REPLİKA
Qarabağdakı separatçı rejimin “tarixində” son dərəcə kədərli hadisə baş verib. Rejimin lideri Arayik Arutyunyanın “Facebook” səhifəsi bağlanıb. Bölgənin avantüristləri hay-küy qaldırıblar ki, bəs, səhifə Azərbaycandan olan çoxsaylı şikayətlər nəticəsində qapadılıb.
Əlbəttə, səhifənin şikayətə görə qapadılması praktikasının mövcudluğunu dana bilmərik. Heç şübhəsiz, Azərbaycandan da Arayiki bu yolla cəzalandırmaq istəyənlərin olması mümkündür. Ancaq bu halların total xarakter daşıdığını düşünmürük. Çünki ölkəmizin sosial şəbəkə seqmenti Arutyunyandan şikayət etmir, cavab verir, necə deyərlər ağzının üstündən vurur. Cavablar içərisində Arutyunyanın terrorçu, separatçı, qatil olduğunun bildirilməsi birmənalı qaydada var. Ancaq bütün bunlar “Facebook” rəhbərliyi üçün yalnız siqnaldır. Götürüb Arayikin kim olduğunu araşdıra və müəyyənləşdirə bilərlər ki, bu şəxsin söylədikləri separatçılıqdır və...
Bəli, azərbaycanlılar A.Arutyunyanın səhifəsinin şikayətindən çox, onun səhifədə yazdıqlarının, paylaşdıqlarının cəfəng mahiyyətinin ifşasına köklənirlər. Bu, öz yerində. Ermənistanın baş naziri Nikol Paşinyanı da həmişə eyni aqibətə “qonaq edirlər”. Amma bu vaxtadək eşitməmişik ki, Nikolun səhifəsi qapadılsın. Elə Arayik də indiyədək belə halla üzləşməyib. Nəzərə alaq ki, 44 günlük müharibə zamanı istər Arutyunyan, istərsə də Paşinyan cəfəngiyyatı bir-birinə calamışdı. Deməli, bir qədər mistikaya əsaslanaraq, bu nəticəyə gəlmək mümkündür ki, Arayikin sosial şəbəkə səhifəsinin bağlanması işarədir. Yəni, “Facebook” da mövqeyini ortaya qoyur. Mövqe isə belədir: Azərbaycan ərazisindəki separatçı rejim yox olmalıdır. Hələlik, yoxolma səhifədən başlanıb.
Məsələyə başqa prizmadan diqqət yetirək. Məlumdur ki, Qarabağdakı separatçılığın çənbəri daralmaqdadır. Erməni əhali rejimə etiraz əlaməti olaraq bölgəni tərk edir. Bəli, məhz rejimə etirazdan söhbət gedir. O rejimə ki, əslində, onun özü getməli idi. Ancaq elə gərgin şərait yaratdı ki, necə deyərlər, çanaq sıravi ermənilərin başında partladı. Mövcud durumda Arayik də yaxşı görür ki, artıq onun özünü “Prezident” kimi adlandırmasının heç bir əhəmiyyəti qalmayıb. Adam yoxdursa, kimə rəhbərlik edəsən? Ona görə çox güman, hansısa oyundan çıxıb ki, “Facebook” onun səhifəsini bağlasın və yazıb sarsaqlaya bilməsin.
Daha bir məqama da diqqət yetirək. Fikir verin, Qarabağı erməni əhali tərk edir, Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumətin iclasında həyasızcasına bildirir ki, bəs onda Azərbaycan rəhbərliyinin, guya, gedənlərin geri qayıtmalarına imkan tanımayacağına dair məlumat var. Bu fikri elə həyasızcasına deyir ki, sanki ölkə rəhbəri yox, sosial şəbəkə fenomenidir. Yeri gəlmişkən, Nikol 2018-ci ildən bu yana baş nazirliyə qədərki qalmaqallı jurnalist ampluasından çıxmağı bacarmayıb. Dövlət adamı ola bilməyib. Guya, o görmür ki, Qarabağı tərk edənlər köçlü-köməncli çıxırlar? Yaxşı anlayır ki, onlar qayıtmaq üçün getmirlər. Sadəcə, Azərbaycana ittiham yağdırmaq məqsədilə nəsə tapmaq, uydurmaq onun xislətindən, daxili mahiyyətindən, daha doğrusu, mahiyyətsizliyindən irəli gəlir. Nəzərə alsaq ki, Arayik Nikol obrazının daha kiçik prototipidir, o zaman birincinin azərbaycanlıların şikayəti əsasında “Facebook” səhifəsinin bağlandığını iddia etməsində elə bir təəccüblü şey yoxdur. Düşüncəsi ora qədərdir. Heç şübhəsiz, bir-iki gündən sonra başqa nələrisə də uyduracaq. Boş-bekar adamdı...
Hələlik, Arayikin “köməkçiləri” “Facebook” səhifənin silinməsi ilə bağlı qərarın ləğvi üçün sorğu və əsaslandırma göndəriblər. Bildiriblər ki, səhifənin 459 min abunəçisi var idi və “Artsax respublikası prezidenti”nin fəaliyyətinin şəffaflığının təmin edilməsində mühüm rol oynayır. Çox güman, elə-beləcə də yazıblar – “Artsax respublikasının prezidenti”. Bu başıboşlar Arayikə ən böyük pisliyi etdiklərinin fərqinə varmayıblar. Axı “Facebook”da sorğunu açıb oxuyanın ağlına gələcək ki, həmin o “Artsax”ı axtarıb tapsın. Axtaranda görəcək ki, belə bir dövlət yoxdur. Bəlkə başqa əsaslandırma olsaydı, səhifə açılar, Arutyunyan orada lətifə filan paylaşıb gününü keçirmək şansı qazanardı. İndi heç o da olmayacaq.
Arayikin “komandasının” təmsilçilərinin mövqeyinin absurdluğunu təsdiqləyən bir məqam da var. Onlar bildirirlər ki, “Facebook”un qərarı qəbuledilməzdir. Çünki Azərbaycan, guya, Qarabağ xalqını təcrid edir, Arayikin 459 min abunəçilik səhifəsi isə informasiya blokadasının qarşısında duruş gətirir. Böyük ehtimalla, növbəti mərhələdə erməni lobbi və diaspor təşkilatlarının nümayəndələri Mark Zukerberqin ofisinin qarşısında aksiya filan da düzənləyəcəklər. +18 film ulduzu Kim Kardaşyanın evinin qabağında “kömək et!” tələbi ilə piket düzənləyən zehniyyət sahiblərinin dediyimizi də gerçəkləşdirmək niyyətinə düşmələri tam mümkündür.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”