Heydər Əliyev: Gürcüstanda yaşayan azərbaycanlılar aborigen xalqdır

post-img

Müsahibimiz Borçalının tanınmış ziyalısı, ədəbiyyatşünas Mahmud Kamaloğludur

Onunla ötən il Türkiyənin Ərzincan şəhərində keçirilən “Türk Dünyası: Kecmişdən gələcəyə” beynəlxalq simpoziumunda tanış olmuşduq. İş elə gətirdi ki, bir il sonra Tbilisidəki görüşümüz də Ərzincan səfərimdən qayıtmağıma təsadüf etdi.

Ərzincan toplantısı zamanı sadəliliyi və səmimiyyəti ilə tədbir iştirakçılarının könlünü fəth edən Mahmud müəllim yaddaşımda elə ilk görüşdən də doğma bir insan kimi qaldı. Sanki, min illərin tanışları idik. Gürcüstanın Marneuli (ta­rixi adı Sarvan olub) rayonunun Keşəli kəndində doğulan Mahmud Kamaloğlu Hacıxəlilov Tbilisi Pedaqoji İnstitunun filologiya fakültəsini bitirdikdən sonra doğma kəndlərində müəllim, “Sovet Gür­cüstanı” (indi “Gürcüstan”) qəzetində müxbir, şöbə müdiri vəzifələrində çalışıb. Sonra elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Filologiya üzrə fəlsəfə doktoru, pro­fessordur. Gürcüstanın bir sıra ali təhsil ocaqlarında dekan, prorektor vəzifələrin­də çalışıb. Hazırda Ukrayna – Gürcüstan Beynəlxalaq Elmi-Tədris İnstitunun pro­rektordur. 

Tbilisidə azərbaycanlıların əsas ünsiyyət yeri olan mərkəzi meydan­da – Ümummilli lider Heydər Əliyevin büstünün yerləşdiyi parkda görüşdük. Söhbətə onunla balşadıq ki, Ulu öndər sağlığında olduğu kimi, bu gün də bizi birləşdirir:

– Bura Tiflisdə soydaşlarımızın əsrlər boyu məskunlaşdığı yeridir. Ulu öndərin büstünün burada qoyulması da bu baxımdan rəmzi məna daşıyır. Əv­vəllər bu yerə “Meydan” deyilirdi. İndi isə Heydər Əliyev parkı kimi tanınır. Burada başını qaldırıb hansı səmtə baxsan qoca tariximizin silinməyən izlərinə şahid olur­san. Bütün bunların bu günə gəlib çat­ması Ulu öndərin adı ilə bağlıdır. Hey­dər Əliyev Azərbaycanda hakimiyyətə gələnədək Tbilisidə bir sıra milli abidələ­rimiz sistemli şəkildə məhv edilib.

Yeri gəlmişkən deyim ki, bir zaman Xan qızı Natəvanın incə təxəyyülünü və ilhamını çoşduran Tiflis mənzərələrin­dən onun öz əlləri ilə çəkdiyi “Kür qırağı”, “Metex qalası”, “Narınqala”, “Müctəhid bağı”, “Şeyx Sənan dağı” kimi tarixi abi­dələrin əksi bizə gəlib çatıb. Şah Abbas kimi türk hökmdarlarının ruhu dolaşan bu yurd yerimizin tarixi o qədər zəngindir ki, indi gözümüzlə gördüklərimiz onun kiçik bir hissəsidir. Heyrətlə baxdığımız Metex qalasi, əslində, Mehdi qalasıdır, turk paşasının adını daşıyıb. 1819-cu ildə qalanı dağıdıb elə onun daşları ilə də dustaqxana tikiblər. 1938-ci ildə dus­taqxana ləğv olunub, 1941–1945-ci illər müharibəsindən sonra sökülüb. Ötən əsrin 60-cı illərində Metex qalasının dayağı üzərində Vaxtanq Qorqasalın at belində heykəli qoyulub. Bu yerdə qə­dimdə türklərə məxsus “Narınqala” olub.

Aşağıda Kürün sahillərini birləşdirən Metex körpüsü üzərindən bir vaxtlar yal­nız piyadalar və yük heyvanları hərəkət edirdi. Buna görə də tiflislilər bu yerə “Eşşək körpüsü” deyiblər. Ötən əsrin 50-ci illərinin əvvəlində yeni körpü salınanda Metex qalası ilə üzbəüz sal qaya üzərin­dəki keçmiş tikililər məhv edilib. Burada yaşayış binaları ilə yanaşı, Kürün sahilin­dəki karvansaralar, “Şah Abbas məscidi” də uçurulub. Bir maraqlı faktı da xatırla­dım ki, Bağdad Universitetinin məzunu, Qafqaz müsəlmanlarının ilk şeyxülislamı olmuş Məhəmmədəli Hüseynzadə həmin məsciddə axundluq edib. 

Şeyxülislam olaraq Qafqazda böyük nüfuz qazanan Məhəmmədəli Hüsey­nzadə görkəmli publisist, yazıçı və ide­oloq Əli bəy Hüseynzadənin babasıdır. Kürün dəli suları səngiyib aşağı düşən­də divarlarınının bəzi nişanələri görünən “Şah Abbas məscidi”nin əksi o dövrün rəsmlərində və fotolarında qalıb.

Bu məkanın Azərbaycan türklərinin tarixi məskəni olduğunu təsdiqləyən faktlar saysız-hesabsızdır. Qafqazın ən qaynar ticarət mərkəzi olmuş “Şeytan­bazar”, “Göy məscid”in qalıqları, “Na­rınqala” səmtində “Cümə məscidi”, 150 illik tarixi olan Tiflis Azərbaycan Teatrı, “Nəbatat bağı”nda isə azərbaycanlıların məzarlığı təkcə dünənimiz deyil, həm də şərəf duyduğumuz bir tarixin yadigarları­dır. Şübhəsiz, Heydər Əliyevin Gürcüs­tandakı tarixi irsimizə diqqət və qayğısı olmasaydı bunlar da məhv edilərdi. Ulu öndər Moskvadakı və regiondakı nüfuzu ilə bu dağıdıcı prosesin qarşısını almış­dı.

– Mahmud müəllim, Ümummilli li­der Heydər Əliyevin bu missiyasının davamı olaraq qarşıda hansı zəruri işlər dayanır?

– Əlbəttə, bu tarixi yadigarların qoru­nub saxlanılması, eləcə də tanıdılması­nın tarixi önəmi var. Həm də bu dəyər­lərə biz sahib çıxmasaq qeyri birisi gəlib bunu edən deyil. Vaxtilə dahi ədiblərimi­zin əsərlərində, tarixçilərin qeydlərində bu abidələr barədə bizə əhatəli məlumat çatıb. Amma bu zəngin irsin lazımi sə­viyyədə qorunması mümkün olmayıb. 1950-ci illərdə Metex qalası önündəki karvansaralar, Qafqazın ən gözəl məs­cid-camelərindən olan “Şah Abbas məs­cidi” Lavrenti Beriyanın əmri ilə dağıdı­landa bunun qarşısını almaq mümkün olmayıb.

Amma xalq dəyərlərini mümkün qədər qorumağa, ona sahib çıxmağa çalışıb. Müasir Tiflisin fəaliyyətdə olan yeganə müsəlman ibadətgahı “Cümə məscidi” XVIII əsrin əvvəllərində os­manlılar dövründə inşa edilib, sonradan dağıdılıb. Şəhərin “Narınqala” səmtin­də qırmızı kərpicdən tikilmiş məscid iki mehrabı və iki minbəri olan memarlıq abidəsidir. 1864-cü ildə Hacı Zeyna­labdin Tağıyevin ianəsi ilə təmir edilən məscid son dəfə Ulu öndərin göstərişi ilə 1998-ci ildə bərpa olunub. Böyük rəh­bərin bu missiyasını daha da genişlən­dirmək üçün imkanlı adamlarımız irəli durmalıdırlar.

– Bir vaxtlar öz sözünü demiş Tif­lis ədəbi mühitinin canlandırılması, mədəni irsimizin dərindən öyrənilmə­si də önəmli vəzifələrdir.

– İndi dayandığımız və xoş duy­ğularla seyr etdiyimiz Şeytanbazar məhəlləsində, məhz bu tarixi məkanda milli ənənələrə sahibləndiyimiz Azər­baycan mədəni mühiti formalaşmışdır. A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, F.Köçərli, C.Məmmədquluzadə, Ə.Haq­verdiyev, Ü.Hacıbəyli, H.Cavid, A.Şaiq, M.Kirmanşahlı, Ə.Salahlı, M.Mərdanov, Z.Hacıbəyov, M.Şahtaxtlı, İ.İsfahanlı kimi onlarca görkəmli şəxsiyyətin, H.Ərəb­linski, S.Ruhulla, E.Sultanov, Ü.Rəcəb, Ö.F.Nemanzadə, H.Minasazov və adla­rını unutduğum bəzilərini xatırlatmaqla bu mühitin nə qədər zəngin olduğunu təsdiq etmək olar. Bu adların Azərbay­can mədəniyyətinin, təhsilinin, mətbua­tının, teatrının inkişafında rolu misilsizdir.

M.F.Axundovun əsərləri hələ XIX yü­zilin əllinci illərindən Tiflisdə rus və gürcü dilində səhnələşdirilmişdir. Az sonra isə Azərbaycan türkcəsində ilk teatr tama­şası burada göstərilmişdir. Tiflis ədəbi mühitini və teatr tarixinin dəyərli araşdıcı­larından olan professor Abbas Hacıyevin yazdığı kimi, M.F.Axundovun “Sərgüzəş­ti-vəziri-xani sərab” əsərinin üçüncü pər­dəsinin 1872-ci ildə Tiflisin “Paronbəyov karvansarası”nda səhnələşdirilməsi ilə Tiflis Azərbaycan teatrının, eləcə də milli teatrımızın tarixi bünövrəsi qoyulmuşdur. 

Bu mühitin milli mətbuatımızın və təhsilimizin formalaşmasında və inkişa­fında da xüsusi yeri olmuşdur. “Ziya”, “Zi­yayi Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin” milli mətbuatımızın dəyərli nümunələri olmaqla, həm də Tif­lis mühitinin yetişdirmələri idi. Burada formalaşan mili məfkurə dünyəvi təhsil ocaqlarının açılması ilə müşayət olun­muş, o cümlədən, Qori Seminariyasının maarifçi Azərbaycan ziyalılarının məş­hur nümayəndələrinin yetişməsində xü­süsi xidmətləri olmuşdur. Amma, təəsüf ki, bu məsələlər uzun illər unuduldu. Yal­nız Heydər Əliyevin hakimiyyəti illərində yenidən gündəmə gətirildi.

– Ulu öndər, bütövlükdə, Gür­cüstanda Azərbaycan milli varlığının mövcudluğunu, inkişafını ciddi hi­mayə edirdi.

– Əlbbətə, bu işlər o qədər ardıcıl və böyük olub ki, onları görməmək və dəyərləndirməmək mümkün deyil. Hal­buki, Heydər Əliyev bunları edəndə ən böyük dəyəri xalqın məhəbbəti oldu. Heydər Əliyevin azərbaycanlılar, o cüm­lədən, Gürcüstan azərbaycanlıları qarşı­sında xidmətləri unudulası məsələ deyil. Bu onun hakimiyyətinin həm 1-ci, həm də 2-ci dövründə özünü birmənalı təs­diqləyib. Hələ sovetlər dövründə Azər­baycan KP MK-nın 1-ci katibi olanda Gürcüstanda yaşayan azərbaycanlılar haqqında daim düşünüb, onlara hər cür diqqət və qayğı göstərib, onların vəzifə pilləsində irəli çəkilməsi, azad, firavan və xoşbəxt yaşamaları üçün lazımı dəstəyi verib. 

Təbii ki, o dövrdə Moskvanın icazə­si olmadan nələrisə həyata keçirmək, milli ruhu oyatmaq nə qədər çətin olsa da, Ulu öndər həm qonşuluq, həm də Gürcüstanın rəhbərləri ilə dostluq mü­nasibətlərindən istifadə edərək azərbay­canlılara sahib dururdu. Şəxsi həyatım­da olan bir faktı yada salmaq istərdim. Mən elmi işimi 1989-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnistitunda müdafiə etmişəm. Elmi işim toponimlərlə əlaqəli olduğumdan AMEA-nın Coğrafiya İns­titunda da tez-tez olurdum. Rəhmətlik Budaq Budaqovun vasitəsi ilə akademik Həsən Əliyevlə də tanış olmuşdum və hər dəfə akademiyaya gələndə onlarla da görüşürdüm. Bu dəyərli alimlər saat­larla Gürcüstanda yaşayan azərbaycan­lıların problemləri ilə maraqlanırdılar. Bu, ilk növbədə, Heydər Əliyevin kənarda yaşayan azərbaycanlılarla bağlı apardığı milli siyasətin bəhrəsi idi. 

– Bunları yaxşı bilən erməni daşnakları da Qarabağ iddialarını Heydər Əliyev hakimiyyətdən gedən­dən sonra qaldırdılar... 

– Ümumən, keçmişə nəzər salanda Heydər Əliyevin siyasi fəaliyyətinin və həyatının hər bir anında Azərbaycan və azərbaycanlıların varlığı xüsusi önəm daşıyıb. Onun rəhbərliyi dövründə azər­baycanlıların yüksəlişi həm Gürcüstan­da, həm də Ermənistanda açıq-aşkar görünürdü. Yaxşı qeyd etdiniz ki, erməni daşnakları da Qarabağ iddialarını Hey­dər Əliyev hakimiyyətdən gedəndən sonra qaldırdılar. Onlar yaxşı bilirdilər ki, Heydər Əliyevin önündə fitnə-fəsadları həyata vəsiqə ala bilməyəcək. Ulu öndə­rin yaxın dostlarından olan və uzun illər xalqlarımızın birliyinə çalışan Eduard Şevardnadze deyirdi ki, XX əsrin ikinci yarısında Azərbaycanın varlığı, Azər­baycan xalqının həyatı, başlıca uğurları və mühüm nailiyyətləri qırılmaz surətdə Heydər Əliyevin adı ilə bağlıdır. 

Əslində, bu fikirin məsanı o qədər genişdir ki, Heydər Əliyevin təkcə Azər­baycan Respublikasının yox, bütün azərbaycanlıların prezidenti olduğunu təsdiqləyir. Onun 2-ci dəfə hakimiyyətə qayıdışı isə deyilənlərin bir daha təsdiqi oldu. Ulu öndər Gürcüstandakı azərbay­canlıların doğma yurd yuvalarından di­dərgin salınmasının qarşısını aldı, tarixi dəyərlərimizi yenidən özümüzə qaytardı. Bir az əvvəl haqqında danışdığım mə­dəniyyət abidələrinin kütləvi şəkildə da­ğıdılmasının qarşısı alındı. Azərbaycan dövlətinin həm mənəvi, həm də maddi dəstəyi ilə onların hər birinə sahib çıxıldı. İndi bu ənənəni, Heydər Əliyevdən gələn möhtəşəm missiyanı Prezident İlham Əliyev qətiyyətlə davam etdirir. 

– Ulu öndərlə bağlı iştirakçısı ol­duğunuz hadisə və ya görüş olubmu?

– Ümummili lider Heydər Əliyevin həm Azərbaycanın, həm də Gürcüsta­nın müstəqilliyi ilərində gördüyü böyük işlərin şahidiyəm. Hətta Gürcüstana səfər və görüşlərində yaxından iştirak etmişəm. Düzdür, bu böyük şəxsiyyətlə şəxsən görüşməsəm də onun Gürcüstan azərbaycanlıalrının həyatında, onların problemlərinin həllindəki fəaliyyəti əvəzi olmayan hadisədir. Burada yaşayan hər bir azərbaycanlı bunun siyasi və iqtisadi bəhrəsini gördü və görməkdədir. 

Vaxtı ilə Gürcüstandan başlanan köcün qarşısını ağıllı siyasəti ilə alan Heydər Əliyev Gürcüstana ilk rəs­mi səfərində (8–10 mart 1996-cı il) Tbilisi “Nəbatət bağı”nda Fətəli Xan Xoyskinin abidəsinin açılış mərasimin­də iştirak etdi. Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin məzarlarını ziyarət etdi. Tbilisi Cümə məscidində mömin azərbaycanlılarla, Z.Paliaşvili adına Dövlət Akademik Opera və Balet Teat­rında azərbaycanlıların nümayəndələri ilə görüşdü, Gürcüstan Televiziyasına azərbaycanlıların problemlərinin həlli yollarını göstərən müsahibə verdi. Gür­cüstan parlamentinin xüsusi iclasında çıxış edərək Azərbaycan və Gürcüstan əlaqələrinin tarixindən, müstəqillik döv­ründə üzləşdikləri çətinlikdən, separa­tizmə qarşı mübarizəsindən, münasibət­lərin perspektivindən ətraflı bəhs etdi. Yəqin onun bu rəsmi səfərində söylədi­yi məşhur deyim hər kəsin yadındadır: “Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil. Onlar, aborigen xalqdır. Ona görə də onları diaspor adlandırmaq düzgün deyil. Onlar bizim soydaşlarımız­dırlar”.

Ulu öndər Heydər Əliyev elə böyük siyasi xadimdir ki, onun hər bir sözünün və hər bir münasibətinin siyasi çəkisi olub. O, nə etdiyini də hər kəsdən yax­şı bilib. Heydər Əliyev soydaşlarımıza müraciətlərində deyirdi: “Gürcüstanda yaşayan azərbaycanlılar! Sizin ulu baba­larınız, Azərbaycan və gürcü xalqları ya­dellilərə qarşı birgə mübarizə aparıblar. Öz torpaqlarını müdafiə ediblər. Bu dost­luq bu gün də davam edir. Ona görə də əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir, bu, sizin doğma torpaqları­nızdır. Siz öz doğma vətəninizdə, torpaq­larınızda yaşayırsınız”. Belə çağırışlar və Azərbaycan dövlətinin Gürcüstana verdiyi iqtisadi dəstək azərbaycanlıların Gürcüstanda daha da möhkəmlənmə­sinə xidmət edib.

– Bəs bu gün Gürcüstan azərbay­canlıları hansı əhval-ruhiyyədədirlər?

– Bu suala indi hər bir azərbaycan­lının, dünyanın harasında olmasından asılı olmayaraq verəcəyi bir cavab var: xalqımız çox xoşbəxtdir, 30 illik işğala son qoyduğu tarixi qələbəsi ilə, qazan­dığı süverenliyi ilə! Onun Heydər Əliyev kimi Ulu öndəri, fövqəldünya şəxsiyyəti, indi də bu tarixi şəxsiyyətin siyasi mək­təbini uğurla davam etdirən müdrik və qətiyyətli Prezidenti var.

Bu gün Azərbaycanla Gürcüstan ara­sında gündən-günə genişlənən dostluq əlaqələri var. Tbilisinin mərkəzində və Rustavi şəhərində Heydər Əliyev parkı­nın salınması, şəhərin tarixi və məşhur yerində Ulu öndərin büstünün ucaldıl­ması ölkələrimiz arasındakı möhkəm və sarsılmaz dostluğun bariz nümunəsidir. Tbilisidə M.F.Axundovun, Nəriman Nə­rimanovun, eləcə də Cəlil Məmmədqu­luzadənin ev muzeyləri fəaliyyət göstə­rir. Tbilisidəki küçələrin birinə Bakı, bir sıra digər küçələrə isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adı verilib. 

Bu yaxınlarda Prezident İlham Əliyev Gürcüstanda növbəti səfər­də oldu. Keçirilən görüşlərdə Cənubi Qafqazda yeni həyatın bünövrəsini qo­yuldu, tarixi qələbədən sonra süveren­liyinə nail olan Azərbaycanın lideri uzun illərdən bəri arzu edilən sülhün Cənubi Qafqazda bərqərər olmasının zəruriliyini bəyan etdi. Bütün bunlar Gürcüstanda yaşayan azərbaycanlılarda sabaha bö­yük ümidlər doğurur.

– Maraqlı müsahibəyə görə sağ olun. 

 

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV
XQ

Bakı – Tbilisi – Bakı



Müsahibə