Hayların hayqırtısı dünyanı dəng edir

post-img

Qarabağdakı xunta rejimi beynəlxalq ictimaiyyəti aldatmaqdan əl çəkməlidir

Ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığını girovluqda saxlayan xunta rejiminin başçısı Arayik Arutyunyan beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Özünü “prezident” kimi təqdim edən Arutyunyanın müraciəti başdan-ayağa ölkəmizin ünvanına böhtanlarla doludur. O, beynəlxalq aktorlardan “Artsax xalqı”na qarşı “soyqırımı”nın qarşısını almağı və “blokada”nın aradan qaldırılmasını tələb edib.

Sözsüz ki, biz onun müraciətinin mət­nini olduğu kimi, sözbəsöz işıqlandırmaq niyyətindən uzağıq. Maraqlanan hər bir oxucu onu elektron informasiya resurs­larından tapıb oxuya bilər. Biz Azərbay­canın media subyekti olaraq, onun uy­durma və böhtanlarına cavab verməyə çalışacağıq.

Arutyunyan televiziya ilə üzündən oxuduğu cızma-qarada tez-tez bey­nəlxalq hüquqdan, beynəlxalq humanitar hüquqdan bəhs edir. Ancaq, nədənsə, beynəlxalq hüquqa əsasən Qarabağda əyləşdiyi məkanın Azərbaycanın Res­publikasının suveren ərazisi, özünün isə baş separatçı olduğunu unudur.

Ortada tarixi faktlar var. Qarabağ ta­rixən Azərbaycan ərazisi olub. Sonradan onun ərazisində erməni azlığı üçün mux­tar vilayətin yaradılmasından sonra hay­ların iştahı böyüyüb və onlar SSRİ-nin dağılmasını fürsət bilib bölgədə etnik separatizmə başlayıblar. Qarabağdakı silahlı erməni hərbi birləşmələri azər­baycanlıları keçmiş DQMV-dən qovub çıxarıb və sonradan Ermənistan silahlı qüvvələrinin fəal iştirakı ilə daha 7 rayo­numuzu işğal ediblər.

Onun müraciəti zamanı adını dəfələr­lə qeyd etdiyi BMT Təhlükəsizlik Şu­rasının 822, 853, 874 və 884 saylı qət­namələri işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edirdi. Ancaq 27 ildən artıq vaxt ərzində Ermə­nistan bu qətnamələrin tələblərini yerinə yetirmədi. Belə olan təqdirdə Azərbaycan torpaqlarını özü azad etdi. Vətən mühari­bəsindən sonra ölkəmiz üçün məsələnin siyasi tənzimlənməsi mərhələsi başlayıb. Bu mərhələdə rəsmi Bakı Qarabağ ermə­nilərinin Azərbaycan cəmiyyətinə tam re­inteqrasiya olunmasına çalışır. Ancaq, bu təbii istək xunta rejimi və onun havadar­ları tərəfindən süngü-bıçaqla qarşılanır.

Ona görə təbii istək yazırıq ki, ərazi bütövlüyü hər bir dövlət üçün son dərəcə həssas məsələdir. Heç bir dövlət onun ərazisində hansısa etnik separatizm ocağının yaranmasına dözməz. Müa­sir dünyada bunun onlarca örnəyi var. Məgər Fransa Korsikaya, müstəmləkə əsarəti altında saxladığı planetin müxtəlif yerlərindəki aborigen xalqlara, İspaniya basklara, katalonlara, Kanada Kvebek əyalətindəki separatçılara dözümlü ya­naşırmı? Böyük Britaniya Şotlandiyanın ayrılmaq istəyinə, Rusiya 90-cı illərin əvvəllərində Çeçenistanın, Tatarıstanın müstəqillik arzusuna razılıq verdimi? Bu ölkələr separatizmə haqlı olaraq “yox!” dedilər. Bəs Azərbaycan niyə bir qrup erməninin onun ərazisində ikinci erməni dövləti yaratmasına dözməlidir? Özü də nəzərə almaq lazımdır ki, digər erməni dövləti, yəni Ermənistan Respublikasının özü də tarixi Azərbaycan torpaqlarında yaradılıb.

Üstəlik, nəzərə almaq lazımdır ki, Qarabağda ermənilərin yaşadığı ərazinin Azərbaycana məxsus olduğunu Ermə­nistanın baş naziri Nikol Paşinyan özü də cari ilin mayında etiraf edib. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin iyulun 21-də keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində səslən­dirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın–Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaş­lara bu yoldan istifadə etməyə icazə ver­mirdi. Onlar blokpost qoyaraq, bizi bloka­dada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam–Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qara­bağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gə­tirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.

Dövlət başçımız əlavə etdi ki, bu gün çadırlarda oturub və kiməsə etiraz edil­məsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat möv­zusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək etməyəcək. Biz Qarabağdakı erməni az­lığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivə­sində yenidən inteqrasiya yolu ilə irə­liləməyə hazırıq.

Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan çoxmillətli və çoxkonfes­siyalı dövlətdir, bizim gücümüz də bun­dadır. Azərbaycanda yaşayan etnik qrup­ların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir, bu, mənə də tam aydın deyil. Bax, bizim yanaşma­mız belədir. Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspek­tivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşü­nürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mər­hələ olub.

***

Arutyunyan öz müraciətində Qərb dövlətlərinin dəstəyini almaq üçün hiy­ləgər gedişlər edir. Onun Azərbayca­nın 2020-ci ildə öz gücü hesabına qalib gəldiyi müharibəni “Türkiyənin və Yaxın Şərqin bir sıra terror təşkilatlarının bir­başa iştirakı” ilə apardığı ittihamı bunun göstəricisi hesab oluna bilər. Məlumdur ki, Qərbdə terror təşkilatları ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşılır. Eyni zamanda, Qərb dünyası azərbayca­nofob və türkofob dairələrlə doludur. Mü­raciətdə Türkiyənin adının çəkilməsi də Qərbdə Bakı və Ankaraya qarşı mövcud olan cəbhənin sırasının genişləndirilməsi məqsədini daşıyır.

Bütün bunlara baxmayaraq, edilən bu çağırışların heç bir nəticəsinin olmayaca­ğı hamıya, elə xunta rejiminin başçısına da yaxşı məlumdur. Çağırış ünvanlanan ölkələr və beynəlxalq təşkilatlar məsələ ilə bağlı yanaşma ortaya qoymazdan öncə Azərbaycanın da rəyini öyrənirlər. Bu rəy onlarda balanslı mövqenin for­malaşmasına səbəb olur. Eyni zamanda, beynəlxalq aktorlar Azərbaycanın hansı­sa “soyqırımı” törətmədiyini və Qaraba­ğı blokadada saxlamadığını bilirlər. Bu baxımdan Arutyunyan ilk növbədə dünya ictimaiyyətini aldatmaqdan əl çəkməlidir.

İlyas HÜSEYNOV,
politoloq

– Azərbaycan ərazisində qeyri-qa­nuni fəaliyyət göstərən separatçı reji­min başçısı Arayik Arutyunyan yenidən “soyqırımı”, “blokada” sözlərindən isti­fadə etməklə beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Burada diqqət çəkən məqam Arutyunyanın hələ də regional geosiyasi reallıqları, Vətən müharibəsinin nəticələrini dərk et­məməsidir. Aydın olur ki, o, baş verən prosesləri hələ özü üçün müəyyənləş­dirməyib. Müraciətin son hissəsində siyasi gündəlikdən çıxmış ATƏT-in Minsk qrupuna, Avropa Şurasına, Av­ropa İttifaqına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eyni zamanda, er­məni diasporuna da çağırış edir. Əsas məqsəd Azərbaycana təzyiqlərin edil­məsi, ölkəmizə qarşı müxtəlif təzyiq metodlarından istifadə olunmasıdır.

Əgər insan faktoru önəmlidirsə, əgər humanitar yüklər daşınmalıdırsa və iddia etdikləri kimi, “insanlıq faciəsi” yaşanırsa o zaman yüklər nə üçün yal­nız Laçın–Xankəndi yolu ilə daşınma­lıdır?! Düşünürəm ki, məsələnin əsas mahiyyəti buradadır. Azərbaycan alter­nativ yollar təklif edib. Alternativ yolla­rın tətbiqi istiqamətində Bakının çağı­rışı Azərbaycanın yurisdiksiyasına və beynəlxalq hüquqa əsasən legitimdir. Eyni zamanda, Ağdam–Xankəndi yolu bir vaxtlar fəaliyyət göstərib. İşğal faktı aradan qaldırıldıqdan sonra bu yoldan istifadə etmək üçün Azərbaycan hər bir şəraiti yaradıb. Müasir dövrün tələb­lərinə uyğun olaraq, bu infrastruktur qurulub. Digər tərəfdən, yolun işə düş­məsi heç də Qarabağda yaşayan er­məniləri “əsarətdə saxlamaq”, “özünə tabe etdirmək” kimi niyyətləri güdmür. Azərbaycan reinteqrasiya prosesində açıq və şəffaf münasibətlərin tərəfda­rıdır.

Eyni zamanda, Azərbaycan Pre­zidentinin Administrasiyası Qarabağ ermənilərinin nümayəndələrini iki dəfə danışıqlara dəvət edib. Danışıqların Bakıda keçirilməsi təklifi irəli sürülüb, lakin separatçılar bu təkliflərdən imtina etdilər və TIR şousu həyata keçirildi. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər regionda sülhdə maraqlı deyil və prosesləri sabotaj edirlər. Siya­si şantaj və manipulyasiya alətlərindən geniş şəkildə istifadə olunur. Düşü­nürəm ki, Arutyunyanın və onun kimilə­rinin bu cür çağırışları, “bizi xilas edin!” kimi SOS siqnallarının heç bir nəticəsi olmayacaq. Çünki burada Azərbayca­nın mövqeyi önəmlidir. Bizim mövqe­yimiz isə beynəlxalq hüquqa söykənir. Hansısa çağırışlarla Azərbaycanın prinsipial mövqeyini dəyişmək müm­kün olmayacaq.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət