Yaxud “Rusiyanın 200 illik haqqı”na dirsək
Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında ölkəsinin Ermənistanla münasibətlərinə toxunarkən bildirmişdi ki, Moskva-İrəvan narazılıqlarının müzakirəsi üçün baş nazir Nikol Paşinyan Rusiyaya, özü isə İrəvana gedə bilər. Putin bu fikri bildirəndə Ermənistan Prezidenti Vaahn Xaçaturyan Roma statutunun ratifikasiyası ilə bağlı qanuna imza atmamışdı. Yəni, ölkə parlamenti sözügedən sənədi qəbul etmiş, ancaq onun hüquqi qüvvəyə minməsi qalmışdı. Başqa sözlə desək, V.Xaçaturyan imza atmayanadək, Putin İrəvana gedə bilərdi. Ancaq indi mümkün deyil. Çünki dünən Ermənistan prezidenti ondan gözləniləni etdi. Artıq Roma statutu Ermənistan qanunvericiliyinin tərkib hissəsidir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsi (Rome Statute of the International Criminal Court) 15 iyun–17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtında keçirilmiş BMT Konfransının qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında statutdur. O da məlumdur ki, BCM Rusiya Prezidenti V.Putinin həbsinə order verib. Qərar Ukraynadakı müharibə kontekstində çıxarılıb və Kreml lideri, faktiki surətdə müharibə cinayəti törətməkdə ittiham olunub. Konkret desək, V.Putinin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyasına və Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıdığı bildirilir. İndi Ermənistan BCM-nin Roma statutu üzrə bütün öhdəliklərini tanıdısa, yəni ölkə parlamenti onu ratifikasiya etdisə, üstəlik, Prezident Xaçaturyan ayrıca qanun imzalayaraq, məsələni təsdiqlədisə, deməli, Putin ölkəyə ayaq basdığı anda həbs edilməlidir. Deməli, artıq Rusiya liderinin Ermənistana ayaq basması mümkünsüzdür. Hər halda, hesab etmirik ki, o, İrəvana gələcəyi təqdirdə, həbs olunmayacağına inanacaq qədər sadəlövhdür.
Paşinyanı və erməni iqtidarını bir kənara qoyaq, Putin yaxşı anlayır ki, İrəvana ayaq bassa, onu həbs edən Nikolun hakimiyyəti olmayacaq. Yerli hakimiyyət, uzaq başı, həbslə bağlı mətbuat konfransı keçirib dünyanın gündəminə gəlməklə öyünəcək. Çünki Qərbin baxışlarında Kremlin rəhbəri cinayətkardır. Ermənistan hakimiyyəti isə Putin kimi “çox böyük cinayətkarın” ələ keçirilməsi dividendindən imtinası mümkünsüzdür. Cinayətdən söz düşmüşkən, Roma statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır. Bunlar soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə və təcavüz cinayətləridir. Bunlara heç bir məhdudiyyət tətbiq olunmur. Roma statutuna əsasən, BCM, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdikləri və müdaxilə etmək istəmədikləri vəziyyətlərdə, belə demək mümkünsə, dövriyyəyə girir.
***
Əlqərəz, V.Xaçaturyan Rusiyanın Roma statutunun qəbul olunmayacağına dair son ümidinin də üzərindən xətt çəkdi. Şübhəsiz, bu, eyni zamanda, İrəvan-Moskva münasibətlərinin üzərindən çəkilmiş bir xətdir. Özü də kifayət qədər qalın xətt. Hər halda, ötən iki yüz ildə Cənubi Qafqazda elə bir hal yaşanmamışdı ki, Rusiyanın dövlət başçılarından hansınınsa bölgəyə gəlməsi şübhələndirilsin. Əlbəttə, bu “ilk”in hansı nəticələr doğuracağını söyləmək çətindir. Yəni Rusiyanın adekvat addımlarını proqnozlaşdırmaq müşküldür. Hələlik, yalnız bir xırda işarə var. O da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparmaq üçün onun evinə getməsi. Onların əsasən Qarabağdan köç səbəbilə yaranmış durumu müzakirə etdikləri bildirilsə də, bir sıra siyasi müşahidəçilərin qənaəti budur ki, Moskva Paşinyana qarşı Ter-Petrosyan variantı üzərində dayanmaq fikrindədir. Əlbəttə, söylənilənlər ehtimaldır, onların həqiqətlə nə dərəcədə uzlaşdığını görmək üçün zamana ehtiyac var. İndilik Ermənistan Rusiyaya qarşı geri dönüşü olmayan yoldadır.
***
Qeyd edək ki, N.Paşinyanın Bişkekə getməkdən imtinasının səbəblərindən biri kimi Roma statutu da göstərilirdi. Erməni müxalifəti bu barədə söz açarkən, Nikolun Moskva ilə mövcud istiqamətdə müvafiq izahat işlərinin aparılmasına ehtiyacın duyulduğu fikrinə əsaslanır. Bu cinahın təmsilçiləri sual ünvanlayırlar: Əgər həqiqətən izahat aparılmalı nə isə var idisə, Paşinyan nə üçün Bişkekə getmədi? Axı, gedib İrəvanın qərarına aydınlıq gətirə bilərdi. Görünür, mövzu haqqında danışılacaq heç nə yoxdur. Həm də ona görə yoxdur ki, erməni baş nazir dediklərini deyib.
Məsələn, Paşinyan bir müddət əvvəl “Politico Europe” nəşrinə müsahibəsində Roma əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. O, fikrini belə əsaslandırmışdı ki, Ermənistanın hazırkı təhlükəsizlik alətləri tələbatlara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir. Əlbəttə, onun Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Ermənistana heç bir fayda gətirmədiyini söyləməsi diqqət çəkmişdi. Əslində, məntiq anlaşılmır. KTMT hara, Roma statutu hara?
Digər tərəfdən, Paşinyan Roma əsasnaməsinin vacibliyinə dair izahına Qarabağ məsələsini də əlavə etməyi yaddan çıxarmamışdı. Bildirmişdi ki, bölgədəki Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyi bacarmırlar. Əlbəttə, Nikol Qarabağdan söz açarkən, Roma əsasnaməsinin öz aləmindəki ən böyük hədəfini də açıqlamışdı. Paşinyan demişdi ki, sənədin köməyi ilə Azərbaycanı məsuliyyətə cəlb edəcək.
Əlbəttə, bu əsaslandırmaların heç biri diqqəti əsas məsələdən yayındıra bilməz. Əsas məsələ isə anti-Rusiya köklənişidir. Paşinyan iqtidarı Roma statutunu Ermənistan qanunvericiliyinin tərkib hissəsi kimi tam şəkildə rəsmiləşdirməklə 2018-ci ildən bəri ən böyük tədbirini reallaşdırmış oldu. Son dərəcə müəmmalı olan bu tədbir nəinki Rusiya–Ermənistan münasibətlərinə zərbədir, ümumən Cənubi Qafqazda iki yüz illik rus-erməni haqqına tüpürməkdir.
Ə.CAHANGİROĞLU
XQ