Yeni əsrin əvvəllərindən ölkəmizin tərəqqisinin əsas istiqamətlərindən birini regionların inkişafı təşkil edir. 2004-cü ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı fərmanla Regionların sosial-iqtisadi inkişafı üzrə ilk Dövlət Proqramı (2004–2008-ci illər) təsdiq olunub. Sonrakı dönəmlərdə daha 4 belə proqram qəbul edilib və nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilib. Xüsusi fərəh doğuran cəhət bundan ibarətdir ki, dövlət başçısı vaxtaşırı bölgələrə səfərə çıxaraq həmin tədbirlərin icrasına şəxsən özü nəzarət edir və konkret sahələrin inkişafı ilə bağlı yeni sərəncamlar verilməklə regional proqramlara əlavələr olunur.
Doğrudur, son üç ildə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Bununla yanaşı, digər şəhər və rayonların da dövlət başçısının diqqət mərkəzində olması, bütün bölgələrdə həyat səviyyəsinin yüksəldilməsi səyləri son dərəcə təqdirəlayiqdir. Hər bir belə səfər bölgələrə, sözün əsl mənasında, xeyir-bərəkət gətirir, yeni iş yerlərinin açılması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşması, təhsilin və mədəni sferanın genişləndirilməsi ilə müşayiət olunur.
Avqustun 7-də Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri zamanı sosial-iqtisadi sahə ilə yanaşı, bir sıra təhsil və mədəniyyət obyektlərinin də açılış mərasimləri gerçəkləşib. Dövlətimizin başçısı öncə Qazax Müəllimlər Seminariyası – ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildiyimiz kimi, Qazax Müəllimlər Seminariyası şərəfli maarifçilik tariximizin ön səhifələrindən, anadilli təhsilimizin ilk sütunlarındandır. Yaranması Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Suleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimizin, böyük ziyalılarımızın oxuduğu məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası ilə bağlıdır. 1918-ci ildə – çar rejiminin dağıldığı və İstiqlal Bəyannaməsi ilə Xalq Cümhuriyyətinin elan olunduğu bir vaxtda, parçalanmış seminariyanın Azərbaycan şöbəsinin bazasında müəllim kadrları hazırlayan bu milli təhsil ocağı yaradılıb.
Firidun bəy Köçərlinin reallaşdırdığı köçürmə qazaxlı Məşədi İbrahim ağa Kosalının seminariyaya hədiyyə etdiyi 17 otaqlı mülkdə baş tutub. Onu da qeyd edək ki, seminariyanın ilk direktoru olmuş Firidun bəy çox keçmədən orada yaşlılar üçün savad kursunun və yetimlər evinin–pansionun açılmasına da nail olub. Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas buranı obrazlı şəkildə “Maarif və mədəniyyət çeşməsi” adlandırıb.
Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktik konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. ADA Universiteti seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib.
İnişil oktyabrda başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Tarixi əhəmiyyətli binada bərpa işləri xüsusi zövqlə aparılıb. Bu ilin yanvarında Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Unudulmaz yazıçımız, Əməkdar elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayev ötən əsrdə onu ədəbi zirvəyə qaldıran, Azərbaycan romanının ən gözəl nümunələrindən olan "Bir gəncin manifesti" adlı romanını yazıb. Hafiz Mir Cəlal oğlu Paşayev isə həyata baxışının, dünyagörüşünün formalaşmasında fövqəladə rolu olan atasının həmin əsərinin adından yaradıcı şəkildə bəhrələnərək özünün səfirlik fəaliyyəti ilə bağlı yazdığı kitabını “Bir səfirin manifesti” adlandırıb. İndi isə, budur, rəhbərlik etdiyi ADA Universitetində araya-ərsəyə gələn yeni tədris layihəsi “Bir müəllimin manifesti” adlanır. Əslində, hər kəsin həyatı, yaradıcılığı və fəaliyyəti özlüyündə bir manifestdir. Fərəhli haldır ki, “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasının da əsaslı təmiri həyata keçirilir.
ADA Universitetinin rektoru Hafiz Paşayev Prezidentə məlumat verib ki, akademiyanın Qazax Mərkəzində ötən tədris ilindən iki magistr proqramı həyata keçirilir. “Bir müəllimin manifesti” ixtisasartırma proqramı xüsusi maraq kəsb edir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu, əsl modernləşdirmədir. Fənlərin tədrisi əyani və onlayn şəkildə ADA Universiteti Bakı və ADA-nın Qazax Mərkəzində ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin Blackboard öyrənmə platforması üzərindən onlayn həyata keçirilir. Başqa sözlə desək, “Bir müəllimin manifesti” təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Həmin təşəbbüs təkcə Qazax Müəllimlər Seminariyasının bərpasını hədəfləmir, eyni zamanda, milli tariximizin və irsimizin qorunmasını nəzərdə tutur.
Yenidənqurmadan sonra artıq göz oxşayan binada gələcəkdə ADA Universiteti tərəfindən 10-11-ci sinif şagirdlərinin təhsil alacağı müasir tipli yeni məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Burada Müəllimlər evi də tikilir.
ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Xatırlayırıq ki, ötən ilin əvvəlində binada əsaslı təmir başlanan zaman mülkünü seminariyaya hədiyyə etmiş Məşədi İbrahim ağanın nəvəsi Şahbəddin Hacıyev buna görə hədsiz razılığını bildirib. Təhsilimizin, elmimizin inkişafına dəstək olan insanlara verilən dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına görə öz adından və ailəsi adından minnətdarlıq edib. Bu nümunəvi addımı babası Məşədi İbrahim ağanın timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi qəbul etdiyini vurğulayıb.
Tam əminik ki, Prezident İlham Əliyevin yenilənən şəraiti ilə tanış olduğu Qazax Müəllimlər Seminariyası – ADA Universiteti Qazax Mərkəzi lap tezliklə Cənubi Qafqazın nümunəvi elm-mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Burada bir zaman yandırılan elm işığı daha gur şölə saçacaq, ətrafına yeni maarifçilər nəsli toplayacaq. Həyata keçirilən birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri yazılacaq.
Əlavə edək ki, dövlətimizin başçısı Qərb bölgəsinə səfəri zamanı Qazax Müəllimlər Seminariyasından başqa, daha iki təhsil-təlim mərkəzində olub. Şəmkirdə Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyinin yeni tikilmiş 600 şagird yerlik təhsil ocağının, Samuxda isə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binalarının açılışlarını da edib.
Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev elmə, təhsilə və mədəniyyətə böyük qayğı ilə yanaşır. Bu daimi qayğı, davamlı diqqət isə ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb.
Ə.ƏLİYEV, “Xalq qəzeti”


