İğdır–Naxçıvan qaz kəməri alternativ təchizat xəttidir

post-img

Azərbaycan öz ərazi bütövlüyü­nü təmin etməklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşru­tunun (Orta Dəhliz) mühüm seqmenti rolunu oynayacaq Zəngəzur Dəhlizini işə salmaq üçün əlverişli imkan qazanıb. Artıq Uzaq Çini Avropaya yaxınlaşdıran, beynəlxalq yükda­şımalar üçün müstəsna əhəmiyyət daşıyan bu dəhlizin açılması xeyli aktuallaşıb.

Türkiyənin türk dünyasına açılan qa­pısı sayılan Naxçıvandan keçəcək bu dəhlizin önəmi getdikcə daha çox etiraf edilir. Zəngəzur Dəhlizi, həm də Naxçı­van Muxtar Respublikası ilə quru yolla birbaşa kommunikasiyaların qurulması üçün geniş imkanlar yaradır. 

Xatırladaq ki, uzun illər Ermənistan tərəfindən blokadaya salınmış muxtar respublika təbii qazı və elektrik ener­jisini bir mənbədən–İrandan almağa məcbur idi. “Mavi yanacaq” və elektrik enerjisinin eyni mənbədən alınması isə Naxçıvan Muxtar Respublikasının ener­ji təhlükəsizliyinin təminatında müəyyən problemlər yaradırdı. 

Artıq Türkiyənin əsas qaz tədarük­çülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə muxtar respub­likanın qaz təminatı probleminin həlli üçün yeni fürsət qazanıb. Bu baxımdan sentyabrın 25-də Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev və ölkə­mizdə rəsmi səfərdə olan Türkiyə Res­publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş İğdır–Naxçıvan qaz kəməri muxtar res­publikanın “mavi yanacaq”la təchizatı baxımından müstəsna əhəmiyyət kəsb edir. 

Hazırda Naxçıvan Muxtar Respubli­kasının illik qaz istehlakı 260–300 mil­yon kubmetr ətrafındadır. Bu isə möv­cud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır–Nax­çıvan qaz kəmərinin fəaliyyətə başla­ması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli də­yişikliklər baş verəcək. Eyni zamanda kəmərin işə düşməsi muxtar respublika­nın qaz təchizatının şaxələndirilməsinə imkan yaratmaqla onun bir mənbədən asılılığını aradan qaldıracaq. Naxçıva­nın sosial-iqtisadi inkişafına təkan verən yeni infrastruktur layihəsi isə artıq icra mərhələsinə qədəm qoyub. 

Azərbaycan və Türkiyə arasında İğdır–Naxçıvan qaz boru kəmərinin ti­kintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada im­zalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərən­camına əsasən isə İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. 

Qeyd edək ki, boru kəmərinin İğdır­dan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azər­baycan hissəsinin uzunluğu 17,5 kilo­metr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Eyni zamanda layihə çərçi­vəsində Dilucu məntəqəsində qazpay­layıcı stansiya tikiləcək. Bu stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmini edəcək. Beləliklə, təbii qaz Nax­çıvana ən təhlükəsiz şəkildə daxil ola­caq. Boru kəməri ilə gündə 2 milyon ku­bmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Nax­çıvanın qaza tələbatını tam ödəməyə imkan yaradacaq. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. 

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən reallaşdırılacaq. Yeri gəlmişkən, ötən il Tükiyə KİV-ləri İğdır–Naxçıvan qaz kəmərinin tikintisi layihə­sinə təqribən 13,7 milyon dollara vəsait xərclənəcəyi ilə bağlı məlumat yaymış­dılar.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Türkiyə Prezidentinin sentyab­rın 25-də ölkəmizə rəsmi səfəri mü­hüm əhəmiyyətə malikdir. Belə ki, bu səfər İğdır–Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi ilə yanaşı, mü­dafiə sənayesi müəssisəsinin açılışı ilə də yadda qaldı.

İğdır–Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Azərbaycan təbii qazını Qarsdan İğdıra, oradan da Naxçıva­na nəql ediləcək. Bununla da, muxtar respublikanın qaza getdikcə artmaqda olan tələbatının bir mənbədən (İran­dan) asılılığı sona çatacaq. Gələcək­də Zəngəzur dəhlizinin açılması ilə bu kəmərdən təbii qaz əks istiqamətdə nəql olunacaq. Bu isə Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq. 

Məlum olduğu kimi, 2006-cı ildən Naxçıvanın təbii qazla təminatı İran­la svop əməliyyatları əsasında həyata keçirilir. Əməliyyatın şərtlərinə əsasən, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıva­na qaz verilir. İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Belə ki, Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Dünyada belə əməliyyat­lar üzrə faiz dərəcəsi isə 5-dən yüksək deyil. 

İğdır–Naxçıvan qaz kəmərinin işə düşməsi bölgənin “mavi yanacaq”la tə­chizatının xeyli yaşılaşdırılmasına sə­bəb olacaq. Təsadüfi deyil ki, Azərbay­can Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Pre­zidenti Rəcəb Tayyib Ərdoğan mətbu­ata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini bir daha vurğulayıblar. 

İğdır–Naxçıvan qaz kəmərinin çə­kilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli ha­disə kimi dəyərləndirən Azərbaycan Prezidenti bunun əlaqələrimizə yeni tə­kan verəcəyini, Naxçıvanın enerji təh­lükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşma­ya görə, mübadilə yolu ilə İrandan Nax­çıvana qazın verilməsi təmin edilmişdir. İğdır–Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. 

Türkiyə Prezidenti isə bəyanatında İğdır–Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində or­taqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib. 

Yeri gəlmişkən, Türkiyə ilə Azər­baycan arasında iqtisadi münasibətlər ildən-ilə dərinləşir. Qardaş ölkə Azər­baycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin 8 ayının göstəricilərinə görə, xarici ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil edib ki, bu da ölkələrimiz arasında idxal-ix­rac əməliyyatlarının getdikcə artmasını təsdiqləyir. Azərbaycanın ixracının 16 faizi Türkiyənin hesabına formalaşır. İdxalın isə 13 faizi Türkiyənin payına düşür. Gələcəkdə xarici ticarət döv­riyyəsinin 15 milyarda çatdırılması ilə Azərbaycan Türkiyənin 10 əsas iqtisadi tərəfdaşından birinə çevriləcək. 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat