Dünən Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası keçirilib.
Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunvericilik işləri planının təsdiq edilməsi; “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri daxil edilib.
Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov birinci məsələ – Ali Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının qərar layihəsi ilə bağlı məlumat verib. Müzakirə olunan layihə qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ –“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, layihə qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 46.2-ci maddəsinə əsasən komissiyanın tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Müzakirə olunan məsələ ilə əlaqədar deputatlardan Telman Möhbəliyev, Hüseyn Niftəliyev, Tofiq Babayev İntizam komissiyasının üzvləri seçiliblər.
Ali Məclis sədrinin birinci müavini Ali Məclisin sessiya iclaslarında deputatların iştirakının və fəaliyyətinin Daxili Nizamnaməyə əsasən qurulmalı olduğunu diqqətə çatdırıb. Azər Zeynalov Zəngəzur dəhlizinin açılması, bölgədə sülhün bərqərar olunması istiqamətində Prezident İlham Əliyevin qətiyyətli mübarizə apardığını bildirib. O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanın 30 illik blokadadan çıxmasına şərait yaradacaq. Görülən işlərdə ölkə başçısına dəstək ifadə olunub.
Bununla da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası öz işini başa çatdırıb.
***
Həmin gün deputatlar və Ali Məclisin məsul əməkdaşları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə parlamentin foyesində təşkil olunmuş sərgiyə baxıblar.
Ekspozisiyada dahi şəxsiyyətin 1990–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşadığı, Ali Məclisin deputatı və Sədri işlədiyi dövrlərdə siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənir. Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir.
Qeyd edilib ki, 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu 1993-cü ildən xilaskar liderin müdrik daxili və xarici siyasəti ilə ölkə miqyasında davam etdirilib. Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolunu bu gün Respublika Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir.
XQ