Bu seçkidə kim uduzdu, kim uddu...

post-img

İrəvan meriyasına seçkilər, Ermənistan və Qarabağ amili

Ermənistanda İrəvan meriyasına seçkilər baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının qələbəsi ilə nəticələndi. Seçkiqabağı mühit nə qədər gərgin olsa da, əslində, Nikolun komandasının vacib marafondan qalib ayrılacağını düşünmək mümkün idi. Yazımızda həm bu gərginlik, həm hazırkı iqtidarını uğurunu şərtləndirən bəzi məqamlar, həm də ümumən Ermənistandakı seçkinin doğuracağı nəticələr barədə söz açacağıq. 

Birinci məqam. Nikol, ümumən, gərginliyə öyrəşib. Hakimiyyətdə olduğu səkkiz ilin cəmi iki ilini bunsuz ötürüb. Artıq çətin durumda manipulyasiya etməyi öyrənib. O, gərginliyini xaricə ötürməyi bacarır. Bütün dünyaya göstərmək istəyir ki, Cənubi Qafqazda “demokratiya qalası” kimi qələmə verilib ətrafında ajiotajın yaradıldığı Ermənistandakı hakimiyyəti yıxmaq istəyən qüvvələr var və həmin qüvvələrə qarşı əzmkar mübarizə aparır. Yəni, seçkiqabağı gərginlik Paşinyanın xeyrinə idi. Əslində yaxşı anlayırdı ki, opponentləri zəifdir. Ancaq onları güclü göstərirdi. Nəyə görə, buna ikinci məqama keçid alaraq aydınlıq gətirək.

İkinci məqam. Burada da gərginliyi xaricə ötürmək amili əsasdır. Unutmayaq ki, N.Paşinyan üçün də Qarabağ kartı vacibdir. Hər halda, hakimiyyətə gələr-gəlməz “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verən o idi. Deməli, erməni avantürizminin əsiridir. Ancaq məsələyə bir qədər fərqli yanaşır. Avantürizmi Rusiyanın egidasından qoparıb Qərb xəttilə davam etdirir. Belə olmasaydı, çoxdan sülhə razılaşmışdı, Azərbaycanın şərtlərini qəbul etmişdi. 

Əlbəttə, Paşinyan əvvəl-axır ölkəmizin mövqeyi ilə barışacaq. Amma bu, yalnız onun qərarı yox, həm də arxasında dayananların məğlubiyyəti olacaq. Hazırkı durumda Paşinyan onu öz oyunlarına alət edənlərlə yanaşı, bilavasitə kənar xarici aktorlara yönəlik addımlar atır. Göstərmək istəyir ki, Qarabağ məsələsi Ermənistan üçün mühüm əhəmiyyət daşıyır və mövcud amil onu hakimiyyətdən yıxmaq potensialındadır. Bütün administrativ resurslara rəğmən cüzi fərqlə qələbə ssenarisinin qurulması məhz bu səbəbdəndir. Nikol, əslində, çox incə şəkildə çağırış etdi: Cənubi Qafqazdakı Ermənistan adlı “demokratiya qalası” Qarabağa görə yıxıla bilər. Axı, onu hakimiyyətdən uzaqlaşdırmaq istəyənlər revanşist və şovinist kəsimin nümayəndələridir. Beləliklə, Paşinyan xarici aləmin bu məsələdə vahid mövqedən çıxış edəcəyinə ümid bəsləyir. Çox arzulayır ki, beynəlxalq ictimaiyyət Azərbaycana təzyiqi gücləndirsin və onu kompromisə məcbur etsin. Bununla öz arxasında dayananların da qlobal planları gerçəkləşdirmiş olacaq. 

Üçüncü məqam. N.Paşinyanın həm də Rusiya ilə mübarizə apardığı məlumdur. Artıq bildirdik ki, Nikol Qarabağ müstəvisindəki erməni avantürizmini, belə demək mümkünsə, Kremlin inhisarından qoparmaq fikrindədir. Əslində, o, seçkiqabağı dövrdə təbliğat aparmadı. Bu işi, böyük ölçüdə, Rusiya əleyhinə bəyanatlar, əks fikirlər səsləndirməklə həyata keçirdi. Nikol və komandası Qarabağ uğursuzluğuna görə Moskvanı qınamaqdan da çəkinmədi. Deməli, daxili ictimai rəyin, seçici auditoriyasının anti-Rusiya ovqatının körüklənməsi, Rusiya ilə mübarizədə əzmkar qələbə dramatizmi ona lazım idi və bu səhnəni qurmağı bacardı. 

Dördüncü məqam. Qarabağ avantürizminin davamını Qərb müstəvisinə daşıyan N.Paşinyanın məqsədi həm də Qarabağ kartının köməyi ilə Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaqdır. Bunun üçün isə onun əlavə resurslara ehtiyacı var. İrəvan meriyasına seçkilərdəki dramatizm görüntüsü həm də həmin resursların Ermənistana axını üçün münbit zəmin yaradacaq. Nikol göstərmək istəyir ki, demokratiyanı ancaq sözlə saxlamırlar, gərək arxasında maliyyə də dayansın. Deməli, Ermənistana bundan sonra maliyyə axınının artacağını gözləmək mümkündür. Əlbəttə ki, silah-sursat axını da öz yerində. 

Beşinci məqam. Bir çox analitiklər bildirirlər ki, İrəvan meriyasına seçkilərdən sonra N.Paşinyanın Qarabağ müstəvisindəki danışıqlarda kompromisli mövqe ortaya qoyması mümkündür. Əlbəttə, ilk baxışdan bunu düşünmək olar. Ancaq əksini söyləyənlər də var. Nəzərə alaq ki, seçkiyə qədər Azərbaycan–Ermənistan sərhədində, eləcə də qoşunların Qarabağdakı təmas xəttində son dərəcə ciddi gərginlik yaranmışdı. Ermənistan sərhədə qoşun birləşmələri yığmışdı. Ölkənin silahlı qüvvələrinin təxribatlarının sayı çoxalmışdı. Bu, nə üçün idi? 

Məqsəd Azərbaycanı təxribata çəkməyə yönəlmişdi. Onu da nəzərə alaq ki, erməni siyasilər, xüsusən də xaricdəki ermənipərəst dairələr rusmeyilli Azərbaycanın Qərbyönümlü Ermənistana hücumu ritorikasını işə salmışdılar. Yəni, bildirmək istəyirdilər ki, Azərbaycanın intervensiyası Ermənistan hakimiyyətini devirməyə hesablanıb. Əlbəttə, Bakı belə məqamları nəzərə aldı və təmkinli davrandı. Bu davranış imkan verdi ki, siyasi qarışıqlıq mühiti Qarabağla bağlı əsl reallıqları arxa plana keçirməsin. 

Ancaq seçkidən sonrakı dövr həmin reallıqlara soyuq baxışın ortaya qoyulmasını labüdləşdirəcək. Ermənistan üçün bu baxış Azərbaycanın tələblərinin yerinə yetirilməsi, yaxud boyun qaçırılması dilemmasının aktuallaşması deməkdir. Birinci halda İrəvan Bakı ilə imzalanacaq sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən, mövcud istiqamətdə beynəlxalq təminatlar məsələsinin yer alması tələbindən imtina etməlidir. Əgər imtina baş verməyəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. 

Altıncı məqam. Bir daha Rusiya amili üzərinə gələk. Ermənistan müxalifətinin zəif olduğunu bildirdik. Həmin müxalifətin dayağı Rusiyadakı bəzi dairələrə bağlı şəxslərdir. Onların seçkidən əvvəlki mərhələdə Paşinyan iqtidarını devirmək planları barədə düşündükləri də aşkardır. Hətta Nikolun komandasına yaxın “Baqramyan 26” teleqram kanalı Mosvkanın Ermənistanda çevriliş hazırladığını da bildirmişdi. Onu da bildirmişdi ki, bu çevriliş “Vaqner”in dəstəyi ilə həyata keçiriləcək, şirkətin hərbçiləri İrəvandadırlar. Hətta sayları da açıqlanmışdı – 12 min nəfər. 

Əlbəttə, kanalın doğru fikir tirajladığını söyləmək çətindir. Tam mümkündür ki, Paşinyan tərəfdarları təhlükəni, belə demək mümkünsə, beşiyindəcə boğmaq üçün belə bir dezinformasiyanı dövriyyəyə buraxsınlar. Hər bir halda, İrəvan meriyasına seçkilər növbəti dəfə göstərdi ki, Rusiyanın Ermənistan iqtidarına təsir rıçaqları işlək deyil. Yəni, Rusiya yönümlü erməni mediası Paşinyanın “facebook” elektoratı qarşısında acizdir. 

Bəli, İrəvan meriyasına seçkilərin nəticələri ilə  bir daha sübut olundu ki, Ermənistanın ictimai rəyi Rusiyadan üz döndərmək xəttinə sadiqdir. Bu, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sübut olunmuşdusa, 2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı müharibə məğlubu Nikola etimad göstərilməsi ilə yenidən təsdiqini tapmışdı. İrəvan meriyasına seçkilər sayca üçüncü sübutdur. 

Yeddinci məqam. Azərbaycan sülh tərəfdarıdır və bütün siyasi platformalarda sülhü təbliğ edir. Ancaq ölkəmiz öz prinsiplərindən də geri dayanan deyil. Prinsip Qarabağa tam sahiblənməkdir. Ümumən Ermənistan 10 noyabr 2020-ci il tarixdə imza atdığı üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməlidir. İrəvan gerçək mənada anlamalıdır ki, həmin bəyanat, eyni zamanda, kapitulyasiya aktıdır. Nikol və komandası, ümumən, erməni ictimai rəyi bunu unudub. 

Vurğuladığımız kimi, Ermənistan rəhbərliyi reallıqları qəbul etmir. Bu, azmış kimi, yeni reallıqlar formalaşdırmağa çalışır. Qarabağ kartının bölgədə maraqlı qüvvələr tərəfindən diri saxlanılması amilini nəzərə alsaq, deyə bilərik ki, İrəvan seçkidən sonra mövcud istiqamətdəki “fəaliyyətini” gücləndirəcək. Deməli, Paşinyan administrasiyasının Azərbaycanla müharibənin qaçılmazlığını anlamaması mümkün deyil. Heç şübhəsiz, müharibədəki məğlubiyyəti də düşünəcək. 

Əlbəttə, tarana getmək hər bir halda risklidir. Elə Qarabağın Azərbaycan kimi rəsmən təsdiqinə çevriləcək sülh müqaviləsini imzalamaq da həmçinin. Paşinyan iki yoldan birini seçəcəksə, müharibəyə üstünlük verməsi daha məntiqi görünür. Çünki xəstə erməni ictimai rəyini, 44 günlük mübaribə məşəqqətini unutmuş revanşist-şovinist kəsimi inandırmaq mümkün deyil ki, savaş növbəti rüsvayçılıqdır. Bunu gözləri ilə görmələri şərtdir. Nikol isə yenidən müharibə məğlubuna çevrilsə də, onun hakimiyyətinin legitimliyini şübhələndirmək çətin olacaq. Digər tərəfdən, nəzərə alaq ki, Paşinyanı devirmək istəyən qüvvələr seçkiyə hazırlıq dövründə, necə deyərlər, bütün güllələrini xərclədilər. Çox güman, erməni iqtidarı onların ən son potensialını müharibədə tükədəcək. Deməli, mümkün cəbhə məğlubiyyəti fonunda Nikolun komandasına qarşı çıxanlar da sıradan çıxacaq. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət