“Müşahidə missiyası” yox, sadəcə, “bölgəyə səfər”

post-img

Rəsmi Bakı Qarabağda beynəlxalq müşahidə missiyasının fəaliyyətinə ehtiyac duymur

Azərbaycan istər BMT-nin rezident-əlaqələndirici ofisi, istərsə də beynəlxalq müşahidə missiyalarının Qarabağa səfərlərini təşkil etməyə hazır olduğunu bildirib. Əgər onlar lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda mövcud vəziyyətlə, burada yaşayan erməni əsilli sakinlərin sosial şəraiti ilə yerində əyani şəkildə tanış olmaq istəyirlərsə, buyurub gəlsinlər. 

Gəlsinlər, görsünlər və əmin olsun­lar ki, Azərbaycan hökuməti dəfələrlə bəyan etdiyi kimi, suveren ərazisində yaşayan erməni sakinlərin, respublika­mızın digər azsaylı xalqları kimi, konsti­tusion hüquqlarını təmin etməyə, onlara normal sosial-iqtisadi şərait yaratmağa başlayıb. İndi əminliklə söyləyə bilərik ki, verdiyi vədə əməl edən rəsmi Bakının bunu necə həyata keçirdiyini müşahidə edəcək avropalı və amerikalı emissarlar hayların qaldırdıqları hay-küyün, vay-şi­vənin dezinformasiyadan, beynəlxalq ictimaiyyətə sırımağa çalışdıqları feyk xəbərlərdən başqa bir şey olmadığını görəcəklər.

Bu, eləcə də bölgədəki son durum barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Yayılan rəsmi məlumata əsasən, son bir ayda say­ca üçüncü olan telefon danışığında tərəflər erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azər­baycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi apa­rıblar. Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan lokal antiter­ror tədbirləri zamanı yalnız hərbi ob­yektlərin hədəf alındığını, mülki əhaliyə zərər yetirilmədiyini, hazırda qanunsuz erməni silahlıların tərk-silah prosesinin getdiyini və onların Azərbaycanın su­veren ərazisindən çıxarılmasının həya­ta keçirildiyini Ağ ev rəsmisinin nəzə­rinə çatdırıb. 

Söhbət əsnasında, həmçinin Prezi­dent İlham Əliyev Azərbaycanda yaşa­yan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsindəki erməni sakinlərin hüquq­larının da ölkə Konstitusiyası və bey­nəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi yönündə müvafiq işlərin aparıldığını vurğulayıb.

Yaranmış vəziyyətlə bağlı nara­hatlığını ifadə edən, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirən ABŞ Dövlət katibi Antoni Blinkenə cavab olaraq dövlətimizin başçısı bildirib ki, Azərbaycan və erməni sakinlərin nü­mayəndələri arasında reinteqrasiya is­tiqamətində dialoq aparılır, onlara döv­lətimiz tərəfindən humanitar yardımlar göndərilir. Bundan başqa, ərazidə zəruri infrastrukturun bərpa edildiyini deyən İlham Əliyev telefon danışığın­da Antoni Blinkenin diqqətinə yardım aksiyalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın hə­yata keçirildiyini, ölkəmizdə akkreditə olunmuş BMT-nin rezident-əlaqələndi­ricisinin yaxın zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfərinin təşkilinə Bakının hazır olduğunu çat­dırıb. 

* * *

Vaşinqton və Bakı arasında telefon danışığının ardından ABŞ Dövlət De­partamentinin bununla bağlı yayılan açıqlaması müəyyən suallar doğurdu və marağa səbəb oldu. Məsələ onda­dır ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller telefon da­nışığında Azərbaycan dövlətinin başçı­sının Qarabağa beynəlxalq missiyanın göndərilməsinə razılıq verdiyini və bu­nun yerinə yetiriləcəyini media mən­sublarının nəzərinə çatdırıb. O, hətta tərəflər arasında “Dağlıq Qarabağda (?) BMT-nin potensial müşahidəçilər missiyasının fəaliyyətinin müzakirə edildiyini” də bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü fərdi açıqla­masında bir az da irəli gedərək Antoni Blinkenin Prezident İlham Əliyevi Qa­rabağda geniş amnistiya elan etməyə çağırdığını, ona “Dağlıq Qarabağın (?) bütün sakinləri üçün sülhə, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan gələ­cək qurmaq” barədə vədini xatırlatdığı­nı bildirib. 

M.Miller jurnalistlərdən birinin Qa­rabağda BMT-nin potensial beynəlxalq missiyasının dəqiq fəaliyyət mexanizmi barədə sualına cavab verməkdən ya­yınaraq, “bu məsələ bizim müttəfiqlə­rimiz və bölgədəki tərəfdaşlarımızla müzakirə mövzusu olaraq qalmaq­dadır” – deməklə kifayətlənib. Amma onu nəzərə çatdırmağı unudub ki, Bakı yaxın günlərdə BMT-nin müşahidə missiyasının deyil, sadəcə qurumun Azərbaycanda akkreditə olunmuş re­zident-əlaqələndiricisinin Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb. Əlbəttə ki, bun­lar tamamilə fərqli, diplomatik nöqte­yi-nəzərdən bir-birinə zidd termin və mülahizələrdir. 

* * * 

Öz növbəsində Prezidentin kömək­çisi, Azərbaycan Respublikası Preziden­tinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsünün açıqlamasında yol verdiyi yanlışlığa aydınlıq gətirib. “Biz Qarabağ­da beynəlxalq müşahidə missiyasının fəailiyyətinə zərurətin yarandığını düşün­mürük. Çünki reallıq göz qabağındadır, Azərbaycan heç nəyi gizlətmir. Deyildiyi kimi, rəsmi Bakı bölgədəki erməni əsilli vətəndaşların hüquqlarını təmin etməyə tam qərarlıdır”, – deyən H.Hacıyev Qa­rabağda, guya, etnik təmizləmə barədə istənilən açıqlamanın Azərbaycan xalqı üçün təhqir sayıldığını, ölkəmizin tarixin­də belə halların heç vaxt baş vermədiyini nəzərə çatdırıb. Prezidentin köməkçisi də BMT-nin nümayəndələrinin istənilən zaman regiona səfərlərini istisna etmə­yib. 

* * *

Bu arada ABŞ-ın Beynəlxalq İn­kişaf Agentliyinin (USAID) Cənubi Qafqaza siyasi turneyə gələn rəhbəri Samanta Pauerin son hadisələrdən sonra vəziyyəti yerində qiymətlən­dirmək məqsədi daşıdığı bəlli olub. İrəvandan sonra Bakıya təşrif buyur­muş xanım Pauer burada yüksək sə­viyyədə qəbul olunub. Onun ardınca BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi, ABŞ Dövlət katibinin Avropa və Avra­siya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya səfərləri diqqət çəkib. Bu səfərlər zamanı baş tutan rəsmi görüşlərdə Cənubi Qafqazda, Azərbaycanın Qarabağ iqtisadi rayo­nundakı mövcud vəziyyəti də müza­kirəsi olunub.

* * * 

Mövzunu davam etdirərək oxucula­rın nəzərinə onu da çatdıraq ki, Avropa İttifaqının təhlükəsizlik üzrə analitiki, hüquqşünas İrina Zukerman maraqlı açıqlama ilə çıxış edib. O, öz paylaşı­mında bildirib ki, Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişel və qurumun digər rəsmilərinin son bəyanatları onu göstərir ki, Aİ Azərbaycan Silahlı Qü­vvələrinin həyata keçirdiyi lokal anti­terror tədbirlərindən sonra yaranmış yeni reallığı qəbul edir. “Şarl Mişel və Aİ rəsmiləri ən azı, reallığı qəbul edir və sülhü möhkəmləndirmək üçün hər fürsətdən istifadə edərək irəliləmək niyyətindədir”, – qeyd edən Zukerma­nın sözlərinə görə, buna baxmayaraq, dünyada bəzilərinin beynində Qara­bağdakı vəziyyəti necə qəbul etməyə dair suallar qalmaqdadır: “Bəzi ölkələr hələ də “Dağlıq Qarabağ” terminini işlətməkdə davam edir. Onlar Qara­bağda ermənilərin min illik mövcud­luğu barədə nağıllara inanır və başa düşmək istəmirlər ki, bu, keçmiş Sovet İttifaqının əhalini nəzarətdə saxlamaq üçün xüsusi olaraq düşündüyü cəfəng termindir”.

Ekspert paylaşımında bu fikri haqlı olaraq vurğulayır ki, Azərbaycan qanu­nun aliliyinə və Qarabağdakı ermənilə­rin dinc yolla reinteqrasiyasına sadiqli­yini nümayiş etdirir. 

Bəli, artıq ermənilərin qızğın hi­mayədarı Fransanın dominantlıq etdiyi Avropa İttifaqında belə hər şeyi öz adı ilə çağırmağa başlayıblar. Oğrunun və doğrunun kimliyini bizim anlatmağı­mıza ehtiyac qalmayıb. Yəqin tezliklə okeanın o tayında da Azərbaycanın Qarabağ torpağından söz düşəndə diplomatik bəyanat və terminlərinə çəki-düzən vermək, korrektələr etmək barədə ciddi düşünəcəklər.

İmran BƏDİRXANLI
XQ

Siyasət