sifət var. İkinciləri bir kənara qoyuruq, Fransanın dövlət rəsmilərində utanan sifət olsaydı, ilk növbədə, Afrikada törətdikləri qətliamlara, insanlıq əleyhinə cinayətlərə görə üzr istəyərdilər. Hər halda, Azərbaycan yox, Afrikanı, Cənub-Şərqi Asiyanı, Sakit Okean regionunu və Latın Amerikasını müstəmləkəyə çevirən, işğala məruz qoyan Fransadır. Həmin ərazilərin təbii sərvətlərini talayan da, tarixini və mədəniyyətini silməyə çalışan da bu ölkədir. İndi fransız şeytanlığı mələk sifəti ilə Azərbaycanı ittiham yolu tutur. Bu miskinlik səhnəsini tamamlayan isə rəzillikdir. Həqiqətən də Fransa dövləti rəzil durumdadır.
***
Sonda Fransanın mədəniyyət naziri Rima Abdul Mələyin anti-Azərbaycan fikirlərindəki bir məqamın üzərində dayanaq. Bildirdiyimiz kimi, o, Qarabağda erməni mədəni mirası kimi təqdim etdiyi abidələrin qorunması üçün mexanizmlərin yaradılmasından dəm vurur. Əlbəttə ki, söhbət beynəlxalq mexanizmlərdən gedir. Yada salaq ki, oxşar “ideya” Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi kontekstində də irəli sürülməkdədir. Bu avantürist düşüncəni tirajlayan isə həm erməni iqtidarıdır, həm də Qərbdəki ermənipərəstlər. Hər iki cinah var gücləri ilə çalışırlar ki, qaldırdıqları məsələ Azərbaycan – Ermənistan münasibətlərinin nizamlama prosesində özünə yer tapsın.
Fikrimizin təsdiqi üçün Avropa Siyasi Birliyinin bu il oktyabrın 5-də Qranadada keçirilmiş zirvə toplantısına diqqət yetirək. Tədbir çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın, Fransa prezidenti E.Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Almaniya Kansleri Olaf Şoltsun imzaladıqları sənəd də məhz sözügedən məqamı nəzərdə tuturdu. Həmin sənədin Makronun patronajlığı ilə ərsəyə gəldiyini nəzərə alsaq və hazırda Qarabağdakı erməni mirası adı ilə göstərilən abidələr üçün “yaşam paradiqmasının” özəlliklərinə diqqət yetirsək, deyə bilərik ki, Paris bütün istiqamətlərdə Qarabağla bağlı beynəlxalq təminatın əldə olunmasına çalışmaqdadır. Deməli, məqsəd bölgənin Azərbaycana məxsusluğunu şübhələndirməkdir. Sonra da baş nazir N.Paşinyan bütün platformalarda sülhdən, ölkəmizin ərazi bütövlüyünə hörmətdən danışır. Budurmu hörmət?! Bəlkə Fransanın neokolonializm siyasətinin alətinə çevrilib Azərbaycanı ittiham etməkdir hörmət?!
Ə.CAHANGİROĞLU
XQ