Hindistan Cənubi Qafqazda daha fəal rol oynamaq istəyir. Rəsmi Nyu-Dehli bunun üçün əsas tərəfdaş kimi Ermənistan ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Hindistan və İrəvan özlərini “təbii müttəfiqlər” kimi qələmə verirlər və bu ikitərəfli əlaqələrin geniş istifadə olunmamış potensialından istifadə etmək əzmində olduqlarını bildirirlər. Bu, təbii ki, reallığı əks etdirmir. Vəziyyətə xəyali geosiyasi maraqlar prizmasından deyil, müəyyən edilə bilən və möhkəm iqtisadi üstünlüklər nöqteyi-nəzərindən baxsaq, aydın olur ki, Ermənistan geosiyasi iştahası gündən-günə artan Hindistan üçün cəlbedici ölkə deyil və İrəvan hindlilərə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində arzuladığı həlqə statusu kimi maraqlıdır. Təbii ki, Hindistanı regionda fəal olmağa vadar edən digər amillər də var.
Cənubi Qafqazda Ermənistan mərkəzi mövqe tutmur və yütürdüyü yarıtmaz siyasət nəticəsində İrəvan daha çox regionun korbağırsağı kimi qiymətləndirilir. Yəni uzun illər işğalçı siyasəti nəticəsində regionda həyata keçirilən genişmiqyaslı energi-nəqliyyat layihələrindən kənarda qalan Ermənistan hazırda regional dalanda çabalayır. Görünür, ermənilərin düşdükləri hazırkı çıxılmaz geosiyasi və geoiqtisadi vəziyyət Hindistanı o qədər də narahat etmir, hindlilər düşünürlər ki, müharibədə döyülmüş ermənilərin hesabına regionda maraqlarını təmin edə biləcək. Halbuki regionda yeni reallığı Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə dəyişdirdi və regionun yenidən şəkilləndirilməsi istiqamətində atılan real və təsirli addımların da məhz rəsmi Bakıya və onun strateji müttəfiqi Türkiyəyə məxsus olduğunu uzaq Hindistanda da gözəl bilirlər.
Bununla belə, hindlilər düşünürlər ki, Ermənistana hərtərəfli yardım göstərməklə Azərbaycanın və Türkiyənin, eləcə də strateji düşməni olan Pakistanın regionda əməkdaşlıq formatının zəiflətməsinə nail ola bilər. Buna görə də, təsadüfi deyil ki, 44 günlük müharibədən dərhal sonra Ermənistan ilə Hindistan arasında çoxsaylı silah və sursat satınalınması barədə müqavilələr imzalandı və rəsmi səviyyədə təmasların intensivliyi artdı. Hindistanda fəaliyyət göstərən siyasi və təhlükəsizlik üzrə ixtisaslaşmış beyin mərkəzləri isə Ermənistan ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən bəhs edən və Azərbaycanı tənqid edən yazılar dərc etməyə başladılar. Azərbaycanın 19-20 sentyabr tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Hindistandan Ermənistanla bağlı regionun digər aktorunu – Rusiyanı qıcıqlandıran təkliflər də səsləndirilir. Belə ki, Hind–Ermənistan Dostluq Cəmiyyətinin sədri Rananjay Anand X sosial şəbəkəsində təklif edir ki, Hindistan və Ermənistan arasında qarşılıqlı faydalı strateji tərəfdaşlıq üçün Ermənistanda Hindistan hərbi–aviasiya bazası yaradılmalıdır. Təbii ki, belə bir perspektiv Ermənistanı Rusiya ilə Hindistan arasında geosiyasi haqq-hesabların aparılacağı meydanına çevirəcək. Nyu-Dehli düşünür ki, Ermənistanda hərbi baza yaratmaqla regional proseslərə təsir göstərmək rıçaqı əldə edə biləcək. Amma belə bir perspektivə rəsmi Moskvanın isti yanaşacağı real görünmür.
Təbii ki, Nyu-Dehli özünün artan iqtisadi iştahasını ödəmək üçün strateji tranzit və nəqliyyat martşrutlarının yaradılmasında maraqlıdır. Buna görə hindlilər daha çox Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşmasına çalışırlar. İkinci Qarabağ müharibəsindən sonra aktuallaşan Zəngəzur dəhlizinin açılması perspektivi Hindistanı narahat edir. Buna görə də Nyu-Dehli belə bir strateji nəqliyyat dəhlizinin açılmasına qarşı çıxır. Hindlilər düşünürlər ki, Türkiyənin Mərkəzi Asiya regionunda güclənməsi və oradan gələn nəqliyyat dəhlizinin Azərbaycandan keçərək, Zəngəzur dəhlizi ilə Türkiyə ərazisinə qədər uzanacaq yeni bir ticarət yolu yaratması birbaşa Hindistana təhlükə yaradır. Hind mətbuatı və politoloqları Ermənistanın ərazi bütövlüyü ilə yanaşı, Zəngəzur dəhlizinin birbaşa Şimal-Cənub Nəqliyyat Dəhlizinə təhdid yaradacağından da narahatdırlar. Təsadüfi deyil ki, Hind–Ermənistan Dostluq Cəmiyyətinin sədri Rananjay Anand X sosial şəbəkəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın heç bir etirazı olmadan Türkiyəni Azərbaycanla quru yolu ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasına məcbur etmək üçün Naxçıvana səfər edəcəyini yazır. “Hindistan üçün də yaxşı xəbər deyil, çünki o, Kəşmirə gedən qapıya pan-Türküstan marşrutunu gücləndirməyi hədəfləyir. Hindistanın təhlükəsizliyinə təhlükəni Pakistan–Türkiyə-Azərbaycan üçlüyü planlaşdırır”, – yazan P.Anand əlavə edir ki, Ermənistanda Hindistan hərbi–hava bazası haqqında düşünməyin vaxtıdır.
Doğrudur, Hindistan hələlik Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmadan qaçır, rəsmi Nyu-Dehlidən konkret açıqlamalar da eşidilmir. Hindistan hazırda Azərbaycan və Türkiyə ilə münasibətlərində ehtiyatlı xəttə üstünlük verir. Bu yanaşmanın uzunmüddətli perspektivdə daha təsirli olacağını düşünən Nyu-Dehli ümid edir ki, Azərbaycan və Türkiyə Hindistana qarşı birləşməsini çətinləşdirəcək. Bununla belə, Hindistan Azərbaycan–Türkiyə–Pakistan üçlüyünə qarşı Hindistan–Yunanıstan–Ermənistan blokonu formalaşdırmağa can atır. Rəsmi Nyu-Dehli ehtimal edir ki, Ermənistan və Yunanıstan da türk-islam üçlüyünün regional çəkisinin artmasından narahatdırlar və hər iki ölkə Azərbaycanın müttəfiqi Türkiyə ilə birlikdə həyata keçirməyə çalışdığı Zəngəzur layihəsinə qarşı çıxış edəcək. Bu məsələdə Hindistan İranın da mövqeyinə bel bağlayır. Bu baxımdan Hindistanın İran və Ermənistan ərazisindən keçərək Avropaya uzanacaq ticarət dəhlizi yaratmaq istəyinin iqtisadi maraqlardan çox, siyasi görüntü yaratmağa hesablandığı və Pakistan–Azərbaycan–Türkiyə yaxınlığına yönəldiyini söyləyən mütəxəssislər az deyil.
Əlbəttə, Hindistanı ilk növbədə iqtisadi gəlirlər maraqlandırır. Bu gün Çinin, Hindistanın, Cənubi Koreyanın və digər Asiya ölkələrinin artan iqtisadi potensialı onların Avropa ilə idxal-ixrac əməliyyatlarını həyata keçirməsini artırır. Bu baxımdan yüklərin daşınması iri şirkətlər və transmilli korporasiyalar üçün qarşıda duran mühüm problemlərdən biridir. Zəngəzur dəhlizi bu problemlərin həlli üçün ən optimal variantlardan biridir. Amma Hindistan Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşıdır və Qərbin Çinlə münasibətlərinin gərginləşməsi fonunda özünün yeni nəqliyyat marşrutunu- Hindistan - Yaxın Şərq – Avropa dəhlizini irəli sürür. Dəhlizə limanlar və dəmir yolu şəbəkələri, yaşıl hidrogen üçün boru kəmərləri və yeni yüksək tutumlu məlumat bağlantıları daxildir. Bu dəhlizin Hindistana əhəmiyyətli strateji və iqtisadi üstünlüklər verəcəyi və Asiyada Çinə qarşı çıxmaq üçün geniş imkanlar açacağı iddia edilir.Analitiklər qeyd edirlər ki, ABŞ dəhlizin bir hissəsi olmasa da, G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və investor kimi çıxış edərək, qlobal infrastruktur sahəsində Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qarşı çıxır.
Bununla belə, Hindistandan keçən yeni nəqliyyat dəhlizinin həyat qabiliyyəti şübhə altına alınır. Maraqlıdır ki, Yaxın Şərqdə dəmir yolu xətlərinin çəkilməsi və sonradan liman vasitəsilə Hindistanla birləşdirilməsi layihəsinin nə maliyyələşdirilməsi, nə də vaxtı barədə məlumat verilir. Layihənin dəyəri və nə vaxt başa çatdırılacağı bildirilmir. Təbii ki, regional rəqibi olan Hindistanın yeni təşəbbüsü Çində də maraqla izlənilir və “Bir kəmər, bir yol” layihəsinə bir trilyon dollar xərcləyən rəsmi Pekinin yerində sakit dayanmayağı da şübhə doğurmur. Çin Zəngəzur dəhlizinin açılmasına qarşı deyil və onun fəaliyyət göstərməsini regional inkişafa təsir göstərəcək amil hesab edir. Odur ki, Hindistanın Ermənistandan istifadə edərək Zəngəzur dəhlizinə qarşı çıxmasının ciddi nəticələr doğurmayacağı düşünülür. Zəngəzur dəhlizi zamanın tələbidir və qeyri-region ölkələrin müdaxiləsi qəbuledilməzdir.
Səbuhi MƏMMƏDOV
XQ