Bako Saakyanın cinayətlərinin sayı-hesabı yox imiş
Azərbaycanın sentyabrın 19-dan başlanan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri təkcə ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin tam bərqərar olması və Qarabağ iqtisadi rayonundakı qondarma separatçı rejimin tarixin arxivinə göndərilməsi ilə nəticələnmədi. Antiterror tədbirlərinin digər mühüm nəticəsi azərbaycanlılarla ermənilər arasında millətlərarası münaqişənin qızışdırılmasında, etnik separatizmin baş qaldırmasında müstəsna rol oynayan, habelə ötən müddət ərzində qanunsuz silahlı birləşmələr yaradaraq və ya onların fəaliyyətində iştirak edərək terror əməlləri həyata keçirən, terrorçuluğu maliyyələşdirən, sülh və insanlıq əleyhinə cinayətlər törədən bəzi şəxslərin ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi oldu.
1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, onları deportasiya etməkdə ittiham olunan və hazırda məhkəməsi keçirilən Vaqif Xaçatryanın iyulun 29-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmasını da nəzərə alsaq, hazırda Azərbaycanda belə əməllər törətməkdə təqsirli bilinən 9 nəfər həbsdədir. Bunlar sentyabrın 27-də saxlanılmış Ruben Vardanyan və Davit Manukyan, sentyabrın 29-da saxlanılmış Davit Babayan və Lyova Mnatsakanyan, həmçinin oktyabrın 3-də saxlanılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyandır.
Onların hər biri barəsində müvafiq məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırlar və müstəntiqlər tərəfindən sorğu-sual olunurlar. Proses başa çatdıqdan sonra müttəhimlər ədalətli şəkildə mühakimə olunacaqlar.
Biz hər kəsin təqsirsizlik prezumpsiyasının olduğunu da nəzərə alırıq. Lakin tanınmış erməni bloger Roman Bağdasaryan “YouTube” videohostinqindəki kanalında Qarabağda mövcud olmuş separatçı xunta rejiminin ikinci “qlavarı” Bako Saakyan haqqında elə təkzibedilməz faktlar açıqlayıb ki, həmin faktlar Saakyanı məhkəmə qərarı olmadan da cinayətkar adlandırmağa əsas verir.
Qeyd olunub ki, B.Saakyan 1960-cı ildə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində anadan olub. 1977-ci ildə şəhərdəki 1 saylı orta məktəbi bitirib. 1978–1980-ci illərdə sovet ordusu sıralarında müddətli xidmət keçib. Xidməti başa vurduqdan sonra 1981-ci ildə Xankəndi 9 saylı mexanikləşdirilmiş istehsalat kombinatında çilingər-mexanik işləyib, 1982-ci ildə Xankəndi tikinti materialları zavoduna keçirilib. 1983–1987-ci illərdə qədim abidələrin bərpası elmi idarəsinin Xankəndi filialında usta-restavrator, 1987–1990-cı illərdə vilayət təchizat idarəsində tədarükçü işləyib.
B.Saakyan separatçıların 1988-ci ildə Qarabağın Azərbaycandan ayrılması istiqamətində başladıqları qanlı hərəkatın fəallarından biri kimi tanınıb. O, 1990-cı ildə “dqr özünümüdafiə qüvvələri” sıralarına qoşulub. 1992–1993-cü illərdə “özünümüdafiə qüvvələri” komitəsinin arxa cəbhə üzrə rəis müavini, 1993–1995-ci illərdə maddi-texniki təchizat üzrə qərargah rəisi, 1995–1996-cı illərdə “dqr müdafiə ordusu” komandanının xarici əlaqələr üzrə müavini, 1996–1997-ci illərdə 10-cu dağ-atıcı diviziyasının arxa cəbhə üzrə komandirinin müavini olub. 1997–1999-cu illərdə Ermənistan daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi olub. 1999–2001-ci illərdə “dqr”in “daxili işlər”, 2001–2007-ci illərdə “milli təhlükəsizlik naziri vəzifəsində” çalışıb.
2007-ci il iyulun 19-da Qarabağ separatçıları onu özlərinə yeni “qlavar” seçiblər. Beş il sonra – 2012-ci il iyulun 19-da o, “ikinci müddətə” “dqr”ə başçılıq etməyə başlayıb. Saakyan 2017-ci il iyulun 19-da 33 “parlament üzvü”ndən 28-nin səsini alaraq daha 3 il müddətinə “vəzifə kürsüsünü” əlində saxlamağı bacarıb. Beləliklə, heç bir hərbi təhsili olmadan general rütbəsi daşıyan, heç bir ali məktəbdə oxumayan (çox sonralar “Artsax dövlət universiteti”ndən diplom alıb–S.H.) Saakyan separatçı rejimə hamıdan çox – düz 13 il rəhbərlik edib.
Onun xunta rejiminə başçlıq etdiyi dövrdə bir sıra cinayətlər törədilib ki, R.Bağdasaryan da həmin cinayətlərdən bəhs edib. Qeyd edib ki, B.Saakyan cinayətkar Qarabağ klanının “ən görkəmli” nümayəndələrindən biridir: “Qarabağ klanının bütün üzvləri namusu və vicdanı olmayan oğrular və fırıldaqçılardır. Onlar Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla kapital qazanaraq, Ermənistanı və erməni ordusunu da talayıblar. Bako Saakyan 2020-ci ilədək yalan və fırıldaq yolu ilə “hakimiyyətini” qoruyub saxlayıb. Bütün bu illər ərzində o, arzuolunmaz adamları həbsdə çürüdüb, biznesmenlərə ağır işgəncələr verib. Onun cangüdənləri çox sayda insanları döyərək öldürüblər. O, Qarabağda quldarlıq rejimi tətbiq etmişdi. İnsanlar onun mütəşəkkil cinayətkarlığın girovuna çevrilmişdi. Saakyan Qarabağı bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zonaya çevirmişdi”.
R.Bağdasaryan qeyd edib ki, B.Saakyan biznesmen Levon Ayrapetyanı aldadaraq, onun pullarını mənimsəmiş adamdır: “Ayrapetyan bütün obyektlərin inşasını ona etibar etmişdi. Demək olar ki, inşaat üzrə bütün tenderlərə Saakyanın mafiyası nəzarət edirdi. Tenderlərdə Saakyanın öz adamları “qalib gəlirdilər” və tikinti işləri zamanı ayrılan vəsaitin 40 faizi Saakyanın cibinə axırdı. Bütün bu illər ərzində Bako Ermənistanın büdcəsindən Qarabağa ayrılan vəsaiti talan edirdi və erməni vergi ödəyicilərinin, necə deyərlər, üzünə tüpürürdü. Saakyanın idarə etdiyi illərdə kəndlilərdən brüsselyoz xəstəliyinə yoluxduğu adı ilə inəkləri müsadirə etdilər. Bununla da o, öz inhisarını yaratdı. Kəndlilərin ümid yeri mal-qara idi, Saakyan isə onları quldur kimi müsadirə etdi”.
R.Bağdasaryan qeyd edib ki, Şuşa həbsxanasında və Qarabağdakı digər həbsxanalarda əsl cəhənnəmi məhz B.Saakyan yaratmışdı: “Burada insanları döyür və öldürürdülər. Saakyanın diktaturası dövründə Ermənistandan olan xeyli sayda əsgər burada və hərbi hissələrdə öldürülüb”.
Bloger B.Saakyanın ABŞ-a səfər etdiyini və orada “Artsax xalqı” adına hər il telemarafonlarda pul topladığını bildirib: “Artıq hamıya məlumdur ki, Saakyan həbs ərəfəsində bütün hesabatları yandırıb. O, erməni diasporunu da aldadıb və talan edib. Saakyan oğru və yaramazdır. Onun üçün müqəddəs heç nə yoxdur. İnsanların iztirabları üzərində nəhəng sərvət toplayıb. O, ağıllı, güclü və dürüst adamlara həmişə nifrət edirdi. Çünki belə insanlar qarşısında heç kim olduğunu dərk edirdi. O, bütün situasiyalarda özünü qorxaq çaqqal kimi aparırdı. 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağın bütün “özünümüdafiə ordusu”nu rüsvay etdi. Həmin hadisələr zamanı Saakyan 4 gün zirzəmidə gizlənmişdi”.
Bloger B.Saakyanın narkotik vasitələrdən istifadə etdiyini də qeyd edib. Bildirib ki, B.Saakyan 2018-ci ildə Ermənistanda baş tutan “məxməri inqilab”a və baş nazir Nikol Paşinyana nifrət etsə də onların üzünə gülüb, arxada isə onların əleyhinə fəaliyyət göstərib.
R.Bağdasaryan B.Saakyanın İrəvanda çox sayda obyektə malik olduğunu vurğulayıb. Qeyd edib ki, bunlar Moskovyan küçəsindəki ticarət mərkəzi, “Ramada” oteli və digərləridir. Ancaq onun oteli Qarabağdan Ermənistana köçən bir nəfəri belə öz otaqlarında yerləşdirməyib. Bloger sonda bildirib ki, B.Saakyan indi həbsdədir və azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə yanaşı erməni xalqının başına gətirdiyi bəlalara görə də cavab verməlidir.
İlyas HÜSEYNOV,
politoloq
– Roman Bağdasaryan Bako Saakyanla bağlı ifşaedici materialda həqiqətləri çatdırır. Amma Saakyanın Qarabağ ermənilərini öz məqsədləri üçün istismar etməsini, onları girovluqda saxlamasını biz illərdir ki, deyirdik. Biz uzun illər deyirdik ki, Qarabağ erməniləri rəhbərlikdə olan saxtakar, terrorçu, cinayətkar ünsürləri aradan götürməlidir. Azad, sərbəst, Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Əlbəttə, biz çox yaxşı bilirdik ki, Saakyan burada 13 il ərzində hansı cinayətləri törədib, hansı sifarişləri yerinə yetirib, hansı mərkəzlərdən təlimatlar alıb. Arayik Arutyunyanın təyinatı zamanı Saakyan böyük zərbə aldı. Lakin elə sərt tabeçilik sistemi qurmuşdu ki, hələ də bir sıra sahələri idarə edir, onları inhisarında saxlayırdı. O, postundan getdikdən sonra da Qarabağda vacib fiqur olaraq qalmaqda idi. Çünki onun başçılığı təkcə 13 illə məhdudlaşmır. Saakyan Qarabağın işğalında yaraqlıların komandiri kimi iştirak etmişdi. Müxtəlif sahələrə öz adamlarını yerləşdirmiş, korrupsiya sistemi qurmuş, dünya erməniliyindən milyonlarla dollar vəsait cəlb etmiş, daha sonra onu mənimsəmiş, Ermənistanın dövlət büdcəsindən Qarabağa axan pulların çoxunu da ələ keçirmişdi.
Bu gün onların həbs olunması Azərbaycan dövlətinin böyük uğurudur. İstintaqın bizim bilmədiyimiz, təxmin etmədiyimiz məlumatları da üzə çıxarması mümkündür. Amma açıq mənbələrdə olan təkzibedilməz faktlar da onların cinayətkar əməllərinin ifşası baxımından mühüm əhəmiyyət daşıyır. Onlar qanuni şəkildə mühakimə olunacaqlar. Bütün bu proses, onların cəzalarına çatdırılması haqqı-hüququ pozulan şəxslərin də ürəyincə olacaq.
Səxavət HƏMİD
XQ