Dövlətimizin başçısı reallıqları xatırlamaqla diqqəti anti-Azərbaycan ritorikasından uzaq durulmasının vacibliyinə yönəldir
“Əlbəttə, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində sentyabrın 29-da Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısının söylədikləri Azərbaycanın son aylar ərzində məqsədinə necə ildırım sürəti ilə çatdığının təsdiqidir. Yada salaq ki, bir müddət əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün sosial şəbəkə hesabında yazmışdı ki, Azərbaycanın ərazisində “boz zona”lar olmamalıdır. Cənab Hacıyev bu fikri Qarabağdakı separatçı rejimə keçirilmiş “prezident” seçkisinə reaksiya fonunda qabartmışdı.
Dövlətimizin başçısının bildirdiyi kimi, artıq Azərbaycan ərazisində “boz” zonalar yoxdur. Ölkəmiz özünün suverenliyini tam şəkildə bərpa edib. Ancaq Prezident İlham Əliyev heç bir sözü elə-belədən dilə gətirmir. Biz Ermənistandakı bəzi revanşist-şovinist qüvvələrin aktivləşdiyinin şahidiyik. Doğrudur, onlar, əsasən, baş nazir Nikol Paşinyan üzərinə fokuslanıblar və daha çox onu qınayırlar. Yəni, bu kateqoriyadan olanların da əvvəlki müharibə ritorikasından əsər-əlamət yoxdur. Ancaq illüziyalara qapılma klassik erməni xəstəliyinin nəticəsidir. Mövcud yaramaz dəst-xətti seçənlər rəsmi İrəvana təsir göstərirlər və Nikolun komandası daxili etirazçı ictimai rəyi yenmək üçün anti-Azərbaycan ritorikasına baş vurur və nəticədə biz görürük ki, sülhdən yayınma meyilləri özünü aşkar formada göstərir. Hələ bu meyillərin körüklənməsində Fransanın rolunu da vurğulamalıyıq. Məlum olduğu kimi, bu gün ölkənin xarici işlər naziri Ketron Kolonna İrəvana gəlir. Müdafiə naziri Sebastyan Lekornyu isə Ermənistanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyindən söz açıb, mövcud istiqamətdə Prezident Emmanuel Makronun həssas yanaşmasını dilə gətirib və İrəvanın Paris üçün əhəmiyyətindən söz açıb. Bu, azmış kimi, Fransanın sabiq prezidenti Fransua Oland deyib ki, Ermənistanın sərhədləri ölkəsi üçün müqəddəsdir.
Qeyd edək ki, rəsmi İrəvan Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın 5-də Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində keçirilməsi planlaşdırılan görüşünə razılıq verib. Görüşün gündəliyində başlıca yeri iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsi təşkil edir. Yəni, mövcud istiqamətdə əsaslı irəliləyişə nail olunması nəzərdə tutulur. Ancaq hazırkı dövrdə Ermənistan rəhbərliyinin, eləcə də xaricdəki ermənipərəst dairələrin canfəşanlığından belə nəticə çıxarmaq mümkündür ki, həm ümumi anlamda, həm də sırf Qarabağ erməniləri müstəvisində çirkin oyuna start verilib. Bakının onlara qarşı etnik təmizləmə siyasəti aparıldığına dair iddia qabardılır və çalışılır ki, mövcud xüsusda yeni reallıqlar formalaşsın. Çox güman ki, Azərbaycan Prezidentinin xəbərdarlığı da buna görədir.
Dövlətimizin başçısı Ermənistanın keçmiş kriminal rəhbərliyi ilə bağlı söz açarkən də, ölkə daxilində hazırda iqtidara qarşı barışmaz mövqe ortaya qoyan müxalif kəsimə ehyam vurur. Axı, revanşist və şovinistlərin sıraları onlardan təşkil olunub. Kimlər idi bu adamlar, Prezident açıqlayır: “Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar”, –deyən dövlətimizin başçısı belələrinə erməni xalqının da dərin nifrət bəslədiyini qabardır.
Bəli, 2018-ci ildə Ermənistanda baş vermis inqilab nəticəsində hakimiyyətə gəlmiş qüvvələrin pozitiv mövqe tutacağına ümid bəslənilirdi. Yalnız Azərbaycan hakimiyyəti yox, eyni zamanda, bütövlükdə dünya ictimaiyyəti inanırdı ki, xunta rejiminin tarixə qovuşması ilə, nəhayət, Qarabağ münaqişəsi həllini tapacaq. Ancaq cənab İlham Əliyevin də bildirdiyi kimi, hazırkı Ermənistan hakimiyyəti ilə bağlı olan ümidlər şişirdilmişdi: “İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik”.
Bəli, məlumdur ki, ümidlər özünü doğrultmadı. N.Paşinyan nəinki danışıqlar prosesini pozdu, eyni zamanda, tam demarş xətti seçərək “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. Bu bəyanatdan sonra olanlar isə hər kəsə yaxşı məlumdur. Həm 44 günlük müharibənin Ermənistan üçün acı nəticələri göz önündədir, həm də ölkəmizin sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirləri Qarabağda separatizmin kökünü kəsib. Ancaq Prezident İlham Əliyev şans yaradır və bildirir ki, Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik: “Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.
Lakin Ermənistan nəticə çıxarmaq istəmir. Ölkənin hazırkı siyasi xətti də bunu söyləməyə ciddi əsas formalaşdırmaqdadır. Deməli, Prezident İlham Əliyevin məsələyə keçmişin prizmasından izah etməklə aydınlıq gətirməsində məntiq var. Dövlətimizin başçısı vurğulayır ki, İkinci Qarabağ müharibəsindən əvvəlki vəziyyətə qayıdanda, hazırkı Ermənistan hakimiyyəti fürsəti əldən verdi: “Onlar bizi düzgün qiymətləndirmədilər, öz imkanlarını düzgün qiymətləndirmədilər. Onların planları var idi ki, bizə qarşı xarici hərbi yardım olunacaq. Onlar, təbii ki, burada ciddi yanıldılar”.
Yuxarıda da diqqətə çatdırdığımız kimi, “fransuzski” kolonnalar, sebastyanlar, olandlar Ermənistanı düz yola gəlməkdən yayındırırlar, ölkənin müdafiə qabiliyyətini artırmaq adı ilə onu özlərinin avantürist xarici siyasətindəki alətə çevirirlər. Halbuki, belə olmamalıdır. Elə ona görə də dövlətimizin başçısı Azərbaycanın davranışına nümunəvilik məntiqi qazandıraraq vurğulayır: “Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi, siyasi addım atdı: biz sülh təklif etdik. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Həmin bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı”.
Bəli, lokal xarakterli antiterror tədbirlərinin böyük uğuru Ermənistanın və havadarlarının hesablamalarının bic doğulmaq aqibətinin də göstəricisi idi. Azərbaycan öz suverenliyini bərpa etməklə, haqqına sahibləndi. Niyəsə bu sahiblənmə kimlərsə tərəfindən Ermənistana təcavüz məntiqində anlaşılır. Halbuki, Qarabağın Ermənistan olmaması, Azərbaycana məxsusluğu beynəlxalq hüquq baxımından da təsdiqini tapmış reallıqdır. Bu reallığı dərk etmək istəməyənlər barədə söz açdıq. Azərbaycan Prezidenti çıxışında ölkəmizin hərbi qüdrətini vurğulayaraq onlara da xəbərdarlığını çatdırır: “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsinlər. Bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Bəli, Azərbaycan istəsəydi, davam hərbi tədbirlərini davam etdirərdi. Gücü və qüdrəti buna tam imkan verir. Lakin ölkəmiz Qafqazda sülh və sabitlik istəyir. Bu məqamı vurğulayan cənab İlham Əliyev sülh şəraitinin mümkünlüyünə diqqət çəkir və Ermənistanına həm də seçim şansı yaradır. Ölkəmizin lideri 44 günlük müharibədən sonra baş verənlərin bizim xeyrimizə olduğunun xronoloji ardıcıllığından söz açması da İrəvanı həmin şansı dəyərləndirməyə çağırış məqsədi daşıyır: “2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik”.
Əvəz RÜSTƏMOV
XQ