Türk Dövlətləri Təşkilatının (TDT) 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli inkişaf yolu keçib.
Ötən müddətdə təşkilat 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri elan edib.
Sentyabrın 16-da Bakıda TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının keçirilməsi və bu tədbirdə Quba şəhərinin adıçəkilən nüfuzlu qurumun kənd təsərrüfatı paytaxtı elan edilməsi də Azərbaycanın təşkilatla sıx bağlılığını göstərir. TDT tərəfindən belə bir etimad həm respublikamızın qurumda səmərəli fəaliyyəti, həm də dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üzləşdiyi bir vaxtda dövlətimizin də bu çağırışlara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla məhsuldarlığı artırmağa və dayanıqlı inkişafa maraqlıdır.
Xatırladaq ki, TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır.
Şübhəsiz ki, Azərbaycan da bu məsələyə hər zaman həssaslıqla yanaşır, türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir.
TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsində də bütün bu məsələr öz ifadəsini tapıb. Belə ki, sənəddə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarəsi, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi kimi sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri olaraq diqqət çəkir.
II Türk Dövlətləri Aqrobiznes Forumunda da vurğulanan prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasda ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar və gələcək hədəflər, kənd təsərrüfatında məhsuldarlığın daha da artırılması, iqlimə uyğun yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi bu sahənin dayanıqlı inkişafı üçün əsas prinsipləri olduğu bildirilib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan edib və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Hazırda qarşıya düşməndən təmizlənən torpaqlarda kənd təsərrüfatına yararlı sahələri minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir vəzifə qoyulub. TDT ölkələrinin iş adamlarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmaq və burada ən yaxşı təcrübə və texnologiyaları tətbiq etmək marağı da buradan irəli gəlib.
Bu məqamda onu da bildirək ki, hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əraziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələrində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır.
Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan edilən işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, artıq 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi dövlətimiz qarşısında duran əsas vəzifə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır.
TDT-yə üzv ölkələrlə bağlı bəzi iqtisadi göstəricilərə də diqqət yetirək. Ötən il quruma daxil olan dövlətlərin öz aralarında həyata keçirdiyi ixracın dəyəri 33 milyard dollar olub. Həmin məbləğin 3,8 milyard dolları kənd təsərrüfatı məhsullarının payına düşüb. Ekspertlər tərəfindən bu göstəricilərin yetərli olmadığı, sözügedən sahədə mövcud potensialın hələ tam hərəkətə gətirilmədiyi bildirilib. Çünki BMT-nin Ticarət Mərkəzinin tətqiqat metodologiyası əsasında aparılan hesablamalarla mövcud ixracın 70–75 faiz artırılması üçün böyük ehtiyat olduğu təsdiqlənib.
Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Məsələn, 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir.
Yeri gəlmişkən, ölkəmizin Türkmənistanla qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollara çatıb. Özbəkistanla ticarətdəki 64 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək yüksəldib.
Bu dövrdə Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. Azərbaycanla bu ölkə arasındakı dövriyyə 2021-ci ildə 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz isə ötən il 6 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib.
TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətinə müsbət təsir göstərib. Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində, 2020–2021-ci illərdə Orta Dəhliz üzrə yük daşımaları 350 min tondan 530 min tona qədər artıb.
Azərbaycanın bu proseslərdə fəal şəkildə iştirak etməsini yalnız qəbul edilən qanun layihələri ilə deyil, Zəngəzur Dəhlizi boyunca sürətlə aparılan işlərlə də müşahidə etmək mümkündür. Çünki Zəngəzur Dəhlizi də Orta Dəhliz üzrə Cənubi Qafqazdan keçən marşrutun diversifikasiyasına və türk dövlətləri arasında coğrafi baxımdan bağlantısına xidmət edir.
Vaqif BAYRAMOV 
XQ

