Qarabağ Azərbaycandır – antiterror tədbirləri və ilahi ədalətin təntənəsi

post-img

Ərazilərimizdə erməni separatizminin kökü kəsilməlidir! 

Qarabağda lokal antiterror tədbirlərinə başladıq. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən müqəddəs Qarabağ hədəfi müəyyənləşdirmiş, həm düşünülmüş xarici siyasət kursu ilə bu hədəfə doğru getmiş, həm də xalqı, xüsusən də gənc nəsli torpaqlarımızın işğaldan azad olunmasına inandırmaq yönümlü daxili ideoloji xətt seçmişdi. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədə dərin inamla məqsədyönlü siyasətin birgə zəfəri, böyük təntənə anı yaşanmışdı. 

Ölkəmiz dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, dünən start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu  vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. 

Bəli, Qarabağdakı anti-terror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Bu tədbirləri gözləmək olardımı? Bəli! Çünki 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir. 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, lokal antiterror tədbirlərinin həyata keçirilməsində başlıca məqsəd hərbi təyinatlı obyektləri zərərsizləşdirməkdir. Bununla yanaşı, qeyd etməliyik ki, Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistan hakimiyyəti isə yeritdiyi siyasətlə belə yolverilməz təmayüllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi legitim statusa malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, belə “fəaliyyətin” qarşısının alınması üçün qətiyyətli addımlara ehdiyac var idi və dünəndən başlayaraq həmin addımların atılmasına start verilib. 

***

Ermənistan  Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını da pozub. Rəsmi İrəvan ötən müddətdəki fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixdə Praqada və 14 may 2023-cü il tarixdə Brüsseldə (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlərdə - red.) Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanımasına dair fikirləri boş söz yığınından başqa bir şey deyildi. 

Bəli, rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvisinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi. Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisinə qarşı etnik təmizləmə və soyqırımı iddiaları da Ermənistanın xarici siyasətinin başlıca istiqamətlərini təşkil edirdi. Əlbəttə, bütün bunlara qarşı dözümün də bir həddi olmalı idi... 

***

Qarabağda lokal antiterror tədbirlərini şərtləndirən amillərə diqqət yetirərkən, bölgənin separatçı rejiminin yol verdiyi bir sıra hərəkətləri vurğulamağa ehtiyac var. Məlum olduğu kimi, rejim və onun əlaltıları ötən ilin sonunda Azərbaycanın dövlət qurumlarının və mütəxəssislərinin Qızılbulaq qızıl və Dəmirli mis yataqlarında monitorinq aparmalarına maneçilik törətmiş, onları əraziyə buraxmamışdılar. Bununla yanaşı, Ağdam-Xankəndi yolunun Azərbaycanın humanitar yardımı üçün qapadılması da vurğulanmalıdır. Ən başlıca məqamlardan biri isə haqqında söz açdığımız reinteqrasiya təşəbbüslərinin qarşısının alınmasıdır. 

Onu da deyək ki, reinteqrasiyaya xoş niyyət idi. Azərbaycan öz ərazisindəki erməni sakinlərlə təmaslar yaratmaq, onları bölgənin yenidən qurulması prosesinə cəlb etmək istəyirdi. Bunun qarşısı nəinki alınırdı, üstəlik separatçı rejimdə təmsil olunan ayrı-ayrı şəxslər hərəkət və davranışları ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nı ayrıca dövlət kimi təqdim edirdilər. Bir müddət əvvəl separatçı rejimdə keçirilmiş “prezident seçkiləri” də bunun əyani təsdiqinə çevrildi. Bütün bu “fəaliyyətlərin” hər biri ölkəmizin suverenliyinə hörmətsizlik miqyası daşıdı. Nalayiq davranışın cavabı olmalı idi və olur da. 

***

Ermənistan Laçın-Xankəndi yolunun başlanğıcında, şərti sərhəddə, Həkəri çayı üzərindəki körpüdə qurduğumuz nəzarət-buraxılış məntəqəsinin qanuniliyini şübhə altına almaq yolu tutmaqla da reallıqla barışmamış, bunu Qarabağın blokadaya alınması kimi təqdim etmiş, mövcud xüsusda Azərbaycana qarşı total antipatiya yaratmağa cəhd göstərmişdi. Bu baxımdan həmin əraziyə yaxın yerdə “tır şousu”nun düzənlənməsini də ayrıca qeyd etmək lazımdır. Ümumiyyətlə, Ermənistan rəsmiləri ötən müddətdə Qarabağ müstəvisində yalnız şou göstərməklə, bu şounun ayrı-ayrı detallarını beynəlxalq tribunalara daşımaqla məşğul olmuşdular. Belə bir mənfur məşğuliyyətin qarşısı alınmalı idi və alınır da. 

***

Azərbaycan Qarabağda ­antiterror tədbirlərini çox ehtiyatla aparır. H.­Hacıyevin də bildirdiyi kimi, yalnız hərbi hədəflər nişan alınır. Bununla yanaşı, ölkəmizin Müdafiə Nazirliyi Qarabağdakı erməni sakinlərə hərbi obyektlərdən uzaq durmalarını, terrorçulara dəstək verməmələri üçün mobil SMS xidməti ilə, səsgücləndirici texniki vasitələrlə, vərəqələr yaymaqla xəbərdarlıq məlumatları göndərib. Bunlar bir daha onu göstərir ki, ölkəmiz haqlı yoldadır. Lakin Ermənistan yenə də bu haqqı tanımaq istəmir. Ölkənin Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatda bildirib ki, guya Bakının məqsədi Qarabağda etnik təmizləmə aparmaqdır. Halbuki, belə bir niyyət yoxdur və ola da bilməz. Azərbaycan özünün olanı, haqqı çatanı özünə qaytarır! 

***

Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri”, indi ictimai hərəkat yaradaraq bölgədə destruktiv fəaliyyətini davam etdirən Ruben Vardanyan çərənləyib ki, hazırkı durumda Ermənistan Qarabağın müstəqilliyini tanımalıdır. Əlbəttə, o, belə bir addımın atılması ilə ölkəni hansı böyük bəlaya salmaq istədiyinin fərqində deyil. Bəlkə də bunu bilir. Bilir, ancaq nəzərə almır ki, Ermənistan belə bir gediş etsə, bu onun da hədəfə gəlməsi anlamını verəcəkdir. Hər halda baş nazir Nikol Paşinyanın administrasiyası mövcud məqamı hesablayır. 

Ancaq, ümumən, erməni iqtidarı avantürizmindən qalmır. Paşinyan da bildirib ki, Azərbaycan Qarabağda etnik təmizləmə aparır. Nikol, eyni zamanda, onu da vurğulayıb ki, Bakının məqsədi Ermənistanı hərbi əməliyyatlara cəlb etməkdir. “Ermənistanı hərbi eskalasiyaya sürükləmək cəhdləri bizim üçün qəbul­edilməzdir. Mən bu vəziyyətin emosional tərəfini başa düşürəm. Lakin biz heç bir şəxsin və ya qüvvələrin Ermənistan dövlətçiliyini təhlükəyə atmasına imkan verməməliyik”, - deyən Nikol ölkəsinin hərbçilərinin Qarabağda olduğunu boynundan atıb. Paşinyan duruma görə dolayısıyla Qarabağdakı rus sülhməramlılarını da günahlandıran fikirlər səsləndirib. Çox güman, onun belə açıqlamalarının sayı artacaq. 

***

Qarabağda antiterror tədbirləri başlayandan dünyanın müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar. Artıq Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan “sülh qaranquşları” ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar. Onların bəziləri bir qədər də “irəli gedərək” ölkəmizi öz qanunu ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bununla bağlı bir sıra məqamları diqqətə çatdırmaq mümkündür. Ancaq onların üzərində dayanmağa ehtiyac duymuruq. Çünki həmin “sülh qaranquşları” 44 günlük müharibə başlayanda da aktiv idilər, ölkəmizi işğalçılıqda günahlandırırdılar. Əlbəttə, belə gedişlərin heç bir xeyri olmadı, ola da bilməzdi.

Bəli, Azərbaycan özünün beynəxalq hüquqla tanınmış ərazilərində – Qarabağ bölgəsində lokal antiterror tədbirləri gerçəkləşdirir və bu tədbirlər heç bir ölkəyə qarşı yönəlməyib. Əsas hədəf separatçılığın kökünü kəsməkdir və buna nail olunması mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, heç bir qüvvə ölkəmizi tutduğu yoldan döndərə bilməz. 

***

Sonda bir xarakterik məqamı da vurğulamağa ehtiyac duyuruq. Məlumdur ki, Ermənistanın müasir Qarabağ avantürasının kökü 1988-ci ilə gedib çıxır. Həmin ildən başlayaraq, miatsum deyilən mənfur, qəsbkar niyyətə hesablanmış hərəkat başlamışdı. Bu “hərəkat” torpaqlarımızın işğalı reallığını doğurmuş, bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüş, vaqonlarda, çadır şəhərciklərində yaşamaq məcburiyyətində qalmışdı. Bəs, bu gün nələr baş verir? Qarabağda ermənilərin yaşamasını əldə əsas tutaraq bölgəyə sahiblənmək xətti seçmiş Ermənistan dövləti, onun rəhbərliyi, faktiki olaraq, həmin erməni əhalidən imtina etmiş durumdadır. Əgər 44 günlük müharibə ümumilikdə dünya erməniliyi üçün faciə idisə, bu gün həmin faciənin ikinci hissəsi yaşanmaqdadır. 

Bəli, N.Paşinyanın Ermənistanın Qarabağdakı hərbi əməliyyatlara girməyəcəyinə dair açıqlaması əsl faciədir. Bu, bütövlükdə erməni xalqının və cəmiyyətinin faciəsidir. Gərək, vəziyyəti bu həddə çatdırmayaydılar. Gərək, zamanında miatsum kimi ambisiyaya baş vurmaya, başqalarının torpağına göz dikməyəydilər. Bu gün yaşananlar avantüristlərə dərs olmalıdır. Dərs!

Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bir daha bildirək ki, ədalət Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində təcəlli tapıb. Bu siyasət Qarabağı Azərbaycan edən siyasətdir. Bu siyasət cənnətməkan Qarabağı, sözün əsl mənasında, Vətən edən siyasətdir. 

Ə.RÜSTƏMOV 
XQ

 



Siyasət