BMT-nin ali komissarı reallıqları niyə görmür?

post-img

Birləşmiş Millətlər Təşkilatının İn­san hüquqları üzrə ali komissarı Fol­ker Türk bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorun­ması öhdəliyi barədə fikirlər bildirib. Ali komissarın ofisinin yaydığı məlu­mata görə, F.Türk deyib: “Mən inkişaf edən və kövrək humanitar vəziyyəti narahatlıqla izləyirəm. 

Yerdəki etnik erməni əhalinin hüquq­larının qorunması və bütün hərəkətlərin beynəlxalq hüquq normalarına əsas­lanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Tə­sirə məruz qalanların humanitar yardı­ma çıxışı olmalıdır”.

F.Türk daha sonra qeyd edib ki, məcburi köçkünlərin və qaçqın (?) və­ziyyətində olanların hüquqları, o cüm­lədən onların təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqlarını həyata keçirə bil­mələri təmin edilməlidir: “Mən, həmçi­nin itkin düşmüş şəxslər haqqında mə­lumatlara diqqət yetirməyə çağırıram. İnsan hüquqlarının və ya beynəlxalq humanitar hüququn istənilən pozun­tusu şəraitdən asılı olmayaraq, hesa­batlılığı və operativ, müstəqil və şəffaf araşdırmalar da daxil olmaqla tədbir görülməsini tələb edir”.

Ali komissar dövlətlərin bununla bağlı öhdəliyini də xatırladıb. Qeyd edib ki, dövlətlər etnik, dini və ya linqvistik azlıqları öz mədəniyyətlərindən istifa­də etmək, öz dinlərinə etiqad etmək və ya öz dillərində danışmaq hüququndan məhrum etməməyə borcludurlar: “Hər bir dövlət, həmçinin öz ərazisində az­lıqların mövcudluğunu və milli, yaxud etnik, mədəni, dini və linqvistik kimliyini qorumalı, bu kimliyin təşviqi üçün şəra­it yaratmalıdır”.

Doğrudur, F.Türk öz bəyanatında konkret ad çəkməyib. Amma onun Qa­rabağ ermənilərini nəzərdə tutduğu və çağırışı Azərbaycana ünvanladığı gün kimi aydındır. Təbii ki, cənab Türk sə­lahiyyəti çərçivəsində istədiyi bəyanatı verməkdə sərbəstdir. Lakin dünyanın ən böyük universal təşkilatının insan hüquqları üzrə məsul şəxsinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ona bitişik işğal olunmuş rayon­lardan vaxtilə bir milyon azərbaycan­lı qaçqın və məcburi köçkünün öz yurd-yuvasından didərgin düşməsinə səssiz qalmasını anlamaq olmur.

Bundan əlavə, 1988-89-cu illərdə Qərbi Azərbaycandan 250 minədək insan doğma el-obasından qovulub. Onların üzləşdikləri çətinliklər də ali komissarı maraqlandırmayıb. Halbuki, həm Qərbi Azərbaycandan, həm də Qarabağdan qaçqın düşənlər indi böl­gəni tərk edən ermənilər kimi rahatlıqla çıxıb getməyiblər. Bu gün Azərbaycan dövləti Qarabağ iqtisadi rayonundan erməni əsilli heç bir şəxsi deportasiya­ya məruz qoymur. Azərbaycan vətən­daşlığını qəbul etmək, birgəyaşayış tərəfdarı olmayan ermənilər özləri ərazilərimizdə yaşamaq istəmədikləri üçün çıxıb gedirlər.

Azərbaycan Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarının qarşılanması üçün ilk gündən lazımi addımları atmağa hazır olduğunu bil­dirib. Ağdam-Əsgəran-Xankəndi yo­lunun açılmasından sonra bunu əməli addımlarla təsdiqləyib. Xalqımız başı­na gətirilən bütün müsibətlərə, olmazın işgəncələrə, məhrumiyyətlərə baxma­yaraq, yenə də öz böyüklüyünü göstə­rir. Azərbaycan Prezidenti sentyabrın 20-də xalqa müraciətində dövlətimizin gələcəyə baxışını aydın ifadə etdi: “İndi isə əminəm ki, bölgəmizdə yeni vəziy­yətin yaranması labüddür. Çünki krimi­nal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşa­yan erməni əhalisi də, nəhayət, rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımız­dır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların be­yinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əha­lisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Prezident İlham Əliyev qeyd etmiş­di ki, bütün haqsızlıqlara, kriminal Er­mənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, biz er­məni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: “Xocalı soyqırı­mında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasın­da biz erməni xalqını günahlandırma­mışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edə­cəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.

Təəssüf ki, ermənilər onlara uza­nan barışıq əlini hər dəfə geri qaytarır­lar. Onların bu hərəkəti isə anti-Azər­baycançı dairələr üçün göydəndüşmə fürsət olur.

***

Ali komissarın fikirlərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, F.Tür­kün fikirləri qeydə alınıb.

O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cüm­lədən son 24 saatlıq anti-terror təd­birləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həya­ta keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunma­sına sadiq olub.

Mətbuat katibinin sözlərinə görə, Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə məruz qalan azərbaycanlıların öz hüquqlarından məhrum olmasına baxmayaraq, Azər­baycan öz ərazisində olan bütün et­nik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sa­diq olub. Azərbaycan rəhbərliyi bunu dəfələrlə şifahi şəkildə bəyan edib.

A.Hacızadə təəssüflə bildirib ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köç­künün hüquqlarını qorumağa, o cümlə­dən onların təhlükəsizliyinə və hüquq­larının təminatına dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən anti-terror tədbirləri hə­yata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün kömək­lik göstərməsinə baxmayaraq, 4 minə yaxın itkin düşmüş azərbaycanlıya qar­şı eyni diqqət və həssaslığı müşahidə etmirik: “Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından gü­nahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əley­hinə cinayətlərdə təqsirli şəxsləri cəza­landırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiy­yət tərəfindən ciddi şəkildə qəbul edilə­cək. Biz, həmçinin Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycan­lıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquq­larını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik”.

***

Qərbi Azərbaycan İcmasının yaydı­ğı açıqlamada isə F.Türkün bəyanatın­da Azərbaycana və azərbaycanlılara qarşı qərəzliliyə, habelə ayrı-seçkiliyə yol verildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir mil­yona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozduğu ali komissara yaxşı məlumdur: “Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azər­baycanlıların təhlükəsiz şəkildə və lə­yaqətlə geri qayıtmaq hüququnun real­laşmasına imkan vermir. Ali komissar, nədənsə, bir dəfə də olsun bu məsələ barədə danışmayıb və Qərbi Azərbay­can İcmasının bununla bağlı müraciəti­ni cavabsız qoyub. Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və reinteqrasiyaya əsaslanan gündəliyə sahibdir”.

Qeyd olunub ki, belə olan təqdir­də, ali komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, reinteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənis­tandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi soydaşlarımıza qarşı etnik və dini zəmində ayrı-seçkilikdir. BMT-nin insan hüquqları üzrə ali komissarının bu ayrı-seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bü­tövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.

“Biz cənab Türkü daşıdığı ali vəzifə­nin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələ­rin əlində ucuz siyasi alətə çevrilmə­sinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son qoymağa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın mü­dafiəsi xahişi ilə 2023-cü il 10 avqust tarixində göndərdiyimiz müraciətə ca­vab verməyə çağırırıq”, – deyə açıqla­mada qeyd olunub.

Onu da qeyd edək ki, F.Türkün açıq­lamasında əksini tapan fikirlər qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda da­vamlı sülh və sabitliyin əldə olunması istiqamətində səylərə də töhfə vermir. Bu baxımdan ümid edək ki, ali komis­sar Azərbaycandan səslənən iradları eşidəcək və növbəti açıqlamalarında obyektivlik nümayiş etdirəcək.

Zaur MƏMMƏDOV,
politoloq

– 1988-89-cu illərdə Ermənista­nın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsin­də bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan qovduğu yüz minlər­lə azərbaycanlının geri qayıtmaq hüququnun təminatından imtina etməklə, onların iztirablarını daha da artırır. Rəsmi İrəvan dəfələrlə edilən çağırışlara rəğmən, Qərbi azərbaycanlıların insan hüquqları mövzusunda dialoqa başlamaqdan qəti şəkildə imtina edir. Azərbaycan isə erməni əsilli vətəndaşlarını zor­la ölkədən çıxarmır. Onların yaşa­yış yeri seçmək kimi fundamental insan hüquqlarını pozmur. Qara­bağı tərk edənlər, sadəcə olaraq, Azərbaycan qanunları əsasında yaşamaq istəməyənlərdir. Bununla belə onların təhlükəsiz şəkildə köç­məsinə şərait yaradılır. BMT-nin in­san hüquqları üzrə ali komissarının bütün bunlara rəğmən verdiyi açıq­lama ya onun bölgədəki vəziyyət­dən xəbərsizliyindən, ya da qərəzli olmasından xəbər verir. İnformasi­ya-kommunikasiya texnologiyaları­nın inkişaf etdiyi müasir dövrdə Fol­ker Türkün yanlış məlumata malik olması ehtimalı istisnadır. Odur ki, ikinci versiyanın üzərində dayan­malı oluruq. Halbuki, Folker Tür­kün daşıdığı vəzifə ondan bitərəf, obyektiv və qərəzsiz olmağı tələb edir.

Səxavət HƏMİD
XQ



Siyasət